Bakının havası xərçəng mənbəyidir – SOS!!!

22.12.2014 - 11:22

Bu
gün paytaxt havasının hər kubmetrində 0.4-0.9 mq toz, 0.3 mq kükürd
qazı, 1.2-1.7 mq dəm qazı, 2.9-3.4 mq azot 4-oksid, 0.6 mq his var. Küçədə
gəzərkən bir anlıq gözlərinizi yumun, hər dəfə nəfəs aldıqca ciyərinizə
bir az toz, his, dəm qazı çəkdiyinizi təsəvvür edin. Bəs hər gün ciyərlərimizə çəkdiyimiz bu maddələrin hansı orqanımızın fəaliyyətini pozur?

Aparılan monitorinqlər havada çirkləndirici maddələrin miqdarının
normadan dəfələrlə çox olduğunu deyir. ABŞ Milli Okean və Atmosfer
İdarəsinin apardığı araşdırmaya əsasən, dünya böyük bir təhlükə ilə
üz-üzədir. Elm adamları atmosferdəki karbondioksid nisbətinin 800 min
ilin ən yüksək səviyyəsinə çıxdığını müəyyən edib.

Çirklilik maşınlarla düz mütənasibdir

Dünyanın böyük şəhərlərinin problemi olan havanın çirklənməsi
avtomobillərin sayı ilə düz mütənasiblik təşkil edir. İran KİV-lərinin
məlumatına görə, Tehranda havanın çirklənməsinə səbəb olan başlıca amil
nəqliyyat vasitələridir. Bu şəhərdə əhalinin 40 faizi ictimai
nəqliyyatdan istifadə edir. Əhalinin 60 faizi isə öz şəxsi avtomobili
ilə gediş-gəliş edir. Xarici KİV-lərin məlumatına görə isə Tehran
planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb.

Ökəmizdə də avtomobillərin sayı durmadan artır. Respublikada dövlət
qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq
2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycana 104 min  385 ədəd nəqliyyat
vasitəsi idxal olunub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə
müqayisədə 3130 ədəd və ya 3,1% çoxdur. İdxal olunmuş avtomobillərin 94
min 879 ədədi minik avtomobili olub.

Son 10 ildə ölkədə şəxsi avtomobili olan ailələrin sayı 2,5 dəfə
artıb. Belə ki, 2002-ci ilin sonunda ölkədə hər 100 ailədən 19-nun şəxsi
avtomobili vardısa, 2012-ci ildə 100 ailədən 46-da avtomobil  var.
Maşınların sayı artdıqca, yaşıllıqların da sayı azalır. Bir aksiya ağacı
40 kvm ərazini zərərli maddələrdən qoruyur, 5 belə ağacın kəsilməsinin
havaya  nə qədər ziyan vurmasını təxmin etmək çətin deyil.

Hansı maddələr nə qədər çoxdur?

ETSN-in ətraf mühit üzrə milli monitorinq departamentinin direktor
müavini Mətanət Ayvazova  atmosfer havasının çirklənməsinin
monitorinqinin ölkənin 8 iri sənaye şəhərində – Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə
məntəqəsində aparıldığını bildirib. Bu şəhərlərdə atmosfer havasının fon
tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 90853 nümunə
götürülüb. Həmin nümunələr üzərində 18 adda çirkləndirici üzrə 92466
analiz aparılıb:

“Bakı şəhərində əsas çirkləndiricilərdən tozun orta aylıq qatılığı
1,3 dəfə, azot 4-oksid 1,2 dəfə, hidrogen flüorid isə 1,6 dəfə yol
verilən qatılıq həddini (YVQH) keçib. Sumqayıt şəhərində azot 4-oksidin
orta aylıq qatılığı 2 dəfə, xlorun 2,7 dəfə, hidrogen flüoridin isə 1,7
dəfə YVQH-ni keçib. Mingəçevir şəhərində atmosfer havasının tərkibindəki
tozun orta aylıq qatılığı 1,3 dəfə, fenolun 1,7 dəfə, Gəncədə hidrogen
flüoridin orta aylıq qatılığı 1,2 dəfə, Şirvanda azot 4-oksid isə 1,5
dəfə YVQH-ni keçib. Şəki, Naxçıvan və Lənkəran şəhərlərində atmosfer
havasının çirklənməsi norma daxilində olub”.

M.Ayvazova vurğulayıb ki, atmosfer yağıntılarının kimyəvi tərkibinin
monitorinqi ölkənin 6 bölgəsində – Abşeron yarımadası, Kür-Araz ovalığı,
Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran
zonasında  aparılır: 

“Bu zonalarda 23 məntəqədə 11 göstərici üzrə (sulfat, nitrat, fosfat,
ammonium, xlorid, hidrokarbonat, maqnezium, kalsium ionları, elektrik
keçiriciliyi, codluq, və pH) aparılır. Analizlərin nəticələrinə görə
yağıntılarda təhlil olunan inqrediyentlərin ən az miqdarı Xızıda (30,6
mq/l), ən çox miqdarı isə Neftçalada (496,1 mq/l) müəyyən edilib.
Yağıntılardakı mineral ionların əsas hissəsini sulfat (902,4 mq/l),
kalsium (580,9 mq/l), xlorid (566,2 mq/l), hidrokarbonat (419,8 mq/l),
maqnezium (207,8 mq/l), nitrat (84,6 mq/l) ionları təşkil edib”. 

Hər maşından 200-ə yaxın komponent atılır

Ekoloq Telman Zeynalovun sözlərinə görə, paytaxtda və digər
rayonlarda havanı çirkləndirən əsas səbəb maşınların zərərli
qazlarıdır.  Paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Yevlaxda bu problemlər
var. 

