Əli Həsənov 2014-cü ili uğurlu il hesab edir

25.12.2014 - 19:43

Azərbaycan
Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a
müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:
– Əli müəllim, başa çatmaqda olan 2014-cü ili Azərbaycan üçün uğurlu il kimi qiymətləndirmək olarmı?
– Şübhəsiz. Hesab edirəm ki, 2014-cü il də Azərbaycanın müstəqillik
tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi öz layiqli
yerini tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu əvvəlki illərdə olduğu
kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin
rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun
əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının
təmin olunmasına xidmət edib. 
2014-cü ildə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və
qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olub. Bu məqsədlə istehsal
obyektlərinin və iş yerlərinin yaradılması, iqtisadi və sosial
infrastrukturun qabaqcıl standartlara uyğun yenidən qurulması, regional
inkişaf, şəhər, qəsəbə və kəndlərin simasının müasirləşdirilməsi prosesi
davam etdirilib və artıq demək olar ki, yekun mərhələyə qədəm qoyub.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sosial yönümlü siyasət
həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi,
vətəndaşları narahat edən problemlərin həlli, onların istək və
arzularının qarşılanması daim dövlətin diqqət mərkəzində olub, bu sahədə
ardıcıl tədbirlər görülüb.
Başa çatmaqda olan bu il eyni zamanda enerji strategiyasının yeni
konturlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi, həm regionun,
həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın
rolunun yüksəlməsi baxımından mühüm il olub.
Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha da
möhkəmləndirib, multikulturalizm ideyasının təşviqinə, dinlərarası və
millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini
verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada milli və dini
tolerantlıq məkanı kimi tanınır.
Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında
həyata keçirilib və dövlətin suveren hüquqlarının, milli maraqlarının
təmin edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında həllinə, habelə ölkənin ikitərəfli
və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə yönəlib. Birmənalı
demək olar ki, Azərbaycan öz müstəqil, balanslı siyasəti, beynəlxalq
təşkilatlarda fəal iştirakı ilə seçilib, xarici aləmlə əməkdaşlıq
əlaqələrini inkişaf etdirib və nüfuzunu artırıb.
Ümumilikdə, 2014-cü ildə Azərbaycan müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib.
 – 2014-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafını necə
qiymətləndirərdiniz və sizcə, bu sahədə hansı uğurları xüsusi qeyd etmək
olar?
– Artıq 10 ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə
dünyada lider ölkələr sırasındadır. Təqdirəlayiq haldır ki, bu dinamika
2014-cü ildə də qorunub saxlanıb, üstəlik bəzi istiqamətlərdə daha ciddi
artım müşahidə olunub.
İlk növbədə qeyd edilməlidir ki, bu il Azərbaycanın dövlət büdcəsi
təxminən 25 milyard dollar səviyyəsində olub və Cənubi Qafqazın ümumi
büdcəsinin 76 faizini təşkil edib. Cari ilin 10 ayı ərzində ümumi daxili
məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb.
Son illər qeyri-neft sektorunda müşahidə olunan sürətli artım əyani
şəkildə təsdiq edir ki, iqtisadi sahədə qarşıya qoyulmuş strateji
vəzifələr tam həcmdə yerinə yetirilir. Ökəmizin valyuta ehtiyatları 53
milyard dollar səviyyəsinədək yüksəlib. Bu gün Azərbaycanın xarici
borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da
dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, həyata keçirilən
siyasətin, görülən bütün işlərin başlıca məqsədi Azərbaycan
vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. Bu ilin ötən
dövrü ərzində işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə
düşüb ki, bu göstəricilərə görə Azərbaycan dünyanın inkişaf etmiş bir
çox ölkəsini belə geridə qoyub. Statistikaya əsasən, son 10 ayda
əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin
hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta aylıq
əmək haqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb. İnflyasiya cəmi
1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub.
Bu isə bilavasitə göstərir ki, makroiqtisadi sabitliyin təmin edilməsi
istiqamətində görülən tədbirlər çox yaxşı nəticə verir.
Bildiyiniz kimi, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib.
