Masallıda boğazı kəsilən hamilə qadın – Dəhşətli qətlin TƏFƏRRÜATI
Dekabrın 11-dən 12-ə keçən gecə Masallı rayonunun Bala Kolatan
kəndində baş vermiş dəhşətli qətl ötən həftənin ən ağır cinayət hadisəsi
idi. Belə ki,1988-ci il təvəllüdlü Namiq Məmmədov yaşadığı evdə həyat
yoldaşı 1990-cı il təvəllüdlü Sevanə Əliyevanın boğazını bıçaqla kəsərək
qətlə yetirdi. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi
açılıb. Hadisənin başvermə səbəbləri ilə yerində tanış olmaq üçün
Masallının Bala Kolatan və Sevanə Əliyevanın böyüyüb boya-başa çatdığı
Məmmədoba kəndinə gedərək hadisə şahidləri, hər iki tərəfin ailə üzvləri
ilə görüşdük.
“Əvvəlcə həyat yoldaşının, sonra isə özünün boğazını kəsib”
Namiq Məmmədovun qardaşı Şərafət Məmmədov bildirdi ki, bəzi mətbuat
orqanlarının yaydıqları xəbərlərdən fərqli olaraq hadisə dekabrın 13-də
yox, ayın 11-dən 12-ə keçən axşam baş verib: “Bu olay haqda xəbəri
eşidən kimi rayona qayıtdım. Mən bir müddət bundan əvvəl qardaşımın
xəstə olmasını eşitmişdim. Bu haqda xəbər tutan kimi qərara aldım ki,
nəyin baş verdiyini gəlib öz gözlərimlə görüm. Həyətə girəndə şoka
düşdüm. Gördüm həyətə qonşular, polislər toplaşıb. Soruşdum ki, nə baş
verib? Xeyli adamın toplaşdığını gördükdə bildim ki, faciə olub. Namiqdə
dəyişiklikər hiss olunurdu. Amma bütün bunlar ciddi narahatlıqlar üçün
əsas vermirdi. O, son günlər dindən, namazdan, insanlara yaxşılıq
etməyin faydasından danışırdı. Hadisə baş verən axşam hamıyla
zarafatlaşıb, həyat yoldaşıyla deyib-gülüblər, mehriban olublar. Sonra
yatmaq üçün yataq otağa gediblər. Gecə saat 12-yə qalmış otaqdan səs
gəlib. Anam otağa keçib ki, nəyin baş verdiyini aydınlaşdırsın. Görüb
ki, hər ikisi al-qanın içindədirlər. Arvad qışqıraraq köməyə adam
çağırıb. Polis gələndə Namiq özü də al-qanın içindəymiş. Çünki əvvəlcə
həyat yoldaşının, sonra isə özünün boğazını kəsib. Buna görə Namiqə də
tikiş qoyublar”.
Onun sözlərinə görə indiyə qədər onların arasında heç vaxt söz-söhbət
olmamışdı: “Bunu qarşı tərəf də deyə bilər. Namiq nişanlı vaxtlarında
qızın ailəsigilə gedib-gəlirdi. Hətta qohumları da onu qonaq çağırmışdı.
Biz Namiqə qız axtarırdıq. Onda bir-birlərini görüb bəyənmişdilər.
Ailəni yaxından tanıyırdıq. Onlar Namiqin də xoşuna gəlirdilər. Özü də
deyirdi ki, əgər sakit və namuslu-qeyrətli ailədirsə qəbul edirəm. Mart
ayında qızla oğlan bir-birlərini görüb bir daha bəyəndilər. Nişan
məclisi oldu. Namiq nişanlı olanda 20-25 gün Bakıda, qaynatasıgildə və
digər qohumlarıgildə qaldı. Yəni ayaqaçdı ənənəsi toydan sonra yox,
əvvəl baş vermişdi. Qızın ailəsi Xəzər rayonunda yaşayır. Avqustun 7-də
Bakıda qız, 17-də isə kənddə oğlan toyu oldu. Toy axşamından sonra Namiq
rayonda qaldı. O, daim hər hansı bir yerdə işləməyib, həyətdə
təsərrüfat işi ilə məşğul olurdu. Hadisədən sonra ona dedim ki, Namiq,
ondansa məni öldürsəydin, bundan yaxşı idi. Ata-anam da dedi ki, ay
bala, həmin əməli bizə qarşı etsəydin, bu rüsvayçılıqdan yaxşı idi. Mən
artıq qızın ailəsindən utanıram, onlarla nə üzlə qarşı-qarşıya gələcəm.
