“1000-ə yaxın məhkumu pul alıb evə buraxıblar”
İlqar Sadıqov və Seymur adlı əməkdaşına oğlumuz Elnurun evə buraxılması
üçün ilk dəfə 600 manat və evdə qalıb Müəssisəyə getməməsi üçün hər ay
120 manat pul vermişik”
Ucar Rayonu Azərbaycan küçəsi ev 6 da yaşayan Aslanovlar
ailəsi tərəfindən “AzPolitika.info”ya maraqlı bir şıkayət məktubu daxil
olub. Aslanov Ağanur Əmir oğlu və Aslanova Rəqimə Məhəmmədəli qızı
tərəfindən göndərilən məktubda 2 saylı Məntəqə Tipli Cəzaçəkmə
Müəsissəsində ciddi qanunsuzluq faktlarının baş verdiyi iddia edillir.
Həmin məktubu kiçik ixtisar və zəruri redaktə ilə dərc edirik:
“Penitensiar Xidmətin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsinin
rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşı bizi aldadıb 1500 manat
pulumuzu alsalar da, məhkum oğlumuz Elnur Aslanovun yenidən Cəzaçəkmə
Müəssisəsinə qaytarılması barədə Qaradağ rayon Məhkəməsinə təqdimat
vermişdilər. Qaradağ rayon Məhkəməsi isə təqdimatın təmin olunmasına
dair qərar çıxartmışdır. Hazırda isə oğlumuz Bakı İstintaq
Təcridxanasına köçürülmüşdür.
Biz 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqov və Seymur adlı
əməkdaşına oğlumuz Elnurun evə buraxılması üçün ilk dəfə 600 manat və
evdə qalıb Müəssisəyə getməməsi üçün hər ay 120 manat pul vermişik.
İmkanımız olmadı deyə təyin edilmiş aylığı ödəyə bilmədik. Buna görədə
oğlumuz Elnurun cəzasını Cəzaçəkmə Müəssisəsində çəkməsi üçün Məhkəməyə
təqdimat göndərdilər. İndidə onlara verdiyimiz pulu geri qaytarmalarını
istəyirik. Biz pensiyaçı qoca və xəstə adamlarıq. Bir ay pul olmayanda
belə edirlər. Bu haqsızlıqdır.
Gedib yoxlasınlar 2 saylı MTCÇM-də heç bir nəfər də olsun belə
məhkum saxlanılmır. Hamısı aylıq verib evində qalır. Ancaq sənəddə orada
1000 yaxın məhkumun saxlanılması qeyd edilir.Bir dəfə kimsə aylığı verə
bilməyəndə tez təqdimat yazıb gəldiyi Cəzaçəkmə Müəsisəinə
qaytarırlar.Kiminsə buna şübhəsi varsa gedib araşdıra bilər.
Zəng edib 2-saylı MTCÇM-nin Seymur adlı əməkdaşından pulumuzu qaytarmasını istəmişik. Ancaq hələdə pulumuzu qaytarmayıblar.
Bildiririk ki, oğlumuz Elnur 2006-cı il tarixdə Məhkəmənin hökmü ilə 9
il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Cəzasını 6 saylı
CÇM-də çəkib. Bu ilin may ayı tarixində cəzasının çox hissəsini çəkdiyi
üçün 2 saylı MTCÇM-nə keçirilmişdir. Penitensiar Xidmətin
rəhbərliyindən xahiş edirik biz pensiyaçıların pulunu 2-saylı MTCÇM-nin
rəisi İlqar Sadıqovdan alıb bizə qaytarmağa köməklik etsin”.
Məktubda göstərilənlərlə bağlı, Penitensiar Xidmətin, eləcə
də 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsinin rəhbərliyinin də
mövqeyini işıqlandırmağa hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=14962