Dünya 2014-cü ildə: İlhaq olunan Krım,İŞİD “dövləti”, Ebola və “Soyuq müharibə -2″…
2014-cü
ilin başa çatmasına sayılı günlər qalıb. İl geosiyasi mənzərə
baxımından XXI əsrin ən təlatümlü ili oldu. 2001-ci ilin 11 sentyabr
terror aktı ilə başlayan geosiyasi proseslərin hərarəti heç vaxt builki
qədər qalxmamışdı. Fikrimizi əsaslandırmaq üçün demək kifayətdir ki,
Sovet İttifaqının dağılması ilə tarixi ifadəyə çevrilən “Soyuq müharibə”
ifadəsi də məhz 2014-cü ildə “Soyuq müharibə 2” şəklində dirilməyə
başladı. Hər nə qədər Rusiyanın SSRİ olmadığı və bu şərtlərdə yeni
“Soyuq müharibə”dən danışmağın mənasız olduğu deyilsə də, reallıq
reallıq olaraq qalır: zəif Rusiyanın güclü Qərblə qarşıdurması dünyanı
kifayət qədər təlaş və qorxu içində saxlamaq üçün kifayət edir. “Üçüncü
Dünya Müharibəsi” barədə proqnozlar isə məsələnin nə yerdə olduğunu
anlamağa kömək edir.
Başa vurduğumuz 2014-cü ilin hadisələrinə ayrı-ayrılıqda diqqət
yetirməmişdən öncə ilə damğasını vuran əsas hadisələri sadalayaq:
Ukrayna böhranı (Krımın Rusiya tərəfindən ilhaqı və Donbasdakı
müharibə), İŞİD terror qruplaşmasının “dövlət” mərhələsinə keçməsi,
Ebola virusu, Türkiyədə keçirilən prezident seçkiləri və Gülən camaatına
qarşı mübarizə, Avrasiya İqtisadi İttifaqı ətrafında baş verən
proseslər və Nigeriyadakı “Boko Haram” qruplaşmasının adından söz
etdirməsi.
Ukrayna böhranı və qaranlıq görünən avrointeqrasiya
Bütün 2014-cü ili gərginlikdə saxlamağı bacaran Ukrayna böhranının
başlanğıcı 2013-cü ilin noyabr ayına gedib çıxır. Xalq 21 noyabr 2013-cü
ildə Rusiyameyilli xarici siyasi kurs aparan prezident Viktor
Yanukoviçə qarşı etiraz olaraq Kiyevin Azadlıq Meydanına çıxdı. Məsələ
bundadır ki, Yanukoviçin Avropa Birliyi ilə assosiasiya haqqında
razılaşmadan imtina qərarı çox ani oldu. Razılaşmadan imtina barədə baş
nazir Nikolay Azarovun bəyanatı etiraz aksiyaların başlanmasına təkan
verdi. Qısa müddət ərzində Kiyevdə çadır şəhərciyi yarandı. Noyabrın
30-da xüsusi təyinatlı “Berkut” gücləri Azadlıq Meydanına toplaşanlara
qarşı güc tətbiq etdi. Yanvarın 16-da Ali Radada qəbul olunan qərarlar
isə vəziyyəti daha da pisləşdirdi. Sözügedən qanunlar insanların etiraz
aksiyalarda iştirak etmək hüququnu məhdudlaşdırırdı. Yanvarın 22-də
Kiyevin Qruşevski küçəsində “Berkut” ilə yenidən qarşıdumalar yaşandı.
Qarşıdurmalarda 3 nəfər ölmüşdü.
18 fevralda isə Kiyevdə hüquq-mühafizə orqanları ilə aksiya
iştirakçıları arasında yeni – həlledici toqquşmalar başladı. Səhəri gün
isə Ukrayna Təhlükəsizlik Xidməti antiterror əməliyyatı rejimi tətbiq
elan etdi. Fevralın 18-dən 20-nə qədər olan vaxt ərzində 75 insan həlak
oldu. 21 fevralda Ukraynada siyasi böhranın nizama salınması haqqında
razılaşma imzalanmışdı. Razılaşma Ukrayna prezidenti Viktor Yanukoviç və
Maydan hərəkatının liderləri olan Vitali Kliçko, Arseniy Yasenyuk və
Oleq Tyaqnibok arasında imzalandı.
