Media əhvalatları: qarpızların söhbətindən arvadlı müsahibədək
Jurnalistlər iş prosesində və ya adi həyatda başlarına gələn maraqlı əhvalatları danışırlar. Modern.az saytı həmkarlarımızın Facebook sosial şəbəkəsində bölüşdükləri əhvalatları paylaşır…
Aytən Məmmədova, “Azadlıq” qəzeti
– Bir dəfə Natiq Adilov Pənah Hüseyndən müsahibə götürüb. Gətirib
verdi mənə oxumağa. Oxudum, amma bilmədim ki, nə sörlövhə qoyum. Ali
Rzadan soruşdum ki, başlıq nə qoymaq olar? Cavab verdi ki, yaz,
“Qarpızların söhbəti”. İkisi də sabirabadlıdı axı…
Samir Kazımlı, “Gündəlik Azərbaycan” və “Yeni Müsavat”ın keçmiş müxbiri
–
“Gündəlik Azərbaycan” qəzetində Natiq Cavadlı tanınmış bir şəxsdən iki
səhifəlik müsahibə almışdı. Belə olanda qəzetdə müsahibənin birinci
hissəsinin sonuna “Ardı var” sözləri yazılır. Amma qəzet dərc olunanda
həmin müsahibənin birinci hissəsinin sonuna səhvən “Arvadı var”
yazılmışdı. Müsahib də evli ola-ola buna etiraz edirdi.
Elə buna görə yaziq korrektoru işdən çıxartdılar…
– 2009-cu ilin dekabrında “Yeni Müsavat”ın seyid və siyasət müxbiri
Etibar Seyidaga KİVDF-nin müsabiqəsindən 1000 manat pul udmuşdu. Adətən
müsabiqədə qalıb olan jurnalistlər tort alırdılar. Etibara dedik ki,
adın-sanın var, özün də dağ adamısan, gərək qoyundan-quzudan alasan.
Uzun söhbətdən sonra Etibar hinduşka alacağını dedi və səhərsi gün
redaksiyaya əlində qutu ilə gəldi. Qutunun içərisində hinduşka var idi.
Hinduşkanı görəndə Etibarla zarafat etmək haqda düşündük. Etibar
bilmədən “vosmoy” bazarına gedib, bir toyuq aldıq və gətirib hinduşkanın
yerinə qutuya qoyduq. Sonra redaksiyanın işçiləri ilə həyətə düşüb
“hinduşkanı” təntənəli şəkildə kəsmək istədik.
Öncə hamı çıxış
edərək Etibara belə ürəkli və fərqli olduğu üçün təşəkkür etdi. Etibar
da xoş sözlərdən razılıq etdi. Amma qutunu açanda ordan hinduşka yox,
toyuq çıxdığını görəndə isə həyacanlı şəkildə “ayə, axı mən hinduşka
almışdım, niyə toyuq çıxdı?” dedi. Etibar əvvəl elə bildi ki, onu
bazarda aldadıblar, hinduşka əvəzinə toyuq qoyublar qutuya. Sonra Etibar
onunla zarafatlaşdığımızı biləndə, “günah sizdə deyil, məndədir, gərək
mən də Fərhad kimi tort alaydım sizə” dedi.
Azər Sarıyev, müstəqil jurnalist
– Müxbir
işləyən vaxtı bir “partiya sədri” mənə zəng vuraraq onun barəsində
yazdığım yazıya etirazını bildirmişdi. Mən də dedim ki, etirazınız var,
verin məhkəməyə. O da cavab verdi ki, biz məhkəməyə vermirik, Allaha
tapşırırıq. Dedim, Allah köməyin olsun, bundan yaxşı nə ola bilər ki?
İndi həmin adamın bugünkü vəziyyətinə baxıram və belə qənaətə gəlirəm
ki, düzgün metod seçməyib. Onu-bunu Allaha tapşırınca, bir dəfə də özünü
tapşırsaydı, bu gündə olmazdı.
Xalid Kazımlı, “Musavat.com” saytı
– Bizə material göndərən müəlliflərdən biri Türkiyə mətbuatından
götürdüyü xəbəri translate proqramı ilə tərcümə edir, sonra düzəldib
yollayırmış. Mətnin içində “Zaman”ın baş redaktoru Ekrem Dumanlıdan
söhbət gedir. Proqram onu Əkrəm Tüstülü kimi tərcümə edib. Müəllif də o
cür yollayıb bizə… Biz də sayta qoyhaqoy idik ki, anladıq.
