Baron ləqəbli məmur – 70

09.01.2015 - 00:35

Əhməd Əhmədzadə imperiyası: Adı bir çox
rüşvət, yeyinti qalmaqalında hallanan oliqarx bütün qohum əqrəbasını yaxşı
vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib

 

Bu günlərdə 70 yaşı tamam olan Əhməd
Əhmədzadə – Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır.
Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi
“Baron” ləqəbi qazanıb. Rəhbərlik etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti
qalmaqalında hallanması ilə yanaşı, cənab Əhmədzadə həm də bütün qohum
əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib.
Tanınmış professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da
atasının adını verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə
evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.

Su və Melorasiya milyonları

Hal-hazırda
Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC ümumilikdə 120
idarədən ibarət bir qurumdur. ASC Suvarma Sistemləri İdarələri – 48 idarə,
Kollektorların İstismar İdarələri – 8 idarə, Su Anbarların, hidroqovşaqların və
Magistral Kanalların İstismar İdarələri – 13 idarə, Meliorasiya İdarələri – 4
idarə, Mexaniki Suvarma İdarələri – 10 idarə, Subartezan Quyularının İstismar
İdarələri – 9 idarə, Melioservis İdarələr – 23 idarə, Azmelsutəsərrüfat – ASC,
Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin
Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat
Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat
Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və
İriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu
özündə birləşdirir. Eyni zamanda bu ACS-də 25 minə yaxın adam işləyir. İl
ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1
milyard manatı keçir.

Meliorasiya
və Su Təsərrüfatı ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələrini
araşdıranda il ərzində yüz milyonlarla manat vəsaitin dövriyyədə olduğunu
görürük. 2013-cü ildə təkcə Texnoloji İstehsalat və Komkplektləşdirmə İdarəsi
mal materialların alınması, traktor ehtiyyat hissələrinin, su nasos ehtiyyat
hissələrinin, su nasoslarının və başqa hissələrin alınması üçün 18 milyon 132
min (18132 23 6) manat köçürmə əməliyyatı həyata keçirib.

ASC
büdcədə nəzərdə tutulduğundan əlavə il ərzində Prezidentin ehtiyat fondundan da
maliyyə ala bilir. Məsələn, elə bu ilin əvvəlində ölkə Prezidentinin sərəncamı
ilə büdcədə nəzərdə tutulandan əlavə Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılıb.

Keçən
ilin oktyabr ayında mətbuata müsahibə verən Əhmədzadə “Son on ildə meliorasiya
tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına
bu sahəyə əsaslı kapital qoyuluşu isə 48 dəfəyə yaxın artıb” deyə bildirib. Ökəmizdə
bir ənənəyə çevrilmiş –”böyük pullar dövriyyəsi” olan dövlət müəssələrində
böyük maxenasiyalar da olur- qaydası burda da öz qüvvəsində qalır. Prezident
seçkilərindən sonra cənab Əhmədzadənin adı işdən azad ediləcək məmurlar
arasında səslənsə də, o hələ də postundadır. Kür daşqınları zaman ortaya çıxan
problemlər, suvarma sistemlərin çəkilməsi ilə bağlı “oyunlar” (məsələn bir çox
regionlarda suvarma sistemləri çəkilsə də, ora su verilməsi həyata keçirilmir)
Əhmədzadənin nüfuzuna ciddi zərbə vursa da o, vəzifədən uzaqlaşdırılmadı.

Biznesmen oğul

Azərbaycan
Respublikasında məmurlara bizneslə məşğul olmaq qanunla qadağan edildiyi üçün,
onların bir çoxu öz bizneslərini övladlarının adına keçirir. Əhməd Əhmədzadənin
oğlu Cuma Əhmədzadə də atası sayəsində gənc yaşında biznes imperiyasının
sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada olan 2 şirkəti haqqında (“ALPS
s.r.o.”, “GYUNEL LİMİTED”) əvvəlki araşdırmada məlumat vermişdik. Bu
araşdırmamızda izinə düşdüyümüz “GLOBALLY LTD” adlı daha bir şirkət haqqında
məlumatları təqdim edirik.

