İran səhiyyəsinin müəmmalı Azərbaycan planı

05.01.2015 - 10:58

İranın Səhiyyə Nazirliyi Azərbaycanla bağlı növbəti planını
açıqladı. Ökənin Akademik Cihad Təşkilatı (Academic Jihad Organization)
Bakıda sonsuzluğa qarşı klinika açmaq istədiyini elan etdi.

Bundan əvvəl isə İran tərəfi Azərbaycanla sərhəd ərazilərdə elə
azərbaycanlı xəstələr üçün klinikalar açılması təklifini irəli sürmüşdü.

Diqqətçəkən məqam odur ki, Bakıda fəaliyyət göstərəcək klinika azərbaycanlı xəstələri əməliyyat üçün məhz İrana göndəriləcək.

Ötən il Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti
dayandırımış İmam Xomeyni İmdad Komitəsinə bağlı “İmam Əli tibb
klinikası” və İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə məxsus
klinika da azərbaycanlı xəstələri məhz İrana getməyə sövq edirdi.
Hazırda “Təbriz Mehr” klinikası da azərbaycanlıları İrana göndərmək üçün
bütün mümkün variantlardan istifadə edir.

Əslində İran tərəfinin azərbaycanlı xəstələrə marağının səbəbsiz
olmadığı hər kəsə bəllidir. İran mətbuatı ölkəsinə dünyanın müxtəlif
ölkələrindən, hətta Amerika, İngiltərə kimi səhiyyəsi inkişaf etmiş
dövlətlərdən belə xəstə gəldiyini iddia etsə də bu ölkəyə xaricdən xəstə
axını səngiyib. Ötən illərdə 800 min-1 milyon azərbaycanlının müalicə
üçün İrana getdiyi ilə bağlı statistika səslənirdi və artıq bu göstərici
200-300 minədək azalıb.

Bir sözlə, İran azərbaycanlı xəstələrdən büdcəsinə daxil olan pulun
azalması ilə razılaşmır. Buna görə də xəstə axınına hesablanmış bütün
vasitələrdən istifadə edirlər.

“Ana olacaqdım…”

“İrandan sevinclə geri qayıtdım. Qurban kəsdik, ehsan payladıq. Axı 8
ildir ana olmaq üçün getmədiyim xəstəxana, müraciət etmədiyim həkim
qalmamışdı”.

Bakı şəhər sakini Arzu Əliyeva 19 yaşında ailə həyatı qurub. Neçə
illərdir ana olmaq üçün etdiyi müalicələr nəticə verməyib. Buna görə də
qohumlarının məsləhəti ilə müalicə olunmaq üçün İrana gedib.  İranda isə
tezliklə ana olacağı xəbərini eşidib.

Arzu deyir ki, Bakıdakı xəstəxanaların birində ona süni mayalanma təklif olunmuşdu. Lakin həyat yoldaşı bununla razılaşmayıb: “Mənə dedilər ki, yalnız süni mayalanma yolu ilə ana ola bilərəm. Amma
yoldaşım bunu istəmədi. Təbrizə getdik, orada bütün müayinələrdən
keçdim, müalicə təyin edildi. İki ay müalicə olunandan sonra ürəyim
bulandı, qarnım şişməyə başladı. Həkimlə əlaqə saxlayıb vəziyyətimi
bildirdim. Dedi ki, artıq hamiləyəm. Yəni bütün əlamətlər bunu
göstərirdi”.

Amma A.Əliyevanın sevinci uzun sürməyib. Qarnı sürətlə böyüb, nəfəs alması çətinləşib: “Qadın
məsləhətxanasına getdim. Həkim dedi ki, hamilə deyilsən, qarnına su
yığılıb. Məni Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna
göndərdilər. Orada müayinə olunandan sonra bəlli oldu ki, bağırsaq
vərəminə yoluxmuşam. Üstəlik, İranda aldığım müalicədən sonra məndə
dərmanlara qarşı allergiya yaranmışdı”.

