Leyla Yunus almaniyalı həkimlər tərəfindən müayinə olunub
Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri
Leyla Yunusun səhhətində yaranan problemlər barədə xəbər vermişdik.
Aylar öncədən yayılan xəbərlərdə hətta hüquq müdafiəçisinin Yeni İlə
qədər sağ qalmayacağı da qeyd olunurdu.
Bütün bunlar cəmiyyət tərəfindən ciddi narahatlıqla qarşılanırdı.
Leyla Yunus təcridxanada öz vəsiyyətini belə, etmişdi. O, ölümündən
sonra anasının yanında dəfn olunmasını istəmişdi.
Belə xəbərləri əsasən, hüquq müdafiəçisinin vəkilləri və Leyla
Yunusun ehtiyacı olan əşyaları aparmaq səlahiyyətlərinə sahib psixoloq
Azad İsazadə öz açıqlamalarında cəmiyyətə çatdırırdılar. L.Yunusun
xaricdə yaşayan qızı Dinara Yunus da anasının səhhətindən narahat
olduğunu və onun hər an həyatını itirə biləcəyini qeyd edirdi.
Bütün bunları nəzərə alaraq, SDİ rəhbərinin son durumu ilə
maraqlandıq. Onun üçün təcridxanaya sovqat aparmaq səlahiyyətində olan
psixoloq Azad İsazadə dekabrın 29-da xaricdən gələn həkimlər tərəfindən
Leyla Yunusun müayinə olunduğunu bildirdi: “Dekabrın 29-da Almaniyadan
həkimlər gəlmişdi. Məncə, onlar Avropa İttifaqının dəvəti ilə
gəlmişdilər. Bizdə olan məlumata görə, onlar Azərbaycan həkimləri ilə
birlikdə Respublika Diaqnostika Mərkəzində Leyla Yunusun tam müayinəsini
ediblər. Onların sözlərinə görə, tam müayinə ilə yanaşı, qan analizi də
götürülüb. Həkimlər analizləri Almaniyada laboratoriyada müayinədən
keçirmək üçün özü ilə götürüblər. Ondan sonra hələ cavab yoxdur. Amma
özü danışıq zaman bildirir ki, səhhəti əvvəlki kimidir. Yəni o, özünü
yaxşı hiss eləmir. Həbsxanada qaldığı hər gün isə onun sağlamlığını
təhlükəli hala gətirir”.
Leyla Yunusun vəkili Elçin Qəmbərov yanvarın 9-da onunla görüşəcəyini
və bundan sonra hər hansı bir açıqlama verə biləcəyini bildirdi.
Qeyd edək ki, Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat
yoldaşı Arif Yunus da həbsdədir. O, avqustun 5-də tutulub. Onlar dövlətə
xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar.
Leyla Yunus Bakı İstintaq Təcridxanasında, Arif Yunus isə Milli
Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=15040