“Biz bilirdik ki, Rusiyanı ayaqda tutan yeganə şey neftin qiymətidir” – Obama
“Rusiyaya Ukrayna məsələsində mövqeyini dəyişməsi üçün fasiləsiz təzyiq göstərilməsi taktikası düzgündür və nəticəsini verir”.
APA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Barak Obama NPR radiosuna müsahibəsində deyib.
“Mən demişdim ki, biz Rusiya ilə müharibə istəmirik, lakin
biz avropalı tərəfdaşlarımızla birlikdə daimi təzyiq göstərə bilərik və
Rusiyanın digər dövlətin suverenliyini pozmasına qarşı yaranacaq
beynəlxalq koalisiyanın baş elementi ola bilərik. Mən xəbərdarlıq
etmişdim ki, Rusiyanın daha əvvəl atdığı addımların yanlışlığı ortaya
çıxacaq”, – deyə B. Obama söyləyib. O qeyd edib ki, bu
mövqeyinə görə vaxtilə onu tənqidə məruz qoyanların bəziləri indi yəqin
ki, prezidentin haqlı olduğunu etiraf edirlər.
Dövlət başçısı bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaların
tətbiqinə qərar verərkən dərk edirdi ki, hansısa mərhələdə neftin
qiymətinin ucuzlaşması da Moskvaya əlavə təzyiq faktoru ola bilər: “Xatırlayırsınızsa,
hələ neftin qiymətinin kollapsından əvvəl Rusiya iqtisadiyyatı
çətinliklərlə qarşılaşmışdı, kapitalın ölkədən çıxması müşahidə
edilirdi. Bizim hesablamalarımız həm də qismən ona əsaslanırdı ki,
Rusiya iqtisadiyyatını ayaqda tutan yeganə şey elə neftin qiymətidir.
Hesab edirdik ki, qiymətlərin düşməsi bu il olmasa belə, gələn il və ya
sonrakı il mütləq baş verəcək”.
B. Obamanın sözlərinə görə, Vaşinqtonda anlayırdılar ki,
sanksiyalarla neftin ucuzlaşmasının üst-üstə düşməsi elə bir vəziyyət
yaradacaq ki, Rusiyanın bu cür situasiyadan çıxması çox çətin olacaq: “Ukrayna
tipli problemlərdə ruslara münasibətdə qəti mövqe ortaya qoymaq, eyni
zamanda əmin olmaq lazımdır ki, bizim öz maliyyə sistemimiz
qaydasındadır və biz öz istehsal bazamızı qurmaq üçün lazım olan hər
şeyi edirik. Ona görə də, son nəticədə Rusiya üzərində böyük
üstünlüyümüz ondan ibarətdir ki, bizim dinamik, həyat qabiliyyətli
iqtisadiyyatımız var, onların isə yoxdur. Onlar neftə əsaslanır, biz isə
həm neftə, həm “iPad”a, həm filmlərə və s.-yə əsaslanırıq”.
B. Obama onu da əlavə edib ki, 3-4 ay əvvələ qədər Vaşinqtonda hər kəs əmin idi ki, prezident Putin dahidir: “Bu
gün isə bilirsinizmi, mənim hiss etdiyimə görə, ən azı Rusiyadan
kənarda belə düşünən insanlar ola bilər ki, Putin o qədər də ağıllı
addımlar atmayıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14924