Bundan əsas məqsəd sənayenin modernləşdirilməsi və qeyri-neft
sənayesinin inkişaf etdirilməsi, o cümlədən mövcud təbii və iqtisadi
resursların təsərrüfat dövriyyəsinə cəlb olunması, ənənəvi sənaye
sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye
parklarının yaradılması, regionlarda sənaye potensialının
gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafının təmin
edilməsidir. Cari ildə sənaye potensialının gücləndirilməsi, bu sahədə
rəqabət qabiliyyətinin artırılması, kadr potensialının inkişaf
etdirilməsi, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə
bağlı işlər həyata keçirilib, 200-dək, o cümlədən 40-dan çox orta və iri
sənaye müəssisəsi açılıb. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7
dəfə artıb.
Azərbaycanda mövcud olan əlverişli sərmayə mühiti dinamik iqtisadi
inkişafı şərtləndirən əsas amillərdən biridir. Bu ilin 9 ayında ölkə
iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub, nəticədə yüzlərlə
yeni istehsal obyekti yaradılıb, nəhəng infrastruktur layihələri davam
etdirilib, bir çox mühüm layihələr isə başa çatdırılıb. Onların arasında
Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal
kompleksini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə
terminalını, “Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyalarını,
Taxtakörpü və Şəmkirçay su anbarları və digər bu kimi böyük obyektləri
xüsusi qeyd etmək olar. Həmçinin hazırda Böyükşor gölünün və ətraf
ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası, “Ağ Şəhər” və s.
nəhəng layihələrin icrası davam etdirilir. Cari ildə Prezident İlham
Əliyev çoxsaylı istehsal, emal, təhsil, səhiyyə, mədəniyyət, istirahət,
yol-nəqliyyat və digər obyektlərin açılışında iştirak edib.
Bütün bu layihələrin arasında illik yükaşırma imkanı 25 milyon ton
yük və bir milyon konteyner olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı layihəsinin strateji əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Çünki
Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri əlverişli
coğrafi mövqeyə malik olan ölkəmizin tranzit potensialının inkişaf
etdirilməsidir. Hesab edirəm ki, ötən ilin sentyabrında istifadəyə
verilmiş Gəmiqayırma zavodu, gələn il başa çatdırılması nəzərdə tutulan
Bakı-Tbilisi-Qars dəmir yolu və Beynəlxalq Dəniz Ticarət Limanı Asiya
ilə Avropa arasında yükdaşıma sahəsində Azərbaycanın tranzit imkanlarını
tam realizə etməyə imkan yaradacaq.
Cari ildə regionların, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlər davam
etdirilib, bölgələrdə yüzlərlə iqtisadi, sosial, mədəniyyət və
infrastruktur obyektləri istifadəyə verilib, aparılan quruculuq və
abadlıq işləri nəticəsində şəhər və rayonların siması müasirləşib.
Qarşıdan gələn növbəti 2-3 il ərzində bu proqramlar çərçivəsində ölkə
qarşısında duran əsas infrastruktur layihələrinin başa çatdırılması
nəzərdə tutulur. Regionlarda 82 mini daimi olmaqla 100 mindən artıq yeni
iş yeri yaradılıb. Ümumilikdə, son 10 ildə açılan iş yerlərinin sayı
1,3 milyona çatıb.
2014-cü ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin
həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata
keçirilən genişmiqyaslı tədbirlər davam etdirilib. Ağdam rayonu
ərazisində 632 ailəlik, Hacıqabulda 101 ailəlik, həmçinin Gəncədə və
Beyləqanda yeni və müasir qəsəbələrin məskunlaşdırılması prosesi
yekunlaşıb. Ümumiyyətlə, 2001-2014-cü illər ərzində bütün sosial-texniki
infrastruktura malik 89 müasir qəsəbə salınıb, 220 min qaçqın və
məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
2014-cü ildə Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları, kosmik sənaye uğurla inkişaf edib. Dekabrın əvvəlində
“Bakutel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi
çərçivəsində “Azersky” müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil
verilib. Bu, artıq Azərbaycanın orbitə çıxarılmış ikinci peykidir.
“Azersky” peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii
ehtiyatların tədqiqi və digər geniş tətbiq sahələri var.
