Çeçenlərə 1 milyon “atan” “Andro” Gəncə univermağını necə ələ keçirdi?
Moskva şəhərində çeçen və gürcü iş adamlarına 1 milyon
dollardan artıq pul atıb Gəncəyə qaçan “Andro” ləqəbli Məzahirin
əməllərindən bəhs edən yazılar dərc olunur. Qısa xatırlatma üçün
bildirək ki, Andro “atdığı pulla” Gəncə şəhərindəki univermağı qanunsuz
yolla özəlləşdirərək böyük sərvət sahibi olub. Bununla kifayətlənməyən
“Andro” şəhərin icra başçıları ilə sövdələşərək az qala şəhərin
mərkəzini zəbt edib. Sel kimi gələn haram pullar “Andro”nun həyat
tərzini də dəyişir. O, sonradan ailə qurduğu və univermaqda çalışan bir
xanımın qardaşı ilə də əlaqə qurur. Həmin xanımın qardaşı, “Andro”nun
Vüqar adlı qaynını barədə bir az sonra…
Vüqar söhbətini sonraya
saxlayaraq qısa xatırlatma üçün bildirək ki, vaxtilə köhnə Jiqulidə
küçələri dolaşan Andro Gəncə univermağının sahibi olandan sonra
eyş-işrət məclisləri təşkil edir və özünü guya “kübar” həyat tərzi sürən
adamlar kimi aparmaq istəyirdi. Belə məclislərin birində içib “açarını”
itirən “Andro” şəhərdəki un dəyirmanında mühafizə rəisi işləyən Xaliq
adlı şəxslə rastlaşır və onunla çox kobud, qaba rəftar edir. Xaliq isə
ona başa salır ki, sənin atan vaxtilə mənim mühafizə rəisi işlədiyim
dəyirmanda fəhlə işləyirdi, un oğurladığı üçün dəfələrlə yaxalanıb.
Bundan qəzəblənən “Andro” Xaliqi əvvəlcə yumruqla vurur, sonra isə şüşə
butulka ilə onun başına vurur, daha sonra bıçaqla onu ölümcül yaralayır.
Bundan
sonra, “Andro”nun “mühacir həyatı” başlayır. Belə ki, zərərçəkən Xaliq
həkimlərin səyi və möcüzə nəticəsində sağ qalsa da, hadisəyə görə
cinayət işi açılır və hüquq-mühafizə orqanları “Andro” barəsində axtarış
elan edir. Həmin vaxt “Andro” qanunsuz yolla qonşu Gürcüstana keçə
bilir. Düz 10 ildir ki, “Andro” Gəncə Şəhər Polisi tərəfindən
axtarışdadır, yəni “mühacir” həyatı yaşayır.
İndi də gələk “Andro”nun ikinci arvaddan olan qaynı Vüqarın məsələsinə. “Andro”
ölkədən qaçaq düşəndən sonra Vüqar univermaqda “hakimi-ixtiyar” olub.
“Düzdür, univermağın “formal direktoru” hər əmrə müntəzir olan Rasim
adlı şəxsdir. Onu da qeyd edək ki, “Andro” univermaqda işlədiyi dövrdə
bir neçə dəfə ağır cinayətlər törətsə də, hər dəfə qaynı Vüqar qapılara
düşərək rüşvətin hesabına “Andro”nun cinayətlərini ört-basdır edib.
Ancaq Xaliqin ölümcül döyülməsi məsələsində Vüqar kömək edə bilməyib və
“Andro” ölkədən qaçmaq məcburiyyətində qalıb.
Bundan sonra Vüqarın
“ağ günləri ” başlayıb. Belə ki, Vüqar qeyri-qanuni olsa da,
univermağın tək sahibinə çevrilib. Onu da qeyd edək ki, Vüqarın heç orta
təhsili də yoxdur, elementar dünyagörüşü olmayan və uzun illər çox
kasıb yaşayanın biridir. Beləliklə, adam birdən-birə univermaq sahibi
olub. “Andro”nun başı öz halına qarışan vaxt “xoşnaxış qayın Vüqar”
yeznəsinin bütün malına-mülkünə hər mənada yiyələnib. Bunu bütün Gəncə
əhli bilir…
Qısa müddətdə Vüqar astronomik var-dövlət sahibi
olaraq univermağın idarəolunmasına da yeni qaydalar gətirib, bu boyda
obyekti cinayətkar metodlarla idarə etməyə başlayıb.