Düzdür, bu hadisə onun xəstəliyi üzündən baş verib”.
“Müstəntiqə cavab verdi ki, ya qız məni öldürməliydi, ya mən onu”
Namiqin əvvəllər hər hansı ruhi, psixi xəstəlikdən müalicə olunması
ilə bağlı sualımıza cavab olaraq bildiridi ki, belə bir şey olmayıb:
“Heç bir şey olmamışdı. Sadəcə son 2-3 gündə yemək yemirdi. Bir ay
bundan əvvəl kəndə gəlib atamı müalicə üçün xəstəxanaya aparmışdım.
Həmin vaxt Namiq yaxşı idi, hətta kökəlmiş, yaraşıqlı oğlan olmuşdu.
Hadisə baş verən gün gördüm ki, arıqlayıb çöpə dönüb, üzünü saç-saqqal
basıb. Özüm Bakıda yaşayıram, işləyirəm. Əslində, mən rayona gəlib ona
iş axtarmağa hazırlaşırdım. Namiq isə deyirdi ki, Bakıya gələcəm. Əgər
işləsəm, başım pul qazanmağa qarışar. Bu günlərdə Bakıya gəlib iş
axtarmalı idi. Mən də onda deyirdim ki, 4 aydır toyun olub, amma
işləmirsən. Belə olmaz, gəl Bakıya, sənə kömək edim, mənim yerimdə işlə,
növbəylə işə çıxaq. Atamdan da narahat idim, qərara gəlmişdim ki,
rayona gəlib onu həkimə göstərim, Namiqi isə özümlə Bakıya aparım.
İstəyirdim ki, özünə qapanmasın. Televizordan eşitmişdim ki, insan özünə
qapananda bunun mənfi fəsadları olur. Ona görə çalışdım ki, hansısa
işlə məşğul olsun. Müstəntiq soruşdu ki, həyat yoldaşını niyə öldürdün?
Cavab verdi ki, ya o, məni öldürməliydi, ya mən onu”.
Hadisənin başvermə səbəblərini öyrənmək üçün onunla görüş istədim. Mənə dedi ki, “əhli-beyt”ə gəlmişəm. Soruşdum ki, əhli-beytə gələn
adam belə şey edərmi, qan tökə, adam öldürə bilərmi? Cavab verdi ki, sən
belə şeyləri bilmirsən. Məndə vergi var. O, dedi ki, məndə var, sən
bunu başa düşməzsən. Xahiş edirəm qanunda nə yazılıbsa, cəzasını onunla
versinlər. Əvvəllər iki-üç gün namaz qıldı, daha sonra qılmadı. Onun
savadı yox idi. Namaz qılsın, ibadətlə məşğul olsun, belə şeylərdən baş
çıxara bilmirdi. Son günlər yemək yemədiyinə görə atam da heç nə
yemirmiş. Bunu bildikdən sonra Namiq ağlamağa başlayıb. Atamdan soruşub
ki, mən yemək yesəm, sən də yeyərsənmi? Mən yesəm sağalarsanmı? Atam
deyib ki, hə. Namiq iki-üç tikəni ağzına qoyandan sonra qaytarıb. Deyib
ki, ata, mən yemək yeyə bilmirəm də…Həmin axşam ancaq heyva şirəsi və su
içib. Ona dedim ki, Namiq, sən azadlıqda olsan məni də, atamı da
öldürərsən. Xahiş edirəm, qanunda nə yazılıb, ona müvafiq cəza
versinlər. Eşitdim ki, həbs edib Bakıya göndərirlər. Buna görə görüş
istədim. Soruşdum ki, Namiq, niyə belə etdin? Cavab verdi ki, ya mən onu
öldürməliydim, ya da o məni. Sən bunun səbəblərini bilməzsən. O,
Sevanəni öldürməklə ailəsini və həyatını məhv etdi. Hüzr həm onlarındır,
həm də bizim. Bu olay xəstəlik üzündən baş verib. Yeganə istəyimiz
bundan ibarətdir ki, bu olay obyektiv araşdırılısn. Görək səbəbləri
nədir? Biz həmin ailəylə mehriban olmuşuq, aramızda heç vaxt problem
olmayıb”.
“Əvvəl elə bildik ki, gəlinin boğazı nəyəsə ilişərək kəsilib”
Namiqin atası Şakir Məmmədov oğlunun pulsuzluğa görə əsəblərinin
pozulması ehtimalına inanmır: “Üç oğlum var – Şərafət Bakıda yaşayır.