Təsadüfi deyil ki, “Standard & Poors”, “Fitch Ratings”, “Moody
s” kimi dünyanın aparıcı beynəlxalq reytinq agentlikləri ölkəmizə
verilən investisiya səviyyəli kredit reytinqlərini bir daha
təsdiqləyiblər. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində
Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlib və ardıcıl olaraq 5
ildir ki, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.
– 2014-cü ili həm də Azərbaycanın enerji strategiyasının həyata keçirilməsi baxımından uğurlu il adlandırmaq olarmı?
– Bu il sentyabrın 20-də 1994-cü ildə imzalanmış “Əsrin
müqaviləsi”nin 20 ili tamam oldu. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş Azərbaycanın milli inkişaf strategiyasının mühüm
tərkib hissəsi kimi “Əsrin müqaviləsi” ilə başlanan enerji siyasəti
dövlət müstəqilliyinin təmin olunması, gələcək inkişafın əsaslarının
formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. İmzalanmış
sazişlər həmin dövrdə mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi
Azərbaycanda sabitliyin bərqərar edilməsi, cəmiyyətin potensialının
vahid məqsəd uğrunda səfərbər olunması üçün ciddi zəmin yaratdı.
Dünyanın aparıcı şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı
karbohidrogen ehtiyatlarının istismarına cəlb edildi, neftin dünya
bazarlarına çıxarılması üçün marşrutlar müəyyənləşdirildi və qısa
müddətdə Azərbaycanın inkişafını təmin edəcək mühüm işlər görüldü.
Əminliklə demək olar ki, “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın
bugünkü uğurlarının təməlində duran qlobal miqyaslı iqtisadi və siyasi
hadisə olub.
Əlamətdar hadisədir ki, 2014-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət
başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı
ilə digər nəhəng transmilli layihənin – “Cənub” qaz dəhlizinin
təməlqoyma mərasimi keçirildi. Məlumdur ki, 2011-ci ildə Azərbaycan ilə
Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum
imzalandı. Bundan sonra 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu (TANAP)
qaz layihəsinə dair saziş bağlandı, 2013-cü ildə isə Trans-Adriatik
(TAP) layihəsi əsas ixrac marşrutu kimi müəyyən edildi. Bütün bunlar
2013-cü il dekabrın 17-də “XXl əsrin layihəsi” adlandırılan “Şahdəniz-2”
layihəsinə dair yekun investisiya qərarının qəbul edilməsinə şərait
yaratdı.
“Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft
strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji
xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında yeni bir vəziyyətin yaranmasına səbəb olacaq.

– Ekspertlər dünyada neftin qiymətinin sürətlə ucuzlaşmasının
bəzi enerji resursları hasilatçısı və ixracatçısı olan ölkələrin
iqtisadiyyatına mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar. Bu
vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
– Neftin qiymətinin kəskin düşməsi və bu tendensiyanın bir neçə ili
əhatə etməklə davamlı xarakter daşıması iqtisadiyyatı tamamilə enerji
amilindən asılı olan ölkələrin iqtisadiyyatına çox ciddi mənfi təsir
göstərə bilər. Təbii ki, enerji ixracatçısı kimi Azərbaycanın da bundan
ziyan çəkməsi istisna edilməməlidir. Çünki Azərbaycan iqtisadiyyatında
enerji amili hələ də böyük rol oynayır və neftin qiymətinin ucuzlaşması
əldə olunan milli gəlirin səviyyəsinə təsir edir. Bununla yanaşı, bir
çox digər enerji ixracatçısı olan ölkələrlə müqayisədə, Azərbaycanın
nəzərəçarpacaq üstünlükləri də var ki, ölkə iqtisadiyyatını ciddi
neqativ təsirdən sığortalayır.
İlk növbədə qeyd edilməlidir ki, son 10 ildə həyata keçirilən
məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilib
və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Artıq bir neçə
ildir ki, ÜDM istehsalında qeyri-neft sektorunun çəkisi 50 faizdən
çoxdur və 2014-cü ildə bu nisbət 59 faizə çatıb.