22 fevral gecəsi isə Maydan fəalları hüquq-mühafizə əməkdaşları
tərəfindən tərk edilmiş hökumət binasını tutaraq bir sıra yeni tələblər
irəli sürdü. Onlardan biri də prezident Yanukoviçin təcili istefası
tələbi idi. Proseslərin dönməz olduğunu başa düşən Yanukoviç canını
Rusiyaya qaçmaqla qurtardı.
Kiyevdə Yanukoviç kimi müttəfiqini itirən Rusiya Krım planının
icrasına başladı. Martın 16-da Krım Muxtar Respublikası və Sevastopolda
Konstitusiyaya zidd referendum keçirməyə nail olan Rusiya iki gün sonra
yarımadanı özünə birləşdirdi. Eyni vaxtda Donetsk, Luqansk və Xarkov
vilayətlərindən Kiyev üçün pis xəbərlər gəlməyə başladı. Xarkov
vilayətində prosesləri nəzarət altına almaq mümkün olsa da, digər iki
vilayətdə dövlət binaları bir-birinin ardınca separatçıların əlinə
keçdi. Aprel ayında başlayan antiterror əməliyyatları sentyabrın 5-də
imzalanan Minsk razılaşması ilə dayandırmaq mümkün olsa da, Ukraynadakı
hadisələr donmuş münaqişə mərhələsinə keçməyə meyllidir. Ukraynanın
dekabrın 23-də bloklara qoşulmayan ölkə statusundan imtina etməsi və
vəziyyəti daha da gərginləşdirə bilər. Qərb və Rusiyanı yeni “soyuq
müharibə”yə gətirib çıxaran Ukrayna böhranının Kiyev üçün nəticələri
ortadadır: Krım əldən gedib, Luqansk və Donetsk vilayətlərinin
əhəmiyyətli hissəsi üzərində nəzarət itirilib və bərpasına da ümid
olduqca azdır. Yeni hakimiyyətin isə avrointeqrasiya kursunun Ukrayna
xalqına nə verəcəyi qaranlıq olaraq qalır.
İŞİD: Xəlifəlik sevdası, yoxsa…
Hazırda İraq və Suriyanın böyük bir hissəsinə nəzarət edən “İslam
Dövləti” (İŞİD) terror təşkilatını yaratdığı rezonansa görə yalnız
2001-ci ildə Nyu-Yorkdakı “Əkiz qüllələr”i partlatmaqda ittiham olunan
“Əl-Qaidə” ilə müqayisə etmək olar. Hətta İŞİD-in “Əl-Qaidə”dən daha
qabağa getdiyini deyə bilərik.
Artıq neçə aydır ki, İŞİD dünya gündəminin əsas mövzularından birinə
çevrilib. “İŞİD nədir, nə istəyir?”, “İŞİD-in arxasındakı güc kimdir?”,
“İŞİD-in güclənməsində Qərbin rolu varmı?”, “Qərbin qazancı nə olacaq?”
kimi suallar bir-birini əvəzləyir. Və bu suallara müxtəlif formada
cavablar da verilir.
Suriyada 2011-ci ilin əvvəlindən başlanan vətəndaş müharibəsinin
(“vətəndaş müharibəsi” ifadəsi də artıq Suriya üçün anlamını itirib
–Ö.D.) ilk vaxtlarında rejimə qarşı vuruşan digər qruplaşmalardan gücünə
və nüfuzuna görə çox da fərqlənməyən İŞİD bu il daha ciddi qüvvəyə
çevrilib. İyun ayında İraqın şimalında ordunun iri hərbi birləşmələrini
silahlarını ataraq qaçmağa məcbur edən qruplaşma ayın sonunda xilafət
yaratdı, Əbubəkr Əl-Bağdadi isə özünü xəlifə elan etdi.
Bundan sonra İŞİD strategiyasını açıqlayan ABŞ “xilafət”in məhv
edilməsi üçün koalisiya yaratdı. Avqustda İraqda, sentyabrın əvvəlindən
isə Suriyada İŞİD-ə aviazərbələr endirilməyə başlanıldı. ABŞ keçən bir
neçə ay ərzində İŞİD-ə ciddi zərbələrin endirildiyi desə də, reallıq
başqadır. Suriyada vəziyyət demək olar ki, dəyişməyib. İraqda isə
kürdlər bir neçə yaşayış məntəqəsini və Sincar dağının bir hissəsinə
nəzarəti qaytarıb. Əvəzində isə terror qruplaşması Anbar vilayətində
güclənməklə Bağdad və şiələrin müqəddəs məkanlarına bir qədər də
yaxınlaşıb. ABŞ isə İŞİD-ə qarşı mübarizənin illərlə davam edəcəyini
proqnozlaşdırır.