“Xüsusən paytaxtda maşınların sayı çoxdur. Bir tərəfdən də şəhər
böyüyür, hər yerdə tikinti işləri aparılır, yeni yollar salınır ki, bu
da çirkli maddələrin birbaşa havaya atılmasına səbəb olur. Bir maşından
atmosferə 200-ə yaxın komponent atılır. Bunların içərisində  dəm qazı,
oksigen, kükürd, karbon, müxtəlif karbohidrogen və qurğuşun  ən zərərli
maddələrdir”.

Onun sözlərinə görə, havada çirkliliyin azalması üçün avtomobillərin
hərəkəti məhdudlaşdırılmalıdır. Rayondan ağır tonnajlı maşınların Bakıya
daxil olması qəti qadağan olunmalı və onların hərəkəti üçün əlavə
yollar tikilməlidir. Maşınların sayı azaldılmalı, qaz və alternativ
enerji ilə işləyən avtomobillərin sayı artırılmalıdır. 

Məişət tullantılarının da avtomobillər qədər havanı çirkləndirdiyini
açıqlayan ekoloq bildirib ki, bu məhsulların açıq havada yandırılması
daha təhlükəlidir:

“Bu məhsulların təmizlənməsinin konkret bir qurum tərəfindən həyata
keçirilməməsi problemləri artırır. Ona görə də, tullantıların idarə
edilməsi vahid qurum tərəfindən aparılmalıdır. Həmçinin ətraf mühiti
zibilliyə çevirənlərə qarşı cərimələrin miqdarı artırılmalıdır. İndiki
cərimələr simvolik xarakterlidir və təsiri azdır. Küçəyə siqaret atmağa
görə  min manata qədər cərimə olsa, heç kim bir də buna cəsarət etməz”. 

Havadakı zərərli maddələr qışda daha təhlükəli olur

Ekoloq Fəridə Hüseynova da hesab edir ki, yanacağın qiymətinin
artması insanları dizeldən istifadəyə məcbur edir. Bu da çirkliliyi bir
az da artırır. 

“Dizel və ucuz benzin tam yanmadığına görə, havaya atılan zərərli
maddələrin sayı daha çox olur. Şəhərdəki avtomobillərin sayını nəzərə
alsaq, atılan maddələrin nə qədər çox olduğunu təxmin edə bilərik. Bu
gün paytaxt küçələrində yay aylarında  belə dumanlı hava şəraiti
müşahidə edilir. Bu da zərərli maddələrin havada toplandığını göstərir.
Əvvəlki illərlə müqayisədə sənaye obyektlərinin sayı azalsa da, lakin
onlardan da havaya zərərli maddələr atılır”.

F.Hüseynovanın sözlərinə görə, maşınların tıxacda qalması atmosfer
havası üçün daha təhlükəlidir. Saatlarla tıxacda qalan sürücülər
mühərriki söndürmədiklərinə görə, tullantıların miqdarı daha çox olur .
Ekoloqun sözlərinə görə, havadakı zərərli maddələr qışda daha təhlükəli
olur: 

“Havalar soyuyanda isti hava yuxarı qalxa bilmir. Aşağı təbəqələrdə
çirkli havanın sıxlıq payı daha çox olur. Bu da insanların səhhətinə
daha çox təsir edir. Yağıntılar çirkli havanın yer səthinə çökməsinə
səbəb olur. Nəticədə torpaqda bu maddələrin miqdarı artır. İsti havada
isə çirkli hava yuxarı təbəqələrə qalxır və küləklə digər ərazilərə
ötürülür. Bakıdan uzaqlaşan çirkli maddə, digər rayonlarda çökür. Bundan
başqa, neft məhsullarının çoxu  kansoregen maddələrdir. Bu da xərçəng
xəstəliyinin sürətlə yayılmasına səbəb olur. Havada zərərli maddələrin
azalması üçün yol kənarlarında ağaclar əkilməlidir. Lakin bizim yollar
səkilər hesabına genişləndirildiyindən orada ağac əkmək üçün, demək olar
ki, yer qalmır “.

Çirkli maddələr xərçəng yaradır 

Tibbi ekspert Adil Qeybulla havaya ən çox atılan çirkləndirici
maddələrin benzopiren törəmələri olduğunu deyir.  Ekspertin sözlərinə
görə, bu maddə kanserogen olduğuna görə, havada onların miqdarının
artması narahatlıq doğurur:

“1 kub/metr havada 1 nanoqram benzopiren varsa,  hər 100 nəfərdən
18-də xərçəng xəstəliyinin inkişaf etməsi deməkdir. Tikinti
materiallarında olan azbest, sement, avtomobil tullantıları havanı daha
çox çirkləndirir. Havaya atılan tikinti materialları bronxları
qıcıqlandırır və təhlükəli xəstəliklər yarada bilir. Ona görə də xarici
ölkələrdə tikinti gedən ərazi izolyasiya edilir. 

Böyük şəhərlərdə havanın çirklilik dərəcəsi ölçülür. Azbest,
benzopiren törəmələri, tikinti materiallarının miqdarı orada yaşamağın
insan həyatı üçün nə qədər təhlükəli olduğunu müəyyən edir”.

Ekspertin sözlərinə görə, bu maddələr pnevma skeleroz, xroniki bronxitlər, ağciyər enfizeması kimi xəstəliklərə səbəb olur.

“Çünki həmin maddələr ilk növbədə tənəffüs yollarına düşür. Təəssüf
ki, bizdə xəstəliklərin əmələ gəlmə səbəbi araşdırılmır. Xəstəliyi
müalicə etmək qədər onun yaranma səbəbinin də qarşısının alınması
vacibdir”.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=14655

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728