Fizuli rayon sakini Səbinə Eyvazova isə 10 ildir ailə qurub.
Səbinə deyir ki, anadangəlmə qüsurla doğulub, belə ki, uşaqlığı
inkişafdan qalıb:
“Ailə qurandan sonra müalicə olacağımı
düşünürdüm. Sonuncu dəfə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutuna müraciət etdim. Dedilər ki, uşaqlıq olmadığından süni
mayalanma aparmaq da mümkün deyil”.

Gənc qadına yalnız surroqat ana vasitəsilə ana ola biləcəyi deyilir. Azərbaycanda isə surroqat analıq qanunla qadağandır.

“Suda boğulan saman çöpündən yapışar. Mən də “Təbriz Mehr”
klinikasının reklamına inandım. 77 manat ödəyib həkimin qəbuluna düşdüm.
İranlı həkim Azərbaycanda olunan müayinələrin nəticələrinə etibar
etmədiyini dedi. Buna görə də 200 manat ödəyib təkrar müayinələrdən
keçdim. Həkim məni İrana dəvət etdi” – Səbinə belə deyir.

Son 6 ayda 14 dəfə Ərdəbilə, 2 dəfə Təbrizin “Alinəsəb”, “Behbud” xəstəxanalarına gedən qadın nəticələrin dəyişmədiyini görüb: “Həkim dedi ki, alınmadı, uşağın olmur, amma surroqat ana tapsan kömək edərik”.

Öz yaxın qohumunu surroqat ana olmağa razı salan S.Eyvazova ona pul, 9
ay problemlərinin həllini və daha nələr vəd edib: “Qadınla İrana
getdik. Onun yol xərcini də biz ödədik, müayinələrdən keçirdik. Bütün
müayinə və müalicələrdən sonra həkim İranda da surroqat analığın qanunla
qadağan olduğunu, bizə gizli köməklik edəcəyini dedi. Buna görə də
imtina etdik”.

Səbinənin reklama inamı ona 3500 manata başa gəlib.

“İrandan vəziyyəti ağırlaşıb qayıdanlar da olur…”

Azərbaycanda sonsuz ailələrlə bağlı rəsmi statistika təqdim edilmir.
Lakin xəstəxanalara edilən müraciətlər və övladı olmadığı üçün dağılan
ailələrin fonunda təxmini rəqəmlər  söylənilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə 7784 ailə
boşanıb ki, onlardan 4634-nün uşağı olmayıb. 2010-cu ildə boşanan 9061
cütlüyün 5527-si övlad sahibi ola bilməyib. 2011-ci ildə 7368 ailə övlad
həsrətindən yollarını ayırıb.

Son iki ildə isə pozulan nikahların təxminən 15 mini sonsuz ailələrin payına düşür.

Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun həkimi Leyla Məmmədova isə deyir ki, Azərbaycanda sonsuzluq problemi var. Lakin başqa
ölkələrdən fərqli olaraq ölkəmizdə müraciətlərin səviyyəsi yüksəkdir:
“Ailə cütlüyü 1 il birlikdə yaşayır və  hamiləlik qeydə alınmırsa bu
zaman sonsuzluq diaqnozu qoyulur. Bütün dünyada belə qəbul olunub.
Azərbaycanda isə nigahdan 4-6 ay keçəndən sonra hamiləlik qeydə
alınmırsa, o zaman həkimə müraciət edirlər. Həkimlər müraciət edənlərə
başa salmalıdırlar ki, 1 il gözləmək lazımdır. Bundan sonra müəyyən
müayinələrə başlamaq olar. Doğrudur, Azərbaycanda sonsuzluq problemi
var”.

