Xalq-polis birliyi daha bir sınaqdan çıxdı – rəylər

09.06.2020 - 08:00

Tanınmış ictimai-siyasi xadimlər asayiş keşikçilərinin müdafiəsinə qalxdı; “Polisimizin əməyinə, səmimiyyətinə və insanlığına kölgə salmaq ədalətsizlikdir…”

İyunun 6-dan 8-nədək Azərbaycanın 4 iri şəhərində sərtləşdirilmiş karantin rejimi tətbiq edildi, insanların çölə çıxması faktiki olaraq yasaqlandı. Müvafiq qurumlar bəyan etmişdi ki, bu cür qərarı verməkdə əsas məqsəd koronavirusa yoluxma hallarını minimuma endirməkdir. Lakin bəzi şəxslər qaydalara məhəl qoymayıb, yenə çölə çıxdılar və onları karantinə əməl etməyə çağıran polis əməkdaşlarına hətta müqavimət göstərdilər.

Fakt budur ki, həftəsonu karantin rejiminin daha da sərtləşdirilməsi paytaxt polisinin yükünü artırmış oldu. Üstəlik, bu azmış kimi, sosial mediada polisi qaralama prosesi müşahidə olunmaqdadır. Karantin rejiminin icrasına məsul olan polisin adekvat hərəkətlərini bəziləri qəbahət kimi təqdim edib, sosial mediada qaralama kampaniyası aparırlar. Belələri sanki ictimai rəyi manipulyasiya etməyə, ölkədə qarışıqlıq salmağa hesablanmış ssenariyə hazırlıq görürlər.

Musavat.com bildirir ki, sosial mediada birtərəfli, azfraqmentli, neqativ videonu yayanlar pandemiya dönəmində həyatını riskə qoyaraq ölkədəki sabitliyi yüksək səviyyədə qoruyan, gecə-gündüz xalqına xidmət edən Azərbaycan polisinə qarşı namərd bir plana xidmət etdiklərinin fərqinə varmalıdırlar. Azərbaycandakı sabitlik bir nemət olmaqla yanaşı, həm də Prezidentin, onun islahat komandasının böyük zəhməti və gərgin əməyi nəticəsində hasil olub. Bunların üstündən keçərək paytaxtı və Azərbaycanı destablizasiya məntəqəsinə çevirmək cəhdlərinin qarşısında yenə də dövlətin əsas atributlarından biri olan polisimiz dayanacaq.

Azərbaycan polisi Amerika polisi kimi qaba, əzazil, amansız deyil. Bəsit bir hərəkətə, dərinin rənginə, irqinə görə adam öldürmür. Dövlət ona vəzifə tapşırıb, onu icra edir. Sizin üçün, bizim üçün, hər kəs üçün… Karantin rejimini qorumaq milləti qorumaqdır, onu pozmaq sərhədləri pozmaqdır, hər kəsi riskə atmaqdır…

Tanınmış ictimai şəxslər və ekspertlər də hesab edirlər ki, bu günlər ərzində bəzi şəxslərin qanunsuz davranışlarına, müqavimətlərinə baxmayaraq, polis ümumilikdə kifayət qədər səbirli davranıb, peşə etikası kodeksindən kənara çıxmayıb.

Millət vəkili Fazil Mustafa ilə müsahibə - VİDEO

“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, həm cəmiyyətin, həm də polisin bu iki gün ərzində davranışını yüksək qiymətləndirir: “Cəmiyyətimizdə əlbəttə ki, həbsdə yatan, cinayət törədən də var. Cəmiyyətin yararsız ünsürləri bu prosesə maneə olmaq üçün müəyyən addımlar atır, məsuliyyətsizlik, özbaşınalıq edirlər. Polis də çox təmkinlə bu proseslərin qarşısını almağa çalışır. Bir çox hallarda isə buna nail olur. Bəzən polisə qarşı elə hərəkətlər edirlər ki, həmin polisin yerinə özümüzü qoysaq görərik ki, bunun qarşısını almaq da çətindir. Ona görə də hesab edirəm ki, polisin davranışı yüksək səviyyədə qiymətləndirilməlidir. Çünki başa düşməliyik ki, biz şənbə-bazar evdə qalsaq da, polis bu istidə formada, botinkada gecə-gündüz küçələrdə xidmət aparır. Ona görə də düşünürəm ki, bu məsələdə cəmiyyətin məsuliyyətli hissəsi çox yaxşı davrandı və evə qapanaraq, hökumətin qərarlarına tabe olub, prosesə köməklik göstərdi. Bir qrup insan var ki, bütün hallarda maskasız gəzməyə, qaydaları pozmağa meyllidir. Onlara qarşı hələ polis xeyli yumşaq davranır. Bu adamlara qarşı çox sərt davranmaq lazımdır. Düşünürəm ki, bu məsələdə insanların təhlükəsizliyi və sağlamlığı ilə bağlı problem olduğu üçün ən sərt formalardan istifadə etmək lazımdır ki, hər kəs qaydalara tabe olsun. Qaydalara əməl edilsəydi, bəlkə də iş yerləri açılmışdı, şənbə-bazar məhdudiyyəti olmazdı. Lakin məsuliyyətsiz adamlar buna imkan vermədilər. Polisin bu iki gün ərzindəki fəaliyyəti yüksək qiymətləndirilməlidir”.