Rəsul Mirhəşimli, “Avropa.info” saytı
– Çoxdanın söhbətidi. Bir dəfə çayxanda oturub, qarşımda bir kağıza
cızma-qara edirdim. Bir rəssam yaxınlaşıb, nə yazdığımı soruşdu. Ərəb
əllifbası ilə yazmağım onun marağına səbəb olmuşdu. Mən də onun
maraqlandığını görüb, dedim, dua yazıram. Qonşusunun çox içdiyini, ona
əlac etmək üçün bu “dua”nı ona verməyimi xahiş etdi, mən də üçkünc
qatlayıb verdim adama. Dedim, bir stəkan suya atıb, içsin, sonra bir
vedrə suya əlavə edib, “dua”nın suyunda yaxalansın. Beş-altı aydan sonra
həmin rəssamla təkrar qarşılaşdıq. Dedi, “halal elə, duanı bir manata
satmışam, amma adam içməyi tərgidib”. Mən də halallıq verdiyimi dedim,
“əsas odu ki, adam arağı tərgidib”, deyə əlavə etdim. Adam sevinə-sevinə
getdi…
“Dua”da yazıqlarım isə bunlar idi: Guş qıl, ey ki,
bilirsən özüvü vaqifi-kar, Agah ol, gör ki, nədir, naleyi-ney,
nəğmeyi-tar…”.
Elçin Alıoğlu, “Milli.az”
– Bakıda rayon İcra Hakimiyyətləri arasında dəb var: “Filan rayonun
indiki vəziyyəti və inkişaf perspektivləri…” adlı yazı müsabiqələri
keçirilir. Məqsəd təriflənmək, nöqsanları gizlətməkdir. Yağış yağanda
küçələr lehməyə dönürsə, qaz, su,işıq problemləri varsa,
yarıtmazlıqların sayı-hesabı bilinmirsə, nə inkişaf?! Belədirsə, mən də
təklif edirəm ki, “Azərbaycan tarixində duzlu xiyarın rolu və yeri:
tarix, müasirlik, perspektivlər” adlı müsabiqə keçirilsin. Sponsor
“Bizim Tarla” olsun, 1-ci yeri tutana da 10 min manat verilsin.
Ülkər Abdullayeva, müstəqil jurnalist
– Saytlardan birinə yazı yazırdım. Açığı ordakı redaktorun
jurnalistlik qabiliyyəti barədə yaxından-uzaqdan heç bir məlumatım yox
idi. Amma danışıq tərzindən, mövzulara yanaşmasından başa düşürdüm ki,
ən azı jurnalistikayla bağlı mənə nəyisə öyrətmək, nəyisə irad tutmaq
səviyyəsində biri deyil. Amma nə edək, ehtiyacın üzü qara olsun! Qonorar
yaxşı olduğu üçün, yazmaq lazım gəlirdi. Onun hər bir “ağıllı”
məsləhətindən, mənə necə yazmaq lazım gəldiyini başa salmasından sonra,
öz-özümə ironiya ilə deyirdim: “Nə günlərə qaldın, Balaş”.
Zöhrab
Əmirxanlının “Aydın yol” qəzeti barədə dediklərinə rast gəldim. Qəzetin
adını ilk dəfə eşidirdim və kimə məxsus olduğunu da bilmirdim. Amma
orada Fəxri Uğurlunun, Zöhrab Əmirxanlının adları vardı. Bunlar o
jurnalistlərdir ki, indiki media patronlarının çoxuna jurnalistikadan
dərs deyə bilərlər, özündəndeyən yazarların çoxunun kitablarının sadəcə
semiçka bükməyə yaradığını isbat edərlər. Amma üzüqara zəmanə bu
adamları kimlərinsə verdiyi 3 quruşdan asılı edir. Bu adamlar bəzən
topuqlarının bildiyi qədər başlarının bilmədiyi yazarlarla, media
rəhbərləri ilə işləmək zorunda qalırlar…
Şərif Ağayar, “Kulis.az” saytı
– Bir yazıda Çingiz Abdullayevi tənqid etmişdim. O qədər də yaxın
ünsiyyətim olmayan AYB funksionerlərindən biri hansısa tədbirdə
yaxınlaşıb yazımı çox bəyəndiyini söylədi.
Mən dedim:
– Çingiz Abdullayevlə yaxınam. Özümüz belə yazılar veririk ki, onu istəməyən adamları müəyyən eləyək.
Adam udqundu, udqundu və dedi:
– Fikirlərinizlə razı deyildim, sadəcə yazının strukturu xoşuma gəlmişdi!(modern.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=14554