Hökumətin vətəndaş üzərində benzin soyğunçuluğu

13.12.2014 - 01:56

Neftin qiyməti ucuzlaşandan sonra əksər ölkələr yanacağın qiymətini endirir, Azərbaycan isə yox…

Neftin qiymətinin kəskin ucuzlaşması dünya bazarlarında yanacağın
qiymətinə də təsir göstərib. Məsələn, artıq qonşu ölkə Gürcüstan və
Türkiyədə benzinin ucuzlaşması müşahidə edilir. Yanacağın qiymətinin
aşağı düşməsi öz növbəsində bir sıra sahələrə təsir göstərməyə başlayıb.
Bu isə həmin sektorda iqtisadi fəallığı artırıb. Xüsusilə, son aylar
avtomobil bazarında aktivlik artıb, təyyarə biletlərinin qiyməti isə
ucuzlaşıb.  Beynəlxalq Hava Nəqliyyatı Birliyinin açıqlamasına görə,
2015-ci ildə təyyarə biletlərinin qiymətində ən azı 5,1 faiz ucuzlaşma
gözlənilir. Buna görə səyahət bölümündə fəallıq 10 faizə yaxın arta
bilər.

Azərbaycanda isə benzinin qiymətinin
baha olması, dünya bazarına uyğun dəyişməsi iqtisadi sektorda fəallığa
təsir göstərir. Çox güman ki, yanacaq ucuzlaşmayacağı təqdirdə hava
nəqliyyatında da biletlərdə ucuzlaşmanın şahidi olmayacağıq. Eyni
zamanda ölkədə ərzaq, qeyri-ərzaq və xidmət sektorunda, əksinə olaraq
bahalaşmanı müşahidə edəcəyik. Bunun üçün ekspertlər bildirir ki,
hökumət benzinin qiymətinə mütləq yenidən baxmalıdır. Mətbuatda hökumət
daxilində bununla bağlı danışıqların getdiyi açıqlanıb. Gələn ilin
dövlət büdcəsində yanacaq xərclərinin iki dəfə azaldılması sözügedən
ehtimalı daha da möhkəmlədir. Bir müddət əvvəl xəbər vermişdik ki,
2015-ci il dövlət büdcəsində kommunal və kommunikasiya xidmətləri üzrə
haqlar 390 milyon manat gözlənilir. Halbuki, cari ildə 630 milyon manata
qədər artmışdı. O zaman büdcə xərclərində sözügedən istiqamətdə artım
baş verərkən, ekspertlər yanacaq və enerji daşıyıcılarının qiymətinin
artacağını proqnozlaşdırırdılar. Dekabr ayında, həqiqətən də, yanacağın
qiymətində bahalaşma baş verdi. Gələn il isə bu xərclərin iki dəfə
azalması gözlənilir.

Azərbaycan hökumətinin benzinin qiymətini ucuzlaşdıracağı nə dərəcədə real görünür? 

Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov bildirib ki, Azərbaycanda istehsal olunan benzin tariflərinin
neftin dünya bazarındakı qiyməti ilə heç bir əlaqəsi yoxdur: “Dəfələrlə
ekspertlərin hesablamalar apararaq benzinin maya dəyərinin neçəyə başa
gəlməsi haqqında məqalələr yazılıb. Bu zaman məlum olur ki, Dövlət Neft
Şirkəti üçün 1 litr benzinin maya dəyəri ən çoxu 25 qəpiyə başa gəlir.
Belə çıxır ki, yanacağın pərakəndə satışı maya dəyərindən 3 dəfə baha
satılır”.

İqtisadçı bildirir ki, ARDNŞ istəsə
qiymətləri aşağı sala bilər: “Hətta dünya bazarında neftin qiyməti 100
dollara qalxsa belə, onun aldığı xammalın dəyəri benzinin və dizelin
tariflərinin kifayət qədər aşağı salınmasına imkan verir. Belə olan
halda iqtisadi fəallıq arta, insanların gəlirlərinə müsbət təsir göstərə
bilər. 