Terror qruplaşmasının məhz MOSSAD və CIA-nın yetişdirdiyi məhsul
olması barədə fikirlər isə getdikcə özünü doğruldur. Bu bir cihad da
deyil, bu bir təriqətlərarası mübarizə də deyil. Sünni təşkilatı hesab
olunmasına baxmayaraq, İŞİD-in son olaraq İraqda sünni tayfasından olan
13 nəfəri edam etməsi də bunu göstərdi. Təşkilatın arxasında CİA və
MOSSAD, yaxud da başqa bir kəşfiyyat təşkilatın dayanmasından asılı
olmayaraq, İŞİD-in məhz islam dünyasına ziyan vurduğu ortadadır.
Ərdoğan həmişə qalibdir
Azərbaycan strateji müttəfiqi və dost ölkəsi olan Türkiyədə baş verən
hadisələr də ölkəmizdə həmişə diqqət mərkəzindədir. 2014-cü il
Türkiyənin siyasi gündəmi olduqca rəngarəng oldu. Bu ilin siyasi
gündəminin əsası isə ötən il qoyulmuşdu. 2013-cü ilin 17-25 dekabr
tarixlərində Türkiyə tarixinin ən böyük “rüşvət və sui-istifadə”
əməliyyatı keçirildi. AKP hökumətinin iddiasına görə, Gəzi Parkı
hadisələrində məqsədlərinə çata bilməyənlər iş başında idi. Məqsədin isə
hakimiyyətin devrilməsi olduğu iddia olunur. Əsas ittihamlar ABŞ-a
sığınan dini lider Fəthullah Gülən və onun rəhbəri olduğu camaata
yönəlmişdi. Düşünmək olardı ki, Ərdoğan nazirlərin evlərindəki
seyflərdən milyonlarla dollar vəsaitin çıxmasından sonra ciddi nüfuz
itkisi ilə üzləşəcək və 2012-ci ildən heç kimə güzəştə getməyən
hakimiyyəti təhvil verməli olacaq. İlk sınaq isə mart ayının sonunda
keçirilən bələdiyyə seçkiləri oldu. Lakin Gülən camaatına qarşı
irimiqyaslı hücumlara başlayan AKP 45 faiz səs toplamaqla xalqın
gülənçilərə inanmadığını göstərdi. Özünə inamı artan Ərdoğan avqust
ayında AKP-nin prezidentliyə namizədi kimi xalqın birbaşa səsi ilə
prezident seçilən ilk şəxs oldu. CXP və MHP-nin ortaya çıxardığı “çatı
aday” Ekmeleddin İhsanoğlu isə gözləniləndən çox aşağı səs qazandı. AKP
hökumətinin özünə inamı və son illər qazandığı uğurlar deməyə əsas verir
ki, Ərdoğan hələ uzun illər Türkiyənin siyasi həyatının ayrılmaz
parçası olacaq. Amma müəyyən tərəddüdlər də var. Ankaranın Moskva ilə
yaxınlaşmaq xətti götürməsi və bunun Qərb tərəfindən xoş qarşılanmaması
Ərdoğanı daha ehtiyatlı olmağa vadar etməlidir.
1.Ebola virusu 2.Rusiya 3. İŞİD
ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sentyabr ayında
keçirilən 69-cu sessiyasında etdiyi çıxışında dünyanın, dolayısı ilə
ABŞ-ın qarşısında dayanan təhlükələri bu cür sıralamışdı: Ebola virusu,
Rusiya və İŞİD terror qruplaşması.
“Böyük iyirmiliy”in (“G20”) Avstraliyanın Brisben şəhərində keçirilən
sammitində isə ABŞ prezidenti dünya üçün bir daha Rusiya təhlükəsindən
danışdı və dünya üçün təhlükələr sırasında Rusiyanı ilk sıraya keçirdi.