Digər tərəfdən, Azərbaycan kifayət qədər böyük valyuta
ehtiyatlarına malikdir və buna görə də iqtisadiyyatda və büdcə
təminatında hər hansı fors-major vəziyyət yarana bilməz.
Təcrübə də göstərir ki, Azərbaycanın unikal iqtisadi modeli ən
mürəkkəb hallarda belə makroiqtisadi sabitliyin və stabil iqtisadi artım
templərinin qorunub saxlanmasını təmin edir. 2008-ci ildə başlanmış və
bir neçə il davam edən ümumdünya iqtisadi böhranı zamanı Azərbaycan
iqtisadiyyatında müşahidə olunan artım da bunu təsdiqləyir. Yeri
gəlmişkən, həmin dövrdə də neftin qiyməti kəskin aşağı düşmüş və bir
barelinə görə 30-40 dollar təşkil etmişdi.
Əksər ekspertlərin rəyinə əsasən hazırda neftin qiymətinin enməsi
bir tərəfdən dünyanın aparıcı ölkələrində iqtisadi artım səviyyəsinin
aşağı düşməsi və enerjiyə olan tələbatın azalması ilə izah edilirsə,
digər tərəfdən də bu halın süni xarakter daşıdığı və müəyyən siyasi
məqsədlərə hesablandığı vurğulanır. Onların qənaətinə görə, bu proses
davamlı xarakter daşıya bilməz və bir müddət sonra neft bazarında
qiymətlərin stabilləşməsi müşahidə olunacaq.
Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki,
hazırda dünya iqtisadiyyatında və enerji bazarında müşahidə olunan
meyillər Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, əhalinin
sosial durumuna mənfi təsir göstərməyəcək. Əksinə, Azərbaycan hökuməti
qarşıdan gələn dövrdə də iqtisadi artımın təmin edilməsi üçün müvafiq
tədbirlər görmək əzmindədir.
– Başa çatmaqda olan ildə ölkəmiz xarici siyasət sahəsində hansı uğurlara nail oldu?
– Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək
beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə
səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və
ikitərəfli əlaqələr qurub. Həmin dövrdə əsası qoyulmuş təməl üzərində
yaradılan bugünkü böyük iqtisadi potensial, toplanmış maliyyə
resursları, cəmiyyətin həyatının bütün sahələrinin dinamik inkişafı,
enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həll edilməsi bu
gün Azərbaycana imkan verir ki, tam müstəqil, milli maraqlara hesablanan
xarici siyasət yürütsün. Prezident İlham Əliyevin həyata keçirdiyi
xarici siyasətin məntiqi nəticəsidir ki, dünyada Azərbaycanın
tərəfdaşlarının, bizə dost ölkələrin sayı getdikcə artır. Azərbaycan
regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada sözü eşidilən, mövqeyi
nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb
olunur. Bu mənada Azərbaycan 2014-cü ildə də beynəlxalq aləmdə öz
mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, üzv və tərəfdaş olduğu
beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlıq əlaqələrini
dərinləşdirib.
Bu ilin may ayından başlayaraq Azərbaycan Avropa Şurası Nazirlər
Komitəsinə sədrlik edib. Azərbaycan bu müddətdə korrupsiya ilə
mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçib, demokratiya,
təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə geniş diqqət ayırıb, bir
sıra səmərəli təşəbbüslərlə çıxış edib. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunması, Azərbaycanın haqq
səsinin Avropa ictimaiyyətinə çatdırılması, Avropada rolunun, nüfuzunun
artması və digər məsələlər ölkəmizin 6 ay müddətində bu nüfuzlu qurumun
ali orqanına rəhbərliyi dövründə əldə etdiyi uğurlardır.
Bu ilin iyununda Bakıda 300-dən artıq deputatın iştirakı ilə ATƏT
Parlament Assambleyasının sessiyası keçirilib. Sessiyada qəbul olunmuş
Bakı Bəyannaməsində ölkələrin sərhədlərinin toxunulmazlığı, ərazi
bütövlüyü prinsipi bir daha vurğulanıb.
Qeyd edilməlidir ki, son illər Azərbaycan tam müstəqil siyasət
yürüdən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb.
