Baş Prokurorluq “Azadlıq” radiosu ilə bağlı məlumat yaydı – “…əsaslı şübhələr var”
bürosunun ofisinin şübhəli bank əməliyyatları haqqında xəbər yayıb. Baş
Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir
ki, istintaqa cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
leqallaşdırılmasının qarşısının alınması sahəsində müvafiq
səlahiyyətləri həyata keçirən dövlət orqanı tərəfindən “RFE/RL İnc”
(Radio Fredoom of Europa/Radio Liberty-Azad Avropa/Azadlıq radioları
korporasiyası) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin
şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil
olub.
“RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin
bank hesablarına 2010-cu il yanvarın 1-dən 2014-cü il dekabrın 9-dək
olan müddətdə “RFE/RL İnc” şirkətinin baş ofisi tərəfindən 3 milyon 555
min 688 manat məbləğində pul vəsaitləri daxil olub, həmin pulun 189 min
100 manat məbləğində hissəsi təhtəl-hesab şəxs kimi nümayəndəliyin
maliyyə meneceri (qanuni təmsilçi) Mirzəyev Yəhya Hidayət oğlu
tərəfindən xəzinədən nağd götürülərək müxtəlif təyinatlar üzrə
xərclənməsi rəsmiləşdirilib.
Nümayəndəlikdə yalnız bir nəfərin, maliyyə menecerinin təhtəl-hesab
şəxs kimi xəzinədən 189 min 100 manat məbləğində külli miqdarda nağd pul
vəsaitlərini götürməsi, həmin pul vəsaitlərinin foto, video çəkiliş,
içməli su, çay, qənd alınması, bərbərxanaya ödəmələr və sair bu kimi
kiçik məbləğli təyinatlar üzrə xərclənməsinin rəsmiləşdirilməsi, eləcə
də fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına
hesabatlar təqdim etməmələri, nümayəndəlik tərəfindən nəşrinə külli
miqdarda pul vəsaitləri sərf edilən “Fərqli düşüncə” adlı jurnalın
pulsuz paylanması kimi xüsusatlar nümayəndəliyin vəzifəli şəxsləri
tərəfindən saxta sənədlər tərtib etməklə külli miqdarda maliyyə
vəsaitlərinin mənimsənilməsini ehtimal etməyə əsaslı şübhələr yaradır.
Həmçinin istintaqa cəlb edilərək şahid qismində dindirilmiş
“RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin
müxbiri Əliyeva Fərəh Sabir qızı ifadəsində göstərib ki, nümayəndəliyin
maliyyə meneceri Yəhya Mirzəyevin göstərişi ilə 2013-cü ilin may və
2014-cü ilin aprel-may aylarında “Azadlıq” radiosunun “Oxu zalı”
layihəsində iştirakla bağlı xidmət müqaviləsi əsasında xidmət haqqı adı
ilə onun adına rəsmiləşdirilmiş cəmi 3675 manat pul vəsaitinin yalnız
900 manat hissəsi faktiki surətdə ona verilib, qalan 2775 manat pulu
Yəhya Mirzəyev özünə götürüb.
Nümayəndəliyin müxbiri Zeynalov Cavid Aşur oğlu da ifadəsində
göstərib ki, 2012-ci ilin noyabrında “RFE/RL İnc” şirkətinin Azərbaycan
Respublikasındakı nümayəndəliyinin maliyyə meneceri Yəhya Mirzəyev onu
xidməti otağına çağıraraq müxbir kimi göstərdiyi xidmətin haqqı 400
manat təşkil etsə də, ona hər ay 1130 manat pul yazacağını, həmin pulu
bankdan aldıqdan sonra 400 manatı, sonuncu ay isə 500 manatı götürüb,
qalan məbləği gətirib ona verməyi təklif edib, bu barədə heç kimə
məlumat verməməyi tapşırıb. Onun göstərişi əsasında 2012-ci ilin
dekabrından 2013-cü ilin iyun ayı da daxil olmaqla, hər ay xidmət haqqı
adı ilə bank hesabına köçürülmüş cəmi 7910 manat pulun hamısını bankdan
nağdlaşdırıb çıxardıqdan sonra, yalnız 2900 manatını özünə götürüb, 5010
manat məbləğində pulu isə maliyyə meneceri Yəhya Mirzəyevə verib.
