“Azərsu” ASC-də 50 minlik “sülh sazişi”ndən sonra 50 minlik “müharibə” başlanır

16.12.2014 - 02:40

Paytaxtın
böyük hissəsinin su təchizatını təhlükə altında qoyan tikili illərdir
ki, “Çin səddi” kimi bütün qanunlara və dövlət qurumlarına meydan
oxuyur. Tamara Həmidovanın qanunsuz “razılaşmaları” nədənsə bir çox
dövlət qurumlarını “hərəkətsiz” vəziyyətə salıb. Magistral su kəmərinin
üzərində yerləşən bu “tilsimli” tikili haqqında ölkənin ən ali hüquqi
instansiyalarının qərar və qətnamələri olduğu halda heç kim “cürət” edib
verilən qərarları icra edə bilmir.
Uzun
illər ərzində Azərbaycanda bir çox sahələrdə “xüsusi imtiyazlar”
qazanan, həmin sahənin şəriksiz sahibinə çevrilən qruplaşmalar fəaliyyət
göstərir. Bir çox hallarda yüksək səviyyədə himayə olunan belə
qruplaşmalar və yaxud şəxslər heç bir qanuna məhəl qoymadan öz
əməllərini davam etdirirlər. Digər vətəndaşların hüquqlarının tapdanması
hesabına özlərinin dəbdəbəli həyat tərzini təmin edənlər üçün açılmayan
qapı, aşılmayan sədd yoxdur. Çünki, müxtəlif vasitələrlə özlərinə ən
yüksək səviyyədə himayədarlar tapan belələri “toxunulmaz” statusu
qazanıblar.
Öz
məqsədlərini reallaşdırmağa çalışan, başqalarının qanuni hüquqlarını
tapdalamaq hesabına qanunsuz əməllərini reallaşdırmaq istəyən şəxslərdən
biri də vətəndaş Tamara Əliyevna Həmidovadır. Adı müxtəlif qanunsuz
torpaq qalmaqallarında hallandırılan T. Həmidova artıq keçmiş əməllərini
pərdələmək, iz itirmək məqsədi ilə soyadını, hətta övladının belə
soyadını dəyişdirməkdən çəkinməyir. Belə ki, uzun müddət Tamara Əli qızı
Həmidova kimi tanınan bu xanım qəflətən Tamara Əliyevna Həmidovaya,
oğlu Ağarəhimov İlqar Ağarəhim oğlu isə Ağarəhimoviçə çevrilib. Bu
“dəyişikliyin” isə səbəbi birdir: nəyin bahasına olursa olsun, öz
qanunsuz əməllərini həyata keçirmək və əvvəlki cinayətlərini, haqqında
çıxarılmış məhkəmə qətnamələrini pərdələmək məqsədinə nail olmaqdır.
Nəzərinizə
çatdıraq ki, Həmidov Cəlal Əli oğlu qəyyumu Həmidova Tamara Əli qızı
(Əliyevna) ilə birlikdə Bakı şəhəri, Çobanzadə küçəsi 30 C ünvanında
Bakı şəhərinin şərq zonasını içməli su ilə təchiz edən, diametri
1200-1400 mm olan magistral su kəmərlərinin üzərində qanunsuz olaraq
fərdi yaşayış evi və digər tikililər inşa edib. Cinayət işi üzrə təyin
edilmiş ekspertizalar üzrə 05 avqust 2014-cü il tarixli, 13667 nömrəli
ekspert rəyinə və mütəxəssis araşdırması barədə 07 noyabr 2014-cü il
tarixli 17-3/1473 saylı arayışa əsasən qeyd olunan fərdi yaşayış evinin
digər tikililərin həqiqətən magistral su kəmərinin üzərində tikilməsi
tam sübuta yetirilib.
Göstərilən
fakt üzrə AR cinayət MƏCƏLLƏSİNİN 222-2.1-ci maddəsi ilə 140080036
nömrəli cinayət işi açılmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində
Həmidova Tamara Əli qızı (Əliyevna), zərərçəkmiş şəxs qismində isə
“Buxar” KM tanınmışdır.
Yuxarıda
sadaladığımız faktlardan və təkzibolunmaz dəlillərdən də aydın olduğu
kimi, Tamara Həmidova öz şəxsi maraqları naminə qanunlara məhəl qoymadan
paytaxtın böyük bir qisminin su təchizatını təhlükə altında qoyur. T.
Həmidova heç bir əsası olmadan dövlət tərəfindən ona fərdi yaşayış evi
tikmək məqsədilə ayrılmış ərazidə deyil, AR Torpaq Məcəlləsinin 62-ci
maddəsinin tələblərinə uyğun olaraq tikinti aparılması qadağan olunan,
mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və
tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədilə qısa müddətli
istifadəsi mümkün olan ərazidə tikinti işləri aparmışdır. Beləliklə,
Tamara Həmidova mühüm dövlət əhəmiyyəti kəsb edən magistral kəmərin
üzərində tikinti aparmaqla kifayətlənməyərək qonşuluqda yerləşən “Buxar”
KM-nin də ərazisini zəbt etmişdir.