Ortancıl oğlum Rusiyadadır. Namiq isə sonuncudur. Üçünü də
evləndirmişəm. Namiqin 26 yaşı vardı Ailəmizdə heç zaman söz-söhbət
olmamışdı. Onlar gənc ailə olsalar da, mehriban dolanırdılar. Qızın
ailəsi əslən Məmmədoba kəndindəndir. Bizim kənddən 2-3 kənd aralıdadır.
O, evimizə gəlin gələndə heç vaxt ailədə söz-söhbət olmamışdı, mehriban
dolanırdıq. Namiq heç kimə qaynayıb-qarışmırdı, özünə qapanan uşaq idi.
Dost-tanışı yox idi. Heç kimlə dalaşmazdı. Mal-qaranı otlağa aparıb
gətrdikdən sonra evdən çölə çıxmazdı. Tay-tuşu ilə görüşməzdi. Özünə çox
qapanmışdı. Böyük qardaşı nə vaxt kəndə gəlirdisə, onu aparıb dostları
ilə tanış edir, birlikdə gəzdirirdi. Namiqin artıq-əskik, narahat
hərəkəti yox idi. Düzdür, ailəmiz kasıbdır. Amma Allaha şükür ki, bir
tikə çörək pulumuz var. Toyundan əvvəl həyətdə mal-qarayla məşğul
olurdu. Xeyli sayda qoyunu var idi. Bir neçəsini satıb toyunu etdi. Heç
vaxt adamın ağlına gəlməzdi ki, o, belə bir hərəkət edər. Son iki-üç
gündə heç nə yemirdi. Axşam hamımız birlikdə şam yeməyini yedik. Saat
10-a qalmış Namiq yatmağa getdi. Saat 12-ə qalmış həyat yoldaşım qonşu
otaqdan səs eşitdi. Kimsə xırıldayırdı. Həyat yoldaşım onların otağına
girəndə iş işdən keçmişdi. Əvvəl elə bildik ki, gəlinin boğazı nəyəsə
ilişib. Amma polis onu danışdıranda deyib ki, bir dəqiqə gözləyin, orda
bıçaq var, onu bıçaqla öldürmüşəm, gedim gətirim. Gedib gizlətdiyi
bıçağı gətirərək polisə verib. Qızın boğazını bıçaqla kəsmişdi. Həyat
yoldaşım gəlini qucağına alıb gətirəndə artıq keçinmişdi. Polisə xəbər
verdik və Namiqi gecə həbs edib apardılar. Meyiti isə ekspertizadan
keçirmək üçün Cəlilabada apardılar. İstədik meyiti bura gətirək, amma
qızın ailəsi vermədi. Bütün qohumları ora toplaşmışdı. Biz onların evinə
getmək istəyimizi bildirəndə dedilər ki, gəlməyin.
Atası Şakir Məmmədovun sözlərinə görə, Namiq polisdə deyib ki,
gəlindən soruşub ki, mən səni öldürüm, yoxsa sən? Gəlin deyib ki, sən
məni.
Son iki-üç gündə, ümumiyyətlə toydan sonra aralarında heç nə baş
verməmişdi. Mənim və həyat yoldaşımın gəlindən heç vaxt narazılığımız
olmayıb. Qızın ailəsi isə çox gözəl ailədir”.
Onun sözlərinə görə, Namiq nəinki içki içirdi, heç papiros da
çəkmirdi: “Hətta mən evdə çəkəndə papirosun iyindən zəhləsi gedirdi.
Dini cərəyanlara da qoşulmamışdı. O, ümumiyyətlə heç kimə qoşulmurdu.
Heç kənddə də elə dini cərəyanın nümayəndəsi yoxdur. Üç-dörd gün əvvəl
telefonda Hacı Şahinin dini söhbətlərinə qulaq asardı”.
“Sevanə bir saat əvvəl anasıyla da telefonla əlaqə saxlayıb”
Sevanənin qohumları da bildirdilər ki, bu hadisə onlar üçün
gözlənilməz olub. Onun atası Nəriman Əliyevin sözlərinə görə, hadisənin
baş vermə səbəbləri ona məlum deyil. Bu barədə ancaq olay baş verdikdən
sonra eşidib. “Bu barədə heç nə bilmirəm. İndiyə qədər heç vaxt
narazılıq olmamışdı. Qızımın öldürülməsini birinci əmisi eşitmişdi”.
