İŞİD Azərbaycana soxulmağa çalışır

13.12.2014 - 12:24

Dünyanı təhdid edən terror
təhlükəsi böyüyür; Məlumata görə, son günlər ölkəmizdəki radikal
qruplaşmalar yenidən fəallaşıblar, hətta silahlanmaları ilə bağlı
məlumat da yayılır; İŞİD-in “işartıları” Sumqayıtda necə görünmüşdü?;
yaxın aylarda dini qruplara qarşı əməliyyatın genişlənəcəyi gözlənilir

Hazırda Yaxın
Şərqin iki ölkəsi – Suriya və İraqda fəal olan İŞİD bütövlükdə bölgə
ilə yanaşı, dünyanın müxtəlif ərazilərində özünə tərəfdar tapa bilib.
Vaxtilə “əl-Qaidə” dünyanın 60-dan artıq ölkəsində mövcud olduğunu
nəzərə alsaq, o zaman İŞİD-in digər ölkələrdə də genişlənməsi təəccüblü
deyil.
Qeyd edək ki, artıq Pakistanda, Misirdə,
o cümədən bir neçə Şimali Afrika ölkəsində və Orta Asiyada bir sıra
radikal islamçı qruplaşma İŞİD-i dəstəklədiyini bəyan edib. Hətta ötən
ay Misirdəki terror aktının məsuliyyətini  İŞİD tərəfdarları öz üzərinə
götürmüşdülər. Yəni artıq belə demək olarsa, qruplaşma İraq və Suriya
sərhədlərini keçərək daha qlobal təhlükə mənbəyinə çevrilib.
Qısa statistika da dediklərimizi təsdiq edir.
Bir
neçə gün əvvəl qruplaşma Səudiyyə Ərəbistanında Aşura mərasimi keçirən
şiələrə hücum edib və 7 nəfəri öldürüb. “Frans-Press” Agentliyinin
paytaxt əl-Riyaddan verdiyi xəbərdə deyilir ki, Səudiyyə Ərəbistanının
hakim dairələri İŞİD-in sifarişi ilə Qərb vətəndaşını güllələyən 3
nəfərlik qrupu həbs edib. Daxili İşlər Nazirliyinin mətbuat katibi
Mənsur əl-Türki bildirib terrora məruz qalan şəxs çiynindən və
sinəsindən güllə yarası alıb.
Daxili İşlər
Nazirliyinin mətbuat katibi Mənsur əl-Türki deyib ki, maşını sürən də,
silahdan atəş açan da, prosesi lentə alan da həbs olunub. O da məlum
olub ki, terrorçular bu sui-qəsdi həyata keçirmək üçün 2 həftə məşq
ediblər.
Qeyd
edək ki, bu hadisədən 1 həftə öncə isə Səudiyyə Ərəbistanında bazarlıq
edən kanadalı terrora məruz qalıb, onu bıçaqlayıblar. Ehtimal olunur ki,
hər iki ölkə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın üzvləri olduğu üçün
baş verənlər terrorçu qruplaşmanın qisas əməliyyatıdır. İŞİD lideri Əbu
Bəkir əl-Bağdadi bəyan edib ki, Səudiyyə Ərəbistanı bundan sonra
əmin-amanlıq və təhlükəsizliyinin hökm sürdüyü ölkə olmayacaq.
Bu
hadisələr göstərir ki, artıq İŞİD liderlərinin “əli” kənar ölkələrə də
çatır və bu cür ölkələrdə terror aktları üçün “düyməyə basıla” bilər.
 Ötən illərdə “əl-Qaidə” təcrübəsi də göstərdi ki, müasir texnologiya
vasitələri ilə əlaqə qurulan terrorçular özlərinin xain planlarını
həyata keçirənədək “maskalanırlar”. Neçə vaxtdır dinc respublikaya
çevrilən Çeçenistanda ötən həftə gözlənilmədən baş verən terror olaylar
da göstərdi ki, bu kimi radikal qruplaşmalar istənilən an hərəkətə
gəlməyə hazırdırlar. Analoji təhlükə Azərbaycan və bütövlükdə Qafqaz
regionu üçün də realdır. Radikal təşkilat yaradılandan bəri Azərbaycanın
adının da İŞİD-in hədəf aldığı ölkələr sırasında çəkilib. 
Son
illərdə baş verən bir sıra olaylar da göstərir ki, inkişaf etməkdə olan
Azərbaycan radikal islamçı təkfirçi qrupların hədəfindədir. Terrorçular
hətta bir neçə dəfə Azərbaycanda da hücumlar həyata keçirməyə cəhd
ediblər. 2007-ci ildə radikalların hərbi hissələrdən birində  posta
hücum edərək əsgərlərin silahını oğurlaması faktı qeydə alınmışdı.
Sonuncu dəfə isə 2012-ci ildə terrorçular ölkənin bir neçə bölgəsində
fəallaşmışdılar və hüquq-mühafizə orqanları ilə silahlı qarşıdurmadan
belə çəkinməmişdilər.
“Yeni
Müsavat” məhz bu təhlükələri önləmək üçün MTN, DİN və Respublika
Prokurorluğunda şərti olaraq “antiİŞİD” adlandırılan birgə qrupun
yaradılması barədə  ötən ay məlumat dərc etmişdi. Həmin məlumatda