2011-2012-ci illərdə ölkəmizin BMT Təhlükəsizlik Şurasında təmsil
olunması və ümumilikdə iki ay müddətində həmin ali quruma sədrlik
etməsi, bu il isə Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsi bu
nüfuzun əyani göstəriciləridir. Təsadüfi deyil ki, Azərbaycan 2015-ci
ildə Türkiyədə keçiriləcək “Böyük 20-lik” (G20) ölkələrinin toplantısına
dəvət alıb.
Eyni zamanda, müstəqil siyasət Azərbaycana imkan verir ki, öz milli
maraqlarını daha effektiv müdafiə etsin, müxtəlif xarici qüvvələrin
ölkənin daxili işlərinə qarışmaq, öz iradəsini diqtə etmək cəhdlərinə
tutarlı və layiqli cavab versin.
– Əli müəllim, bu kontekstdə ayrı-ayrı dövlətlərin, xarici
təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə
bağlı iddialarını necə qiymətləndirmək olar?
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə
bəyan edib ki, biz beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə
münasibətlərimizi qarşılıqlı hörmət, etimad, səmərəli əməkdaşlıq
prinsipləri üzərində qururuq və xarici siyasətimizdə bu prinsiplərin
yerinə yetirilməsinə çalışırıq. Bir-birinin daxili işlərinə müdaxilə
etməmək ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın başlıca şərtləri sırasına
daxildir.
Azərbaycan qanunun aliliyinin təmin olunduğu, hüquqi və demokratik
ölkədir. Azərbaycanda hər kəsin fikir, söz və məlumat azadlığı təmin
edilib, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın fəaliyyəti
üçün zəruri şərait yaradılıb. Hazırda Azərbaycanda yüzlərlə QHT, media
orqanı heç bir maneə olmadan, tam sərbəst şəkildə fəaliyyət göstərir.
Azərbaycan hökumətinin əsas tələbi ondan ibarətdir ki, inkişaf
etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və
medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına
yol verilməsin və bu sahədə qanunların aliliyi təmin olunsun. Nə
Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret
cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz
nəzərdə tutulmayıb. Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda
da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin
iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas
götürürlər.
Buna görə də hesab edirik ki, son zamanlar ABŞ və Avropa
İttifaqının müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların
Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti artıq
bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə sığmayan,
qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz hal alıb. Bəzi
ölkələrin rəsmi şəxsləri, bir sıra media orqanları və vətəndaş cəmiyyəti
institutları sanki mikroskop altında Azərbaycanda problemlər axtarır,
öz fəaliyyətlərini büsbütün ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil
etməyə yönəldirlər. Halbuki, həmin ölkələrin özlərində insan hüquq və
azadlıqlarının kobud şəkildə pozulması, dini və irqi ayrı-seçkilik və
digər məsələlərlə bağlı ciddi problemlər var. Məsələn, ABŞ-ın Ferqyuson
şəhərində qaradərili gəncin polis tərəfindən qətlə yetirilməsindən sonra
başlanan gərginlik özünü “demokratiyanın beşiyi” kimi qələmə verən bu
ölkədə insan haqları sahəsində çox ciddi çatışmazlıqların olduğunu üzə
çıxardı. Dinc etiraz aksiyalarının zor tətbiq etməklə dağıdılması, peşə
borcunu yerinə yetirən jurnalistlərin döyülməsi və həbsi, hüquq
müdafiəçilərinin təzyiqlərə məruz qalması və digər bu kimi hallar ABŞ-da
insan hüquqlarına necə “hörmətlə” yanaşıldığını əyani şəkildə göstərdi.
Analoji hallar həm də Avropanın bir çox inkişaf etmiş ölkələrində özünü
büruzə verir. Ksenofobiya, dini və irqi ayrı-seçkilik, islamofobiya bir
çox Avropa ölkəsi üçün səciyyəvi hallardır. Buna görə də hesab edirik
ki, öz ölkələrində ciddi problemləri “görməyənlər”in Azərbaycana barmaq
uzatmağa və yeri gəldi gəlmədi bizi tənqid etməyə haqları yoxdur. 