2013-cü ilin iyununda şəffaf xidmət haqqı müəyyən edilməyən yerdə
işləmək istəmədiyi üçün işdən çıxıb.
Beləliklə, həyata keçirilmiş istintaq hərəkətləri ilə “RFE/RL
İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə
meneceri vəzifəsində işləyən Mirzəyev Yəhya Hidayət oğlunun qulluq
səlahiyyətlərindən tamah məqsədilə sui-istifadə edərək vəzifə
saxtakarlığı ilə cəmi 7785 manat məbləğində pul vəsaitini mənimsəməsində
əsaslı şübhələr mövcuddur.
Qeyd edilən məlumatların, eləcə də 2010-2014-cü illərdə “RFE/RL İnc”
şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank
hesablarına daxil olan pulların 1 milyon 944 min 412 manatının işçilərə
aylıq əmək haqqı, 1 milyon 422 min 176 manatının isə görülmüş işlərin və
göstərilmiş xidmətlərin haqqı adı ilə 61 nəfər fiziki və 25 hüquqi
şəxsə bank köçürməsi vasitəsilə məxaric edilməsinin araşdırılması
istiqamətində yerinə yetirilmiş ilkin istintaq tədbirləri ilə
Nümayəndəliyin əsasnaməsinin 4-cü bəndində qurumun Azərbaycan
Respublikasının qanunvericiliyinə zidd olmayan fəaliyyətlə məşğul
olması, 6.2-ci maddəsində isə Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi əsasında lazımi qaydada uçot aparmalı və müvafiq dövlət
orqanlarına hesabat verməli olduğunun nəzərdə tutulmasına baxmayaraq,
Nümayəndəliyin öz fəaliyyəti zamanı Azərbaycan Respublikasının bir sıra
qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq dövlət orqanlarına
hesabatlar təqdim etməməsi, bəzi hallarda isə hesabatlarda təhrif
olunmuş göstəriciləri əks etdirməsi, görülmüş işlərə və göstərilmiş
xidmətlərə görə xidmət haqqı adı ilə çoxlu sayda fiziki və hüquqi şəxsə
bank köçürmələri və nağd məxariclə külli miqdarda maliyyə vəsaitlərinin
köçürülməsi, bank hesablarına pul vəsaitləri köçürülmüş fiziki şəxslərin
gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməməsi,
həmçinin jurnalistlərin Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyində birillik akkreditasiya müddətləri tamamlansa da, akkreditə
müddətinin uzadılmaması müəyyən edilib.
Şübhəli bank əməliyyatlarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi
Rayon Məhkəməsinin 2014-cü il 27 dekabr tarixli qərarı ilə “RFE/RL İnc”
şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, eləcə də
onunla əməkdaşlıq etmiş fiziki şəxslərin bank hesabları üzrə
əməliyyatlarının, maliyyə vəsaitlərinin xərclənməsinin təyinatının,
vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair
daxilolmaların təyinatının qanuniliyinin Azərbaycan Respublikasının
Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılması təşkil
olunub, həmçinin məhkəmənin eyni tarixli qərarı ilə Nümayəndəliyin
“Azərbaycan Beynəlxalq Bankı” ASC-də yerləşən bank hesabları üzrə
əməliyyatlar müvəqqəti dayandırılıb. Yoxlamanın ilkin nəticələri
Nümayəndəlik tərəfindən vergilərin dövlət büdcəsinə ödəmədən
yayındırılmasında şübhələnməyə əsas verir.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq
idarəsində cinayət işi üzrə ibtidai istintaq tədbirlərinin icrası davam
etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=14963