Yeni Parlamentin 100 günü: UĞURA DOĞRU GEDƏN YOL

08.06.2020 - 09:40

2018-ci il prezident seçkilərindən sonra başlanmış islahatyönümlü addımların nə qədər intensiv və ekstensiv şəkil alacağı ilə bağlı ictimai müzakirələrə rast gəlinirdi. Sonrakı mərhələdə aydın olacaqdı ki, əslində ölkə yeni reform paketi ilə yeni mərhələyə keçid edir. Yeni struktura və yeni çağırışlara adekvat komandanın olması da yeni çağırış idi. Və dövlət başçısının islahatların növbəti mərhələsində müraciət etdiyi kadr islahatları da məhz bu çağırışdan irəli gəlirdi. Qanunverici orqanın da idarəetmənin digər qanadlarına adekvat olması, islahatlarla ayaqlaşması dəyişikliklərin keyfiyyətinə olduqca mühüm təsir edə bilər. YAP-ın Siyasi Şurasının Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsü məhz keyfiyyət dəyişikliyinə nail olmaq, islahatlara dəstək səciyyəli idi. Çünki islahatçı, təşəbbüskar parlamentin formalaşdırılması islahat dalğasını gücləndirə, ona yeni rənglər və istiqamətlər gətirə bilər. 9 fevral növbədənkənar parlament seçkiləri bu baxımdan ölkənin yeni reform dönəmində mühüm əhəmiyyət kəsb edirdi.
Yeni parlament, yeni rəhbərlik və yeni hədəflər
Yeni formalaşan Milli Məclisin qarşısında duran məqsəd və vəzifələri aşağıdakı kimi tezisləşdirmək olar:
– İslahatlara adekvat qanunvericilik bazası yaratmağa imkan verən parlamentə çevrilmək;
– İslahatçı, təşəbbüskar parlamentin başlanmış islahat prosesinə töhfə verməsi, islahat dalğasına qoşulması və onun aparıcı qüvvəsinə çevrilməsi;
– Dövlət vətəndaş iştirakçılığının, vətəndaş fəallığının və ictimai nəzarətin gücləndirilməsində maraqlıdır. Milli Məclisin bu yöndə də mütləq funksionallığı təmin olunması.
Bütün bu proses isə ilk növbədə parlamentin özündə idarəçi kadr dəyişikliyini zəruri edirdi. Buna görə də Milli Məclisin yeni tərkibdə martın 10-da keçirilən ilk iclasında parlamentin spikerinin və vitse spikerlərin seçilməsi məsələsi müzakirə olundu. Parlamentin spikeri vəzifəsinə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçildi. Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli isə I vitse-spiker seçildi. Bitərəflərin namizədi Adil Əliyev və Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən Fəzail İbrahimli isə vitse-spiker seçildi.
Qısa müddət keçməsinə baxmayaraq zaman göstərdi ki, bu sıradan bir dəyişiklik deyil. Əvvəla müstəqillik tarixində ilk dəfə olaraq parlament rəhbərliyində müxalif partiya təmsilçisi yer aldı. Digər tərəfdən Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən quruldu, yeni kadrlarla komanda formalaşdırıldı. Bütün bunlar isə heç şübhəsiz parlamentin yeni rəhbərliyinin iradəsi və mövqeyinin nəticəsidir. Yeni Milli Məclisinin ilk toplantısınnın bir neçə gün sonra 100 günü tamam olacaq. Cumhuriyyet.az olaraq parlament rəhbərliyi və ötən 100 günün nəticələrinə diqqət yetirdik.
Dünyanın 58-ci qadın spikeri
Sahibə Qafarova tarixə dünyada 58-ci qadın spiker kimi düşüb. Yeni spikerin qadın olması cəmiyyətdə intellektual və siyasi dairələrdə qadınlara verilən əhəmiyyətin göstəricisidir. Bu, Qafqaz və Orta Asiya ölkələri üçün avanqard nümunədir. Milli Məclisiin sədri Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. S.Qafarova karyerasına eləbu universitetdən başlayıb. Rus dili və ədəbiyyatı, habelə ingilis dili sahəsində geniş araşdırmalardan sonra 2004-cü ildə elmlər doktoru elmi dərəcəsi alıb. 40 ildən çoxdur müəllim olan S.Qafarova Bakı Slavyan Universitetində, həmçinin ABŞ-ın Miçiqan ştatındakı Prinston Universitetində dəsr deyir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifi olan S.Qafarova siyasətə 2004-cü ildə Yeni Azərbaycan Partiyasına üzv olmaqla qədəm qoyub. 2010-cu ildə o, ilk dəfə deputat seçilib. Bu illər ərzində o, istər təhsil sahəsindəki karyerası, istərsə də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olması sayəsində geniş beynəlxalq əlaqələr qura bilib. Qafarova AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komissiyasının sədri də olub. O, ölkəsində olduğu kimi, qadınlarla kişilər arasında bərabərliyi təbliğ edən beynəlxalq təşkilatlarda da fəal rol oynayıb.
Bu rəsmi tərcümeyi haldan kənar Sahibə Qafarova yüksək idarəçilik təcrübəsi və fitri istedadı olan biridir. Sahibə xanım buna qədər Avropa Şurası nümayəndə heyətinin tərkibində fəaliyyəti ilə özünü təsdiqləmiş və bu qurumda komitə sədri vəzifəsinə yüksələn ilk azərbaycanlı kimi tarixə düşmüşdür. Həmin müddətdə böyük tədbirləri, yığıncaqları, debatları necə mükəmməl idarə etməsin S.Qafarovanın ideal moderatordur, mükəmməl koordinatorluq bacarığını ortaya qoydu. Amma bu də hamısı deyil. Avropa Şurası kimi bir çox dövlətlərdən olan siyasilərin, fərqli fikir daşıyıcılarının, fərqli siyasi maraqların cəm olduğu bir qurumda toplantı idarəçiliyi praktik siyasi bacarıq tələb edir ki, Azərbaycandan olan xanım deputat bu keyfiyyəti ilə də diqqət çəkdi. Sahibə Qafarova həm də kübar insandır. Parlamentin bu vaxtadək keçirilən iclasları onun demokratik idarəçiliyinin və daşıdığı vəzifənin məsuliyyətinin yetərincə qəbul etdiyini göstərir.
