Abbas Abbasovun adamı rəqibini həbslə hədələyir

29.12.2014 - 09:43

 “AzerRos” uğrunda çəkişmə pik
həddə; Asif Məhərrəmov onun istefası məsələsini gündəmə gətirmiş
opponentlərlə haqq-hesab çəkməyə başlayıb; qurum prezidenti qurultayın
Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin əleyhinə açıq şantaja keçib;
“Milyarderlər İttifaqı” qurumu nəzarətdə saxlamaq üçün son və qəti həmlə
hazırlığında…

Rusiya
prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni
Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində ziddiyyətlər kəskin olaraq
qalır. Xəbər verdiyimiz kimi, bu ziddiyyətlər xüsusilə də qurumun
hazırkı prezidenti Asif Məhərrəmova qarşı etimadsızlıq göstərildikdən
sonra daha da dərinləşib.

Qısa
xronologiya belədir: noyabrın 14-də “AzerRos”un Federasiya Şurasının
7-ci iclası keçirilib və toplantıda Asif Məhərrəmovun, eləcə də İcra
Aparatının 2013-cü ilin yanvarından 2014-cü ilin noyabrınadək olan
dövrdə fəaliyyəti müzakirə olunub. Çıxışlarda Məhərrəmova qarşı konkret
iradlar əksini tapıb. Bildirilib ki, “Asif Məhərrəmov qurumu polis
izolyatoruna çevirib”. Bu və başqa iradlar əsas gətirilərək 2015-ci il
yanvarın 17-də yeni prezidenti seçmək üçün növbədənkənar qurultay
çağırmaq qərara alınıb. Tahir Hacıyevin başçılığı ilə 7 nəfərdən ibarət
Təşkilat Komitəsi yaradılıb. Bundan sonra daxili mübarizə daha da
şiddətlənib. 

Xatırladaq
ki, Asif Məhərrəmov Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini,
“Milyarderlər İttifaqı”nın (RATİ) odioz üzvü və “AzerRos” Ağsaqqallar
Şurasının sədri Abbas Abbasovun adamı sayılır və bilavasitə onun təkidi
ilə təşkilata prezident seçilib. Asif Məhərrəmovun özü də RATİ üzvüdür.

***

Bir
neçə gün öncə qurum rəhbərliyində vəziyyətin kəskin olduğunu
təsdiqləyən iki sənəddən bəhs eləmişdik.  Onlardan biri T.Hacıyev başda
olmaqla, Təşkilat Komitəsi üzvlərinin “AzerRos” Federasiya Şurasının
(FŞ) sədri Mehriban Sadıqovaya və hazırkı prezident Asif Məhərrəmova
ünvanlanan bəyanat idi. Bəyanatda FŞ-nin dekabrın 25-nə tələm-tələsik
iclas təyin etməsinə, ən əsası, iclasın gündəliyinə etiraz edilir,
gündəliyə Məhərrəmovun prezident postunda fəaliyyətinin legitim
sayılması, müvafiq surətdə Şuranın 14 noyabr iclasının isə qeyri-legitim
hesab edilməsi (həmin iclasda Məhərrəmova etimadsızlıq göstərilib və
növbədənkənar qurultay qərarı çıxarılıb) pislənilirdi.

İkinci
sənəd konkret olaraq Tahir Hacıyev tərəfindən, lakin eyni şəxslərə
ünvanlanan müraciət idi. Müraciətdə Məhərrəmova etimadsızlıq
göstərilməsinin səbəb və motivləri ətraflı şəkildə diqqətə çatdırılır və
o, Azərbaycan icması və hətta xalqı üçün yad, laqeyd bir ünsür kimi
xarakterizə edilir. 

***

Aldığımız ən
son məlumatlara görə, növbədənkənar qurultay yaxınlaşdıqca qarşı duran
tərəflər arasında “AzerRos”a rəhbərlik uğrunda mübarizə də şiddətlənir.
Tahir Hacıyevin bu mübarizədə kömək diləyi ilə soydaşlarımıza son açıq
müraciəti buna şübhə yeri qoymur.

Müraciətdə
deyilir: “Mənim təşkilat komitəsinin sədri seçilməyimdən bir aydan çox
vaxt keçir. Bu müddətdə biz qurultayla bağlı nəhəng işlər görmüşük.
Ancaq seçildiyim ilk gündən mənə və təşkilat komitəsinin digər üzvlərinə
qarşı Azərbaycan xalqının yalançı patriotları, o cümlədən hazırkı
prezident, istefada olan polis polkovniki Asif Məhərrəmov tərəfindən
hədələr səngimək bilmir. Bizə misli görünməmiş təzyiqlər edilir ki,
qurultaya hazırlıq işləri pozulsun və ədalətli və demokratik seçkilər
baş tutmasın”.

Hacıyev hədələrin xarakterindən
də söz açır: “Asif Məhərrəmov və onun bədniyyətli dostlarının ünvanıma
səpilən təhdidlərində mənim cinayət məsuliyyətinə cəlb ediləcəyim barədə
hədələr yer alır. Artıq mənim biznesimin və şəxsi həyatımın
yoxlanmasına başlanılıb. Mənə qarşı siyasi mübarizənin ən çirkin
metodlarından, bu mübarizəyə hətta hüquq-mühafizə orqanlarını (təhqiqat
komitəsi, prokurorluq, FSB) cəlb eləməklə istifadə olunur”.

Lakin
Hacıyev bu hədələrdən qorxmadığını da açıq dilə gətirib: “Bütün
məsuliyyətimlə bəyan edə bilərəm ki, “AzerRos”u məhv eləmək istəyənlərin
səyləri boşa çıxacaq və qurumu qorumaqda, onun ətrafına bizim
ziyalıları, alimləri, həkimləri, hüquqşünasları, tarixçiləri, mədəniyyət
və incəsənət xadimlərini, gəncləri toplamaqda bizə mane ola
bilməyəcək… Mən qanun qarşısında təmizəm, hər hansı hüquq pozuntusuna
da yol verməmişəm və eyni şeyi həmvətənlərimdən tələb edirəm. Özümə borc
bilirəm deyim ki, “AzerRos” prezidenti özünün xidməti vəziyyətindən
istifadə edərək Təşkilat Komitəsinin işini hər vəchlə pozmağa çalışır…
Bir daha bütün həmvətənlərimə çağırış edirəm ki, öz hərəkətləri ilə
təşkilatı praktik olaraq dağıtmış Asif Məhərrəmovun təxribatlarına və
hədələrinə uymasınlar. Təşkilatı qorumaq üçün əllərindən gələni
əsirgəməsinlər”. 

***

Göründüyü kimi,
“Milyarderlər İttifaqı” qurumu nəzarətdə saxlamaq üçün öz adamının əli
ilə son və qəti hücuma keçmiş kimi görünür. Bu yerdə qeyd edək ki, bəzi
təhlilçilər hazırda qurumda yaşananların 2013-cü ildə yaradılmış RATİ-ni
zəiflətmək planının tərkib hissəsi ola biləcəyini düşünürlər. Bir daha
diqqətə çatdıraq ki, son prezident seçkiləri zamanı RATİ, o sırada onun
odioz və fəal üzvləri olan Abbas Abbasov və Söyün Sadıqov Azərbaycan
iqtidarına kifayət qədər başağrısı yaradıblar. İstisna deyil ki,
“AzerRos” rəhbərliyində gedən proseslər Azərbaycanda gələnilki parlament
seçkilərinədək “Milyarderlər İttifaqı”nı zəiflətmək, onun dayaqlarını
təsirsiz hala gətirmək planının tərkib hissəsidir.(musavat,com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14893

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728