Sabirabaddan SOS siqnalı: rayonu böyük gölə çevirirlər
Redaksiyamıza müraciət edən Sabirabad rayon sakinlərinin dərdi torpaq
dərdidir. Bildirək ki, vaxtilə Sabirabad respublikamızın ən iri kənd
təsərrüfatı rayonlarından biridir. Yaxın keçmişə nəzər salsaq, görərik ki,
rayonumuz pambıq və taxıl istehsalında qazandığı uğurlara görə respublikada
həmişə öndə olub. O vaxtlar əldə edilmiş yüksək göstəricilərə görə 5 nəfər kənd
təsərrüfatı işçisi keçmiş SSRİ-nin ən nüfuzlu ordenini almaqla Sosialist Əməyi
Qəhrəmanı adına laiq görülüblər. 1996-cı ildə aparılan torpaq islahatı
nəticəsində rayonda mövcud olmuş 45 kolxoz təsərrüfatı ləğv edildi. Onlara
məxsus torpaq və əmlak payçılar arasında bölüşdürüldü.
Rayonun ümumi ərazisi isə aşağıdakı mülkiyyət növləri üzrə belə
bölünüb: Dövlət mülkiyyətinə- 32543 hektar,bələdiyyə mülkiyyətinə – 58619
hektar,xüsusi mülkiyyətə – 55749 hektar. Torpaq islahatı nəticəsində 102 583
nəfərə, yəni 23 763 ailəyə cəmi 45266 hektar torpaq sahəsi pay şəkilində
verilib. Hər bir nəfərə 0,44
ha torpaq sahəsi ayrılib. Əhalini narahat edən əsas
problem isə rayon üzrə örüş üçün ayrılmış 41 863 ha sahə ilə
bağlıdır. Örüş sahəsinin 12 828 hektarı qış otlağıdır.
Rayon sakinlərinin cumhuriyyet.az-a bildirdiyinə görə, icra başçısı Nazim İsmayılovun göstərişi
ilə bu gün rayondakı əksər əkinə yararlı torpaqlar balıq yetişdirən göllərə
çevrilib. Sakinlər yazırlar: “Bu ərazi dövlət fonduna aid torpaqlarla birlikdə
rayonun bəzi işbazları arasında bölüşdürülərək təyinatdan kənar istifadə
olunur. Nazim İsmayılov sanki kənd təsərrüfatının qənimidir. Narazılıqların
böyüməsinə bir səbəb də həmin ərazilərdə qanunsuz balıq göllərinin
yaradılmasıdır ki, bunun nəticəsində qrunt suları yer səthinə qalxır və göllərə
bitişik torpaqlar şoranlaşır.
Başverənlərlə bağlı kənd sakinləri müxtəlif görüşlərdə Sabirabad
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova və onun aqrar məsələlər üzrə
müavini Heydər Yaqubova dəfələrlə müraciət ediblər, amma nəticəsi olmayıb”. Sakinlır
bildirir ki, əgər belə davam edərsə Nazim İsmayılovun tamahı Sabirabadın tamamən
böyük gölə çevirəcək.
Qarşı tərəfi də dinləməyə hazırıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=14969