“Biz Rusiyanın Ukraynaya təcavüzünə və Ebola virusuna qarşı mübarizədə
dünya cəmiyyətinin səylərinə başçılıq edirik. Bunlar dünyadakı sülhə
təhlükə törədir. Biz bunu Malayziyanın “Boeing-777″ təyyarəsinin məhv
edilməsi kimi dəhşətli hadisədə də gördük”, – deyə Obama vurğulayıb.
Putinin “Yeni SSRİ” arzusu və gerçəklər
Qərb və Rusiya arasında hazırkı gərginliyin, eləcə də Ukrayna
böhranın yaranmasının əsasında heç şübhəsiz ki, Putinin “Yeni SSRİ”
arzusuzu ilə Qərbin “qırmızı xətlər”i dayanır. Hələ Hillari Klinton
ABŞ-ın dövlət katibi olarkən Putinin SSRİ-ni dirçəltmək cəhdlərinə bütün
vasitələrlə maneə olacağını bildirmişdi. Qərb Ermənistan, Belarus və
Qazaxıstanın itkisi ilə illər əvvəl razılaşmışdı. Gürcüstan və Moldova
avrointeqrasiya kursunu götürməklə faktiki olaraq ərazi itkisi ilə
barışıblar. Və demək olar ki, tərəflər Ukrayna istisna olmaqla nüfuz
dairələri ilə bağlı ən azından indiki dövrdə razılaşmışdılar. Ukrayna
isə hər iki tərəf üçün yağlı tikə idi. Putin fərqində idi ki, Ukraynasız
onun “Yeni SSRİ” arzusu çılpaq görünəcək və natamam olacaqdı. Qərb isə
fərqində idi ki, Ukraynanın əldən verilməsi ilə Putinin imperiya
ambisiyaları böyük ölçüdə reallaşmış olacaq. Krımın ilhaq edilməsi,
ardınca Donbas hövzəsində oyuncaq qurumların yaradılması əslində Kiyevin
ipini əlində saxlamaq üçün Putnin planı idi. Lakin bu baş vermədi və
Kiyev bloklara qoşulmamaq siyasətindən imtina etdi. Bu isə faktiki
olaraq Kiyevin NATO-ya giriş üçün sifariş verməsi və hərbi alyansı
Moskvanın qapısına qədər gətirməsi deməkdir. İndiki situasiyada Rusiya
məğlub rolundadır. Ukrayna ilə bağlı istədiyinə nail olmayıb, üstəlik
Qərbin ağır sanksiyaları ölkə iqtisadiyyatını uçurumun kənarına gətirib.
Ökənin strateji ixrac məhsulu olan neftin qiyməti kəskin şəkildə aşağı
düşüb. İlin sonuna qədər ölkədən kapital axınının 130 milyard dollara
qədərə olacağı proqnozlaşdırılır. Ökənin valyuta ehtiyatları da
təxminən bu qədər azalıb. Bütün bunlar azmış kimi Avrasiya İqtisadi
İttifaqı daxilində qarşıdurma güclənir. Putinin “Seliger-2014” gənclər
forumunda “Qazaxların dövlətçiliyi olmayıb” deməsi Astana tərəfindən
sərt qarşılandı. Moskva-Minsk münasibətləri isə daha gərgindir.
Aleksandr Lukaşenko Belarus məhsullarının idxalına qadağa qoyan
Moskvanın hərəkətini ədəbsizlik adlandırdı və hökumətə yeni bazarlar
tapmaq barədə göstəriş verdi. Ardınca isə Lukaşenko Rusiya ilə ticari
hesablaşmaların rublla aparılmasından imtina etdi. Kremlin cavabı
gecikmədi və Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədri
Aleksey Puşkov ABŞ-la yaxınlaşmaq istəyən Lukaşenkoya Qəddafi və
Səddamın taleyini xatırlatdı. Bir sözlə, Putinin arzuları onun ölkəsi
üçün baş ağrısına çevrilib və ən yaxın müttəfiqləri ondan üz döndərməyə
başlayıb. Geri qayıtmaq isə irəliləməkdən daha çətin görünür.
“Malaysia Airlines” üçün “qara il”
2014-cü ildə baş verən iki təyyarə qəzası xüsusi vurğulanmalıdır.
