PUTİNİN PLANI NƏDƏN İBARƏTDİR?
“Biz onun məqsədinin nədən ibarət olduğunu bilirik və bunun qarşısının alınması üçün effektli vasitələr axtarırıq”
Hal-hazırda
Rusiya iqtisadiyyatı sürətlə zəifləyir, Ukraynada müharibə davam edir,
Moskva ilə Qərb arasındakı münasibətlər daha çox qarşıdurma xarakterı
almağa başlayır. Onda belə bir sual meydana gəlir ki, görəsən Vladimir
Putinin hər hansı bir planı varmı?
Xaricdəki əleyhdarlarının və Rusiya daxilindəki tərəfdarlarının
fikrinə görə, Putin Qərbə ziyan vurmaq planı çərçivəsində Rusiyanın
mövqeyini möhkəmləndirmək startegiyasını həyata keçirir. 2012-ci ildə
ABŞ-ın dövlət katibi olmuş Hillari Klinton Putini Rusiya ətrafındakı
bölgələri “yenidən sovetləşdirmək” cəhdində günahlandıraraq deyirdi: “Biz onun məqsədinin nədən ibarət olduğunu bilirik və bunun qarşısının alınması üçün effektli vasitələr axtarırıq”.
Həqiqətən də uzun illər ərzində Putin, ABŞ-ın indiki mövcud dünya
hökmranlığının əvəzinə daha ədalətli qüvvələr balansının yaradılması
çərçivəsində çox qütblü dünya nizamının qurulması fikrinin müdafiəçisi
kimi çıxış edib. Rusiyanın atdığı bir çox radikal addımlar – Krımın
ilhaqı, Ukraynanın şərqindəki separatçıların müdafiə edilməsi, Çinlə
fəal yaxınlıq münasibətlərinin qurulması və anti-Qərb ritorikası,
Putinin çox qütblü dünya istiqamətindəki fəaliyyəti kimi də şərh oluna
bilər. Lakin Putinin ölkə daxilindəki opponentləri onu hiyləğər
və yaradıcı strateq kimi deyil, daha çox Rusiyanın Qərblə apardığı
indiki mübarizədə qalib gələ bilməyəcəyini anlamayan, reallıq hissini
itirmiş şəxs kimi qiymətləndirirlər. Putinin atdığı bir çox
addımlar Almaniya kansleri Anqela Merkelin söylədiyi kimi, belə bir
təsəvvür yaratmağa imkan verir ki, deyəsən Rusiya prezidenti reallıqdan
uzaqlaşıb və “başqa dünyada” yaşayır.
Məsələn,
bu baxımdan yay aylarında Moskvanın ona qarşı sanksiya tətbiq etmiş
Qərb ölkələrindən idxal etdiyi ərzaq məhsullarına qadağa qoyması
hərəkətini nümunə kimi göstərə bilərik. Belə bir addımı Rusiyanın idxal
məhsullarından asılılığını azaltmaq istiqamətindəki böyük masştablı
strategiyanın tərkib hissəsi kimi də dəyərləndirmək olardı. Ancaq məsələ
orasındadır ki, belə tələsik qərarların elan olunması, bu işin
düşünülməmiş və öncədən hesablanmamasını göstərdi. Bu cür
hərəkətlər Rusiya istehlakçılarına çox güclü zərbə vurur. Sonra Çinlə
bağlanmış sensasiyalı qaz müqaviləsini iqtisadi cəhətdən Rusiyanın
Qərbdən asılılığını azalda biləcək bir faktor kimi də qiymətləndirmək
olar. Amma müqavilənin şərtləri barəsində on ilə yaxın
danışıqların getməsinə və heç bir razılaşmanın əldə olunmamasına
baxmayaraq, birdən–birə Çinlə qaz müqaviləsinin imzalanması ondan xəbər
verir ki, Rusiya üçün heç də əlverişlı sayılmayan şərtlər daxilində
bağlanmış razılaşma ilə Putin Avropaya göstərmək istəyir ki, bizim sizə
ehtiyacımız yoxdur.
Müxalifət liderlərindən biri Boris Nemtsov bildirir ki, Pekinin
şərtlərini qəbul edən Putin ən sonda Rusiyanı Çinin xammal
müstəmləkəsinə çevirəcək. “Danimarka beynəlxalaq araşdırmalar
institutu”nun analitiki Rojer Makdermot Putinin Uykrayna siyasəti ilə
əlaqədar deyib:
“Putinin fikrinə görə xalqın iradəsinin əksinə olaraq,
Ukraynanın xarici düşmən güclər tərəfindən ələ keçirilməsi Rusiyanın
milli təhlükəsizliyi üçün çox ciddi təhdiddir. İş ondadır ki, iki ölkə
arasındakı münaqişənin bir qədər də gərginləşməsi nəzarətin qorunub
saxlanmasını mümkünsüz edə bilər. Putinin nə dünya masştablı, nə də ki,
Urayna məsələsi üzrə böyük strategiyası yoxdur.”
Bəzi analitiklər isə belə yanaşma ilə razılaşmayaraq deyirlər ki, Putinin müəyyən bir uzunmüddətli starategiyası var.
“Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodr Lukyanov yazır: “Amerikan
mərkəzli dünya nizamına alternativin olmamasından hamı yorulub. Əgər
əsl qarşıdurma yaranarsa, Rusiya indiki dünya liderinin obyektiv zəif
tərəflərindən istifadə etməyə çalışacaq. Əgər Moskva dünyadakı mövcud
sistemə yenidən baxılmasını istəyən qüvvənin tərəfindən çıxış edərsə,
onda bu qlobal balansın əhəmiyyətli dərəcədə dəyişilməsinə gətirib
çıxara bilər.” Amma Lukyanov etiraf edir ki, deyilənlərin
həyata keçməsi üçün Kreml bir çox qətiyyətli addımlar atmalı və incə
manevrlər etməlidir ki, bunu da Putin bacara bilməz.
Rublun məzənnəsinin kəskin düşdüyü indiki iqtisadi problemlər, öz
planlarını həyata keçirmək istəyən Putinə böyük maneələr törədir. Əgər
doğrudan da Vladimir Putinin hansısa belə bir planı mövcuddursa.
(US News and World Report)
Short URL: http://www.cumhuriyyet.net/?p=15002