Azərbaycan kəndlərinin qara statistikası

12.12.2014 - 15:02

3-5 adam yaşayan kəndlərimiz var

3-5 adam yaşayan kəndlərimiz var

 
Regionlarda sosial-iqtisadi inkişaf proqramları çərçivəsində
bir çox layihələr həyata keçirilsə də, sakinlər doğulub, böyüyüb
boya-başa çatdığı kəndləri, rayonları tərk etməkdə davam edirlər. Dövlət
Statistika Komitəsinin hesabatında əhalisi az olan kəndlərin adları
açıqlanıb. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə kəndində cəmi 1 nəfər
yaşayır. Əhali sayına görə sonrakı yerləri İsmayıllı rayonunun Pirqəm
kəndi-2 nəfər, Gərzə kəndi – 3 nəfər, Dahar kəndi – 5 nəfər tutur. Bəzi
rayonlarda da əhalisi az olan kəndlər var. Neftçala rayonunun Qızqayıtdı
kəndində – 3, Siyəzən rayonunun Əlməkolu kəndində – 4, Qax rayonunun
Bağtala kəndində – 9, Yardımlı rayonunun Musa kəndində 8 nəfər yaşayır.
Komitənin
məlumatına görə, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən
tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var.
Hazırda həmin ərazi kənd statusu daşısa da, heç kim yaşamır. Məsələn,
Balakən rayonunun Göyəmtala, Darvazbinə, Abjit, Mazımqarışan, Bərdə
rayonunun Çərəlilər kəndi, Cəlilabad rayonunun Novoqolovka qəsəbəsi,
Hacıqabul rayonunun Balıqçı qəsəbəsi, Meyniman kəndi, Xaçmaz rayonunun
Xaraxoba, Üryənoba, Xızı rayonunun Yuxarı Əngilan, Qars kəndində heç kim
yaşamır. Quba rayonunun İbrahimhaput, Gədik, Qobustan rayonunun Şıxlar,
Damlamaca, Dağ Kolanı kəndində, Şamaxı rayonunun Yeni Qızmeydan,
Zaqatala rayonunun isə Əzgili kəndi kənd statusu daşısa da, hazırda orda
heç kim yaşamır. DSK-nın məlumatına görə, hazırda ölkə əhalisinin 53
faizi şəhərlərdə, 47 faizi isə kənd yerlərində yaşayır.

İqtisadi
Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev
“Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın bəhrə verdiyini deyir: “Son 6 ay ərzində qeyri-neft
sektorunda 4.2 faiz artım mövcuddur. Bu 6 ay ərzində ölkənin emal
sahəsində 3.6 milyardlıq məhsul istehsal edilib. Qida məhsulları
istehsalı 2.4%, geyim istehsalı 30.9%, elektrik avadanlıqları istehsalı
3.2% artıb. Ümumiyyətlə cari ilin bu 6 ayı ərzində regionlarda
bitkiçilik məhsullarının istehsalında 10.1%, heyvandarlıq məhsullarının
istehsalı 3%, bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalında isə
5.8% artım müşahidə edilir”. 

