Paytaxt nəqliyyatında “intellektual xaos”…

29.12.2014 - 10:43

Bakıya yeni avtobusların gətirilməsi ilə ictimai nəqliyyatda vəziyyətin
düzələcəyinə ümid yaranıb; intellektual idarəetmə sistemi isə zay çıxdı,
sürücülər kart sistemi və maaş verilməsini təklif edir

Paytaxtın
ictimai nəqliyyatında yaranmış xaos yeni ildən qismən düzələ bilər.
Şəhərdaxili marşrut xətlərində olan basabas, intervalın çoxluğu,
avtobusların sınıq-salxaq vəziyyətə düşməsi hər kəsi bezdirib.
Sürücülərin qeyri-etik davranışı, dayanacaqlardan kənar saxlama və
ümumilikdə avtobuslarda olan rüsvayçılıqdan elə bir adam yoxdur ki,
şikayət etməsin.

Üstəlik,
bəzi marşrut xətlərinin ləğvi şəhərin müxtəlif istiqamətlərində problem
yaradıb. Sərnişinlər bir istiqamətə gedən iki marşrut xətti tapa
bilmirlər. Nəticədə hərəkətdə olan marşrut xəttində sıxlıq və gecikmələr
müşahidə edilir. 
Məsələn, Komsomol
dairəsindən “Xalqlar Dostluğu” metrosu istiqamətinə dünənə kimi 23 və 49
saylı marşrutlar işləyirdisə, birincini ləğv etdilər. Həmin xəttin
avtobuslarını 49 nömrəli marşruta satdıqlarını bəyan etsələr də, faktiki
bu marşrutda interval çoxdur. 
Sərnişinlər isə 2015-ci ildə ictimai nəqliyyatda vəziyyətin yaxşılığa doğru bir qədər dəyişəcəyinə ümid edirlər. 
Bakıya
gətirilən yeni sərnişin avtobuslarının xəttə buraxılmasından sonra
problemin həlli gözlənilir. Əslində hazırkı iritutumlu avtobuslar da
gətiriləndə güman olunurdu ki, vəziyyət yaxşılaşacaq. Ancaq heç də
proqnozlar özünü doğrultmadı. 
Çünki nəqliyyat
sistemində köklü dəyişikliklər olmalıdır. Hətta Nəqliyyatın İntellektual
İdarəetmə Sisteminin yaradılması da marşrutların hərəkətində pozitiv
rol oynamadı. Bu günlərdə “Bakıya Türkiyənin “İsuzu” markalı 50 avtobusu
gətirilməsi nəyisə dəyişəcəkmi” sualına gəlincə, sürücülərin sözlərinə
görə, hər şey Nəqliyyat Nazirliyinin idarəçiliyindən asılıdır. 
Onların fikrincə, marşrutlarda olan xaotik vəziyyətə son qoymaq üçün qrafik nizamlanmalıdır, gündəlik plan azaldılmalıdır. 
Sürücülər
qeyd etdilər ki, gündəlik planın çoxluğu onlar  arasında hər gün
mübahisəyə, bir-birinin intervalına girməyə səbəb olur. Sürücülər
deyirlər ki, indiki avtobuslar da bir neçə il əvvəl gətirilib. Amma çox
çəkmədi ki, əksəriyyəti sıradan çıxdı, qapıları xarab oldu, az qala
istismar dövrünü baş vurmuş nəqliyyat vasitəsinə çevrildi. Sürücülərin
gözü ilə marşrut probleminə baxanda,  təklif edirlər ki, kart sistemi
tətbiq olunsun, sürücülərə onları qane edəcək əmək haqları kəsilsin. 
“Bilirsən
necədir? Hamı marşrutdan, şoferlərdən narazılıq edir. Kimi dindirsən
deyəcək ki, sürücülər bərk sürür, harada gəldi saxlayır, avtobusu ağzına
kimi doldurur, siqaret çəkir, elə bil kartof daşıyır. Biz də başa
düşürük ki, bunlar heç də yaxşı deyil. Amma bir soruşan yoxdur ki, biz
bunu nə üçün etməyə məcburuq? Mən sürücüyəm, öz qohumum, anam, bacım da
avtobus minir. Onlar da hər gün eyni problemi yaşayır. Biz istəmərik ki,
belə olsun. Amma Nəqliyyat Departamenti bizə qan uddurur. Gündəlik
plan, hər gün yoxlama, yanacaq xərci bir ətək puldur. Qazandığımızın 90
faizi onların cibinə gedir. Gündəlik planı çatdırana qədər canımız
çıxır. Sürücü yazıq sübh tezdən gecəyə kimi minlərlə adam daşıyır. Hərə
bir xasiyyətdə, hər kəsin bir tələbi var. Bizim də əsəblərimiz korlanır.
Bunun ən yaxşı yolu kart sistemidir. 
Qardaş,
metro necə, bu da elə. Bizə də normal maaş versinlər, ailəmizi
dolandıraq. Tutaq ki, günə 20-30 manat qazanıramsa, gətirsin ayda mənə
600-700 manat versin. Biz də təmiz işləyək, heç kəs də bir-birinin
vaxtına girməsin,” – deyə 40 nömrəli marşrutda işləyən sürücülərdən biri
danışır. 
Qeyd edək ki, “Avro 5”
standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu,
rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar
müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə
təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı
sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da
quraşdırılıb. 
İyirmi dörd oturacağı olan bir
avtobusun sərnişin tutumu 69 nəfərdir. Bu avtobusların sürücüləri
sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Yeniliklərdən
biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən
avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək. Yəni, əvvəlki
kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bundan başqa,
avtobusların yan şüşələri salona düşən günəş işığını təxminən 80 faiz
azaldır.
Bu avtobuslar 65 nömrəli marşrut üzrə,
sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq.
Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq
şəhərkənarı xətlərə veriləcək.
Gələn ilin
əvvəllərində isə paytaxta əlavə 150 avtobus da gətiriləcək. Eyni zamanda
paytaxtda fəaliyyət göstərən hazırkı marşrut avtobusları bölgələrə də
göndəriləcək. Yeni avtobuslar xəttə buraxıldıqca xətdən çıxarılan köhnə
avtobusların göndəriləcəyi bölgələr müəyyənləşdirilir.
Vurğulayaq
ki, paytaxtda fəaliyyət göstərən bir qisim marşrut avtobusları özəl
şirkətlərə məxsusdur və sahibkarlar da xətdən çıxarılan avtobusların
əyalətlərə satılmasında maraqlıdırlar. Qeyd edək ki, 5 il müddətinə
lizinqlə alınan nəqliyyat vasitələrinin hər birinin dəyəri 150 min
avrodur. Ümumilikdə gələn ilə qədər Azərbaycana 200 avtobusun
gətirilməsi nəzərdə tutulur.
E.SALAMOДћLU
Fotolar müəllifindir



Short URL: http://www.cumhuriyyet.net/?p=14898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930