Aynur Camal: "Mehriban xanım Əliyeva Avrasiyada bənzəri olmayan ...

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal “Yeni Müsavat”a bildirdi ki, sərt karantin rejimi zamanı çox maraqlı, təsirli, hətta qürurverici anlar yaşanıb:  “İstər mediada, istər sosial şəbəkələrdə bu dediklərimi təsdiqləyən onlarla video var. Simvollarımıza, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə doğma, isti münasibət göstərən, himnimizə sayğı duruşunda dayanan, insanlarla son dərəcə mədəni davranan, onları karantin qaydalarına əməl etməyə dəvət edən polislərimizi gördük. Eyni zamanda küçədə köməksiz, xəstə, yaşlı anaya öz yeməyini xidməti avtomobildən götürüb verən gənc polisimiz də bizi qürurlandırdı. Uşağının yeməyini azyaşlı uşağı yeməksiz qalan ailəyə gətirən, 102-yə zəng edib çörək istəyən ailəyə çörək alıb çatdıran polislərimiz barədə xəbərlər oxumaq çox xoşdur. Hətta polis maşınında bir hamilə qadının uşaq dünyaya gətirdiyini öyrəndik və DYP-nin rəsmi açıqlamasına görə, 2 gün ərzində 20 belə fakt olub. Tam 20 dəfə polislərimiz təcili yardımdan daha tez çatıb ailələrin köməyinə, baxmayaraq ki, onların vəzifəsi deyildi bu. Bu siyahını uzatmaq da olar, təbii ki!

Azərbaycan polisi iki günlük ən sərt karantin rejimi ərzində sözün əsl mənasında peşəkarlıq, fədakarlıq və vətəndaşlıq nümayiş etdirdi. Xüsusilə ABŞ-da baş verən toqquşmalar və orada polisin vətəndaşlara – şikəstinə, qocasına, qadınına belə dəhşətli zorakı münasibəti fonunda Azərbaycan polisinin bu addımlarını müşahidə etməyin necə hiss olduğunu yəqin hamı yaxşı anlayır. Təsadüfi deyil ki, ötən iki gündə sosial şəbəkələrdə Azərbaycan polisi haqda bəlkə də indiyə qədər deyilməyən tərzdə təriflər deyildi, hamı öz polisi ilə qürur duyduğunu yazdı. Əsas məsələ budur, gerisi təfərrüatdır”.

Polis şəhərdə karantin rejiminə əməl edilməsi üçün belə çalışır ...

A.Camalın sözlərinə görə, polisimizin əməyinə, səmimiyyətinə və insanlığına kölgə salmaq ədalətsizlikdir:  “Polisin görəvi insanları qorumaq, indiki halda isə onları qorumaq üçün kimlər üçünsə sərt sayıla biləcək qaydalara hamının əməl etməsinə nail olmaqdır. Müharibənin qaydaları olur. Və hər kəs də müharibə şəraitində o qaydalara əməl etməlidir. Dəfələrlə demişik ki, pandemiya da müharibədir. Yeni fərqli həyat tərzidir. İstədiklərimizi edə bilmirik, azadlığımız məhdudlaşdırılıb. Amma bunun yeganə səbəbi bizi – ölkə əhalisini qorumaqdır. Bütün dünyanı çənginə alan virusa yoluxanların, ölənlərin ölkəmizdə sayı artmasın deyə, bununla bağlı narahatlıq yaranmasın deyə, səhiyyəmiz bu ağır yükü daşıya bilsin deyə, bu qaydalara əməl etmək hər birimizin borcudur. Məncə, polisi təftiş edənlər öncə öz davranışlarına, ətrafla rəftarlarına baxsınlar. Həftəsonu, cəmi 2 gün evdə qalacaqlar deyə, 20 çörək, 40 kiloqram xiyar-pomidor alan – yəni prosesi düzgün anlamayanlarımız da oldu, polisin addımı, rəftarını başa düşməyənlər də. Ancaq bu, kütləvi deyil axı. Nadir istisnadır. Kütləvi olan polisin münasibəti, insanlarımızın ən sərt karantin günlərində nümunəvi davranışıdır. O səbəbdən, məncə, polisin pandemiya dönəmindəki fəaliyyəti ilə bağlı lazımsız və ədalətsiz müzakirələrə əhəmiyyət vermədən hər birimiz öz işimizlə karantin qaydalarının şərtləri daxilində məşğul olmalı, onsuz da ağır olan vəziyyəti ağırlaşdırmamaq üçün əlimizdən gələni etməli, bu günlərdə əsgər kimi öz vəzifəsini ləyaqətlə icra edən polislərimizə də, həkimlərimizə də, digər iş başında olan görəvlilərimizə də təşəkkür etməli, onlar üçün dua etməliyik. Hər birimizin onlara şükran borcumuz var. Bunu unutmayın, hansı ölkələrdə ki, insanlar sərt karantin qaydalarına qeyd-şərtsiz əməl edib, o ölkələrdə yoluxma və ölum halları sıfra enib. Bizim ölkədə dövlət vətəndaşını qorumaq üçün bütün iqtisadi çətinlikləri, itkiləri öz üzərinə gxtürür, insanları maaş və yardımlar almaq şərtilə evdə oturdur, yenə də narazılar ortaya çıxır. Gah dövləti ittiham edirlər, gah virusun mövcudluğunu şübhə altına alırlar, tibbi maska taxmırlar, sosial məsafə gözləmirlər, nəticədə xoşagəlməz vəziyyət yaranır. Yaşamaq istəyənlər, doğmalarını, yaxınlarını itirmək istəməyənlər polisə də, izolyasiya tədbirlərinə də tabe olmağı öyrənməlidirlər. Başqa yolumuz yoxdur”.

