Bu gün Xankəndində girovlarımıza “hökm” oxunacaq

29.12.2014 - 11:16

Erməni tərəfi prezidentlərin Paris görüşü günü başlamış
qondarma prosesi sona çatdırmaqla ən azı üç hədəf güdür; Rusiyanın
çağırışını düşmən ciddiyə alacaqmı?..Qarabağa görə başlayan
erməni-Azərbaycan münaqişəsi tarixinə 29 dekabr – presedenti olmayan bir
gün kimi düşə bilər. Məhz bu gün Azərbaycanın işğal altındakı Dağlıq
Qarabağ bölgəsinin inzibati mərkəzi Xankəndində qondarma məhkəmə öz
ata-baba yurdunu ziyarət etməyə gedərkən girov götürülən kəlbəcərli
soydaşlarımız – Dilqəm Əsgərov və Şahbaz Quliyevə “hökm” oxumalıdır.

Artıq məlumdur ki, olmayan “dövlətin ittihamçısı” Dilqəmə nə az, nə
çox – ömürlük, Şahbaza isə 22 il həbs cəzası tələb edib. Buna kimi isə
guya soydaşlarımızla ilgili bütün hüquqi prosedurlar həyata keçirilib,
onlar hətta “vəkillə” də təmin olunublar.

Belə bir məhkəmə məzhəkəsi əlbəttə ki, ən əvvəl separatçı rejimi
dünyaya beynəlxalq hüququn müstəqil subyekti kimi, “baş tutmuş sivil
dövlət” qurumu olaraq təqdim etmək cəhdlərinin tərkib hissəsidir.
Təəssüf ki, Rusiyanın ilhaq elədiyi Krıma qarşı bütün dolağı ilə
sanksiyaları işə salan, Krımdakı yerli idarə və icra strukturlarını, o
sırada hüquq-mühafizə orqanlarını qeyri-legitim elan edib onun
rəhbərlərinin Qərb ölkələrinə girişini yasaqlayan ABŞ və Avropa
Xankəndində neçə aydır davam edən saxta prosesə biganəlik göstərdilər.
Bununla da faktiki surətdə iki günahsız mülki şəxsin terror yolu ilə
oğurlanıb “mühakimə” olunmasına seyrçi mövqe sərgiləmiş oldular.

Amma nə qədər qəribə də olsa, prosesə etiraz Rusiyadan gəldi. Rusiya
xarici işlər naziri Sergey Lavrov “girovlar ya azad edilməli, ya da
mübadilə olunmalıdır” söyləməklə əslində azərbaycanlı mülki girovların
günahsız olduğunu təsbit elədi. Paralel surətdə “məhkəmə prosesi”nin
legitimliyini Rusiya adından şübhə altına alınmış oldu.

Məsələnin ən intriqalı özəlliyi də elə odur – Rusiyanın Xankəndindəki
prosesi etibarsız, qeyri-legitim sayması. Bunun ardınca İrəvanın hansı
qərar çıxaracağı çox maraqlıdır – ermənilər strateji müttəfiqin sözünü
yerə salacaq, yoxsa humanizm göstərərək günahsız insanları azad edəcək?

Hələlik suala birmənalı cavab vermək, nikbin nəsə söyləmək çətindir.
Həm də o səbəbə ki, noyabrın 12-də Ağdamda erməni hərbi vertolyotunun
vurulmasından sonra erməni tərəfi növbəti dəfə siyasi-diplomatik
fiaskoya uğrayaraq rüsvay olmaq istəmir, əksinə, təbliğati revanş
götürməyə çalışır. Bu, məsələnin birinci və prinsipial cəhəti.
Saxta məhkəmə prosesində daha iki detal diqqət çəkir. Onlardan biri
budur ki, Dilqəm Əsgərov nəinki erməni gənci qətlə yetirməkdə, eyni
zamanda həmin gənci guya məhz erməni olduğuna görə öldürməkdə suçlanır.
Şübhə yox ki, bu detal boşuna “cinayət işə”nə daxil edilməyib. Bununla
sözsüz ki, düşmən tərəf qətlə bir yandan milli ədavət donu geydirməklə
onu daha inandırıcı eləmək, olayı böyütmək, digər yandan isə sonradan
girovların azad edilməsini qəlizləşdirmək, əfv şanslarını heçə endirmək,
yaxud onlardan siyasi alver kimi yararlanmaq zərurəti yaranacaqsa,
alverin stavkasını qaldırmaq məramı güdür.

Aparılan “məhkəmə” təhqiqatından diqqəti çəkən ikinci mühüm detal
budur ki, erməni tərəfi bu yolla həm də Ramil Səfərovun bir neçə il öncə
Macarıstandan alınaraq azadlığa buraxılmasına görə Azərbaycandan
özünəməxsus şəkildə qisas almağı hədəf seçib.
İşğalçıların bu hədəflərdən hansına nail olacağı, yaxud olmayacağı yaxın
günlərdə – saxta hökmə veriləcək reaksiyalardan bilinəcək. Görək,
ATƏT-in Minsk Qrupu həmsədrləri, ələlxüsus ABŞ və Fransadan olan
vasitəçilər yenə ağızlarına su alıb duracaqlar, yoxsa… Böyük ehtimalla,
işğalçı tərəf öz “sifətini” saxlamaq üçün soydaşlarımıza kifayət qədər
yüksək cəza kəsəcək.

Yeri gəlmişkən, Xankəndidə kəlbəcərli girovlar üzərində qondarma
proses məhz Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu – Paris
görüşü günü, oktyabrın 27-də start götürüb. O zaman tarix təsadüfi
seçilmədiyi, nizamlama prosesinə zərbə vurmaq, görüşün effektini
azaltmaq məqsədi güdürdüsə, “məhkəmə”nin yekun qərarı onsuz da dalana
dirənmiş sülh prosesinə növbəti zərbə ola bilər. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14907

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930