Univermaqda
Dubaydan,Türkiyədən, Gürcüstandan, Rusiyadan qaçaqmalçılıq yolu ilə
ölkəyə daxil olan malların qanunsuz satışını təşkil edən Vüqar
cinayətkar “Andro”nun layiqli davamçısına çevrilib. Ökə
vətəndaşlarından oğurlanan qızıl əşyalar möcüzəli şəkildə bir gün sonra
Gəncə şəhərinin Mərkəzi Univermağında peyda olur.
Univermağın
birinci mərtəbəsi “Kotton” şirkətinə verilib. Bundan əvvəl birinci
mərtəbədə 200-yə yaxın icarəçi qızıl-ziynət əşyaları satırdı. Hazırda
qızıl şöbələri univermağın ikinci mərtəbəsinə köçürülüb. Onu da qeyd
edək ki, qızıl şöbələri Vüqarın özünə məxsusdur və onun qaçaqmalçılıq
yolu ilə gətirdiyi qızıllar öz şöbələrindən satılır və univermaqda ondan
başqa heç kim xarici ölkələrdən gətirilən qızıl əşyalar sata bilməz. Bu
cinayət əməlləri uzun müddətdir ki, cəmiyyətin və ən əsası
hüquq-mühafizə orqanlarının gözü qarşısında davam edir”, – sayt yazır.
“Dəfələrlə
Maliyyə Nazirliyinin Əyyar Palatasının işçiləri univermağa təşrif
buyursalar da, Vüqarın tələbi ilə univermaqdan qovulublar. Çünki
univermaqda satılan qızıl əşyaların əksəriyyəti kustar üsulla
hazırlanmış emalatxana mallarıdır və qızıl əşyaların, brilliant daşların
sertifikatları yazdıqları “prob”a uyğun gəlmir. Bütün bunlara aydınlıq
gətirmək üçün qafqaznews.org-un müxbiri Gəncə Şəhər İcra Hakimiyyəti ilə
əlaqə saxlayıb. Başçının müavini Rafiq Şəfiyev isə bildirib ki:
“Gəncədəki univermaq Məzahirin qohumu Vüqar tərəfindən idarə olunur.
Məzahir isə məlum olmayan səbəbdən Gəncədən yoxa çıxıb”.
Saytın
müxbiri Vüqarla (təkidlərimizə baxmayaraq soyadını demədi) əlaqə
saxlayaraq ona bildirib ki, “Başçının müavini univermağı sizin idarə
etdiyinizi söyləyib”.
Vüqar isə bildirib ki, Şəfiyev səhv edir,
onun univermağa heç bir dəxli yoxdur: “Univermaqda qaçaq malların
satılması da həqiqətəuyğun deyil. Univermaqda kassa aparatlarının
olmaması da yalandır. Gəncə univermağı qanuna uyğun şəkildə işləyir”, –
deyə yazıda bildirilir.
Saytın “Bəs deyirsiniz univermağa heç bir
aidiyyətiniz yoxdur, bəs bunları haradan bilirsiniz?” sualına Vüqar
sadəcə “Bilirəm də..” cavabını verib. Daha sonra univermağın direktoru
Rasimlə əlaqə saxlayıb. Soyadını bildirmək istəməyən Rasim isə
müxbirimizə deyib ki, ” Dövlətimiz güclü inkişaf edib. Qaçaqmalın
Azərbaycana gətirilməsi mümkün deyil. Univermaqda kassa aparatlarının
olmaması da həqiqətə uyğun deyil”.(qafqaznews.org )
Yazıda adıçəkilən şəxslərin də övqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=14657