Vəli Kiçik Paşadan mesaj: “Azərbaycana gedib lazımi işləri görəcəyəm”
“Hrant Dinki Türkiyəyə qarşı bu məkrli planları həyata keçirmək istəyənlər öldürtdürdü, cinayəti 2 uşağın üstünə atıblar.” Bu sözləri APA-ya açıqlamasında Türkiyənin istefada olan jandarma kəşfiyyat general-mayoru Vəli Kiçik deyib. “Hazırda həbsdə olan İstanbul polis idarəsi kəşfiyyat şöbəsinin
keçmiş rəisi Əli Fuad Yılmazər “Aqos” qəzetinin naşiri Hrant Dinkin
qətliylə bağlı bir neçə gün əvvəl şübhəli şəxs qismində ifadə verərkən
qətlin ucunun sizə gedib çıxdığına eyham vurub. Bu barədə nə demək
istərdiniz?”- sualına Vəli Kiçik belə cavab verib:
“Bu, mənə qarşı atılmış növbəti böhtandır. İstintaqda və
məhkəmədə bunun ağ yalan olduğunu dəfələrlə demişəm. “Ergenekon” adı
verilən prosesdə bu işi mənim üstümə yıxa bilmədilər, indi həbsdən
böhtan və yalanlara davam edirlər. Necə olur ki, çayxanalarda 2 cavan
oğlanı göstərib “Bunlar Hrant Dinki öldürəcəklər” – deyirlər, ancaq
kəşfiyyat bununla bağlı heç bir tədbir görmür? Dəfələrlə demişdim ki,
mən Hrant Dinki sevmirdim, sevməyə də məcbur deyildim, ancaq bu, o demək
deyil ki, mən onun ölümünü ağlımın ucundan keçirmişəm. Belə şey mümkün
ola bilməzdi.
Bizim Şərqi və Cənubi-Şərqi Anadolu torpaqlarımızın üzərində
“Böyük Ermənistan” dövləti qurmaq üçün planlar yapılır, niyə bundan
danışmırlar? Ermənistanın ikinci partiyasının lideri bu yaxınlarda dedi
ki, “Türkiyədə 4 milyon ad-soyad dəyişdirmiş erməni mənşəli insan
yaşayır, Türkiyə parçalananda biz Şərqi Anadolu torpaqlarında Qərbi
Ermənistan dövləti quracağıq”.
Mənim ölkəmin kürd problemi yoxdur, erməni problemi var.
Abdullah Öcalan kürdlərin lideri ola bilməz, o, ad-soyadını dəyişdirərək
Türkiyəni bölməyə hazırlaşan separatçı ermənilərin lideridir. PKK kürd
yox, erməni təşkilatıdır. Baxın, Ermənistandakı partiya lideri Türkiyədə
ad-soyad dəyişdirmiş 4 milyon erməninin Türkiyəni parçalayıb “Qərbi
Ermənistan” quracağından dəm vurur.
Bu durumda “Qərbi Ermənistan”ın başına kim keçmək
istəyəcəkdi? Hrant Dink, yoxsa Sarkisyan? Hrant Dinki Türkiyəyə qarşı bu
məkrli planları həyata keçirmək istəyənlər öldürtdürdü, cinayəti 2
uşağın üstünə atıblar. Diaspora və Sarkisyan kimi mənim də Türkiyə
torpaqları üzərində bu qədər böyük iddiam olsaydı, Hrant Dinki mən də
yaşatmazdım. Vəziyyət çox mürəkkəbdir. Məhkəmə mənim xaricə çıxmağımı
qadağan edib, o yasaq ləğv edilən kimi Azərbaycana gedib lazımi işləri
görəcəyəm. Məni bu məsələləri bildiyimə və dilə gətirməyimə görə, 6 il
həbsdə saxladılar. Əslində ASALA terror təşkilatına qarşı keçirilmiş
əməliyyatların intiqamını Vəli Kiçikdən aldılar”.
Qeyd edək ki, İstanbulda çıxan “Aqos” qəzetinin naşiri Hrant Dink 19
yanvar 2007-ci ildə qəzet redaksiyasının yerləşdiyi binanın qarşısında
qətlə yetirilib. Məhkəmə qətli o vaxt 17 yaşında olan Ogün Samastın
həyata keçirdiyinə hökm etsə də, qətlin həyata keçirildiyi dövrdə
İstanbulda və Trabzonda yüksək vəzifələrdə işləmiş polis məmurları
şübhəli şəxs və ya şahid kimi dindirilirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=14572