Təhsilimimizin 1 ili: Döyülən şagirdlər, saxta diplomlar, ilin ən yaxşı müəllimləri
150
bal toplayıb ali məktəbə daxil olanlar, maksimum nəticə göstərənlər,
saxta diplomla işləyən müəllimlər, vəzifəsindən sui-istifadə edən
müəllimlər, tələblərə cavab verməyən dərsliklər, işdən azad edilən
direktor, rektorlar, internat müəssisəsində döyülən uşaqlar…
Yola saldığımız ilin təhsil mənzərəsini təxminən bu cür təsvir etmək
olar. Əlbəttə, bu 365 gündə təhsildə baş vermiş yeniliklərin yalnız
kiçik bir hissəsidir. Təfərrüata keçməzdən əvvəl qeyd edək ki, təhsil
yükünü çiyinlərinə götürmüş Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası arasında soyuq müharibə sona çatıb. Qarşılıqlı
ittihamlara son verən bu iki qurumun təhsilin inkişafı üçün yarışdıqları
hiss olunur.
Amma problemlərin bir anda həll olunacağını gözləsək, reallıqdan
uzaqlaşmış olarıq. Elə biz də təhsilin builki inkişaf və qüsurlarını heç
bir şişirtmə, əlavələr etmədən çatdıracağıq.
Bu il Azərbaycan təhsili hansı hadisələrlə yadda qaldı?
İlin ilk maraqlı təhsil xəbəri Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının bazadakı tələbə sayındakı uyğunsuzluqla bağlı açıqlaması
oldu.
Komissiyanın açıqlamasında qeyd olunur ki, 1992-2013-cü illər ərzində
keçirilən qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 807853
tələbə haqqında məlumat sistemə daxil edilib.Hazırda bazada 820957 şəxs
haqqında məlumat mövcuddur. TQDK bu uyğunsuzluğunu xarici təhsil
müəssisələrindən köçürmələrlə izah etdi.
Hazırda sistemə təhsil müəssisəsinin öz qəbulu statusunda 2891 nəfər,
xarici təhsil müəssisəsindən köçürülmüş 5766 nəfər, əcnəbi və
vətəndaşlığı olmayan 2840 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul
olan 1607 nəfər haqqında məlumat daxil edilib.
Ən aşağı nəticə
Növbəti maraqlı xəbər yenə TQDK-dan gəldi. Xəbər 2013-cü ilin qəbul
nəticələrinə aid olsa da, 2014-cü ilin önəmli təhsil xəbəri hesab
edilir.
Çünki xəbərdə 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki
minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı
bacarmayanların da aşkar olunduğu qeyd edilirdi.
Belə şagirdlər 11-ci siniflər arasında 5 nəfər, 9-cu siniflər
arasında isə 44 nəfər olub. 11-ci siniflər üzrə oxumağı və yazmağı
bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Şəmkir,
Gədəbəy, Ağstafa, Goranboy və Kürdəmir rayonlarının hərəsində 1 nəfər.
9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı
belədir: Sabirabad – 9 nəfər, Daşkəsən – 7 nəfər, Gədəbəy – 4 nəfər,
Bərdə, Ağdaş, Salyan və Cəlilabad rayonlarının hərəsində 3 nəfər,
Qobustan, Füzuli və Neftçala rayonlarının hərəsində 2 nəfər, Şəmkir,
Tovuz, Göyçay, Kürdəmir, Ağdam və Beyləqan rayonlarının hərəsində 1
nəfər.
Builki buraxılış imtahanlarında da şagirdlərin göstərdiyi nəticə heç
də ürəkaçan olmadı. Belə ki, bəzi rayonlarda şagridlərin 40-50%-i ana
dili və riyaziyyatdan “2” qiyməti aldı. Bu da şagirdlərin məktəb
proqramlarının çox az bir hissəsini mənimsəməsi təəssüratını yaratdı.
TQDK apardığı araşdırma əsasında Azərbaycanda orta statistik məzun
məktəb proqramının 50-76 faizini mənimsəmədiyi açıqlamasını verdi.
Bununla yanaşı, bəlli oldu ki, buraxılış imtahanlarında həm 9-cu
sinif, həm də 11-ci sinif şagirdləri arasında ən yüksək nəticələri türk
liseylərinin və Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdləri
əldə ediblər.
Qəbul nəticələri
Bu il Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul
imtahanlarında 92 min 643 abituriyent iştirak etdi. Onların 33 623
nəfəri ali təhsil müəssisələrinə qəbul olundu. Abituriyentlərdən 1727
nəfəri 600-baldan yuxarı nəticə göstərib.
Üç ixtisas qrupu üzrə keçid balı 150-yə endirilsə də, 700 bal nəticə
göstərən abituriyentlərin sayı artdı. Bu il I qrup üzrə 5 nəfər, II
qrupdan iki nəfər, IV qrupdan 2 nəfər 700 bal topladı.