Malayziyanın “Malaysia Airlines” aviaşirkəti üçün il çox ağır keçdi. İlk
olaraq martın 8-də Kuala-Lumpurdakı beynəlxalq hava limanından MH370
reysi ilə Pekinə uçan “Boeing 777–200 ER” təyyarəsi iki saat sonra yoxa
çıxdı. Təyyarə ilə birlikdə 227 sərnişin və 12 heyət üzvündən bu günə
qədər xəbər yoxdur. Bəzi iddialara görə, pilot təyyarəni bilərəkdən
qəzaya uğradıb. Digər iddialarda isə təyyarənin ABŞ tərəfindən vurulduğu
deyilir.
Digər və daha böyük səs-küy yaradan təyyarə qəzası isə Ukrayna
səmasında baş verdi. Amsterdam – Kuala-Lumpur istiqamətində hərəkət edən
“Malaysia Airlines” aviaşirkətinə aid “Boeing 777” sərnişin təyyarəsi
17 iyul tarixində döyüşlər gedən Donetsk vilayətində qəzaya uğradı.
Təyyarənin göyərtəsində olan 298 sərnişinin hamısı həlak olub.
Təyyarənin vurulduğu faktı danılmır. Lakin bunu kimin etdiyi isə
qaranlıq olaraq qalır. Ukrayna separatçıları və onun arxasında dayanan
Rusiyanı, Rusiya isə Ukraynanı ittiham edir.
“Qara qitə”nin xəstəliyi
Ebola virusu və ona qarşı mübarizə də 2014-cü ilin yaddaqalan
hadisələrindən oldu. Təsadüfi deyil ki, ABŞ prezidenti BMT Baş
Assambleyasının sentyabr ayında keçirilən 69-cu sessiyasında etdiyi
çıxışında dünyanın, dolayısı ilə ABŞ-ın qarşısında dayanan təhlükələrdən
danışarkən Ebola virusunu ən təhlükəli adlandırmışdı. Virus ilk dəfə
2014-cü ilin fevralında Qvineyada qeydə alınmışdı. Xəstəlik sonradan
Syerra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqala yayılıb. Virusa
yoluxma hallarına ayrı-ayrılıqda ABŞ və Avropada da rast gəlinib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 14 min insan
Ebola virusuna yoluxub. Onlardan 7 minə yaxını ölüb. Ebola virusuna
qarşı hazırlanan vaksinin sınaqları isə dayandırılıb. İsveçrədəki
könüllülərə vaksin vurulduqdan sonra gözlənilmədən əlavə təsirləri
ortaya çıxıb. Belə ki, könüllülərin əksəriyyəti iynədən sonra əl və
ayaqlarında kəskin oynaq ağrılarından şikayətləniblər. “Qara qitə”
dövlətləri isə ABŞ və Avropa ölkələrini virusa qarşı mübarizədə lazımı
dəstək verməməkdə ittiham edir. Heç şübhəsiz ki, Ebola virusu qitə
əhalisi üçün 2015-ci ilin də əsas problemlərdən olacaq.
“Boko Haram”, yoxsa Afrikanın İŞİD-i?
İŞİD-in İraq və Suriyada at oynatdığı bir vaxtda “Boko Haram”
qruplaşması Nigeriyada suyu bulandırmağa müvəffəq olub. Afrikanın ən çox
əhalisi olan Nigeriyada partlayışlar və qətllər törətməkdə, insan
oğurluğunda adı hallanan hərbiləşmiş “Boko Haram” qrupulaşması qarşısına
mövcud hökuməti devirib xilafət yaratmaq məqsədini qoyub.
Qruplaşma aprelin 15-də Borno ştatının Çibok şəhərində 250-dən çox
qızı oğurlamaqla təhlükənin hansı səviyyədə olmasından xəbər verdi.
Qızların azad olunması üçün cəhdlərə baxmayaraq, sonradan onların
çoxunun qonşu ölkələrdə satıldığı məlum oldu. Qruplaşma vaxt keçdikcə
daha da vəhşiləşir. Əvvəllər yalnız ordu mənsubları və polisə hücumlar
təşkil edən qruplaşma hazırda din xadimləri və siyasiləri də hədəfə
alıb.
Yuxarıda toxunduğumuz hadisələri yekunlaşdıraraq deyə bilərik ki,
2015-ci ilə çox narahat bir dünya ilə gedirik. Allahdan gözəl və sakit
bir dünya arzusu ilə 2015-ci ilə “xoşgəldin” deyək.(publika.az)
Ömər Dağlı
Short URL: http://www.cumhuriyyet.net/?p=14820