Qibtə etdiyimiz ölkə: Gürcüstan…

07.01.2015 - 20:07

Ötən
reportajımızda Azərbaycan vətəndaşlarının Yeni İli Gürcüstanda,
özəlliklə də paytaxt Tiflisdə necə keçirmələrindən yazmışdıq. Bu dəfə
isə Gürcüstanın bu günündən, siyasi gündəmindən və əhalinin sosial
durumundan danışmaq istəyirik.
Güney
Qafqazın digər iki ölkəsi Gürcüstan demokratiyasına qibtə edir. Təbii,
söhbət vətəndaşlardan gedir. İllərdir ki, Gürcüstanda azad, demokratik
seçki ənənəsi formalaşıb – bələdiyyə, parlament, prezident seçkilərində
qaliblər siyasi hakimiyyətin təyin etdiyi şəxslər yox, əhalinin etimad
göstərdiyi insanlar olur. Həyatında bir dəfə də qutuya “atdığı” adamın
qutudan çıxdığını görməyən, yaşı 40 ətrafında olan yüzminlərlə
 Azərbaycan insanı gürcülərə necə qibtə etməsin? 
Ancaq
qonşularımız sanki bu “xoşbəxtliyin” fərqində deyillər. Siyasi
hakimiyyətlərin sivil yolla dəyişməsi onlar üçün o qədər adiləşib ki,
əksini təsəvvür eləməkdə çətinlik çəkirlər. Siyasi hakimiyyəti açıq
tənqid etmək onlar üçün həyat normasıdır. Siyasi proseslərlə bağlı
polemikalarda hakimiyyətə meydan oxuyurlar: “yaxşı işləməzsiz,
gedərsiz”. Hakimiyyətdəkilər də durumun fərqindədirlər. Özləri də xalq
adamı olduqları üçün aşağıların “işləməsəz, gedəcəksiz” mesajının
ciddiyyətini yaxşı anlayırlar. 
Siyasi
hakimiyyətin sivil yolla formalaşması cəmiyyət həyatının bütün
sahələrində iz qoyub – media azaddır, vətəndaş-məmur münasibətləri
istidir, vətəndaş dövləti sevir, hökumətinə etimad edir. 
Gürcüstan
kasıb dövlətdir. Əhalisinin dolanışığı Azərbaycanda bəlli bir təbəqə
üçün standartlardan çox aşağıdır. Paytaxt Tiflisdə belə, nə Bakıdakı
qədər butiklər, nə də “quş südü-can dərmanı” satılan saysız
supermarketlər var. Küçələri köhnə və işıqsızdır, binalar təmirsizdir,
əyləncə yerləri Bakı ilə müqayisədə primitiv görünür. 
Ancaq
insanlar Azərbaycandakından çox-çox rahatdır. Köhnə və kasıbyana həyat
onların ruhunu əldən-dildən salmayıb. Axşamçağı Tiflis teatrlarının,
kinoklubların, sərgi salonlarının qarşısı qələbəlik olur. Bu məkanlarda
hər yaşda, hər təbəqədən seyrçi görmək mümkündür. Bəlkə də Tiflisin
ruhunun iqtisadi çətinliklərə məğlub olmamasını gürcülərin mədəniyyətə
vurğunluqlarında axtarmaq gərəkdir. Ruhunu daim tərbiyələndirən,
cilalayan xalq maddiyata qul ola bilməz.
Gürcüstan
hökuməti xalqla təması qarşılıqlı anlaşma və hesabatlılıq üzərində
qurulub. Hökumətin qərarları ictimai müzakirəyə çıxarılır, qanunların
qəbulu zamanı vətəndaş cəmiyyəti institutlarının rəyi nəzərə alınır,
rəsmi səfərdən dönən məmurlar mütləq qaydada media qarşısına çıxır,
Gürcüstan telekanallarında yüksək çinli məmurlar tok-şoularda
vətəndaşlarının istənilən suallarını cavablandırırlar. 
Heç
şübhəsiz ki, bütün müsbət tendensiyalara baxmayaraq, Gürcüstanda da
kəm-kəsirlər yox deyil. Gürcüstan vətəndaşları deyirlər ki, keçmiş
prezident Mixail Saakaşvilinin dönəmində ciddi mübarizə aparılan
korrupsiya yavaş-yavaş dirçəlir. Artıq “aşağılar” bunu hiss etməkdədir.