L.Məmmədova onu da qeyd etdi ki, bəziləri sonsuzluq problemini həll etmək üçün İranda həkimə gedir: “Bəzən elə olur ki, müalicəyə Azərbaycanda başlayıb tez effekt əldə
etmək ümidi ilə İrana gedirlər. İrandan sevinərək geri qayıdanlar da
olur. Ancaq əksər hallarda ağırlaşaraq Azərbaycana dönənlərlə
rastlaşırıq.  Xüsusilə süni mayalanma zamanı bir neçə xəstə ağırlaşmış
geri qayıtmışdılar. Süni mayalanma zamanı yüksək dozada dərman təyin
edilir. Bəzən həmin dərmanlar çox ağır fəsadlara səbəb olur. İrandan da
geri qayıdan bir neçə xəstə reanimasiya şöbəsində müalicə aldı. Biz
onları ağır vəziyyətdən çıxardıq. İranda xəstənin vəziyyətinin ağır
olduğunu bilə-bilə onu Azərbaycana geri qaytarmışdılar”.

Həkimin dediyinə görə, İranda müayinə olaraq Azərbaycana geri
qayıdan xəstələri təkrar müayinəyə göndərmək məcburiyyətində qalırlar:
“İranda bütün müayinələr fars dilində aparılır. Xəstə bütün
müayinələrdən keçib qayıdır, lakin müayinələrin nəticələrini oxumaq
olmur. Buna görədə əlavə xərc çəkib təkrar müayinə olunurlar. Bu isə həm
vaxt, həm də maliyyə itkisinə səbəb olur. Sonsuzluq problemi digər
xəstəliklərdən fərqlidir, xəstə ilə uzun söhbət etmək lazım gəlir,
xüsusilə süni mayalanmada xəstəyə hüquqları başa salınır. Azərbaycanda
yalnız iki xəstəxanaya  süni mayalanma ilə bağlı razılıq verilib. Bizim
institutda süni mayalanmaq istəyənlərlə hüquqşünasın iştirakı ilə
müqavilə bağlanılır. Cütlüyün razılığından sonra müqavilə imzalanır.
Amma İranda azərbaycanlı xəstələrlə müqavilə bağlanılmır, onların
hüquqları tanınmır. İranda çox zaman bir-iki deyil, 4-5 embrion 
qoyuluq. Halbuki ikidən artıq qoyula bilməz. Bu zaman  hamiləlik başa
çatmır. Yəni xəstələr bu problemlə də üzləşirlər”.  

Leyla Məmmədova qeyd etdi ki,  İranda surroqat analığa rəsmi icazə verilmir: “İranda
bunu edirlərsə, gizli yolla və qanunsuz şəkildə edirlər. İranda
embrionun transiplasiyasına da icazə verilmir. Süni mayalanma ancaq
qadının həyat yoldaşından ola bilər”.

Həkim onu da deyir ki, insanlar əsasən reklama aldanaraq
İrana və ya özəl klinikalarda xaricdən gələn həkimlərə müraciət edirlər:
“Əvvəllər də, indi də belə bir fikir formalaşıb ki, ailədə sonsuzluq
varsa, qadın günahkardır. Amma sonsuzluqda 45 faiz qadın səbəbkardırsa,
40 faiz da kişidə olan patalogiyalarla əlaqəlidir. Əhali arasında cinsi
yolla yoluxan xəstəliklər artıb. Yəni sonsuzluğun səbəbləri çox olsa da
əsas problem stressdən və cinsi yolla yayılan xəstəliklərdən yaranır.
Sonsuzluğu yaradan problemlər çox zaman uşaqlıq və yeniyetməlik
dövründən başlayır. Buna görə də uşaq ginekologiyası və uşaq urologiyası
inkişaf etdirilməlidir”.

