Jurnalist şeyxin verdiyi “Kərbəlayi” adından niyə imtina etdi?

17.12.2014 - 01:20

Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli, kövrək hisslər oyadan əhvalatlar

***

İndi
təqdim edəcəyim əhvalatda nəinki tanınmış şəxsiyyətin, hətta dahi
şəxsiyyətin adı hallanır. Gözdən düşmüş Leninim. Bu günlərdə mediada
belə bir informasiya getmişdi:
– münaqişə başlanan dövrdən bəri
Ukraynada Leninin 540 abidəsi dağıdılıb. Bu hərəkat davam edir. Görəsən
Ermənistanda necə, “dahi rəhbərə” məhəbbət yaşanırmı? Axı vaxtilə
neçə-neçə ailəni Leninə görə məhv etməyə hazır idilər ermənilər.
Bir
vaxtlar təzəcə dünyaya gəlmiş övladlarına Sovet, Lenin, Lentroş
(açılması: Lenin – Trotski –Şaumyan), MTS, Kolxoz, Sovxoz kimi adlar
qoyulması dəbdə idi. Atam Hacı Səfi Qara oğlu Adur Türkiyədən Sovetlər
Birliyinə təzə gəlmişdi. Proletariatın, fəhlə sinfinin dostu kimi Leninə
rəğbəti vardı. Ona görə də o da oğluna “Lenin” adı qoymuşdu.

HAŞİYƏ. Atamın soyadı da dəyişdirilib “Adurov” yazılıb. O vaxtlar soyadına
məcburi “ov” – “yev” şəkilçiləri əlavə edirdilər. Atam Türkiyədə
“Adurlar” icmasından idi. “Adur” icması harada məskən salırdısa, orada
onun izləri qalırdı. Fransada Adur adlı çay var, Qubada Adur kəndi
mövcuddur, Ucarda məsçidlərdən biri deyəsən Adur adını daşıyır,
neçə-neçə tarixi abidələr arasında “Adur” adlı hamamlar var.
İllər keçdi. Atam Qərbi Ermənistanın Vedi rayonunun mərkəzi sayılan
Böyük Vedidə icraiyyə komitəsində məsul vəzifədə işləyirdi. Bir gün
söz-söhbət yayıldı ki, icraiyyə komitəsinə İrəvandan mötəbər yoxlama
briqadası gəlir, tərkibində hətta prokurorluq, milis işçiləri də var.
Rayonda adı hörmətlə çəkilən Hacı baba qəti narahat deyildi. Çünki o
işində həmişə ciddi idi, qanunsuzluğa yol vermirdi.

Nə isə, komissiya üzvlərindən birinin atama ilk sualı belə olub:

– Siz Leninə söymüsünüzmü?

– Bəli, söymüşəm, mütəmadi söymüşəm.

Komissiya
üzvləri sevinirlər: “Çox asanlıqla boynuna aldı”. Atam isə izahat verib
ki, qələt hərəkətinə görə öz oğluma söymüşəm, adı Lenindir, bütün rayon
bilir.

Sənədlər yoxlanılır, komissiya üzvləri Hacı babanın öz
övladına söyməyinə tam əmin olsalar da, atamı işdən çıxarılmasına və
oğlu Leninin adının dəyişdirilməsinə dair qərarı İrəvana çatdırıblar.
Atam işdən çıxdı, oğlu Leninin metrikasında “Lenin”in üstündən xətt
çəkib əvəzinə ona oxşar “Leonid” adı yazdılar.

Nə biləydilər ki,
bir vaxt gələcək hakimiyyətə “Leonid” adlı şəxs (Leonid Brejnev)
gətiriləcək. Atam rəhmətə getdiyi üçün ermənilər daha heç nə edə
bilmədilər.

Bu da erməni xislətinin daha bir üzü!