Biz üzv olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını həmişə
nəzərə alırıq, göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq. Harada
tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə
vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbul olunmazlığı açıq şəkildə
ifadə edilir. Azərbaycan heç bir halda özünün dövlət və milli
maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və
arzularına qurban vermək niyyətində deyil. Onlar anlamalıdırlar ki,
Azərbaycan müstəqil dövlətdir, öz siyasətini xalqın iradəsinə, milli
maraqlara uyğun şəkildə həyata keçirir və bundan sonra da bütün təzyiq
və təhdid cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə verməyəcək
və bütün əsassız iddialar adekvat şəkildə cavablandırılacaq.
– 2014-cü ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli baxımından necə qiymətləndirirsiniz? Bu il bir
tərəfdən yüksək səviyyədə danışıqlar prosesi davam etdirildi, digər
tərəfdən isə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi müşahidə
olundu.
– Təəssüf ki, 2014-cü ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı konkret irəliləyiş müşahidə olunmadı.
Bunun da başlıca səbəbi odur ki, Ermənistan rəhbərliyi öz ənənəsinə
uyğun şəkildə qeyri-konstruktiv mövqeyini davam etdirərək bütün
səylərini mövcud status-kvonu qoruyub saxlamağa yönəldir. Hesab edirəm
ki, Ermənistan rəhbərliyi qoşunların təmas xəttində təxribatlar təşkil
etməklə beynəlxalq ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən
yayındırmağa və onu münaqişənin müxtəlif neqativ təzahürləri üzərində
fokuslaşdırmağa cəhd göstərir.
Avqust ayında erməni təxribatçı qrupların basqın cəhdləri
qabaqcadan planlaşdırılmış aksiya olsa da, onlar qarşılarına qoyduqları
məqsədə nail olmamış və ciddi itkilər verərək geri çəkilmişlər.
Şübhəsiz, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim
daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə
məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə
obyektiv informasiya verməkdən çəkindilər. Bununla yanaşı, erməni
işğalçıları bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək
döyüş qabiliyyətini gördülər və əmin oldular ki, onların qarşısında
peşəkar, ən müasir silahlarla təchiz olunmuş döyüşkən nizami ordu
dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və
qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir. 
Məlumdur ki, məhz bu gərginlikdən sonra avqustun 9-10-da Rusiya
Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və
Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Doqquz aydan sonra
ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə
digər formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini
göstərəcəyi ilə bağlı ümidləri artırdı. Bundan başqa, oktyabrın 27-də
Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və
Ermənistan prezidentləri növbəti dəfə görüşdülər. Cənab Olland da
hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd etməklə tərəfləri böyük
sülh sazişinə dəvət etdi.
Ancaq danışıqlardan dərhal sonra Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərində, qoşunların təmas xəttinin
yaxınlığında hərbi təlimlərə başlaması, bu təlimlərə 40 mindən artıq
hərbçinin, ağır texnikanın cəlb edilməsi bir daha əyani şəkildə göstərdi
ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinin konstruktiv məcrada
davam etdirilməsində maraqlı deyil və sülhə aparan istənilən addımı,
təşəbbüsü əngəlləmək niyyətindədir. Üstəlik, təlimlər zamanı Azərbaycan
Silahlı Qüvvələrinin bölmələrini təxribata çəkmək cəhdləri də müşahidə
olundu ki, bu da Ermənistan ordusuna məxsus hərbi vertolyotun vurulması
ilə nəticələndi.
Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi həll
olunmamasının başlıca səbəblərindən biri də beynəlxalq birlik tərəfindən
işğalçı Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməməsidir. Bu
gün Ukrayna hadisələri fonunda bu ölkənin separatçı bölgələrinə, Krıma
və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ilk növbədə 1992-ci ildən
BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını qulaqardına vuran işğalçı
Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə şamil edilməli idi.
Ermənistana qarşı təzyiqlər və sanksiyalar həm də bütün regionda
təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji
halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən effektli
yolu ona qarşı təsirli praktiki tədbirlərin görülməsindən keçir.
Beynəlxalq aləm, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər, BMT
Təhlükəsizlik Şurası başda olmaqla bütün aparıcı beynəlxalq təşkilatlar
mövcud vəziyyətə diqqəti artırmalı və regionda qarşıdurmanın yenidən
alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən çəkindirəcək real
tədbirlər görməlidirlər.