1 saylı Klinik Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova da İranda müalicə olunub ağırlaşmış vəziyyətdə geri qayıdan xəstələrin
artmasından şikayətçidir: “Xəstəxanamıza huşsuz vəziyyətdə yaxınları
tərəfindən qadın gətirilmişdi. Qohumlarının dediyinə görə,  İrandan
qayıdandan sonra həkimin təyin etdiyi dərmanları qəbul edib. Dərman
qəbulunun ikinci günündə qadının bədən ölçüləri böyümüşdü, huşunu
itirmişdi. Aparılan müayinələrdən bəlli oldu ki, qəbul olunan
dərmanların yan təsirindən qadının vəziyyəti ağırlaşıb. Artıq qadında
istənilən dərman reaksiya verir. Müalicəni təyin edilən həkimlə əlaqə
saxlamaq mümkün olmadı. Ümumiyyətlə, ağrlaşmış xəstələr İrandakı həkimlə
təkrar əlaqə yaratmaqda çətinlik çəkdirklərindən şikayətlənirlər”.

Həkimin sözlərinə görə, xəstələr əsasən reklama aldanaraq xaricə üz tuturlar: “İrandan
geri qayıdanların arasında dərmanlardan zəhərlənənlər çoxdur.
Dərmanların içliyi fars dilində yazıldığından yan təsirlərini öyrənə
bilmirlər”.

T.Həsənova onu da qeyd etdi ki, reklama aldanan və ya qohumlarının məsləhəti ilə xaricə həkimə gedənlər çox zaman aldanırlar: “Daha bir xəstəmiz sonsuzluğa görə İrana getmişdi. Amma bizim
xəstəxanamıza gələndə qanaxma problemi yaranmışdı. Qəribədir ki, İranda
daha çox hormonal müalicə və ağrıkəsici təyin edilir. Çünki iki preparat
bir yerdə təyin ediləndə tezliklə simtomatik effekt verir. Simtomlar
ortadan qaldırıldıqda xəstə müalicənin effekt verdiyinə inanır. Lakin
xəstəliyin səbəbi müalicə olunmur, bir müddətdən sonra xəstəlik yenidən
ağırlaşır”.

Həkim son zamanlar qadın və kişi sonsuzluğunun eyni səviyyəyə çatdığını deyir: “Təəssüf ki, əvvəllər qadın sonsuzluğu çox qeydə alınırdsa, son
zamanlar kişi sonsuzluğu artım üzrə gedir. Bunun səbəbləri içərisində
stresslər, cinsi yolla gedən xəstəliklər, inkişaf qüsurları, qəbul
etdiyimiz qidalar var”.

T.Həsənova son zamanlar yalnız xarici həkimlərin reklam olunmasına qarşıdır: “Azərbaycan
səhiyyəsi inkişaf edib, tibb müəssisələrində müasir vadanlıqlar
qurulub. Ancaq nədənsə səhiyyədə olan qüsurlar qabardılır, mənfi yolla
təbliğat aparılır, öz ölkəsində tanınmayan həkimlər isə mütəxəssis kimi
reklam olunur. Bu gün Azərbaycanda bütün müayinələr aparılır”.

Ginekoloq Səbinə Məmmədova isə qeyd edir ki, İrana gedən  azərbaycanlılara xəstə kimi deyil, pul kisəsi kimi baxırlar: “Doğrudur,
İranda səhiyyə inkişaf edib, xüsusilə Tehranda peşəkar həkimlər
çalışırlar. Lakin bizim xəstələr daha ucuz müalicə üçün Ərdəbil, Urmiya
 və ya Təbrizə gedirlər. Oradakı həkimlərin heç də hamısı savadlı və
bilikli deyillər. Nəticədə xəstələrin təxminən yarıdan çoxu oradakı
müalicədən sağalmır, əksinə, xəstəlik daha da şiddətlənəndən sonra geri
dönürlər”.

…Son günlər yerli səhiyyədə nöqsanların qabardılması
fonunda xaricdəki müalicənin şişirdildiyinin şahidi oluruq. Biz də
xaricə müalicənin üstündən birdəfəlik xətt çəkmirik. Sadəcə, həkim
seçərkən düzgün seçim etmələrini, səhhətlərini təsadüfi adamlara etibar
etməmələrini istəyirik.

(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=14986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930