Qəbulda yenilik
İllərdir müzakirə edilən bir yenilik məhz bu ildən tətbiq edildi. İlk
dəfə jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdi. İmtahanda
iştirak edən 126 abituriyentdən 51 nəfəri məqbul qiymət aldı.
Mətbuat Şurası da bu abituriyentlərin jurnalistikaya marağını
artırmaq üçün onlara xüsusi təqaüd ayırdı. Təqaüd 500 bal həddini
keçərək qabiliyyət imtahanında iştirakını təsdiqləmiş və sonrakı
mərhələdə tələbə adını qazanmış ilk 10 abituriyentə verildi.
Müəllimlər xaric edildi
Qəbul və buraxılış imtahanlarında iştirak etmiş nəzarətçi
müəllimlərin bir qisminə təşəkkürnamə verilsə də, bir çoxu bazadan
kənarlaşdırıldı. Qəbul və buraxılış imtahanlarında
nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair
araşdırmanın nəticələrinə əsasən, müxtəlif qayda pozuntularına, o
cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric
edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfinin illik hesabatında paytaxt
məktəblərində 45 saxta diplom aşkarlandığı müəyyən edildi. Bundan əlavə,
7 məktəb direktoru vəzifəsindən azad olundu. 32 məktəb direktoru
intizam məsuliyyətinə cəlb edildi.
Müəllimlərin sınaq imtahanlarında Bakı məktəblərinin müəllimlərinin
96 faizi iştirak etdi. Müəllimlərin 14,4 faizi qiymətləndirilmədə zəif,
85,6 faizi qənaətbəxş nəticə göstərdi.
Dərsliklərdə səhvlər
2014-cü ildə il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda –
271 adda 7,8 milyon ədəd dərslik çap olundu. Lakin heç də bütün
dərsliklər tələblərə uyğun olmadı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan
monitorinqlər zamanı bütün dərsliklərdə xeyli ciddi qüsurlar aşkar
edilib. Monitorinqlər dərsliklərin məzmun, dil və yazı üslubu, dizayn və
bədii tərtibat, verilən tapşırıqların elmi-metodik uyğunluğu, müəllim
üçün metodik vəsaitin məzmunun işlənməsi baxımından aparılıb. Ötən il V
sinif dərslikləri çox ciddi yoxlanılmışdı. VI sinif dərsliklərinin
“Riyaziyyat”dan başqa müəllifləri həmin müəlliflərdir. Monitorinq
nəticəsində bəlli olub ki, həmin müəlliflər də ötən il olanlardan nəticə
çıxarıblar və VI sinif dərslikləri V siniflərə nisbətən xeyli düzəlib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012-ci ildən
aparılan monitorinqlər nəticəsində I-XI siniflər üzrə (Azərbaycan və rus
bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün
metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi aparılıb.
Yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-VI siniflər
üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 135 dərslik, 151 müəllim
üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik
komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib.
Müəllimlər and içdi
Bu il ikinci dəfə müəllimlərin işə qəbul imtahanı keçirildi. İş
yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verdi, onlardan
771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə buraxılıb, yekun nəticəyə əsasən
96 nəfər iş yerini dəyişmək hüququ qazandı.
Ayrılmış 2975 vakant yerə 17962 nəfər ərizə verdi. İlk dəfə olaraq
müsahibə mərhələsində müəllimlərin kommunikativ qabiliyyətləri də
qiymətləndirildi. Müsabiqənin nəticələrinə görə, 1304 nəfər işə qəbul
olundu.
Bu il ilk dəfə dərsə deyən müəllimlər üçün Təhsil Nazirliyi
tərəfindən yeni qərar qəbul edildi. Nazirliyin qərarına əsasən, bu ildən
ilk dəfə müəllim işləyəcək 1500 müəllim ilk dərs günü and içdilər.
Rektorlar dəyişdi
Minlərlə müəllim ilk dəfə dərs keçməyin həyəcanını yaşasalar da,
təhsilin müxtəlif sahələrində illərdir rəhbər vəzifədə çalışanlar üçün
bu il uğurlu olmadı.
2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində
çalışan Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz
ərizəsinə əsasən tutduğu vəzifədən azad edildi. Bundan başqa, Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən
azad edildi. Onun yerinə İqtisadiyyat və Sənaye Nazirliyində
iqtisadiyyat təhlili şöbəsinin müdiri vəzifəsində çalışan Ədalət
Muradov təyin edildi. Bakı Slavyan Universitetinin də rektoru Kamal
Abdulla vəzifəsindən azad edildi. Onun yerinə universitetin prorektoru
Asəf Hacıyev təyin edildi. Hər iki təyinatdan sonra ali təhsil
müəssisələrində bir sıra yeniliklər tətbiq edildi. Bu il həm də
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan
filialları bağlandı.
Üzüqara müəllimlər
Yola saldğımız təhsil ilində bir çox ali məktəblər kimi, müəllimlər arasında da yarıtmaz fəaliyyət göstərənlər oldu.