Bəzi dövlət idarələri “görüm-baxım” olmasa, məsələlərin həllini
qəlizləşdirir, vətəndaşları süründürür. Yol polisləri də daha Saakaşvili
dönəmindəki kimi kristal deyillər. Tində-bucaqda olanda qanun
pozuntularını rəsmi qeydiyyata almaqdansa, bəzən sürücülərlə qeyri-rəsmi
anlaşmağı da öyrənirlər. 
Ancaq bu faktlar
kütləvi olmadığı üçün hələlik ciddi etirazlar yaratmır. Gürcüstan
vətəndaşları deyirlər ki, yeni hökumətlə Saakaşvili dönəminin iş metodu
arasında fərqlər böyükdür. Ekslər “aşağılar” üçün tam korrupsiyasız
mühit yaratsalar da, “yuxarılar”da korrupsiya qalır və genişlənirdi.
İndi isə korrupsiya “yuxarılar”da qalmaqla yanaşı, “aşağılar”a da keçir.
Gürcü
polislərlə müqayisədə həkimlər çox-çox insaflıdır. Vətəndaşların
sözlərinə görə, gürcü həkim rüşvət götürməyi təhqir sayır. 
Bizi
Gürcüstan-Azərbaycan sərhəddindən Tiflisə aparan maşının Borçalıdan
olan sürücüsü deyir ki, 2 ay öncə övladı vaxtından əvvəl, erkən doğulub.
Ana və övladının 1 ay reanimasiyada, 2 ay xəstəxanada yatmaq xərci cəmi
cəmisi 230 lari olub. Təsəvvür edirsinizmi? 230 lari təxminən 110
manatdır. 
Gürcüstanda tibbi sığorta tətbiq
olunduğu üçün xəstəxanalarda heç bir ödəniş yoxdur. Gürcüstan vətəndaşı
hansı xəstəxanaya getsə, “dövlət baba” özü tibb müəssisəsi ilə
hesablaşır. Sürücü deyir ki, 230 lari xəstələrə 2 aylıq ayrıca otaq
alınmasına xərclənib. 
Azərbaycan
xəstəxanalarında isə xəstəyə ayrıca otaq alınması xəstə yiyəsinə günü 50
manata başa gəlir. Və bu fərq müqayisəyə belə, gəlmir. Övladını
sağ-salamat evinə aparan gün ata Azərbaycansayağı minnətdarlığını
bildirmək istəyəndə gürcü həkim təxminən “canınq üçün söypət gedə
bilməz” deyib, onun “əlini” geri qaytarıb. 
Söhbətdən
belə başa düşdüm ki, Gürcüstanda öz vəzifəsini yerinə yetirən məmura
minnətdarlığını pulla bildirmək istəyənlər elə özümüzünkülərdir.
Görünür, Azərbaycandakı qohum-əqrəbanın pis təcrübəsi onlara da təsir
edir. Nahaq…
Ümumiyyətlə, Gürcüstandakı bir
sıra “qara para” işlərində Azərbaycanın adı keçir. Əldə etdiyimiz
informasiyalara görə, Gürcüstanda Azərbaycan məmurlarına bağlı
şirkətlərin bir sıra proyektləri elə hər iki tərəf üçün “yeyinti”
qaynağıdır. Eynən Azərbaycandakı kimi… 
Maraqlı
faktlardan biri də odur ki, “bizim” AKKORD Tiflis-Rustavi yolunun
tikintisi üzrə tenderin qalibi olsa da, sonradan Gürcüstan tərəfi
tenderin nəticələrini ləğv edib. AKKORD 17,4 kilometrlik yolu 76 milyon
dollara tikməyə hazır imiş. 
Ancaq Gürcüstan tərəfi Çin şirkəti ilə anlaşıb. Çinlilərin smetası daha yüksəkdir – onlar yolu 88,762 milyona tikəcəklər.
Gürcüstanda
bu faktı iki cür izah edirlər. Versiyalardan biri budur ki, Gürcüstanda
Azərbaycan şirkətlərinin gördüyü işin keyfiyyətindən razı deyillər.
