İcra başçısı şöbə müdirinin ürəyini partladıb, öldürdü

16.12.2014 - 01:00

Gülbala Əsədov ölümündən əvvəl icra başçısının ona təzyiq etməsindən
şikayətlənib; Baha Mikayılov: “Kürdəmirdə bütün idarə və təşkilat
rəhbərlərinə güclü təzyiq var”

 
 

Dekabrın 15-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir
rayon şöbəsinin müdiri Gülbala Əsədov dünyasını dəyişib. Kürdəmirdə şöbə
müdirinin ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb. Həmin
məlumatlara görə şöbə müdiri dekabrın 14-də icra başçısı Ceyhun
Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənib. Ətrafındakılara
icra başçısının onu infarkt həddinə gətirdiyini söyləyib. Evə getdikdən
sonra isə dünyasını dəyişib. Həkimlər G.Əsədovun ürək tutmasından
dünyasını dəyişdiyini təsdiqləyiblər.

Redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirmək üçün Müsavat
Partiyasının Kürdəmir rayon təşkilatının sədr müavini Baha Mikayılovla
əlaqə saxladıq. B.Mikayılov rayonda baş verənlərlə bağlı bunları
söylədi: “Kürdəmirdə bütün idarə və təşkilat rəhbərlərinə güclü təzyiq
var. Guya Kürdəmir rayonunun abadlaşdırılması dövlətin planı və
maliyyəsi hesabınadır. Amma bu işin görülməsinə Kürdəmir rayonunda idarə
və təşkilat müdirləri pul ayırır və rayonu abadlaşdırırlar, kanal, yol
çəkirlər. Səhiyyə, Su, Təhsil və digər çoxsaylı idarə-təşkilatların
rəhbərlərinin hər birinə yer ayrılıb və tapşırılıb ki, bu qədər yol
çəkilməli, kanal qazdırmalı, ağac əkdirməlisən. Təbii ki, Gülbala Əsədov
da bu tapşırıqdan kənarda qalmayıb”.

B.Mikayılov bildirib ki, dövlət idarə-təşkilat müdirlərinin gördüyü
abadlıq-quruculuq işlərinə pul ayırıb. Sadəcə həmin pul ortada yoxdur:
“Prezident rayona gələndə görür ki, burada abadlıq-quruculuq işləri
görülüb. Kürdəmirin baş arxitektoru Sarif Əsgərov bir neçə gün əvvəl Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları
tərəfindən həbs olundu. Sarif Əsgərovu tutandan sonra rayonda belə
söhbət yayıldı ki, onunla bərabər icra başçısının müavinini,
mühəndisləri, Gülbala Əsədovu da Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinə aparıb gətirirlər. Sarif Əsgərov Kürdəmirin
Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı külli
miqdarda büdcə pulunun yeyintisində ittiham olunur. Ortada milyonlar
yoxdur. Sarif Əsgərov bunu özbaşına edə bilər?”

B.Mikayılov deyib ki, ölümündən bir neçə gün əvvəl G.Əsədovun saxlanılması xəbəri də yayılıb: “Hətta
bir gün belə xəbər yayıldı ki, səhər tezdən Korrupsiyaya Qarşı Mübarizə
Baş İdarəsi Gülbala Əsədovu aparıb. Bu məlumatın nə dərəcədə
doğru-dürüst olduğunu bilmədik”.

B.Mikayılov deyib ki, Kürdəmirdə büdcə pulları dağıdılır: “Bu işlər
hazırkı icra başçısının əli ilə həyata keçirilir. Kürdəmir Su
İdarəsində işləyənlər gedib rayon mərkəzində bağça tikirlər. Kürdəmir
məktəbləri direktorlarının başçılığı ilə məktəblərdə xadimə işləyənlər
işdən sonra gedib rayon mərkəzindəki küçələri süpürürlər. İcra başçısı
xadimələrə küçələri süpürtdürür. Məktəb direktorları da onların başının
üstündə dayanır”.

Yada salaq ki, C.Cəfərov bu ilin aprelində Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunub. Dekabrın 12-də isə Baş
Prokurorluğun mətbuat xidməti Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu
avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə
Hesablama Palatasından daxil olmuş materialınBaş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması haqda xəbər
yayıb.

Həmin məlumatda bildirilirdi ki, “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun
Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti
şöbəsinin müdiri – baş memar S. Əsgərovla əlbir olub qeyd edilən
avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat
dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi
sənədlərə yalan məlumatlar daxil edib rəsmiləşdirərək dövlət büdcəsinin
vəsaitini mənimsəmələrində, habelə öhdəsinə götürdüyü işi keyfiyyətli
qaydada yerinə yetirməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin
dağılması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 143 min
manat məbləğində mühüm zərər vurmalarında şübhələr üçün əsaslar
olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya
israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü
(vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Belə məlumatlar da
var ki, icra başçısı onunla hesablaşmayan rayondakı idarə və təşkilat
müdirlərini Hesablama Palatası vasitəsi ilə yoxlatdırmaqla qorxudur. Bu
yolla müdirləri onunla hesablaşmağa məcbur edir.

 

P.S. Yazıda adı hallanan hər kəsi, o cümlədən Kürdəmir Rayon
İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovu da dinləməyə, mövqeyini dərc
etməyə hazırıq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930