bildirilirdi ki, MTN-in Antiterror İdarəsinin koordinasiya ilə Bakıda və
digər bölgələrdə müxtəlif dini cərəyanlarla təmasları olan şəxsləri,
eləcə də onların çevrələrini ciddi nəzarətə alıb. 
Rəsmilər
“antiİŞİD” qrupunun yaradılması ilə bağlı xəbərləri nə  təsdiq, nə də
təkzib etsə də, milli maraqları təhdid edən istənilən təhlükəni önləmək
üçün zəruri addımların atıldığını bəyan etmişdilər. Son aylar MTN-in
keçirdiyi şok əməliyyat nəticəsində ümumilikdə 26 nəfər həbs edilib ki,
onlara təkcə silahlı birləşmələr yaratmaqda deyil, eləcə də onların
fəaliyyətində iştirak etmə, silahla, partlayıcı maddələrlə, hətta hərbi
texnika ilə təmin etmə kimi ağır ittihamlar verilib. Araşdırmalar zamanı
məlum olmuşdu ki, əməliyyat nəticəsində ələ keçənlər təkcə İŞİD-in
deyil, “Təhriki Taliban” və “Seyfullah” kimi radikal dini qruplaşmaların
tərkibində döyüşənlərdir.
Məlumata
görə, son günlər Azərbaycandakı radikal qruplaşmalar yenidən
fəallaşmağa çalışırlar. Belə ki son illərdə daha çox Suriya və İraqa
döyüşməyə gedən təkfirçi qrupların tərəfdarları paytaxtdan bir neçə
kilometr şimalda yerləşən Sumqayıtda təşkilatlanmağa başlayıb.
Sumqayıtda İraq-Şam İslam Dövləti (İŞİD) adlanan qruplaşmanın
“işartıları” olması yeni xəbər deyil. Bir müddət əvvəl Sumqayıtda İŞİD-ə
aid bayraqlara bənzəyən yapışqanların, eləcə də qara bayraqlar
xatırladan pərdələrin  avtomobillərin arxa şüşələrinə vurulması faktları
üzə çıxmışdı.
(Zəruru qeyd: İŞİD-in bayrağı
qara parçanın üzərində yuxarıda “La ilahə illəllah” (“Allahdan başqa
Allah yoxdur”) yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə “Allahın
rəsulu Məhəmməd” (s.ə.s) (və ya “Muhəmmədən Rəsulallah” yazı əks
olunub).
Noyabrın 12-də isə Sumqayıtda sələfilərin lideri
Zöhrab Şıxəliyev həbs edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində
onun üzərindən  “Valter” tapança aşkarlanıb, mədrəsə kimi istifadə
etdiyi evdən isə  3 ədəd qumbara, 48 müxtəlif çaplı patron və 6 ədəd
partladıcı detonator, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd
dini ədəbiyyat və 210 ədəd disk aşkar edilib.
Sumqayıtda böyük şəbəkə yaradan
radikallar şəhərə silah toplamağa çalışırlar. Məlumatlarda radikalların
müxtəlif vasitələrlə silah alaraq Sumqayıta gətirmək istədikləri
bildirilir. O da məlum olub ki, bu proses hüquq-mühafizə orqanları
tərəfindən ciddi izlənilir və istisna deyil ki, yaxın günlərdə
hüquq-mühafizə orqanları bununla bağlı geniş əməliyyat keçirsinlər.
Qaynağımızın xəbərinə görə, hansısa səbəblərdən silahlanma prosesini
qarşısını tamamilə dayandırmaq da mümkün olmur. Mənbəmizi ehtimal edir
ki, “ola bilsin, bu məsələdə hökumət orqanlarına sızmış(?!) radikal
dindarların rolu var”.
Sumqayıtda radikal dini
cərəyanların “özəkləri” olduğu barədə məlumatlar da yeni deyil və bu
şəhərdəki vəziyyət hökumət dairələrinə də yaxşı məlumdur. 2008-ci ildə
“Meşə Qardaşları” adlı qruplaşmaya qarşı keçirilən əməliyyat zamanı
Sumqayıtda məskunlaşmış ərəb mənşəli bir şəxs də daxil olmaqla bir neçə
nəfər həbs olunmuşdu.
Bir il əvvəl-ötən ilin
dekabr ayının 11-də Sumqayıtda sələfilərlər xəvaric adlandırdıqları
qruplar arasında silahlı insident baş vermişdi. Ötən ay isə şəhərdə
keçirilən əməliyyat zamanı radikal dindarlardan birindən silah
götürülüb.
Xəbərləri qəzetimizə şərh edən
təhlükəsizlik üzrə ekspert təkcə Sumqayıtda deyil, digər iri şəhərlərdə
də, eləcə də paytaxt Bakıda yaxın aylarda dini radikallara qarşı
əməliyyatın genişlənəcəyi qənaətindədir. Ekspert bunu həm də Bakıda
keçiriləcək olimpiya oyunları ilə birbaşa əlaqəsi olduğu qənaətindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14522

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728