İkincisi versiya isə yeni hökumətin bu məsələdə şəxsi maraqlarının
olması ilə bağlıdır. Bu məsələyə yeni hökumətlə rəsmi Bakı arasındakı
münasibətlərin o qədər də isti olmamasının da təsiri ola bilər. İki ölkə
rəsmilərinin təmaslarını gözdən keçirəndə belə təəssürat yaranır ki,
“yeni” rəsmi Tiflis Azərbaycana Saakaşvili ilə dost ölkə, rəsmi Bakı isə
“yeni gürcülər”ə dost və ortaq Saakaşvilini “taxtdan endirən” qüvvə
kimi baxır. İki ölkə rəsmiləri arasındakı soyuq münasibətin kökündə bu
olsa gərək…
Gürcüstanda Azərbaycanın adı
keçən daha bir ilginc faktla qarşılaşdıq. Ökədə çalışan bir sıra
şirkətlər benzinin satış qiymətini endirsələr də, SOCAR dünyadakı
ucuzlaşma tendensiyasına “mətanətlə sinə gərir”. 
Gürcü
sürücülər deyirlər ki, SOCAR-ın məntəqələrinə yalnız qazla işləyən
maşınlar gedir. Çünki digər şirkətlər dünyada neftin ucuzlaşma
tendensiyasına uyğun olaraq, benzinin qiymətini aşağı salsalar da,
Azərbaycan şirkəti bu qaydalara uymur. Son bir ayda özəl yanacaqdoldurma
məntəqələri də daxil olmaqla, bir neçə şirkət benzinin qiymətini 80
tetri – təxminən 28 qəpik – ucuzlaşdırıb. Və sürücülər məmnundurlar. 
Bu
səbəbdən də SOCAR-ın yanacaqdoldurma məntəqələrini boş gördük.
Azərbaycanın o qədər də yüksək keyfiyyəti olmayan benzininin hər litri
üçün 80 tetri artıq ödəməyin nə mənası..?
Bununla
bağlı rəsmi statistika ilə maraqlanmadıq. Ancaq əminik ki, ən böyük
şəbəkələrindən biri Gürcüstanda olan SOCAR-da benzin satışının miqdarı
xeyli aşağı düşüb. 
Görünür, olay Azərbaycanın
daxilindəki durumla bağlıdır. Əgər SOCAR Gürcüstanda rəqabətə
davamlılığı artırmaq üçün benzinin satış qiymətini endirsə, Azərbaycanda
da bu siyasət tətbiq olunmalıdır. SOCAR-ın dirənişi buna görədir.
Benzindən
söz düşmüşkən, qısaca maşın məsələsinə də toxunaq. Gürcüstanda maşınlar
yenə ucuzdur. 7-8 min dollara çox yaxşı göstəriciləri olan maşınlar
almaq mümkündür. 
Ümumiyyətlə, ölkədə avtomobil
qiymətləri 2,5-3 min dollardan başlayır. Gürcüstanda dünyanın istənilən
ölkəsinin yeni və ikinci əl maşınlarını tapa bilərsiz. Avtomobillər
üçün ehtiyat hissələrinin qiymətləri isə o qədər ucuzdur ki, motor
“dağılanda” sürücü onu təmir etdirmir, yenisini alır. 
Azərbaycan
avtomobillər üçün gömrük qiymətlərini “kəllə-çarxa” çıxarandan
Gürcüstanda satış azalıb. Rustavidəki maşın bazarında minlərlə maşın öz
alıcısını gözləyir. Ancaq bu azalma Gürcüstan vətəndaşlarının
xeyrinədir. Çünki tələbat azaldığından qiymətlər bir qədər də enib.
Gürcüstanın
ən böyük problemi işsizlikdir. Turizm, genəldə xidmət sektoru istisna
olmaqla, ölkədə qazanmaq yeri çox azdır. Gürcüstanın iqtisadi potensialı
da yüksək deyil. Sənayenin, kənd təsərrüfatının inkişafı yalnız bir
neçə sahədə perspektiv kimi görünür. 
Yenə də
ümid Xəzər neftini dünya bazarına daşıyan Bakı-Tiflis-Ceyhan xəttinin
uzun illər aktuallığını itirməyəcəyinə, ölkədə əlverişli investisiya
mühiti yaradılması ilə turizmin inkişaf etdirilməsinədir. Əhali işsiz
olsa da, hökumət vətəndaşların və dövlətin rifahı üçün durmadan
işləyir. 
Aygün Muradxanlı (musavat.com)



















Short URL: http://www.cumhuriyyet.net/?p=15032

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728