Amma
bu gün əsasən Cuma Əhmədzadənin Azərbaycandakı şirkətləri barədə məlumat verəcəyik.Vergilər Nazirliyinin saytında
təsisçilərin adı gizli saxlansa da, biz Cümə Əhmədzadənin təsisçisi olduğu
şirkətlərin adlarını müəyyənləşdirə bildik. “Advisors CO.”, “Proyekt”, “Muğal”
Məhdud Məsuliyyətli Cəmiyyəti, “Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi
şirkətlərin sahibi olan Cüma Əhmədzadənin həmdə otelllər zəncirinin sahibi
olduğu da bildirilir. Dəqiqləşdirdiyimiz məlumata əsasən, onlardan birinin
açılışında şəxsən ölkə Prezidenti İlham Əliyev də iştirak edib. Əhmədzadələr
tərəfindən artıq tamamən özəlləşdirildiyi bildirilən Qax rayonunda tikilən
“El-Resort” oteli bu alənin Prezidnetin iştirakı ilə açdığı obyektlərdən
biridir.Digərləri barədə də aşağıda məlumat veriləcək.

Əhmədzadələrə
məxsus olduğu bildirilən (biz dəqiqləşdirə bilmədik) ” İlisu Uludağ Turizm və
İstirahət Kompleksi”nin açılışında da şəxsən Prezident özü iştirak edib.

Qardaş icra başçısı

Əhməd
Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə hal-hazırda Zaqatala rayon icra
hakimiyyətinin başçısıdır. Yəqin ki, Zaqatalada baş verənlər barədə mətbuatda
mütəmadi olaraq oxuyursuz. İdarə müdürlərindən tələb olunan rüşvət,
Zaqataladakı torpaq sahələrinin baha qiyməti satılması, tikinti biznesi,
xaricdəki şirkətləri barədə xəbərlər tez-tez eşidilir. Xüsusən də, onun Kiprdə
qurduğu biznes və orda satın aldığı ali təhsil müəssəsi barədə xəbərlər xeyli
vaxtdır ki gündəmdədir. Biz Mübariz Əhmədzadə haqqındakı məlumatları
araşdırarkən maraqlı bir faktla qarşılaşdıq. Yenə də Azərbaycan Respublikasında
məmurların bizneslə məşğul olması ilə bağlı qanunu xatırladaraq,onun təsisçisi
olduğu şirkət haqqında məlumatı təqdim edirik.

Faktlarla
tanış olarkən məlum oldu ki, həmin bu şirkət 2009-cu ilin sentyabrında
qeydiyyatdan keçib. Zaqatalanın İcra başçısının sahibi olduğu bu şirkət cəmi
bir neçə aydan sonra Qax Rayon Avtovağzalının tikintisinin sifarişini alıb və
yuxarıda qeyd elədiyimiz kimi Prezident Zaqatala rayon icra hakimiyyətinin
başçısının şirkətinin Qaxda tikdiyi avtovağzalın açılışına gəlib. Göründüyü
kimi, sahibkarlıqla məşğul olmamaq haqqında qanunu pozan məmurun sahib olduğu
müəssisələrin açılışındakı qırmızı lentini Prezident şəxsən kəsir.

Özəlləşdirilmiş Qax

Qeyd
edək ki, qardaşı Əhməd kimi hələ sovet dövründən müxtəlif vəzifələrdə çalışmış
Mübariz Əhmədzadə əvvəlcə Qax rayonunun İH başçısı olub.Hal-hazırda isə bu
vəzifəni Əhmədzadələrin xalası oğlu Musa Şəkiliyev tutur. Ümumiyyətlə, bu
nəsildə vəzifəni bir-birinə ötürmək ənənəsi var. Məsələn, Əhmədzadələrin digər
qardaşı Fərman Əhmədzadə Qax Rayon xəstəxanasının baş həkimi olub. Keçən il
kabinetində ürək tutmasından həyatını dəyişən Fərman Əhmədzadənin yerinə oğlu
Tərlan Əhmədzadə keçib. Qayıdaq Qaxın hal-hazırkı icra başçısı Musa
Şəkiliyevə.Demək olar ki, xalaoğlu Şəkiliyev Əhmədzadələrin əlində boş
fiqurdur, Qax yenə də tamamən onların nəzarətindədir.

