Ermənistan səfirliyi qarşısında Dilqəm və Şahbaza azadlıq tələbi

30.12.2014 - 18:35

Bu gün Ermənistanın Gürcüstandakı səfirliyinin binası
qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz
Quliyevin azad olunması tələbi ilə aksiya keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada Bavariyadakı
(Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov,
Azərbaycanda fəaliyyət göstərən “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai
Birliyinin rəhbəri İradə Nəsirova, Dilqəm Əsgərovun oğlu Kürdoğlu
Əsgərov və Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı
tələbələr iştirak edib.

Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov
və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq
səfirliyin qarşısında “Sarkisyan faşistdir!”, “Azərbaycan torpaqlarını
azad edin!”, “Girovları azad edin!”, “Bizim torpaqları azad edin!”
şüarlarını səsləndiriblər. Onlar Dağlıq Qarabağda keçirilən “məhkəmə”
prosesinin qeyri-qanuni olduğunu və hələ də Ermənistanda azərbaycanlı
əsir və girovların saxlanıldığını bəyan ediblər. Sonra aksiya
iştirakçıları tərəfindən Ermənistan səfirliyinə bəyanat təqdim olunub.

İştirakçılar səfirliyin qarşısından ayrıldıqdan sonra Tiflisin
mərkəzi küçələrindən biri olan Marcanişvili küçəsində eyni şüarları
səsləndirərək yürüş ediblər. Aksiya insidentsiz başa çatıb.

Tiflis sakinləri, o cümlədən azərbaycanlı, erməni və gürcülər
Ermənistanın qanunsuz və anti-humanist addımlarını qınayıblar.
Milliyətcə erməni olan Tiflis sakini Gülnara Mkrtçyan göz yaşlarını
saxlaya bilməyərək jurnalistlərə vaxtilə Bakıda yaşadığını deyib: “Mən
bir zamanlar Bakıda yaşamışam. Baş verənləri ürək ağrısı ilə izləmişəm.
Erməni siyasətçilərin hərəkətlərinə görə xəcalət çəkirəm. Necə deyə
bilərəm ki, Ermənistan hakimiyyəti düz edir? Girov saxlanılan
azərbaycanlılar azadlığa buraxılmalıdır”.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə APA-ya açıqlamasında atası
haqqında qanunsuz “məhkəmə” qərarı ilə tanış olduğunu bildirib: “Dünən
hökm olub. Mən belə bir qondarma “məhkəmə”nin qərarını tanımıram.
MənKəlbəcərdənəm və atam da öz dostu ilə birlikdə ata-babasının qəbrini
ziyarət etməyə gedib. Onları erməni əsgərləri Azərbaycan torpağında
tutaraq altı aydır ki, işgəncə verirlər”.

Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov
Almaniyadan məhz bu aksiyaya qatılmaq üçün Gürcüstana gəldiyini
söyləyib: “Bu gün Tiflis meriyasının razılığı ilə Ermənistan səfirliyi
qarşısında etiraz aksiyası keçirdik və Ermənistan əsgərləri tərəfindən
girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı
Şahbaz Quliyevin azadlığa buraxılmasını tələb etdik. Bundan sonra biz
Moskvaya gedəcək, oradakı Ermənistan səfirliyinin qarşısında etiraz
aksiyası təşkil edəcək, daha sonra isə Avropa dövlətlərində, eyni
zamanda Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin qarşısında çadır
qurub aclıq aksiyası keçirəcək və eyni tələbimizi səsləndirəcəyik. Bu
aksiyanı yanvarın 15-nə planlaşdırmışıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14964

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728