Deputatı döyən erməni: “Azərbaycanlılar mənə dedi ki, Ermənistanda kişi yoxdur”
Ötən həftə Erməni Milli Konqresindən olan müxalifətçi deputat
Aram Manukyanı prezident Serj Sərkisyanı tənqid etdiyi üçün evinin
qarşısında döyən şəxs saxlanılıb və tezliklə azad edilib. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən
xəbər verir ki, deputatı döyən şəxsin 1973-cü ildə anadan olmuş Arşak
Svazyan olduğu müəyyən edilib və o, bazar günü saxlanılıb. Ancaq ifadəsi
alındıqdan sonra yaşayış yerini tərk etməmək barədə iltizamı alınaraq
buraxılıb.
Erməni informasiya resursları dəqiqləşdirib ki, A.Svazyan hakim
Respublika Partiyasından olan deputat-oliqarx, “Şmays” ləqəbli Arakel
Movsisyanın sürücüsüdür. Rəsmi olaraq o, deputatın işçisi kimi qeydə
alınmayıb, ancaq onun maşınlarından birini sürür. Bundan əvvəl
A.Svazyanın adı bahalı daş-qaş qaçaqmalçılığı işində keçib.
News.am saytı A.Svazyanın polisə ifadəsindən maraqlı sitatı yayıb və daha sonra izahat vermədən həmin sitatı çıxarıb. Svazyan
ifadəsində deputatı döyməsinin səbəblərini izah edərək bildirib ki,
qazanc dalınca Rusiyada olanda o, azərbaycanlılarla ünsiyyətdə olub.
Guya azərbaycanlılar Svazyana deyiblər ki, Ermənistanda prezidenti
təhqir edən müxalifətçi deputatı “başa salmağa” cəsarəti çatacaq kişi
yoxdur.
A.Svazyan isə azərbaycanlıların bu sözlərindən utanıb və deputatın dərsini verməyi qərara alıb. News.am həmçinin “Şmays”ın hakmiyyəti tənqid edən Qarabağ veteranları
və digər müxaliflər haqda bundan əvvəl dediklərini xatırladır. Arakel Movsisyan deyib: “Bu hücumların arxasında heç nə
yoxdur. Hər kəs dediyi sözə görə cavab verməlidir, istər könüllü-veteran
olsun, istər sadə vətəndaş və ya məmur. Kim özünü yaxşı apara bilmirsə,
biz onu sakitləşdirə bilərik”.
Xatırladaq ki, son günlər Ermənistanda bir-birinin ardınca Sərkisyanı
tənqid edən Qarabağ veteranları, keçmiş səhra komandirləri və müxalif
fəallar döyülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14576