Amma
yerli camaat Musa Şəkiliyevdən çox narazıdır. Əhali ona rayonun başçısı yox,
bir nömrəli biznesmeni adını verib.Belə ki, Qaxın meşələri hesabına mebel
biznesini genişləndirən Musa Şəkiliyev ailə ənənələrinə uyğun olaraq rayondakı
ən böyük müəssisə olan “Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək
böyük gəlir əldə edir.

Rayonda
Əhmədzadələrin də böyük biznesi olduğunu nəzərə alsaq, Musa Şəkiliyevə
fəaliyyət üçün çox az sahə qalıb. Buna görə də icra başçısı xüsusi amansızlıqla
əhalini istismar edir. Xüsusən də İlisunun kurort zonası tanınması üçün çalışan
ailə yerli camaatın burda hər hansı sahibkarlıqla məşğul olmasına imkan vermir.
Xırda sahibkarlıqdan dolanan əhali indi bundan da məhrum olub. Yerli əhalinin
meşələrdən ağac kəsib mebel sexlərinə satılması da qadağan olunub. Bu iş sadəcə
icra başçısının monopoliyasına alınıb. Əhalinin şikayət edəcəyini bildiyinə
görə, icra başçısı Musa Şəkiliyev onların Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay
çayı üzərində salınmış körpünün açılışında iştirak edən Prezident İlham Əliyevə
yaxınlaşmasına imkan verməyib.

İlisu
kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov keçmiş icra başçısı
Mübariz Əhmədzadənin qızının baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni
Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir.

Eyni
zamanda, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qax Rayon Şöbəsinin müdiri Vüqar
Əhmədzadə də bu nəsildəndir. Əhalinin Qaxda ən çox narazılıq elədiyi
məmurlardan olan Vüqar Əhmədzadənin var-dövləti icra başçısından az deyil və
söhbət etdiyimiz Qax sakinləri bizi Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyini
Qax şöbəsində yoxlama aparmağa çağırdılar.

Biz Əhmədzadə-Şəkiliyev ailəsinə məxsus bir
neçə şirkətin də adını sizə təqdim edirik.

Sonuncu
şirkətin sahibi Coşqun Əhmədzadə Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat
Gömrük İdarəsində rəis müavinidir. Onun adına da yəqin ki, mətbuatda tez-tez
rast gəlirsiniz. Təkrara yol verməmək üçün biz Coşqun Əhmədzadə barədə olan
şikayətləri yenidən işıqlandırmadıq.

Son
olaraq onu da qeyd edim ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı
Mübarizə Baş İdarəsinin bu yaxınlarda işdən azad edilən keçmiş rəisi, polis
polkovniki Cavad Şıxəliyev Əhməd Əhmədzadənin bacısının həyat yoldaşıdır.

Gördüyünüz
kimi müxtəlif vəzifələrə təyin edilmiş Əhmədzadə ailəsinin üzvləri və yaxınları
həm də öz bizneslərini genişləndirərərək geniş bir klan qurmağa nail olub. Biz
bunun sadəcə bir hissəsini araşdırıb tapa bildik. Araşdırmanı hazırladığım
zaman bir məsələnin də şahidi oldum ki, Meliorasiya və Su Təsərrüfatı ASC tenderlərini
verərkən onların arasında 2013 -cü ildə qeydiyyatdan keçmiş bir çox şirkətlər
var, qanunla 3 ildən az fəaliyyəti olan şirkətlərə tender verilməsi yasaq
olduğu üçün adı çəkilən qurumun maliyyə və tender hesabatları ilə bağlı ayrıca
bir iqtisadi araşdırma üzərində işləyirəm.

Qeyd
edək ki, bu günlərdə Azərbaycanda “Su təsərrüfatı və meliorasiya işçiləri günü”
peşə bayramı qeyd olundu.

 

Aynur
İmranova

Short URL: http://www.cumhuriyyet.net/?p=14967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728