Bir
daha diqqətinizə çatdırmaq istəyirik ki, aparılmış bütün yoxlamalar,
istintaq tədbirləri tamamilə vətəndaş Tamara Həmidovanın cinayətlərini
ortaya çıxarıb. Lakin, indiyə qədər bu qanunsuzluqlara hələ ki, son
qoyulmayıb. Aldığımız məlumatlara əsasən, FHN İstintaq İdarəsi və şəxsən
Elçin Əsədov təkzibolunmaz faktlara baxmayaraq T.Həmidovanın cinayətkar
əməllərini ört-basdır etməkdə yardımçı olur. Maraqlıdır ki, aparılmış
bütün araşdırmalar, təhqiqatlar T. Həmidovanın cinayət əməlləri
törətdiyini təsdiq etdiyi halda Elçin Əsədov hansı əsaslarla və yaxud
hansısa maraqları naminə onu himayə edir? Əgər sabah paytaxtın böyük
qismini su ilə təchiz edən magistral kəmərdə hər hansı qəza baş verərsə,
adlarını çəkdiyimiz şəxslər bunun məsuliyyətini daşıyacaqlarmı? Hər
halda Elçin Əsədov ilk növbədə qanunların aliliyini qoruma prinsiplərinə
hörmətlə yanaşmalı, hər hansı maraqlarını deyil, dövlətin maraqlarını
hər şeydən üstün tutmalıdır.
Əldə
etdiyimiz faktlara əsasən, Tamara Həmidova törətdiyi əməlləri
ört-basdır etmək üçün himayədarlardan ibarət daha geniş şəbəkə
formalaşdırmağa müvəffəq olmuşdur. Belə ki, Elçin Həmidovun həyat
yoldaşı, eyni zamanda T. Həmidova ilə yaxın rəfiqəlik münasibətlərinə
malik olan və hakim vəzifəsində çalışan Tahirə Əsədova da bu “şəbəkəyə”
daxildir. Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin hakimi Tahirə Əsədova bütün vasitələrlə
rəfiqəsi Tamara Həmidovanı müdafiə etməklə məşğuldur. Bunun nəticəsidir
ki, edilən çoxsaylı müraciətlərə, şikayət ərizələrinə baxmayaraq hələ də
Tamara Həmidovaya “gözün üstə qaşın var” deyən tapılmır.

