Deputatdan müharibə çağırışı: “Azərbaycan ordusu Dilqəm və Şahbazı azad etməlidir”
“Azərbaycan ordusu hərbi əməliyyat keçirərək Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməlidir”. Bunu “Trend”ə açıqlamasında deputat Bəxtiyar Əliyev deyib.
B.Əliyevin
sözlərinə görə, bu “məhkəmə qərarı” artıq əsas verir ki, Azərbaycan
ordusu bir əməliyyat keçirib onları terroristlərdən azad etsin: “Necə ki
ABŞ dünyanın müxtəlif ölkələrində əməliyyat keçirib öz adamlarını azad
edir, Azərbaycan da belə etməlidir. Əgər dünya buna göz yumursa və bu
teatrı qəbul edirsə, bu, artıq heç bir standart deyil. Bu, artıq
vəhşilikdir, vandalizmdir. Bunun da qarşısını Azərbaycan ordusu
almalıdır”.
Deputat bildirib ki, əslində bu bu cür
teatrın qurulmasının təşkilatçıları Minsk Qrupunun həmsədrləridir:
“Onlar rəvac veriblər ki, bu cür oyun oynanılsın. Bu, birmənalıdır. Əgər
onlar beynəlxalq normaları, insan hüquqlarını bu qədər tapdalayan
hərəkətə göz yumurlarsa, deməli, onların bu ssenarisinə onlar rəvac
veriblər. Amma Azərbaycan öz ərazisində dövlət təhlükəsizliyi, əhalinin
təhlükəsizliyi üçün kiminləsə bağlı hər hansı bir tədbir görəndə
bəyanatlarla çıxış edirlər və ölkənin daxili işlərinə qarışırlar. Minsk
Qrupunun missiyası ondan ibarətdir ki, qarşılıqlı inam yaratsınlar, amma
bunun əvəzində onlar bu cür oyunlara rəvac verirlər”.
Qeyd
edək ki, ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov
ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Bu
barədə Ermənistan mətbuatı xəbər yayıb.
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “məhkəmə” bu gün başa çatıb. Separatçı
rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən
prosesdə “prokuror” Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14931