Prokuror ölən şəxsdən “ifadə aldı” və işini məhkəməyə göndərdi
Bakıda prokurorluq işçisinin rəsmi qaydada cəzalandırılmasının maraqlı təfərrüatları məlum olub.
“Report”un məlumatına görə, Nizami rayon prokurorunun müavini Mehman
Xankişiyevə töhmət elan olunmasına səbəb prokurorluqda ölən şəxsə qarşı
cinayət işinin davam etdirilməsi, işə xitam verilməməsi olub.
Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin
əməkdaşları tərəfindən saxlanılan Quliyev Rövşən Şahzadə oğluna qarşı
Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq,
yəni özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə cinayət işi
başlanılıb. Lakin R.Quliyev istintaq müddətində zaminə buraxılıb.
Zamində olduğu vaxtda isə o, dünyasını dəyişib. Lakin istintaq
orqanlarının bundan xəbəri olmayıb. R.Quliyev barəsində cinayət işinə
xitam verilməli olduğu halda, istintaq davam etdirilib.
R.Quliyev həyatda olmaya-olmaya onun “ifadəsi alınıb”, onun əvəzində
iş materiallarına imza atılıb. Cinayət işinin istintaqı yekunlaşandan
sonra isə iş araşdırılması üçün Nizami Rayon Məhkəməsinə
göndərilib.Hətta məhkəmə prosesi də olub. Yalnız məhkəmə araşdırmaları
zamanı R.Quliyevin dünyasını dəyişməsi faktı ortaya çıxıb.
Belə ki, məhkəmə prosesində təqsirləndirilən şəxsin iştirak
etmədiyini görən hakimlər bu barədə müvafiq dövlət qurumlarına sorğu
göndəriblər. Sorğuya gələn cavabda isə R.Quliyevin öldüyü məlum olub.
Beləliklə, sözügedən cinayət işində istintaqa nəzarət edən Nizami
rayon prokurorunun müavini Mehman Xankişiyev cəzalandırılıb, yəni ona
töhmət elan olunub.
Qeyd edək ki, M.Xankişiyev Nizami rayon prokurorunun müavini təyin
olunana qədər Abşeron Rayon Prokurorluğunda müstəntiq və Bakı Şəhər
Prokurorluğunda Dövlət İttihamının Müdafiəsi Üzrə Şöbəsinin prokuroru
vəzifəsində işləyib. Onun atası Nizami Xankişiyev isə uzun illər Bakının
müxtəlif instansiya məhkəmələrində hakim işləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14666