Son zamanlar neftin qiymətində
enişləri nəzərə alaraq, artıq “bəhanələr” də  tükənib. Xam mal kimi
nefti alıb yanacaq istehsal edən ölkələrdə benzin və dizel
Azərbaycandakı qiymətlərdən  ucuzdur. Vətəndaşların haqlı olaraq “bu
necə ola bilər” sualları meydana çıxır. Bu fonda Dövlət Neft Şirkəti
qiymətləri aşağı salmağa məcbur olacaq”.

N.Məmmədov
hesab edir ki, idxal edilən Aİ-95 markalı benzinin qiymətində ucuzlaşma
labüddür: “Çünki bazar iqtisadiyyatı oturuşmuş ölkələrin əksəriyyətində
neftin qiyməti aşağı düşən kimi benzinin də pərakəndə satış qiyməti
ucuzlaşır. Türkiyəni misal göstərmək olar. Əgər “qara qızı” 38 faiz
ucuzlaşıbsa, yanacağın dəyəri də bir o qədər enib. Dövlət Neft
Şirkətinin bazar iqtisadiyyatı anlayışı yoxdur, idarəçilik bu fəlsəfədən
çox uzaqdır. Xərcləmələri çox yüksəkdir. ARDNŞ-in hasil etdiyi neftin
maya dəyəri süni olaraq şişirdilir. Neft Şirkətinin ölkədən kənarda
qoyduğu sərmayələrin effektivsizliyi haqqında cəmiyyətdə formalaşmış
ictimai rəy var. Ona görə də korporativ idarəetmə mədəniyyəti
yüksəldilməli, Nazirlər Kabineti tərəfindən nəzarət gücləndirilməlidir.
Şirkət dövlət içində “dövlət” imicindən qurtulmalıdır”. 

Digər
iqtisadçı-ekspert Akif Nəsirli isə qeyd etdi ki, dünya ölkələrində bu
cür qiymətləri bazar müəyyən edir: “Ona görə də birjalarda gedən
proseslər həmin vaxt təsir göstərə bilir. Amma Azərbaycanda bır sıra
məhsullar dövlət tərəfindən tənzimlənir. Ona görə də indiki vəziyyətdə
hökumət yanacağın qiymətinə yenidən baxmalıdır. Ötən il neft
məhsullarının qiyməti bahalaşarkən, heç bir əsaslandırma vermədilər.
Müəyyən qədər bunu dünya bazarında “qara qızıl”ın bahalaşması ilə izah
etdilər. Halbuki, Tarif Şurasının əsasnaməsinə görə, qiymətlər
artırılarkən qərardan öncə əsaslandırılması cəmiyyətə açıqlanmalıdır”.

Ekspert
Azərbaycan hökumətinin hər hansı bir qiymət ucuzlaşmasına gedəcəyini
düşünmür: “Əgər neftdə bahalaşma olanda benzin və dizel yanacağının
qiyməti artırılmışdısa, indi də aşağı salınmalıdır. Təbii ki, burada
bazar tənzimləmədiyinə görə qərara yenidən baxmaq Tarif Şurasının
öhdəliyindədir. Hələ ki, bununla bağlı hökumətdən hər hansı bir
münasibət gəlməyib.  İndiki vəziyyətdə belə bir addım atacağı ehtimalı
azdır. Çünki gələn ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan
götürülüb. Amma hazırda “qara qızıl” 60 dollar civarındadır. Azərbaycan
hökuməti üçün gələn il büdcənin icrası problemi var. Belə olan halda,
daxili bazarda benzindən gələn gəlirlərin də azalmasına getməyəcək. Ən
azı gələn ilin sonuna kimi sabit saxlayacaq. Büdcədə yaranan gərginliyi
sığorta edən mənbələrdən biri də budur. Bəlkə  2016-cı ildə qiymətlərə
yenidən baxa bilər”. (bizimyol.info)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728