Azərbaycanda yeni universitet yaradılır
Prezident İlham Əliyev Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikasında turizm, menecment və digər
xidmət sahələrində müşahidə olunan sürətli inkişafı, “Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyasını, Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyasını nəzərə alaraq qərara alıb
ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm
İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və
menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan
Turizm və Menecment Universiteti yaradılsın.
Nazirlər Kabinetinə bu sərəncamla yaradılmış Azərbaycan Turizm və
Menecment Universitetinin nizamnaməsinin layihəsini üç ay müddətində
hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair
təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim
etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə
məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun
icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək;
Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin bütün
pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr
hazırlayan aparıcı təhsil mərkəzi kimi fəaliyyətinin maliyyələşdirilməsi
və maddi-texniki təminatı, o cümlədən müvafiq tədris şəhərciyinin
yaradılması ilə bağlı təklifləri iki ay müddətində Azərbaycan
Prezidentinə təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri
həll etmək tapşırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14679