Məmmədyarov Qarabağın həllindən danışdı

25.12.2014 - 19:49

XİN  2014-cü ilin yekunları ilə bağlı müsahibə verib

Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarovun 2014-cü ilin yekunları ilə əlaqədar kütləvi informasiya
vasitələrinə müsahibə verib.

ANS PRESS-in XİN-nin mətbuat xidmətinə istinadla verdiyi məlumata
görə, nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində cari il ərzində görülən işlər barədə suala cavabında deyib
ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin
aradan qaldırılması və münaqişəsinin həlli qarşımızda duran prioritet
vəzifədir. Münaqişənin həlli üçün aparılan danışıqlar prosesində
mövqeyimizin əsasını Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan
ərazilərindən çıxarılması, münaqişənin fundamental əsasını təşkil edən
işğal və təcavüzün aradan qaldırılması, azərbaycanlı qaçqın və məcburi
köçkünlərin öz doğma yurdlarına qayıtması və Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
bərpa olunması təşkil edir.

Azərbaycanın ərazi bütövlüyünün münaqişənin həlli üzrə aparılan
danışıqların predmeti olmadığı birmənalı olaraq bütün görüşlərdə
tərəfmüqabillərimizin diqqətinə çatdırılmışdır. Mövqeyimizin siyasi və
hüquqi əsasını beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi,
BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq
təşkilatların qəbul etdikləri sənədlər təşkil edir.

Beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məhz
sadaladığımız prinsiplər, xüsusilə Azərbaycan Respublikasının ərazi
bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində görülür. İl ərzində bu mövqeyin gücləndirilməsi
istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində ardıcıl işlər görülüb.

Onun sözlərinə görə, münaqişənin həllinə dair bu məlum mövqe
Türkdilli dövlətlərin əməkdaşlıq şurası, Azərbaycan-Gürcüstan-Türkiyə və
Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşlərinin yekun sənədlərində və
ikitərəfli əsasda Azərbaycan ilə digər dövlətlərin birgə bəyanatlarında
da öz təsbitini tapıb.

Ermənistan hər bir vəchlə münaqişənin məhz Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində həllinə çağıran sənədlərin qəbuluna mane olmağa çalışsa da,
uğursuzluğa düçar olub.

O diqqətə çatdırıb ki, bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən
biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ
həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması
istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, bu günə qədər
Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan,
Meksika, İordaniya, Bosniya və Hersoqovina və Sudan parlamentlərində,
Amerika Birləşmiş Ştatlarının 15 Ştatında Xocalı soyqırımı rəsmən
tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə
edilmiş, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji
tərəfdaş kimi qiymətləndirilib.

E.Məmmədyarov vurğulayıb ki, işğal edilmiş ərazilərimizdə qanunsuz
fəaliyyətin qarşısının alınması, xarici ölkələrin fiziki və hüquqi
şəxslərinin bu fəaliyyətə cəlb olunmasına yol verilməməsi Xarici İşlər
Nazirliyi, o cümlədən diplomatik nümayəndəliklərimiz tərəfindən diqqətdə
saxlanılır və bu istiqamətdə həm ikitərəfli, həm də çoxtərəfli
formatlarda zəruri addımlar atılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14810

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930