Türkiyə generaliteti qisas əməliyyatına hazırlaşır

29.12.2014 - 20:07

“Ergenekon” məhbusları onlara “tələ quranlar”la hesablaşmaq niyyətində qərarlıdırlar

 

Türkiyə Silahlı Qüvvələrinin keşmiş baş qərargah rəisi, general
İlkər Başbuğ “Ergenekon” istintaqını aparan müstəntiqlərdən və
hakimlərdən prokurorluğa şikayət verib. İlkər Başbuğ İstanbul Çağlayan Prokrorluğuna gəlmə səbəbini ilk olaraq, Twitter sosial şəbəkəsindən paylaşıb: “Türkiyə Cumhuriyyəti Ordusun və heyətinin istintaqa qanunsuz olaraq cəlb edilməsilə bağlı prokrorluğa rəsmi şikayət verdim”.  İ.Başbuğun vəkili İlkay Sezerin “Hürriyət” qəzetinə verdiyi
məlumatlara görə, general baş prokrorla görüşdükdən sonra müstəntiqə
qarşı irəli sürdüyü iddialarla bağlı ifadə verib. Başbuğun əsas şikayəti
həbsdə yatdığı “Ergenekon” cinayət işini aparan müstəntiq və
hakimlərdəndir.

General İlkər Başbuğ bu şikayətin anonsunu 2014-cü il martın 7-də
azadlığa çıxdığı gün vermişdi. Onunla bərabər bir neçə general da haqsız
yerə həbs edilmələrinə görə məsuliyyət daşıyan şəxslərin qanunla
cəzalandırılmasına çalışacaqlarını bildirmişdilər. AKP ilə “Gülən” hərəkatı arasında son günlər pik həddə yüksələn
gərginlikdən sonra bir sıra politoloqlar bildirir ki, indi Türkiyə
Ordusuna qarşı aparılan qanunsuz əməliyyatların hesabını istəməyin əsl
zamanıdır. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, generalların belə bir addımı gözlənilən idi:
“Gülən” hərəkatı son həbsləri “demokratiyaya hücum” kimi qələmə verir.
Əlbəttə, jurnalistlərin həbsləri müəyyən suallar doğurur. Ancaq “Zaman”
qəzeti və STV faktiki siyasiləşmiş və birinin əlində güclü alətə
çevrilmiş media orqanlarıdır. Vaxtilə Ərdoğana xidmət edirdilər, elə ki,
Gülənin Ərdoğanla yolları ayrıldı, keçmiş baş nazir və indiki
prezidenti hədəf götürdülər. Hərbçilərə qarşı “Ergenekon” və “Balyoz”
əməliyyatları məhz bu iki media orqanının informasiya dəstəyi sayəsində
Türkiyə və beynəlxalq aləmin gündəmində ağırlığını qoruyurdu. “Zaman”
qəzeti və STV illərlə bu mövzunu şişirtdilər. Sonunda isə bəlli oldu ki,
“Ergenekon” və “Balyoz” adı verilən “çevriliş planları” mövcud
deyilmiş, hərbçilərə qarşı tələ imiş. Hərbçilər günahsız yerə neçə illər
həbsdə yatdılar, bəziləri isə haqsızlığa dözməyərək intihar etdilər.
Üstündən uzun müddət keçdikdən sonra Ərdoğan bu həbslərdə şəbəkəyə bağlı
prokurorların rolu olduğunu etiraf etdi. Əlbəttə, bu həbslər Ərdoğanın
da məsuliyyətini azaltmır. Ərdoğan “Ergenekon” və “Balyoz”un qurama iş
olduğundan şübhəli idisə, prosesi niyə əngəlləmirdi? Əslində cavab
sadədir, çünki həmin dövrdə Ərdoğanla Gülən eyni mövqedəydilər və
həbslər vasitəsilə ordunun siyasətdəki rolunu azaltmağa çalışırdılar.
İndi isə bumeranq effekti işə düşüb. Saxta ittihamlar hazırlayanların və
buna media dəstəyi verənlərin özləri “dövlət çevrilişi” ittihamı ilə
həbs olunurlar. Ona görə də, bu dəfə yüksək rütbəli hərbçilərin onları
haqsız yerə həbs edən şəbəkəyə qarşı məhkəmə çəkişməsinə başlaması
yerindədir, ədalətlidir”.

E.Şahinoğlu iddia edir ki, generalların “camaat”a qarşı əks-hücuma keçməsindən ən çox AKP faydalanacaq: “Müttəfiqlərin
yeri dəyişib. Bu dəfə Gülənə qarşı mübarizədə Ərdoğanın müttəfiqi
rolunda yüksək rütbəli hərbçilər çıxış edirlər. Bununla bir tərəfdən
hərbçilər təmiz adlarını özlərinə qaytaracaq, digər tərəfdən isə Ərdoğan
Gülənə qarşı mübarizədə güclü bir müttəfiq qazanacaq. Hərbçilərin Gülən
şəbəkəsinə bağlı hakimlərə və prokurorlara qarşı ittihamları müxalifəti
də düşündürməyə vadar edəcək. MHP və CHP “Gülən” şəbəkəsindən məsafə
saxlamağa məcbur olacaqlar. Çünki MHP və CHP Türkiyədə dünyəviliyin
təminatçıları kimi çıxış edirlər. Odur ki, hərbçilərin
günahsızlıqlarının sübutunda onların əleyhinə çıxa bilməzlər və beləcə
Gülənin məhkəmə, prokurorluq və polis sistemində kök atan şəbəkəsini
dəstəkləyə bilməzlər. Bu gedişat Ərdoğanın xeyrinədir”. Son həbslər Fətullah Gülənin növbəti narahatlığına səbəb olub. ABŞ-ın Pensilvaniya ştatından yenə açıqlamalar səsləndirir.

