Milli Məclisin ağlamalı gülməcələri

27.12.2014 - 15:41

Sabiq
deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitutunun direktoru, professor
Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı
və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin
ağlamalı gülməcələri” adlanan kitabça əslində N.İmanovun zaman
zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı
dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:

“MARKS VƏ SPENSER” MACƏRALARI

Milli Məclisin nümayəndə heyətinin Böyük Britaniyaya səfəri zamanı
deputatlar bazarlıq etmək istədilər. Bundan əvvəl də Londonda bir neçə
dəfə olduğuma və bir az da ingiliscə bildiyimə görə hesab edilirdi ki,
buralardan mən baş çıxararam. Çox götür-qoydan sonra “Marks ənd Spenser”
adlı univermağa yollandıq. Avtobusda eşitdim ki, nümayəndə
heyətimizdəkilərdən biri o  birinə yavaşca deyir:

– Bu Arif müəllimin (Arif Rəhimzadənin) də heç siyasi sayıqlığı yoxdu
ha. Nazim indi bizi aparacaq bu univermağa, sonra da Bakıda ağzını
Allah yoluna qoyub danışacaq ki, bəs ölkə sosializmdən imtina edib bazar
iqtisadiyyatı qurduğu şəraitdə YAP-çılar Marksın dükanında bazarlıq
edirlər.

– O heç e, sən onu fikirləş ki, bu Marksın özü nə dəyyus adamdı, bu
tərəfdən kommunizm nəzəriyyəsi yazır, o tərəfdən də əlaltdan dükan açıb
ticarət eləyir.

****

“Marks ənd Spenser”ə çatandan bir-iki dəqiqə sonra deputatlardan biri
məni zalın o biri başından hayladı. Nəsə fövqəladə bir şey baş
verdiyini düşünüb hövlnak özümü yetirdim hadisə yerinə və belə bir xahiş
eşitdim:

– Mən ölüm, soruş gör, bu kostyum neçəyədir?

Dedim ki, bəs bunu soruşmağa ehtiyac yoxdur, funtun işarəsindən sonra
neçə yazılıbsa, deməli, qiymət o qədərdir. Aralanandan azacıq sonra
həmkarım məni bir də çağırdı:

– Bura bax, belə məlum olur ki, bu kostyum 150 funtdur, elə?

– Elədir.

– Bəs indi bu neçə dollar edir?

– Çox sadədir, vur 1,6-ya.

– Hər dəfə?

– Əlbəttə.

– Kefsən e, sən. Rəhmətliyin oğlu, mən Bakıdan bura kalkulyator gətirmişəm?!
 

* * *
 

Bundan yenicə qurtarmışdım ki, bir başqa deputat çağırıb soruşdu:

– A Nazim, bu jaketin üstündə “M” yazılıb ha, yəni ki bu “mujskoy”du?

– A kişi, ingiliscə nə “mujskoy”, nə “jenski”? “M”- yəni medium, yəni orta ölçülü.

– Nə avara dildi ə, bu ingilis dili. Bir dilin ki, heç “mujskoyu-jenskisi”də yoxdu…
 

 * * *
 

 Bundan da yenicə qurtarmışdım ki, bir başqası qaça-qaça özünü yetirdi yanıma:

– Nazim, bir əla köynək tapmışam.

– Lap yaxşı.

– İstəyirəm oğluma alam.

– Allah xeyir versin, al.

– Qiyməti də sərfəlidir.

– Qardaş, lap yaxşı, almaq istəyirsən, al da…

– Yox e, deyirəm, bir baxıb görəsən bu köynək onun əyninə necə olar?..

ALTERNATİV TƏKLİF

Milli Məclisdə “Yanğından mühafizə haqqında” Qanunu müzakirə edəndə
19 maddənin müzakirəsi tam müzakirəsiz keçdi. 20-ci maddədə iş pozuldu.
Deputatlardan biri sədrə dərin mənalı bir sual verdi:

– Burda yazılıb “Könüllü yanğından mühafizə dəstələri”. Belə çıxır ki, yanğın könüllü də ola bilər?!

Deputatlar girişdilər mübahisəyə. Biri dedi “yanğından könüllü mühafizə dəstələri” yazmaq lazımdır.

Bir başqası “yanğından mühafizənin könüllü dəstələri” ifadəsini
təklif etdi. Üçüncüsü təkid etdi ki, elə olduğu kimi qalsın. Məsələyə
nöqtə qoymaq üçün dilçi-deputat Nizami Xudiyev söz aldı:

– Ay qardaşlar, burda mübahisəlik nə var ki? Hər şey intonasiyadan
asılıdır. Əgər “könüllü… yanğından mühafizə dəstələri” desəniz, bir
cür çıxar, “könüllü yanğından… mühafizə dəstələri” desəniz, başqa cür.

Mən də öz təklif töhfəmi verdim:

– Onda gəlin qanunun hər nüsxəsinin üstünə bir dənə də plastinka
qoyaq ki, camaat ona qulaq asıb düzgün oxunuşun necə olduğunu bilsin.

ÜZRXAHLIQ

Növbəti iclasdan əvvəl Nizami müəllim mənə yaxınlaşıb giley elədi.

– Fikir verməyin, ay Nizami müəllim,- dedim,- bir zarafatdır da, elədik, qurtardı. İstəyirsiniz, lap rəsmi üzr istəyim.

– Bu başqa məsələ,- dedi,- mən bilirdim ki, sən mədəni adamsan.

İclas başlayar-başlamaz söz aldım və bir az gündəlikdən danışandan sonra:

– Hörmətli deputatlar,- dedim,- keçən dəfə bir təklif vermişdim ki,
qanunun üstünə bir plastinka da qoyaq, camaat nə demək istədiyimizi
yaxşı başa düşsün. İndi görürəm ki, deyəsən, Nizami müəllimin xətrinə

dəymişəm. Ona görə də ondan hamınızın qarşısında üzr istəyirəm.
Təklifimi də geri götürürəm: qanunun üstünə plastinka-filan qoymaq lazım
deyil.

 Nizami müəllim arxaya döndü:

– Kaş ki mən səni bu səhər görməyəydim. Görsəm də, heç nə deməyəydim. Sən də ki, belə ki üzr istədin, kaş heç istəməyəydin!

Short URL: http://www.cumhuriyyet.net/?p=14876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728