Qazax məscidində nəqşibəndi-vəhhabi qarşıdurması

27.12.2014 - 14:23

İsmayıl Ağa camaatı məscidin imamı qarşısında tələb qoyub: “Sələfiləri məsciddən qov”

İmam qamətçiləri niyə qoruyur?
Son illərə kimi ən tolerant bölgələrdən olan Qazaxda dini
radikalların sayı sürətlə artıb, təriqətlərin bir-birinə dözümsüz
yanaşması adi hala çevrilib. Rayonun ziyalı təbəqəsi bunun gündən-günə
artan sosial problemlərdən qaynaqlandığını düşünür; ən adi məişət
ehtiyaclarını ödəyə bilməyən ailələr yeganə yolu “Allaha üz tutmaq”da
görür. Dinlə bağlı heç bir təsəvvürü olmayan ümidsiz insanların qəlbini
ələ almaq o qədər də çətin deyil. Onlarla adamı öz təsirində saxlayan
təriqət üzvləri gündən-günə artan güclərinə güvənib, hegemonluq eşqinə
düşürlər. Rayonun Qori Müəllimlər Seminariyasının tarixi binası ilə
üzbəüzdə yerləşən məsciddə, demək olar ki, hər gün dini mübahisələr
olur, bu mübahisələr bəzən əlbəyaxa davaya çevrilir.
Nəqşibəndilər niyə namazı Salahlıda qılır?
Rayon məscidində, demək olar ki, ən nüfuzlu qruplaşma Türkiyənin
İsmayıl Ağa camaatının təsiri altında olan dindarlardır. Onlar sufizmin
Nəqşibəndi qoluna aid olduqlarını iddia edirlər. Nəqşibəndiliyi sufizmin
digər qollarından ayıran əsas xüsusiyyət də onların siyasi hakimiyyətə
iddialı olmasıdır. Bu təriqətin üzvləri digər sufilər kimi gündəlik
məsələlərdə iştirakdan boyun qaçırmır, əksinə, öz fikirlərinin cəmiyyətə
yeridilməsi uğrunda mübarizə aparırlar. Onların bir nömrəli düşməni
Əbu-Bəkr məscidinin imamı Hacı Qəmətə biət edən sələfilərdir. Onlar
“vəhhabilik” adını verdikləri sələf əqidəsini batil inanc, sələfilərin
özlərini dindən çıxmış – mürtəd hesab edirlər. Mahmud Hüdayi, Cübbəli
Əhməd kimi din adamlarına biət edən Qazax nəqşibəndiləri son aylarda
məscid imamı qarşısında bir neçə dəfə tələb qoyublar: “Vəhhabiləri
burdan qov”. Məscidin İlham adlı imamı isə tələbi rədd edib: “Bura
Allahın evidir, mən heç kimi qova bilmərəm”. Mübahisədən sonra qarşı
tərəf narazılıq edərək məscidi tərk edib. Son aylarda onlar namazlarını
rayonun Daş Salahlı kəndində qılırlar. 
İmam sələfiləri niyə qoruyur?
Bir neçə il əvvəl, hələ məscidin bundan əvvəlki imamı Mikayıl
Əfəndinin vaxtında Türkiyədə təhsil alıb gələn dindarlar sələfilərin
görüşünü zərərli hesab etmiş, onları məsciddən uzaqlaşdırmışdı. Ən
maraqlı məqam isə ondadır ki, vəhhabi kimi qovulan dindarlar daha da
radikallaşmış və məşhur Sumqayıt camaatının özəyini təşkil etmişdilər.
Onların fikir babası isə rayonda xəvaric kimi tanınan,  sonralar Milli
Təhlükəsizlik Nazirliyinin həbs etdiyi Hacıbala adlı şəxsdir. Burdan
belə qənaətə gəlmək olar ki, dövlətin məscidlərə imam təyin etdiyi
adamlar qarşısında tələb qoyulur: Sələfilərlə ehtiyatlı davranmaq,
onların incik düşüb xəvariclərə qoşulmasına imkan verməmək. Məscid
imamının bütün məsələlərdə Qamətə biət edən kəsimlə hesablaşmağı bununla
izah edilir.  
İddia: “Türkiyə yardımı kəsəcək!”
Qazax məscidi hələ 1990-cı illərin əvvəllərində Türkiyənin dindar
çevrələrinin təsiri altında olub. Yaxınlara kimi bura Türkiyədən
müxtəlif dini kitablar, dərs ləvazimatları göndərilir, Qazağın dindar
gəncləri qardaş ölkədəki dini kəsimin tikdirdiyi Ağdaş və Şəki
mədrəsələrində təhsil alırdı. Türkiyəyə bağlı dindarlar baş verənlərdən
sonra rayon məscidinə edilən maddi yardımın kəsiləcəyini gözləyir. 
Üzbəüzdəki Qori Müəllimlər Seminariyasının binası isə baş verənlərə səkit-səssiz tamaşa edir…

Short URL: http://www.cumhuriyyet.net/?p=14859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930