YAP-dan olan I vitse-spiker
Birinci vitse-spiker seçilən Əli Hüseynli Azərbaycanın tanınmış hüquqşünaslarındandır. 2000-ci ildən parlamentin üzvüdür, çox geniş təcrübəyə sahibdir, indiyə qədər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri olub. Əli Hüseynov parlamentin, ümumiyyətlə, son illər Azərbaycan siyasətinin ən savadlı, ən intellektual, ən sakit və ən abırlı nümayəndələrindəndir. Onun bir siyasətçi, parlamentari və hüquqşünas kimi fəaliyyətinə söz ola bilməz.Bu baxımdan onun yeni vəzifəyə seçilməsi də çox uğurlu hadisədir.
Müstəqillik tariximizdə ilk: müxalifət parlament rəhbərliyində
Budəfəki Milli Məclisdə ilk dəfə azlıqda olan partiyaların nümayəndəsi kimi bir millət vəkili parlament sədrinin müavini seçildi.  Vətəndaş Həmrəyliyi Partiyasından Fəzail İbrahimli vitse-spiker kimi parlamentdə müxalifətin təmsilçisidir. Fəzail müəllim həm deputat, həm alim, həm ziyalı kimi ölkə ictimaiyyətinə tanış simadır. O ucqar bir rayonun əlçatmaz dağ kəndində dünyaya gəlib. Zəhməti, əzmkarlığı ilə elmlər doktoru, professor səviyyəsinədək yüksəlib. Və ən əsası özüylə gətirdiyi dağ əzəmətini, çeşmə saflığını bu günədək qoruya, saxlaya bilib. Professor Fəzail İbrahimli təkcə alim deyil, xalqın, dövlətçiliyin təəssübünü çəkən, mənəvi dəyərlərimizə sahib çıxmağı bacaran, dövlət atributlarına qarşı çıxanlara məntiqlə cavab verən aydınlarımızdandır. Onun Milli Məclisdə himnimizə qarşı çıxanlara tutarlı cavabı, buna bariz nümunədir. Bir neçə bənddən ibarət olan himnimizi dörd hissəyə bölüb, elə təhlil etdi ki, necə deyərlər, bunu hər döşünə döyən filoloq ifadə edə bilməzdi. O, milyonlarla insanın etirazını çox yüksək səviyyədə çatdıra bildi. Ümumiyyətlə, Fəzail müəllim Milli Məclisdə xalqı düşündürən, xalqı narahat edən problemləri tez-tez səsləndirib. Biz həmin çıxışların yalnız bir hissəsini “sehirli qutudan” yayımlanan fraqmenlərdə görürük. Sözü, əməlləri ilə bütöv bir ölkənin məhəbbətini qazanan, insanların qəlbinə bir parlaq aydın kimi yol tapa bilən Fəzail İbrahimli həm təcrübəsi, həm şəxsi keyfiyyətləri, həm də dünyagörüşü ilə vitse-spiker məqamında etimadı doğurladacağına inam yaradıb.
Yüksək tibunada xalq təmsilçisi: o Adil olmağa məhkimdur
Parlament sədrinin bitərəf olaraq müavini Adil Əliyevin adını Azərbaycan ictimaiyyəti 2005-ci ildə keçirilən parlament seçkilərində eşitdi. Nəriman rayonunun 20 saylı seçki dairəsindən namizədliyini irəli sürən bu adam o dövrün ən populyar simalarından olan İsa Qəmbərə və Aslan İsmayılova qələbə çalmışdı. Həm də bu qələbə o qədər ədalətli oldu ki, rəqibləri belə heyrət içində bunu etiraf etdilər. Adil Əliyevin bunu ardınca 2010, 2015 və nəhayət 2020-ci il seçkilərində də təkrarlanan bu uğurunun səbəbi onun seçki strategiyası ilə bağlı idi. O hər zaman seçicilərinin arasında olan vəseçicinin Milli Məclisin qabağında axtarmadığı az sayda millət vəkillərindəndir. Bir sözlə, seçicisi ilə mütəmadi əlaqədə olan, onlarla eyni ərazidə eyni problemləri yaşayan, hər kəsə bacardığı qədər əl tutmağı bacaran, məhəllələrdəki təmsilçiləriylə sakinlərin xeyir-şərindən xəbər tutan istənilən şəxs vətəndaşların təmsilçilik hüququnu qazanmağa layiqdir və Adil Əliyev də məhz bunu edir.  O bir çox həmkarlarından daha çox gündəmdə dayanmağı bacarır, ictimai rəylə hesablaşır, müxtəlif mətbu orqanlarında haqqında yazılanlara cavab verir. Düzdür, o, MM sessiyalarında bəlkə çox az çıxışıyla yadda qalıb, özünün dediyinə görə, ara-sıra “hərbçilərin, hüquq-mühafizə orqanlarında çalışan şəxslərin sosial məsələlərini gündəmə gətirib, təhsillə bağlı məsələlərin müzakirəsində iştirak edib”. Bununla belə, deputatın fəaliyyəti yalnız MM-də çıxışlarıyla məhdudlaşmır və nə yazıq ki, Azərbaycan reallığında daha çox çıxış edən deputatın qanunvericilik aktlarının formalaşmasında daha çox rol oynadığını da demək çətindir. Adətən, parlamentə hazır “reseptlərin” icraedici hakimiyyətdən göndərildiyini və dəyişilmədən qəbul edildiyini nəzərə alsaq, MM deputatlarının aktivliyi ilə passivliyi arasında fərqin o qədər də böyük olmadığını görə bilərik. Əksinə, Adil Əliyev digər həmkarlarından fərqli olaraq, ictimaiyyət arasında aktivliyi ilə seçilir, onların problemlərini həll etməyə çalışır və bu da onun daha aktiv deputatlardan olduğuna dəlalət edir. Adil Əliyev nə bir çoxları kimi gündəmdə qalmaq üçün “şok açıqlamalar” verir, nə rəqiblərinin ləyaqətinə toxunan çıxışlar edir, nə də kimlərinsə gözünə girmək üçün trubinaların qarşısında növbəyə durur. O, yalnız bacardığı işlərin arxasınca gedir və lazım gələrsə, öz təkliflərini dilə gətirir. Bir çoxlarına bu fəaliyyət passivlik kimi görünsə də, Azərbaycan mentalitetində onun başqa bir adı da var: “Ağır oturur, batman gəlir”. Adil müəllimin bitərəf, yəni heç bir siyasi qüvvəni təmsil etməyərək parlament rəhbərliyində yer alması onun üzərinə böyük məsuliyyət qoyur. Bu həm də xalqın, ədalətin təmsilçiliyi deməkdir və bu vaxta qədər keçdiyi həyat yolu Adil Əliyevin bu işin öhdəsindən gələcəyini düşünməyə əsas verir.