Azərbaycan Dillər Universitetində qanun pozuntusu aşkarlandı.
Aparılan araşdırma nəticəsində, universitetin prorektoru E. Həmidzadə
və universitetin daha 4 əməkdaşı haqqında cinayət işi başlanıldı.
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf
etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü
(vəzifə saxtakarlığı) maddələri ilə ittiham edildilər.
Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən
Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura
qalmış abituriyentlərin valideynlərini aldadaraq övladlarını ali məktəbə
qəbul etdirəcəyi barədə söz verdi. Bunun qarşılığında isə
valideynlərdən 3000 manat pul tələb edib. Əvvəlcə valideynlərdən 500
manat alan Kamran müəllim bu istəyi uğursuz nəticələndi.
Həmin abituriyentlər ikinci turda topladığı bal hesabına obyektiv
meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K.Əsədov
guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 500 manat
məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət
başında yaxalanıb.
Şagird döyüldü
İlin ən sensasiyalı təhsil hadisəsi internat müəssisələri ilə bağlı oldu. Əvvəlki tədris illərində də məktəbdə müəllimin şagirdi döyməsi
faktları baş vermişdi. Lakin bu il baş verən hadisələr əvvəlkilərdən
fərqli oldu. Bu dəfə hadisə internat müəssisələrində baş verdi.
İlk hadisə Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7
yaşlı uşağın dubinka ilə döyülməsi idi.7 yaşlı Mahirin döyülməsinə səbəb
nadinc olması idi. Döyülmə faktı barədə Baş Prokurorluq tərəfindən
araşdırma başlandı. Təhsil Nazirliyinin adıçəkilən internat
müəssisəsinin bağlanması qərarından sonra işə xitam verildi.
Bu hadisənin şokundan çıxmamış Bilgəh qəsəbəsində yerləşən 11 saylı
inteqrasiya təlimli internat məktəbində uşaqlardan birinin digərini
yandırması xəbəri yayıldı. İnternat məktəbinin müəllimi Mülkücahan
Əliyevanın mətbuata verdiyi məlumatda uşaqlardan birinin digəri
yandırması, daha sonra onların ayaq yolunda soyuq su ilə çimizdirilməsi
xəbərləri günlərlə müzakirə mövzusu oldu. Təhsil Nazirliyi hər iki
xəbərlə bağlı araşdırma aparıb, məlumatları inkar etsə də, televiziya və
saytların məktəbdə çəkiliş aparmasından sonra söz-söhbətlərə son
qoyuldu. Məlumatı yayan M.Əliyeva isə işdən azad edildi.
Uğurlar
Əlbəttə, təhsil ili yalnız neqativ hadisələrlə yadda qalmadı. Balakən rayonundakı
akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi Məhəmməd Qarakişiyevin ABŞ-ın sabiq prezidenti Bill Klintonun
fəxri rəhbəri olduğu “Varkey GEMS” Fondu tərəfindən təsis olunmuş “Dünya
Müəllimi Mükafatı”nın qalibləri sırasında yer alması xeyli sevindirici
xəbər oldu. Dünyanın ən yaxşı 50 müəllimindən biri M.Qarakişiyevin uğuru
həm də, Azərbaycan təhsilinin uğuru hesab edilə bilər. Dünyanın ən
yaxşı 50 müəllimindən biri olan həmyerlimiz, Azərbaycanda da “ilin ən
yaxşı müəllimi”ndən biri oldu.
M.Qarakişiyevlə yanaşı 100 müəllim 2013/2014-cü tədris ilində
keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına
görə müəllimlər 5000 manat məbləğində birdəfəlik pul mükafatı ilə
ükafatlandırıldı.
50 məktəb ilin “Ən yaxşı ümumtəhsil məktəbi” olduğuna görə, 10000
(on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırıldı.
Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH
qrupları fəaliyyətə başladı. Ökənin ali təhsil müəssisələrinin
ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni
qruplarda davam etdirəcək. Bu tələbələrin gələcəkdə ölkə idarəçiliyində
mühüm vəzifələrdə yer tutması ümid edilir.
Büdcənin 8,1 faizi təhsilə ayrıldı
Bu il əldə etdiklərimizlə yanaşı istər qəbul qaydaları, istərsə də
təhsilin digər sahələri ilə bağlı bir sıra yeni qərarlar qəbul edildi.
Təhsilin inkişafına hesablanmış bu qərarların bu il yaşanan problemlərin
böyük bir hissəsini aradan qaldırılacağı ümid edilir.
Bu istəklərin həyata keçirilməsi üçün gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək.
2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə görə, növbəti
ildə təhsil xərcləri üçün 1711,2 milyon manat vəsait ayrılacaq. Bu,
2014-cü illə müqayisədə 3,5 faiz, 2013-cü illə müqayisədə 19 faiz
çoxdur. (publika.az)
Gülxar Şərif
Short URL: http://www.cumhuriyyet.net/?p=14821