Bu gün bələdiyyə seçkiləri keçirilir

23.12.2014 - 10:38

37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib; demokratik düşərgə seçkiqabağı mühitdən narazıdır

Bu
gün ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Bu müstəqil
dövlətçiliyimiz tarixində sayca 4-cü bələdiyyə seçkisidir. İlk dəfə
1999-cu ilin 12 dekabrında ölkəmizdə bələdiyyə seçkiləri keçirilib.
Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən, seçkiqabağı təşviqat
aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin
başlanmasına 24 saat qalmış başa çatır.

22 dekabrda səhər saat 8:00-dan
etibarən bütün ölkə ərazisində namizədlərin təbliğat-təşviqat
kampaniyası rəsmən başa çatıb. Seçkiqabağı təşviqat aparılması mərhələsi
noyabrın 30-da başlanmışdı. 
Təbliğat-təşviqat kampaniyası qeydə alınmış namizədlər, onların
vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə
alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən
aparılıb.
Qeyd edək ki, Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə
günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki
Məcəlləsinin bu tələbinə əsasən dekabrın 23-də Azərbaycan ərazisində
qeyri-iş günüdür.
Ümumilikdə bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi
istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək. Bu seçki dairəsinin
1607 bələdiyyəsinə 15 min 35 üzv seçilməlidir. 
MSK bəyan edib ki, bələdiyyə seçkiləri üçün 4 milyon 976 min 302
seçki bülleteni çap edilib. 37 min 100 nəfərdən çox namizədin adı
bülletenlərə daxil edilib. Bu, keçən bələdiyyə seçkilərindəki
namizədlərdən 7 min nəfər artıqdır. 
Keçən seçkilərdə orta hesabla hər bələdiyyə üzvlüyünə 2 namizəd
vardısa, bu il orta hesabla 2,5 namizəd var. 300 nəfərə qədər namizəd
qeydə alınandan sonra namizədlikdən imtina edib. İndiyə qədər 10 minə
qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçinin olacağı
gözlənilir. Ümumilikdə 30 partiya seçkilərdə iştirak edir. Ən çox
namizədi qeydə alınan partiya YAP-dır. 
Aparıcı müxalifət partiyaları seçki prosesindən kənarda qaldılar.
Müsavat və Milli Şura rəsmi şəkildə seçkilərdə iştirak etmədilər. Amma
bununla belə, üzvlərinə sərbəstlik verdilər. Çoxlu sayda partiya
fəalları imza vərəqələri almaqda və qeydiyyat prosesində ciddi qanun
pozuntuları ilə üz-üzə qaldılar. Hətta namizədliklərini geri götürmək
üçün təzyiqlərə məruz qaldılar. Nəticədə yüzlərlə namizəd iddiasından
geri çəkildi. Bütün bunlara görə seçki abu-havası sıfıra bərabərdir. 
Elman Fəttah: “Müsbət nəsə demək mümkün deyil”
Müsavat başqanının müavini, partiyanın seçkilərdəki səlahiyyətli
nümayəndəsi Elman Fəttah seçkiqabağı mühitin bərbad vəziyyətdə keçdiyini
söylədi: “Təbliğat kampaniyası biabırçı vəziyyətdə keçdi. Lövhələrin
yapışdırılmasında ciddi problemlər oldu. Xüsusilə bu hal rayonlarda
özünü daha çox büruzə verdi. Asılan lövhələr əhalinin yaşayış yerindən
çox uzaqlarda idi.  Seçki yerli icra nümayəndələrinin tam nəzarəti
altında gedir və bu şəkildə də yekunlaşacağına şübhə yoxdur.
Partiyamızın müşahidəçi bloku artıq formalaşıb. Hər rayon təşkilatı
DSK-dan müəyyən sayda müşahidəçi sənədi əldə edib. Yüzlərlə
müşahidəçimiz seçkini müşahidə edəcək. MSK-dan 30 yaxın müşahidəçimiz
ümumrespublika üzrə qeydiyyatdan keçib. Mən 9 saylı Binəqədi seçki
dairəsində müşahidə aparacam. Bizim bu dairədən namizədimiz Şamil
Beydulladır. Seçki günü, seçkidən öncə baş verənlərlə bağlı hesabatla
çıxış edəcəyik. Seçkilərdə 12 namizədlə təmsil olunuruq”.
Ənvər Ağazadə: “Əvvəlki seçkilərdən heç də fərqlənməyəcək…”

Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə seçkiqabağı mühitdən
narazı qaldıqlarını dedi: “Seçki ilə bağlı proses başlayan kimi
namizədlərimizə qarşı total şəkildə hücuma keçdilər. Xeyli sayda
namizədimiz qeydə alınmadı. Bu seçkilərdən heç bir gözləntimiz yoxdur.
Əvvəlki seçkilərdən heç də fərqlənməyəcək. 2004-2009-cu illərdəki
seçkilərə bənzər bir proses olacaq. Bu prosesi kifayət qədər müşahidə
edəcək üzvlərimiz olacaq. Bundan sonra ümumiləşmiş şəkildə partiyamızın
mövqeyi olacaq”.  
Sərdar Cəlaloğlu: “Bunu seçki kimi dəyərləndirmək olmaz”

ADP sədri Sərdar Cəlaloğlunun bu seçkilərdən gözləntiləri yoxdur.
Partiya sədri hesab edir ki, əvvəlkilərdən fərqlənməyən bir seçki
olacaq: “Seçki rəqabət deməkdir. O seçkidəki müxalifət yoxdur, demək
mənasızdır. Bu seçkilərdə demək olar ki, tam alternativ yoxdur. Əhalinin
1 və ya 2%-i gələ-gəlməyə. Bunu seçki kimi dəyərləndirmək olmaz. Bir
neçə üzvümüz seçkidə iştirak edir. Çoxlu sayda üzvümüzə imkan verilmədi.
Müşahidəçimiz yoxdur.  Müşahidə o zaman ola bilər ki, seçki gününə kimi
hər şey qanuni olar. Əgər seçkilər formal keçirilirsə, müşahidə etməyin
heç bir mənası yoxdur. Mətbuatda da var idi ki, hansı bələdiyyənin
sədri artıq məlum olub, nə qədər pul verib. Qeydiyyat proseslərində
partiyalar qanun pozuntuları ilə üzləşdilər. Bütün bunlar sonrakı
prosesləri izləməyi mənasızlaşdırır”.

Samir Əsədli: “Namizədlərimizin seçilmə şansları daha yüksəkdir”

VHP bu seçkilərə 181 namizədlə qatılır. Partiyanın İcra Aparatının
rəhbəri Samir Əsədli  seçkilərə inamlarının yüksək olduğunu bildirdi:
“181 namizədimiz qeydə alınıb. Təbliğat-təşviqat kampaniyasını partiya
şəklində aparmadıq. Namizədlərin özü təbliğatlarını qurdular. Ümid
edirik ki, seçki şəffaf və demokratik keçəcək. Namizədlərimizin seçilmə
şansları daha yüksəkdir. Onlara etimad göstərmişik. Respublika üzrə 76
nəfər müşahidəçimiz qeydiyyatdan keçib. Hansı dairədə namizədimiz varsa,
həmin yerdə müşahidəçilərimiz olacaq”.
Xəzər Teyyublu: “Seçkilərdə əsas problemlərdən biri məntəqələrdə qohumları olan şəxslərin namizəd olmalarıdır”
Seçkilərdə aktiv şəkildə iştirak edən partiyalardan KXCP sədrinin
müavini Xəzər Teyyublu namizədlərin özlərini təqdim etmələrində
problemlərin yaşadığını qeyd etdi: “Mən Nərimanov ərazisindən namizəd
oldum. Müxalif partiyalardan yeganə namizədəm. Təbliğatımı mümkün qədər
yüksək səviyyədə qurdum. 57 namizəd 19 yer uğrunda mübarizə aparır.
Seçkilərdə əsas problemlərdən biri məntəqələrdə qohumları olan şəxslərin
namizəd olmalarıdır. Bu, ciddi qanun pozuntusudur. Müşahidəçilərimizi
müəyyənləşdirmişik. 500-ə yaxın namizəd bu seçkilərdə irəli sürdük.
Yüzdən çoxunun qeydiyyata alınmasına nail olduq. Bir çoxları
üzləşdikləri təzyiqlər nəticəsində geri çəkildi. Maneçilik olmazsa,
namizədlərimizin əksəriyyətinin qalib gələcəyinə inanıram”.
Qeyd edək ki, seçkilərin nəticələrinin elan olunması  2015-ci il yanvarın 17-də başa çatacaq.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14696

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728