***

Artıq 100 günə yaxıbdır ki yeni Milli Məclis yeni rəhbərliyi ilə fəaliyyətdədir və bu müddətdə böyük islahatlar aparılıb. Proses ən ideal formada gedir. Hər şey şəffafdır, gözəldir, çoxdan arzu ediləndir. Komitələrin sədrlərində və müavinlərində də dəyişikliklər olub. Bütün bunlar uğurlu seçim olmaqla bərabər, islahatlar prosesinin davamıdır. Bu onu göstərir ki, Azərbaycan parlamenti həm kəmiyyət, həm keyfiyyət baxımından müsbətə doğru dəyişir. Məlum islahatlar fonunda uduş yalnız savadlıların, öz gücünə arxayınların, əsl peşəkarların, kiminsə adamı olmayanlarındır. Kadr seçimində sədrin ortaya qoyduğu prinsipial mövqe sadəcə təmiz tərcümeyi-hala sahiblərin, dövlətə və dövlətçiliyə bütün şəcərəsi ilə bağlı olanların yolunu açıb. Əks qütbdə duranlar isə təlaş içindədirlər. Onların maraqları yetərincə sarsılıb. Bu səbəbdən özlərinə heç cür yer tapa bilmirlər. UĞURLAR!!!

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147826

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930