Rusiyadan Rövnəq Abdullayevə gözlənilməz jest

16.12.2014 - 01:52

В«QazprombankВ» SOCAR-a 2 milyardlıq kredit limiti açdı

 

 

Dekabrın 13-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti
Rövnəq Abdullayev Rusiyanın “Qazprombank” ASC İdarə Heyətinin sədri
Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu
haqda ARDNŞ-in saytında məlumat yer alıb. 

Məlumatda qeyd
edilir ki, A.Akimov SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını və
buna görə də rəhbərlik etdiyi bankın şirkətlə əməkdaşlıqda maraqlı
olduğunu xüsusi vurğulayıb. 

Azərbaycan Prezidentinin
sərəncamına əsasən, Sumqayıtda həyata keçirilən Kimya Sənaye Parkı
layihəsi, habelə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi
layihəsi haqqında təqdimatlar keçirilib. İqtisadiyyat və Sənaye
Nazirliyinin və Dövlət Neft Şirkətinin məsul şəxsləri tərəfindən təqdim
olunan layihələrin məqsədi, perspektivləri, maliyyə mənbələri və işlərin
hazırkı gedişi haqqında qonaqlara ətraflı məlumat verilib.

Daha
sonra ARDNŞ ilə “Qazprombank” arasında Sumqayıt Kimya Sənaye Parkında
həyata keçirilən “SOCAR POLYMER” layihəsi üçün kreditin verilməsi üzrə
Əsas Şərtlər Toplusu imzalanıb. Sənəddə deyilir ki, ildə 200 min ton
polipropilen və 120 min ton polietilen istehsalı məqsədi ilə həyata
keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln dollar kredit
ayrılması haqqında qərar qəbul olunub. 

İmzalanmadan
sonra çıxış edən “Qazprombank” ASC İH-nin sədri A.Akimov bildirib ki,
SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq
enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. 10 il
müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun
neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və
etimadın bariz göstəricisidir. Tədbirdə, həmçinin o da qeyd olunub ki,
“Qazprombank” ASC tərəfindən SOCAR üçün 2 milyard dollar həcmində kredit
limiti açılıb.

Qeyd edək ki, bundan əvvəl
ARDNŞ  ilə Rusiyanın “Rosneft” şirkəti arasında birgə müəssisəsinin
yaradılması ilə bağlı razılığa gəlinib. 

Bu
arada Rusiyanın hər iki təşkilatı Qərb tərəfindən sanksiyalara məruz
qalıb. Avropa və ABŞ qapılarının üzünə bağlandığı şirkətlərlə SOCAR-ın
əməkdaşlıq etməsi hansı siyasi və iqtisadi təsirlərə gətirə bilər?  

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, indiki vəziyyətdə “Qazprombank”ın Dövlət Neft Şirkəti ilə
dolların üzərindən kredit müqaviləsi bağlaması qəribə bir hadisədir:
“Bilirsiniz ki, Rusiyada ciddi valyuta sıxıntısı var, rubl gündən-günə
dəyərdən düşür. Bu ölkənin banklarının xarici kredit təşkilatlarına
çıxışı məhdudlaşdırılır. Daxili ehtiyatlar hesabına ayaqda durmağa
çalışırlar, özlərinin ciddi kredit xətlərinə ehtiyacı var. Bu arada
Çindən və Hindistandan bununla bağlı yardım almağa çalışırlar. Əsasən
də, Çinlə bir sıra konraktlar imzalayırlar. Belə bir şəraitdə Dövlət
Neft Şirkəti üçün “Qazprombank” tərəfindən böyük həcmdə kredit xəttinin
açılması anlaşılmaz görünür. Rusiyanın ciddi marağı olmasa, çox güman
ki, belə bir anlaşmanın baş verməsi də mümkünsüz olardı”.

İqtisadçının
irəli sürdüyü əsas ehtimallardan biri odur ki, sanksiyalara məruz
qalmış Rusiyanın bank və şirkətləri ehtiyaclarını müxtəlif yollarla
ödəməyə çalışırlar: “Burada rus bankları və şirkətlərinin hər hansı bir
texnoloji avadanlığa çıxış əldə etməsi üçün müəyyən danışıqların
aparıldığını ehtimal etmək olar. Sözügedən bank və neft şirkətinin
SOCAR-la sıx əməkdaşlıq etməsi, habelə gələcəkdə sanksiyalar davamlı,
uzunmüddətli və daha kəskin hal alarsa, bu, Azərbaycan şirkəti üçün
ciddi problemlər yarada bilər. Məsələn, Dövlət Neft Şirkətinin hər hansı
bir iri layihəsinin maliyyələşməsində və ya həyata keçirilməsində
maneələr yaradıla bilər. Və SOCAR-a qarşı “sanksiyaların effektivliyinin
azaldılması” kimi iddialarla çıxış edə bilərlər. Hətta bunun ilkin
işartısı kimi Yunanıstanın “DESFA” qazpaylayıcı şirkəti ilə Azərbaycan
Dövlət Neft Şirkəti arasında bağlanan müqavilənin Avropa Komissiyası
tərəfindən məhdudlaşdırılması və araşdırılmasını göstərmək olar. Çünki
bu müqavilə çoxdan imzalanmışdı. Əgər burada Avropa Birliyinin daxili
qaydalarının pozuntusu var idisə, Avropa Energetika Xartiyasına qoşulmuş
ölkələr, Avropa Komissiyasının özü öncədən bununla bağlı bəyanat verə
bilərdi. Görünən odur ki, konraktın çoxdan bağlanmasına baxmayaraq, məhz
bu yaxınlarda həmin müqavilənin Avropanın daxili rəqabət qanunlarına
uyğun olub-olmamasını yoxlamaq üçün komissiyanın təşkil ediləcəyi
bildirildi. Bu, bəlkə də ilkin olaraq bir xəbərdarlıq idi. Əgər
gələcəkdə Qərb tərəfindən Rusiyaya qarşı sanksiyaların daha da
sərtləşdirilməsi gündəmə gələrsə, İran variantında olduğu kimi, onlara
dəstək verən şirkətlərə qarşı da sanksiyaların tətbiq olunması haqda
qərar çıxarsa, Dövlət Neft Şirkətinin xaricdə gördüyü işlərdə ciddi
problemlərin meydana çıxması mümkündür”. (bizimyol.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=14585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728