– Həmin insidentlər eyni zamanda Azərbaycanda informasiya
təhlükəsizliyinin təmin edilməsi məsələsini aktuallaşdırdı və Azərbaycan
Prezidenti müvafiq Sərəncam da imzaladı. Bu sahədə görülən işlərlə
bağlı nə deyə bilərsiniz?
– Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti Ermənistanın vəziyyəti
gərginləşdirmək cəhdlərinə birmənalı olaraq düzgün yanaşma nümayiş
etdirdi. Bu da cəmiyyətimizdə həmrəyliyin, müxtəlif xarici təzyiq,
təhdid və təxribatlara qarşı vahid mövqeyin olduğunu göstərdi. Bir daha
sübut olundu ki, heç bir problem Azərbaycanda mövcud milli birliyi
sarsıtmaq gücündə deyil.
Eyni zamanda, etiraf olunmalıdır ki, avqustda qoşunların təmas
xəttində yaranmış gərginliklə bağlı bir çox internet media resursları
qeyri-adekvat, anlaşılmaz mövqe tutdular. Məhz bu resurslar yanlış,
qeyri-obyektiv informasiyaların mənbəyinə çevrildilər, bəzi hallarda isə
bilərəkdən və ya bilməyərəkdən erməni mediasının təxribat xarakterli
məlumatlarını Azərbaycan ictimai rəyinə daşıyaraq cəmiyyətdə çaşqınlıq,
ruh düşkünlüyü yaratmağa xidmət etdilər. Bununla yanaşı, bəzi siyasi
qruplar, onların nəzarətində olan azsaylı QHT-lər və media öz
ənənələrinə sadiq qalaraq, anti-milli mövqe tutdular, erməni
təbliğatının ruporu qismində çıxış etdilər, əsas hədəf kimi düşmən
ölkəni deyil, Azərbaycan hakimiyyətini seçdilər.
Mövcud vəziyyət cəmiyyətin informasiya təhlükəsizliyi məsələsini
bir daha aktuallaşdırdı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsini zəruri etdi. Avqustun 29-da Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə
dövlət orqanlarının mətbuat xidmətlərinin və kütləvi informasiya
vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Həmin tədbirdə
informasiya təhlükəsizliyi ilə bağlı hazırkı durum hərtərəfli təhlil
edildi, mövcud problemlər və onlardan çıxış yolları göstərildi.
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası
Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri
haqqında” Sərəncam imzaladı və cəmiyyətin informasiya təhlükəsizliyinin
təmin olunması ilə bağlı qarşıda duran vəzifələr, həyata keçiriləcək
tədbirlər müəyyənləşdirildi. Sərəncamdan dərhal sonra müvafiq dövlət
orqanları tədbirlər planı hazırlayaraq həyata keçirməyə başlayıblar.
Lazımi vəsaitlər və təlimatlar hazırlanır, maarifləndirmə işləri və
müzakirələr aparılır. Hesab edirik ki, Azərbaycan Respublikası
Prezidentinin Sərəncamında qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsi nəticəsində informasiya təhlükəsizliyi sahəsində mövcud
çatışmazlıqlar aradan qaldırılacaq.

– Əli müəllim, 2014-ci il Azərbaycan cəmiyyəti və ölkəmizin
ictimai-siyasi həyatında daha hansı əlamətdar hadisələrlə yadda qaldı?
– Cəmiyyət həyatında mühüm hadisələrdən biri kimi bu il keçirilmiş
bələdiyyə seçkilərini göstərmək olar. Seçkilər demokratik, şəffaf,
beynəlxalq standartlara uyğun, seçicilərin fəallığı şəraitində baş
tutdu. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək
izlənilməsi məqsədilə respublika ərazisini tam əhatə etməklə, 1000 seçki
məntəqəsində veb-kameralar quraşdırılmışdı. Seçki prosesinin müxtəlif
mərhələlərinin qanunauyğun şəkildə keçirilməsi üçün zəruri şərait təmin
edilmişdi. Seçkilərdə 8 siyasi partiya iştirak etmiş, üzvləri seçkilərdə
iştirak edən siyasi partiyaların sayı isə 30 olmuşdur. Ümumilikdə ölkə
üzrə 1607 bələdiyyədə 15035 yerə 37077 nəfər namizədliyini irəli
sürmüşdür ki, bu da həm əhali arasında bələdiyyələrə böyük maraq
olduğunun, həm də rəqabətin yüksək olduğunun göstəricisidir. İlkin
məlumata görə, seçici fəallığının 38,9 faiz olması da deyilənləri təsdiq
edir.