R.Atakişiyev
istehsalat müəssisələrinə Gəncə alüminium istehsalı müəssisəsini,
Ağdaşda meyvə və yem emalı zavodlarını, Naxçıvan MR-da ARPAÇAY-1,
ARPAÇAY-2 su elektrik stansiyalarını misal çəkdi. “Bu
dövr ərzində iqtisadi-sosial sahələrin inkişafı üçün ayrılan maliyyə
mənbələri 7 milyard 625.9 milyon manat təşkil edir. Bu isə əvvəlki
dövrlə müqayisədə 3.4% artımla investisiyanın yönəldilməsi deməkdir”. İB
sədri ölkə əhalisinin gəlirinin ötən ilə nisbətən 4.7% artdığını,
muzdla işləyən işçilərin orta aylıq əmək haqlarının 418.1 manat təşkil
etdiyini bildirdi: “Regionlarda isə bu məbləğ 118-400 manat arasında
dəyişir”. 
Tərk edilməkdə olan kəndlərin həyat
səviyyəsinə gəldikdə isə R.Atakişiyev bildirdi ki, ildən ilə müxtəlif
növ dövlət inkişaf proqramları vasitəsilə bu halların qarşısı alınacaq:
“2014-2018-ci il dövlət proqramında bütün regionlar, hətta ucqar
kəndlərin inkişafı da bu proqrama daxildir. Təbii ki, bu proqram sonuncu
deyil. Bitdikdən sonra digər proqramın icrası nəzərdə tutulur.
Keyfiyyət dəyişikliyi də  baş verir. Misal üçün, 2004-2008-ci illəri
əhatə edən proqram daha çox infrastrukturun bərpası, istehsalat
müəssisələrinin açılması əsas hədəfdə idisə, hal-hazırda qaz, elektrik
xətlərinin çəkilməsi öndədir”.
İB sədri
həmçinin hazırda regionlarda ixrac potensialının artması, peşə
təhsilinin artırılması, məhsuldar bitkilərin, heyvan növlərinin ölkəyə
gətirilməsi kimi keyfiyyət dəyişikliklərinin olduğunu da qeyd etdi. 

İqtisadçı
ekspert Azər Mehtiyev də dövlət proqramları çərçivəsində regionlarda
abadlaşdırma işlərinin aparıldığını, tikinti işlərinin həyata
keçirildiyini qeyd etdi: “Lakin qüsurlu cəhəti ondan ibarətdir ki,
proqramlarda konkret olaraq hədəflər qoyulmur. Bu proqramlar
işlənilməzdən əvvəl, Azərbaycan regionlarının durumu, kəndlərdə olan
problemlər nəzərə alınaraq konkret hədəfləri olmalıdır. Və onun
icrasında hökumətin gözləntilərinin nədən ibarət olduğu, hansı
mərhələlərlə həyata keçiriləcəyi aydın bilinməlidir. Bu cür ardıcıllığın
olmaması sonda çoxsaylı vəsaitlərin xərclənməsinə gətirib çıxarır”.
İqtisadçı ekspert nəticədə yalnız tikinti işlərinin aparılması,
məktəblərin, xəstəxanaların inşası və s. kimi hesabatlardan ibarət
olduğunu qeyd etdi. 

“Ancaq bütün bu işlərin
əhalinin həyat səviyyəsinə hansı təsir göstərdiyi, yeni iş yerlərinin nə
qədər davamlı olmasını özündə əks etdirən hesabatlar olmur. Bəzən olur
ki, bir proqram çərçivəsində yaradılmış və hesabata daxil edilmiş
müəssisələr, digər proqramın icrası zamanı artıq fəaliyyətini
dayandırmış olur. Bütün bunlar proqramda sistemlilik, məqsədyönlülük,
hədəflənmə olmadığından daha çox fəaliyyətlərin həyata keçirilməsinə
mane olur. Bu fəaliyyətlərin nəticəsi sonra həyat səviyyəsinin
yüksəlməsinə imkan vermir”. Ekspert daha maraqlı bir məqama da toxundu.
“Bundan başqa, məhz proqramda konkretliyin olmaması varislik sistemini
də pozur. Misal üçün, hər hansı bir rayonda icra başçısı dəyişikliyi
olanda əvvəlki icra hakimiyyətinin etdiyi bütün abadlıq işlərini yeni
icra başçısı kökündən dəyişir və tamamilə yenidən qurur. Bu da təbii ki,
dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir”. 
Ekspertə
görə, nə qədər ki, bu cür sistem şəraitində hədəflənmə olmayacaq,
hakimiyyət qurumlarının məsuliyyətsizliyi olacaq, məqsədsiz şəkildə
vəsait xərclənməsi əhalinin həyat səviyyəsinin artımına heç bir təsir
göstərməyəcək. (bizimyol.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=14501

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728