Elxan Şahinğolu deyir ki, “camaat” indi heç bir real addım atmaq gücündə deyil:
“Ancaq Gülən bundan artığına qadir deyil, Ərdoğanla mübarizədə
müqavimət gücünü getdikcə itirir. “Batan gəmi”ni tərk edənlərin sayı da
az deyil. Məsələn, vaxtilə “Zaman” qəzetinin baş köşə yazarı, STV-nin
əsas ekspertlərindən biri Hüseyn Gülərcə Fətullah Gülənin ən yaxın
adamı, danışan səsi sayılırdı. Ancaq rüşvət qalmaqalından sonra Hüseyn
Gülərcə Güləndən və düşərgədən uzaqlaşaraq, Ərdoğanın yanında yer alıb.
Hərəkat üçün digər mühüm sual da gündəmdə ağırlığını qoruyur: Fətullah
Gülənin sağlıq vəziyyətinin qənaətbəxş olmadığına dair xəbərlər yayılır.
Odur ki, “Gülənin varisi kimdir və ya kim olacaq” sualı aktuallaşır.
Aydındır ki, varis kim olacaqsa və ya kimdirsə, ilk dövrdə Gülən qədər
populyarlıq qazana bilməcəyək. Bu isə Ərdoğanın işinə yarayacaq. Türkiyə
prezidenti Güləndən sonrakı dövrdə bu hərəkatı ümumiyyətlə, yox etməyə,
tərəfdarlarını isə pərən-pərən salmağa çalışacaq”.

“Yeni Türkiyə” Strateji Araşdırma Mərkəzinin eksperti Orxan
Qafarlı isə düşünür ki, general İlkər Başbuğla bir yerdə digər keçmiş
hərbi məhbuslar da prokurorluğa şikayət ünvanlaya bilərlər: “İlkər
Başbuğun “Ergenekon” davasinda zərər görən tərəf kimi məhkəməyə iddia
təqdim etməsi iki aspektdən baxıla bilər. Birinci, İlkər Başbuğ ordu
generalı olaraq itirdiyi maddi təminatını və hərbi rütbələri geri almaq
üçün prosesi başlatmaq istəyir. Digər tərəfdən AKP ilə “paralel yapı”
arasında rəqabəti diqqətə alaraq prosesin məcrasını ordunun xeyrinə
çevirmək istəyir. Əlbəttə İlkər Başbuğun belə bir addımı tək başına
verilən qərar deyil. Bu qərarın arxasında “Ergenekon” prosesindən zərər
görmüş insanlarla anlaşma olduğu bəllidir. Əgər bu gün məhkəmə
sistemində və prokurorluqda “paralel yapı”nın olması sübüt olunarsa, bu
“camaat”a qarşı çevrilmiş böyük bir prosesin başlanğıcı ola bilər”.    

Orxan Qafarlı deyir ki, Türkiyədə bir sıra qruplar AKP-“camaat” “paralel yapı” davasından yararlanmaq istəyir:
“Mediada ara-sıra ordunun bu prosesdən yararlanacağı xəbərləri də gözə
dəyir. Ancaq görünən odur ki, hələlik ordu prosesi kənardan izləməkdədir
və ölkənin daxili proseslərinə qarışmağa həvəsli deyil. “Ergenekon”
istintaqı ilə həbs edilən, ehtiyatda olan zabitlər isə daha çox
itirdikləri haqları uğrunda mübarizə aparırlar”.

Ekspert bildirir ki, ehtiyatda olan
zabitlər, xüsusən qanunsuz həbslərlə ordudan uzaqlaşdırılan generalitet
bir şəkildə təşkilatlanmaq və güc halına gəlmək istəsə belə, bu, o qədər
də rahat olmayacaq. Çünki AKP-“cammat” tandemi illərlə Türkiyə
Ordusunun bütün sağlam mərkəzlərini məhv etməklə məşğul olub:
“Köhnə ordu mənsubları hansısa formada bir şəbəkə formalaşdıra
bilərlər. Lakin bu qurumun birlik şəkli ala biləcəyi və hökümətə və
yaxud “paralel yapı”ya qarşı güclü mübarizə apara biləcəyi böyük sual
altındadır. Çünki təhlükəsizlik qüvvələrində artıq onlara yaxın adamlar
qalmayıb. Hər halda kənardan izlədikdə belə bir təsürat yaranır. İndi
Türkiyənin təhlükəsizlik orqanları daha çox mülki şəxslərin əlindədir.
Bir zamanlar isə istihbaratda “Ergenekon”a bağlı qüvvələr var idi.
“Camaat” üzvlər qurum içərisində bu qüvvələrlə rəqabət aparırdılar. İndi
isə onların hər ikisi faktiki olaraq sıfırlanıb. AKP hökümətinin əsas
məqsədi bundan sonra bu qrupların heç birini Türkiyə dövlət qurumlarına
buraxmamaqdır. AKP-nin bu məsələdə nə qədər başarılı olacağını isə zaman
göstərəcək”.(musavat.com)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728