Təsadüfi
deyil ki, “Buxar” KM-nin rəhbəri Oqtay Əliyev ölkənin demək olar ki,
bütün hüquqi instansiyalara müraciət etməsinə baxmayaraq heç bir tədbir
görülməyib. Sanki, Tamara Həmidova heç bir günah sahibi deyil və etdiyi
bütün əməllər tamamilə qanunauyğundur. Oqtay Əliyevin 18 noyabr 2014-cü
il tarixində Baş Prokurorluğa ünvanladığı müraciətdə T. Həmidovanın
bütün qanunsuz əməlləri faktlarla göstərilmişdir. Baş Prokurorun müavini
Rüstəm Usubov göstərilən faktların araşdırılması və qanuni tədbirlərin
görülməsi üçün 04 noyabr 2014-cü ildə FHN İstintaq İdarəsinə göndərib.
Lakin, iş yuxarıda qeyd etdiyimiz kimi Elçin Əsədov tərəfindən
“unudulmuş”, heç bir tədbir görülməmişdir.
Paytaxtın
böyük hissəsinin su təchizatını təhlükə altında qoyan tikili illərdir
ki, “Çin səddi” kimi bütün qanunlara və dövlət qurumlarına meydan
oxuyur. Tamara Həmidovanın qanunsuz “razılaşmaları” nədənsə bir çox
dövlət qurumlarını “hərəkətsiz” vəziyyətə salıb. Magistral su kəmərinin
üzərində yerləşən bu “tilsimli” tikili haqqında ölkənin ən ali hüquqi
instansiyalarının qərar və qətnamələri olduğu halda heç kim “cürət” edib
verilən qərarları icra edə bilmir.
Bakı
şəhəri Nizami rayon Məhkəməsinin hakimi Burcayev İmran Ramazan oğlunun
sədrliyi ilə 17 yanvar 2013-cü il tarixində keçirilən açıq məhkəmə
iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220
və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət edib:
“Həmidov
Cəlal Əli oğlu və onun qəyyumu Həmidova Tamara Əli qızı tərəfindən Bakı
şəhərini içməli su ilə təchiz edən magistral su kəmərinin yanında və
sanitar mühafizə zonasında, yəni Bakı şəhəri, Çobanzadə küçəsi 30C
ünvanında inşa edilmiş tikililər, o cümlədən, ümumi sahəsi 105 kv.m olan
fərdi yaşayış evi sökülsün.
Göstərilən ərazidə magistral su kəmərinin sanitar mühafizə rejimi təmin edilsin.”
Daha
sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər İlham
Qoşunəli oğlu Əsədov, Azad Nizam oğlu İmanov və Aygün Abdulla qızı
Abdullayevadan ibarət tərkibdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17
yanvar 2013-cü il Tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş
apelyasiya şikayəti əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq
qət etmişdir:
“Apelyasiya şikayəti təmin edilməsin.
Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın”.
Lakin
qəbul edilən qətnamələrdən “razı qalmayan” Tamara Həmidova kassasiya
şikayətləri verməkdən yorulmur. Hər vasitə ilə öz məqsədlərinə nail
olmağı sevən bu xanım yenə də qanunsuz əməllərinə hüquqi don geyindirmək
üçün çalışır. Lakin, onun Bakı Apellyasiya Məhkəməsi Mülki
Kollegiyasının 06 mart 2014-cü tarixli qətnaməsindən etdiyi kassasiya
şikayəti də istənilən nəticəni vermir.
Belə
ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 08
oktyabr 2014-cü il tarixli iclasında hakimlər Quliyev Gündüz Ağababa
oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan
ibarət tərkibdə kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
qərara alır:
” Həmidova Tamara Əli qızının kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.”
Tamara
Həmidova Çobanzadə küçəsi 30C ünvanında tikdirdiyi qanunsuz tikilini
mühafizə etməkdən ötrü bütün yolları sınaqdan keçirir. Təbii ki, bu işdə
ona yuxarıda qeyd etdiyimiz kimi yardım edən çoxsaylı qüvvələr də az
rol oynamayıblar. Paytaxtın su təchizatına bilavasitə cavabdeh olan
“Azərsu” ASC rəhbərliyində də Tamara Həmidovanı “mühafizə” edənlər
tapılıb. Baxmayaraq ki, həmin şəxslərin borcu ilk öncə magistral su
kəmərinin təhlükəsizliyini mühafizə etməkdən ibarətdir. Lakin, Tamara
Həmidovanın “səxavətindən” imtina edə bilməyən səlahiyyət sahibləri
sonda onunla “barışıq müqaviləsi” imzalamağa qərar verirlər. Əldə
etdiyimiz məlumatlara əsasən, “dəyəri” 50 min manat təşkil edən bu
“barışıq müqaviləsinin” imzalanmasında “Azərsu” ASC-nin səlahiyyət
sahibi olan Məmmədov Famil Mehman oğlunun vasitəçiliyi xüsusi rol
oynayıb. Bilavasitə onun iştirakı ilə 19 aprel 2013-cü ildə baş tutan
“böyük sülh sazişi”ni “Azərsu” ASC-nin adından Cəmiyyətin sədrinin
birinci müavini Teyyub Cabbarov və Tamara Həmidova imzalayıblar. Qeyd
etdiyimiz kimi, “50 minlik sülh sazişi”nin şərtlərinə əsasən 1-ci tərəf
(“Azərsu” ASC) müxtəlif məhkəmə instansiyalarına verdiyi şikayətlərdən
imtina edir və 2-ci tərəfin (Tamara Həmidova) mübahisəli ərazidə “su
kəmərlərindən azı beş metr kənarda” tikinti işləri aparmasına etiraz
etmir. Göründüyü kimi, paytaxtın su təchizatını böyük təhlükə altına
almaq bahasına da olsa, “Azərsu” ASC Tamara Həmidova ilə “barışmağa”
qərar verir. Lakin, sonraki bütün məhkəmə proseslərinin hamısı T.
Həmidovanın əleyhinə qərar qəbul etdiyi üçün tərəflər arasındakı “sülh
sazişi” pozulub. Əldə etdiyimiz məlumatlara əsasən, saziş qüvvədən
düşən kimi tərəflər “mehriban düşmənlərə” çevriliblər. İndi Tamara
Həmidova “Azərsu”-da “batırdığı” 50 min manatın davasını edir. Necə
deyərlər, “50 minlik sülhdən” sonra “50 minlik müharibə” başlanır.
Lakin,
davam edən məhkəmə prosesləri, çıxarılan bütün qətnamələr hələ ki,
kağız üzərindəcə qalır. Maraqlıdır ki, ölkənin ali məhkəmə orqanlarının
qəbul etdiyi qətnamələrin icrasına mane olan qüvvələr nə üçün hələ də
cəzasız qalıblar? Onsuz da bərbad durumda olan paytaxtın su təchizatına
yaradılan bu böyük təhlükəni görməməzlikdən gəlməyə səbəb nədir? Sabah
Bakının böyük bir qisminin su təchizatı Tamara Həmidovanın
“şıltaqlığına” qurban gedərsə kimlər məsuliyyət daşıyacaq?
Hələ
ki, bütün bu suallar icra olunmayan məhkəmə qətnamələri kimi cavabsız
qalır. Yəqin ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə
Nazirliyi tezliklə bütün bu suallara hüquqi cavab verəcəklər. Əks
təqdirdə baş verəcək hər hansı böyük faciədən sonra heç kim “sudan quru
çıxmağı” yəqin ki, bacarmayacaq!

Nicat Mahmudov

Short URL: http://www.cumhuriyyet.net/?p=14588

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728