Bakıda 75 evdən 1 milyonluq qızıl aparan 17 yaşlı peşəkar oğru danışdı
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq
əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Ümid
oğlu Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namaz oğlu Namazov və
1988-ci il təvəllüdlü Fərid Quncəli oğlu Əlibəyovun cinayət işi üzrə
məhkəmə prosesi keçirilir.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edir.
İstintaq zamanı 19 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif
rayonlarında onlarla evi qarət etməsi və mənzillərdən 1 milyon manatdan
artıq dəyəri olan qızıl və müxtəlif valyutalar oğurlaması müəyyən
edilib.
Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil,
nə də başqa mülk alıb. İ.Qəhrəmanov evlərdən ölçüsü kiçik, dəyəri böyük
olan şeyləri, yəni ancaq qızıl və pulları götürürmüş. Nə qədər bahalı
olursa olsun, peşəkar oğru qarşısına çıxan telefon və digər elektron
avadanlıqlara tamah salmırmış. Onun qarət etdiyi evlərin sahibləri
arasında xeyli varlı və tanınmış adamlar da var.
İ.Qəhrəmanova Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli
miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2, (quldurluq) 326.1-ci
(rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər
şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə) maddələri ilə ittiham
irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Digər təqsirləndirilən Zaur Namazova və Fərid Əlibəyova isə Cinayət
Məcəlləsinin 32.5 (iştirakçılıq) və 177.3.2-ci (oğurluq) maddələri ilə
ittiham irəli sürülüb. Hər ikisinin barəsində başqa yerə getməmək
iltizam tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən İsmayıl Qəhrəmanov ona elan
olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində maddi
imkansızlıqdan oğurluğa əl atdığını, əldə etdiyi pulların bir qismini
gecə klublarında dostlarına, qızlara sərf etdiyini desə də yoxsulluqdan
əziyyət çəkən yaxın qohumlarını unutmadığını da göstərib.
75 epizod üzrə təqsirli bilinən İ.Qəhrəmanov ilk cinayəti 17 yaşında törətdiyini deyib: “5
yaşım olanda valideynlərimlə birlikdə Rusiyaya getmişdim. Uzun müddət
Tümendə yaşamışıq. 2011-ci ildə atam, anam və qardaşımla birlikdə Bakıya
qayıtdıq. Müxtəlif mənzillərdə kirayədə qalırdıq.
İlk oğurluğu 2012-ci ilin mart ayında törətmişəm. Cibimdə pulum yox
idi, gecə vaxtı küçədən keçərkən gözüm aptekə sataşdı. Dəmir
barmaqlıqları sındırıb içəri keçdim, oradan 16 min 500 manat pul
apardım. Sonradan müxtəlif mənzillərdən oğurluq etmişəm. Mənzillərdən
pul, qızıl-zinət əşyaları aparmışam.
Ən sanballı oğurluq əməllərim isə 2012-ci ilə təsadüf edir.
Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq
qızıl və 50 min manatadək pul oğurlamışam. Oğurladığım əşyaları
tanış-bilişə ucuz qiymətə satırdım. O qədər öyrəşmişdim ki, artıq küçədə
gedəndə gözlərim oğurluq etmək üçün münasib mənzil axtarırdı. Ən çox
Binəqədi, Nərimanov və Nəsimi rayonları ərazisində mənzillərdən oğurluq
etmişəm. Mənzilləri seçərkən ətrafı diqqətlə nəzərdən keçirirdim.
Əvvəlcədən müxtəlif yollarla kiminsə evdə olub-olmamasını yoxlayırdım.
Qapının zəngini basırdım, gözləyirdim, tam əmin olurdum ki, evdə heç kim
yoxdur, pəncərədən və ya eyvandan girirdim içəri. Əsas qapını arxadan
bağlayır, işə girişirdim.
Evlərə əsasən binaların eyvanlarından, pəncərələrdən və
nəfəsliklərdən daxil olurdum. Qızıllar və pullar adətən yataq otağında
saxlanıldığı üçün axtarışa əvvəlcə oradan başlayırdım. Oğurladığım
əşyaları Zaurla birgə “Gənclik” metrosunun yaxınlığında yerləşən
zərgərlik mağazasında Fərid adlı şəxsə satırdıq”.
Təqsirləndirilən Zaur Namazov ona elan olunmuş ittihamla
özünü təqsirli bilməyib. O, ifadəsində İsmayılı ilk dəfə dostu Anarın
yanında gördüyünü, sonuncunun özünü ona varlı ailənin övladı kimi təqdim
etdiyini göstərib: “İsmayıl atasının arxitektor olduğunu
deyirdi. Sonradan dostlaşdıq. İsmayıl maşın sürməyə həvəsi olduğunu
deyirdi, mən də maşınımı hərdən ona verirdim ki, sürsün. Sonralar maşını
məndən tez-tez bir günlüyə götürürdü. Əvəzində bəzən 100, bəzən də 200
manat gətirib verirdi. Sonuncu dəfə maşını 4-5 günlüyə apardı,
gətirmədi. Tez-tez şəhərdəki gecə klublarına, barlara gedirdik. Hesabı
həmişə İsmayıl ödəyirdi. Elə vaxt olurdu ki, pulu olmurdu, məndən pul
istəyirdi, sonra əvəzini ikiqat qaytarırdı.
Bir dəfə İsmayılla Milli Bankın yanında görüşdük. İsmayıl maşına
oturan kimi evdən anasının qızıllarını götürdüyünü və satmaq lazım
olduğunu dedi. Həmin qızılları “Gənclik”də Fərid adlı şəxsə satdı.
Şəxsiyyət vəsiqəmi Fəridə verdim, surətini çıxartdı, altından qol
çəkdim. İsmayıl 200 manat verib axşam maşını götürəcəyini dedi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə İsmayılın “evlərindən” götürdüyü qızılları “28 may” metrosunun yaxınlığında satıblar və bu hal mütəmadi olaraq təkrarlanıb: “İsmayıl
maşını içkili vəziyyətdə idarə etdiyinə görə əlindən almışdım və ona
bir daha maşın verməyəcəyimi demişdim. Polis əməkdaşları məni Nəsimi
Rayon Polis İdarəsinə dəvət etdilər, İsmayıl barədə soruşdular. Orada
mənə məlum oldu ki, İsmayıl mənzillərdən oğurluq edirmiş”.
Digər təqsirləndirilən şəxs qismində dindirilən Fərid
Əlibəyov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O,
ifadəsində “Gənclik“ metrosu yaxınlığında zərgərlik mağazasında işlədiyini, qızılların alışı ilə məşğul olduğunu göstərib: “İki
cavan oğlan qızıl gətirmişdi, şəxsiyyət vəsiqəsi tələb etdim. Onlardan
biri sənəd verdi, qızılların evdəkilərə məxsus olduğunu dedi və altından
qol çəkdi. Həmin şəxslər mütəmadi olaraq hər on gündən bir qızıl
gətirirdilər. Hər dəfə Zaur adlı şəxsə “öz malımdır, öz razılığımla
satıram” yazdırıb altından qol çəkdirirdim. Polis əməkdaşları məni
Nəsimi Rayon Polis İdarəsinə dəvət edəndə İsmayılın gətirdiyi qızılların
oğurluq olduğunu bildim”.
Məhkəmə prosesi yanvarın 16-da davam etdiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=14730