Sevanənin dayıları da bildirdilər ki, Məmmədovlar ailəsində indiyə
qədər heç bir söz-söhbət yaranmayıb. Onun böyük dayısı Vahid Əliyev bu
olayın onları həm sarsıtdığını, həm də təəccübləndirdiyini qeyd etdi:
“Biz indiyə qədər onların münasibətlərində hər hansı problemin olması
barədə eşitməmişik. Hadisədən 1 saat əvvəl həm Sevanə, həm də Namiq
bizimlə telefonla danışıblar. Özü də çox mehriban şəkildə. Onlar hər
şeyin qaydasında olduğunu bildiriblər. Habelə Namiqin ata-anası da
anamla, bacılarımla telefon danışıqlarında hər şeyin qaydasında olduğunu
bildirdilər. Sevanə bir saat əvvəl anasıyla da telefonla əlaqə
saxlayıb. Qız dolanışıqlarından heç vaxt narazılıq etməyib. Gecə saat
4-ə işləmiş xəbər gəldi ki, belə bir qanlı hadisə baş verib. Özümüz də
şoka düşdük. Bilmirdik ki, niyə belə olub”.
Sevanənin dayısı əlavə etdi ki, son günlər Namiqdə hər hansı psixi
dəyişikliklərin baş verməsindən xəbərsiz olublar: “Namiq sakit, fağır
uşaq olub. Biz bu cinayətin cəzasının qanuni şəkildə verilməsini
istəyirik. Qanun necə tələb edirsə elə də olmalıdır. Bu, rayonumzda baş
vermiş qeyri-adi hadisədir. Həmin olay ağır faciədir”.
“Namiq əvvəllər heyvanları – qoyunları gətirib evin içində də kəsib”
Sevanənin digər dayısı Zeyti Əliyev isə bildirdi ki, Namiqdə əvvəllər
də psixi problemlər olub: “Onda əvvəllər də belə psixi problemlər olub.
Bunu onun ailə üzvləri də, kənd sakinləri də biliblər. Sadəcə Namiqin
psixi probleminin olmasını bizdən gizlədiblər. Bu haqda bizə heç bir
məlumat verilməyib, valideynləri Namiqin xəstəliyini bizdən gizlədiblər.
Axı valideynləri niyə həmin problemi gizlədirdilər, nə üçün vaxtında
demirdilər? Burda qeyri-adi nə var ki? Hamımız bilirik ki, kimdəsə belə
problem olur. Onu sadəcə ildə 2 dəfə həkimə aparıb müalicə etdirmək
lazım idi. Cəmi 20 gün davam edən müalicə kursuna ehtiyac vardı. Onda da
həbləri atıb müalicə edirlər. Bunun da xərci çox ucuzdur. Namiq əvvəl
də bununla bağlı müalicə olunub. Sadəcə valideynləri gizlədib deyə, bunu
indi bilirik. Kənd yeridir, hətta onu mollaya da aparıblar. Lakin bütün
bunları gizli saxlayıblar. Belə şeyi gizlətməyin mənası yoxdur. Şəxsən
qızın dayısı olaraq mən valideyndən narazıyam ki, niyə bunu vaxtında
bizə deməyiblər? Deyərdilər, biz də maddi kömək edərdik. Bilirik ki,
kasıb ailədirlər. Amma desəydilər, Namiqi müalicə etdirərdik.
Zeyti Əliyev baş verənlərin kökünün daha əvvələ getdiyini vurğuladı:
“Sən valideynsən, övladının belə problemi ola-ola niyə onun Sevanəylə
bir evdə yaşamasına şərait yaradırsan? Biz dayıyıq, Namiqin qayınatası,
əmisi var, deyərdilər bu problemin həllinə köməklik göstərərdik. Mənim
eşitdiyimə görə, Namiq hətta əvvəllər heyvanları – qoyunları gətirib
evin içində də kəsib. Deməli, bunda çatışmazlıq olub da. Düzdür, biz bu
uşaqda (Namiq-müəl) hər hansı anormallıq hiss etməmişik. Ailələrimiz
arasında sıx ünsiyyət, gediş-gəliş olanda da onda heç nə hiss etməmişik.
Bütün qohumlarımız həmin qapıya ayaq açıblar. Lakin hər hansı problem
hiss etməmişik. Olay baş verən gün telefonda qohumlarla mehriban
danışıblar, hal-əhval tutublar. Hətta öz ailə üzvləri ilə də, qızla da
mehriban davranıb. Namiq hətta qaynatası ilə də telefonla danışıb, əlaqə
saxlayıb. Amma bir saatın içində hadisə baş verib”.