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin ...

Nəqliyyat eksperti, avtosfer.az saytının rəhbəri Elməddin Muradlı “Yeni Müsavat”a söylədi ki, sərtləşdirilmiş karantin rejimi günlərində əhalinin böyük əksəriyyəti evdə otursa da, polis küçələrdə xidmət apardı: “Ümumilikdə güc strukturu xidmətdə idi və insanların təhlükəsizliyini qoruyurdu. İzlədim ki, sosial şəbəkədə yayılan videoların əksəriyyətində polisin müsbət əməlləri əks olunurdu. Təbii ki, bəzən neqativ hallar da olur. Yaxud da normal hadisələrə neqativ don geyindirənlər də tapılır. Bunlar da təbiidir. Cəmiyyətdə hər kəsin baxışı, mövqeyi eyni deyil. O baxımdan düşünürəm ki, polis əlindən gələni artıqlaması ilə etdi. Əslində polisə aidiyyəti olmayan məsələlərdə belə polisin köməyə gəldiyini gördük. Məsələn, Səbayel rayonunda bir məhəllənin suyu kəsilmişdi. Polis haradansa su maşını gətirmişdi və insanlar qablarını doldurub, su ilə təmin olundular. Eyni zamanda xəstələri də xəstəxanaya çatdırmağa polisin yardımı oldu. Yol polisinin avtomobilində bir uşaq dünyaya gəldi. Bəzi insanlar əlbəttə ki, hadisələrə mənfi don geyindirməyə çalışırlar. Onlara bir ”züy” tutanlar da olur. Təəssüf ki, belə insanlarla eyni şəraitdə yaşayırıq. Ancaq ümumilikdə deyə bilərəm ki, polisin iki günlük fəaliyyəti qənaətbəxşdir. Bir daha gördük ki, çətin gündə polisə arxalanmaq olar”.

Mehriban Zeynalova — Vikipediya

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da dedi ki, bütün məsuliyyəti polisin üzərinə qoymaq yanlışlıqdır: “Niyə ərazi bölgüsü üzrə deputatlar və bələdiyyələr sərt karantin rejimində evində oturmalıdır. Axı onlar əraziləri üzrə insanların ehtiyaclarını, xarakterlərini, xüsusiyyətlərini, davranışını daha yaxşı bilərlər. Niyə onlar da polislərlə çiyin-çiyinə olmamalıdırlar? Bu yaxınlarda millət vəkili Siyavuş  Novruzov bir yaxşı məsələ qaldırmışdı. Avropa Məhkəməsində kəsilən cərimələr qərar çıxaran hakimlərin özü tərəfindən ödənilsin. İndi hansı ərazidə qanun pozuntusu olubsa, oranın bələdiyyəsi ilə millət vəkili cəriməni ödəsin. Sözdə yox, işdə cənab Prezidentə təşəbbüsləri ilə dəstək göstərsinlər. Bu iki gündə 2 milyonluq Bakı əhalisinin 0.01 faizinin qayda pozması onu göstərir ki, insanlar tələblərə riayət ediblər”.

Rəylərdən də göründüyü kimi, Azərbaycan polisi öz bayrağına və himninə sayğılı, vətəninə bağlıdır, vətəndaşlarımızın problemlərinə öz dərdi kimi can yandırandır. Bizi, ölkəmizi, sabitliyimizi qoruyan polisimizi biz də qoruyaq. İmkan verməyək ki, sabitliyimizin qarantı olan bir qüvvəni gözdən salıb, Azərbaycanı qarışdırmaq fürsəti əldə etsinlər…

Short URL: http://www.cumhuriyyet.net/?p=148007

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728