Yerli və xarici müşahidəçilər seçki komissiyalarının fəaliyyətini,
səsvermə prosesini, səslərin hesablanmasını müsbət qiymətləndirib və
seçkilərin nəticələrinə təsir göstərə biləcək qanun pozuntularının
müşahidə olunmadığını bəyan ediblər. Keçirilmiş exit-poll da seçkilərin
nəticəsi ilə üst-üstə düşüb.
Bu il noyabrın 1-2-də müxtəlif ölkələri təmsil edən nüfuzlu dövlət
xadimlərinin, dünya elminin parlaq simalarının, tanınmış şəxslərin
iştirakı ilə keçirilmiş lV Bakı Beynəlxalq Humanitar Forumu həm
regionda, həm də dünyada böyük maraqla qarşılanıb. Bu da bir daha təsdiq
edir ki, Azərbaycan artıq dövrün aktual məsələlərinin müzakirə edildiyi
ümumdünya səviyyəli humanitar mərkəz kimi qəbul olunur.
İl ərzində keçirilmiş XXl Azərbaycan Beynəlxalq Telekommunikasiya
və İnformasiya Texnologiyaları Sərgi və Konfransı , XlV Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər Sərgisi, XlV Beynəlxalq Nəqliyyat,
Tranzit və Logistika Sərgisi, XXll Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi,
l Azərbaycan Beynəlxalq müdafiə sənayesi (“ADEX-2014”) sərgisi və
dünyanın aparıcı şirkətlərinin iştirakı ilə keçirilmiş digər çoxsaylı
tədbirlər həm müxtəlif sahələrdə Azərbaycanın zəngin potensialını
nümayiş etdirməyə şərait yaradıb, həm də ölkəmizə böyük marağın olduğunu
bir daha göstərib.
l Avropa Oyunlarına hazırlıq uğurla həyata keçirilir, Bakıda yeni,
müasir idman arenaları tikilib istifadəyə verilir. Tədbirlə bağlı
Azərbaycana gələcək idmançıların, turistlərin yerləşdirilməsi üçün
müvafiq işlər görülür, təhlükəsizlik, nəqliyyat və digər vacib məsələlər
kompleks şəkildə həll edilir. Əminliklə demək olar ki, l Avropa
Oyunları müstəqil Azərbaycanın tarixində ən mühüm hadisələrdən biri
olacaq və ölkəmizi dünyaya dinamik inkişaf edən, müasir dövlət kimi
təqdim edəcək. 
2014-cü ildə diqqətəlayiq hadisələrdən biri kimi Azərbaycanda
iqtidar-müxalifət dialoqunun bərpa edilməsi və siyasi partiyaların
rəhbərləri ilə görüşün keçirilməsi qeyd olunmalıdır. Bundan əvvəlki
dövrdə vətəndaş cəmiyyəti institutları və media rəhbərləri ilə də
görüşlər keçirilib, irəli sürülən təkliflər öyrənilib, ümumiləşdirilmiş
və həlli mümkün olan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb.
Azərbaycan hakimiyyəti siyasi opponentləri, qeyri-hökumət təşkilatları
və media ilə konstruktiv dialoqa həmişə açıq olub və bundan sonra da bu
siyasət davam etdiriləcək.
Hesab edirəm ki, 2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci ilə
nikbinliklə baxmağa tam əsas yaradır. Azərbaycan iqtidarı xalqın
dəstəyinə arxalanaraq gələcəkdə də üzərinə düşən vəzifələri ən yüksək
səviyyədə həll etməyə, Azərbaycanı yeni, möhtəşəm uğurlara doğru
aparmağa hazırdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728