“Sevanəni öldürməzdən 1 saat əvvəl qaynatası Namiqə deyib ki, Bakıda sənə iş tapmışam”
Zeyti Əliyev hesab edir ki, bu olaydan Namiqin valideynləri vaxtında
xəbər tutublar: “Özünüz o evdə oldunuz da. Gördünüz ki, kiçik evdir,
otaqlar yan-yana. Necə olur ki, o biri otaqda hadisə baş verir, amma
valideyn bunu eşitmir. Bu boyda hadisədən heç kimin xəbəri olmadı? Kimsə
qızın harayını eşitmədi? Mən uşaqdan danışmıram, söhbət ailənin özündən
gedir. Uşağında problem var, sən necə valideynsən ki, buna adi
yanaşırsan? Heç kimə açıb bu sirri demirsən. Həm öz uşağını düşünmürsən,
həm də kiminsə balasının bədbəxtliyinə bais olursan. Bax, faciə budur.
Hamımız buna mat qalmışıq. Bizim əsas narazılığımız Namiqin
valideynlərindəndir. Onlar bu olayın baş verməsini Namiqin psixi
problemi ilə əsaslandırırlar. Bilmirəm, bunu onun cəzasının
yüngülləşdirilməsi üçün edirlər, yoxsa yox. Sevanəni öldürməzdən 1 saat
əvvəlki telefon danışığında qayınatası Namiqə deyib ki, Bakıda sənə iş
tapmışam. Gəl Bakıya, ya da özüm dalınca gəlim, burda – Bakıda işlə.
Namiq bildirib ki, dekabrın 15-də Sevanəni həkimə aparacam. Ondan sonra
özüm gələrəm. Nə biləsən ki, belə mehriban telefon danışığından sonra bu
cür faciə törədər”.
Bizim övladımızın belə faciənin qurbanı olmasında Namiqin
valideynlərinin günahı böyükdür: “Açığı, mən Namiqin psixi probleminin
olmasına inanmıram. Əgər bu problem vardısa, həmin cinayətin cəzasını
onun psixi probleminin olmasını gizlədən valideynlər çəkməlidir. Onları
məsuliyyətə cəlb etmək lazımdır. Gətirdiyin gəlin də sənin övladındır.
İki cavanın faciəsində sən də günahkarsan. Hamımız kənddə böyümüşük,
kasıbçılığın nə olduğunu bilirik. Amma bu faciənin kasıbçılığa,
savadsızlığa aidiyyəti yoxdur. Hansı zamanda yaşayırıq? Günahı Namiqin
ata-anasında görürəm”.
“…bətnində 3 ay yarımlıq körpəsi varmış”
Sevanənin əmisi, qız evində hadisədən ilk xəbər tutan Salman Əliyev
isə bildirdi ki, hadisə ilə bağlı heç nə bilmirlər: “Sadəcə sahə
müvəkkili gecə zəng etdi. Dedi özünü tez kəndə yetir. Gecə fikirləşdim
ki, nə edim? Baldızımın və qaynımın oğlu da bizdəydi. Çölə çıxanda bir
də zəng etdilər ki, tez gəl, ortada ailə münaqişəsi, bıçaq söhbəti var.
Kolatana gəlmə, meyit orda deyil. Soruşdum ki, açıq deyin bilim nə
məsələdir. Cavab verdilər ki, əri qızın boynunu üzüb. Qızın meyitini
qadınlar görüblər. Bundan sonra qohumlara zəng edib hamısına xəbər
verdik. Meyit ekspertizadan keçirildikdən sonra səhər saat 7-də onu bizə
verdilər. Sevanə 3 ay yarımlıq hamiləydi. Ekspertizanın rəyindən sonra
həkim dedi ki, bətnində 3 ay yarımlıq körpəsi varmış.
Martda nişan olmuşdu, sonra da toy. Bu aylar ərzində ailədə heç bir
problemin şahidi olmamışıq. Bu barədə də eşitməmişik. Hətta bu
yaxınlarda həyat yoldaşımla, övladlarımla onların evinə getmişdik. Bizi
necə lazımdırsa, qarşıladılar. Çox mehriban və səmimi şəkildə əyləşib
çay içdik, çörək yedik. Namiq özü də bizi mehriban qarşıladı. Gülərüz,
mehriban söhbət etdik. Namiq həyətdə heyvan saxlayırdı”. (publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=14584