 

***

Qafqaz Müsəlmanları İdarəsində Elmi şura yaradılmışdı. Tərkibinə
görkəmli şəxsiyyətlər daxil idi. Akademiklər Vasim Məmmədəliyev, Bəkir
Nəbiyev və başqalarından ibarət şura çox səmərəli fəaliyyət göstərirdi.
Sovetlər Birliyində analoqu olmayan bu şura şeyxülislam hacı Allahşükür
Paşazadənin təşəbbüsü ilə müsəlman ölkələri ilə sıx əlaqə saxlayırdı.
İraqdan gəlmiş dəvətə görə şura üzvlərinin bu ölkəyə səfəri çox ağır
günlərdə baş tutdu: o vaxt Amerika Birləşmiş Ştatları bu gün-sabah İraqa
havadan zərbə endirəcəyini bəyan etmişdi. Belə bir məqamda İraqa səfər
çox təhlükəli olsa da, möhtərəm şeyximiz dini qurumların sıx birliyi
naminə, bəlkə də biz bilmədiyimiz hansısa həmrəylik xatirinə səfəri
təxirə salmadı.
Nümayəndə heyətinin tərkibində səfəri
işıqlandırmaq üçün televiziya əməkdaşları da vardı. “Mercedes” avtobusu
ilə yola düşdük. Dini idarənin mətbuat katibi, çox savadlı jurnalist
mərhum Akif Ağayev (mən onunla “Bakı” – “Baku” qəzetləri redaksiyasında
uzun illər bir yerdə işləmişəm) özünü şən göstərsə də – nərd, domino
oynayırdıq, lətifələr danışırdıq, – daxili bir nigarançılıq keçirirdi.
Bu mənə sirayət etmişdi. Həqiqətən təhlükəli səfər idi, hər şey
gözlənilən idi. Təsəllimiz də şeyxin bu sözləri idi – “Hər şey yaxşı
olacaq, Allah bizi qoruyacaq”.
Qorudu da. Səfər uğurla keçdi.
Təxminən 10 gün çəkdi. Müxtəlif görüşlər, din xadimləri ilə söhbətlər,
müqəddəs yerlərdə, məşhur məscidlərdə olmağımız, qəbullar arxada qaldı.
Heç bilmədik 10 gün necə keçdi. Səfərin sonuncu günü şeyxülislam hacı
Allahşükür Paşazadə Elmi şuranın bir növ iclasını keçirdi, səfərimizin
nəticələrindən danışdı, hamının əməyini qiymətləndirdi:

Mülatif müəllim, mən bu gün böyük məmnuniyyətlə “Kərbəlayi” adı almanız
münasibətilə sizi təbrik edirəm, vəsiqə də imzalamışam, günü sabahdan bu
adı daşıyacaqsan. Kərbəlayi adına layiq görülmək hər adama nəsib olmur.
Siz ölkədəki bütün ibadət ocaqlarını ziyarət etdiniz. Kərbala səfəriniz
uğurla başa çatıb.
– Cənab şeyx! Etimadınıza görə çox sağ
olun. Mən Kərbəlaya səfərə gələndə heç düşünməmişdim ki, bu dini rütbəyə
layiq görüləcəm. Amma …

– Deyəsən, nəsə sözünüz var, deyin, çəkinməyin. Bu ad məcburən qəbul edilmir, sizin özünüzdən asılıdır.

Şeyxin sözləri məni bir az cəsarətləndirdi.
– Bilirsiniz, mən dəfələrlə Məşhəddə də olmuşam, vəsiqə veriblər,
“Məşədi” dini rütbəm var. Amma mən özümü nə “Məşədi”, nə də “Kərbəlayi”
kimi görürəm. Mən namaz qıla bilmirəm, qonaqlıqlara çox gedirəm,
yeyib-içirəm, ətrafım da bu yoldadır. Artıq bunlardan çəkinə bilmərəm.
Bir də ki, din adamları arasında elələrini də görmüşəm ki, onlarla bir
sırada dayanmaq istəmirəm.
– Bunlar sizin öz istəyinizlə
bağlıdır, – deyə şeyx sidqi-ürəklə əlavə etdi. – Mən sizi alqışlayıram
ki, ürəyinizdən keçənləri açıq şəkildə bəyan etdiniz.

Bəli, belə bir alicənab, hər məsələyə obyektiv yanaşan, saf ürəkli hacı
Allahşükür Paşazadənin qəlbinin həssaslığına və təmizliyinə həsəd
apardım. Şeyx belə olar!

Təxminən 45 illik birgə fəaliyyətimiz
zamanı şeyxin xalqa, dövlətə, Prezidentə, mənim kimi adi şəxslərə
sədaqətini dəfələrlə görmüşəm, təvazökarlığını alqışlamışam. Əhsən, şeyx
həzrətləri!

P.S. Biz Bağdaddan ayrılan günün səhəri bombalanma başlandı. Bu da şeyximizin uzaqgörənliyi!(modern.az)

Mülafit Adurof

Short URL: http://www.cumhuriyyet.net/?p=14609

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728