Azərbaycan üçün “savaşdan qayıdanlar” təhlükəsi

09.01.2015 - 13:41

Paris olayları da göstərdi ki,
radikal islamçıların Suriyadan geri qayıtması ölkə üçün təhlükə yaradır;
son həbslər bu təhlükəni neytrallaşdırmağa hesablanıb, amma
tutulmayanlar da var

Yanvarın 7-də Milli Təhlükəsizlik
Nazirliyi (MTN) əməkdaşları Bakıda əməliyyat keçirərək 10 nəfəri həbs
edib. Nazirliyin yaydığı rəsmi məlumatda qeyd olunur ki, saxlanılanlar
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların
yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş
sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri
ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində
şübhəli bilinir. 
Saxlanılan Mustafayev Elxan İsa oğlu, Rəsulov Bəhruz Aydın oğlu,
Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar
İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar
oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov
Ramil Urfan oğlu barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 28,
283-1.3-cü və 283-1.3-cü maddələri ilə cinayət işi açılıb.
Müəyyən edilib ki, Elxan Mustafayev, Bəhruz Rəsulov, Kamran Əzizov,
Nadir Əlixanov, Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu
Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə, Vidadi Sultani və Ramil
Aslanov 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının
ərazisinə gediblər. Orada həmin ölkənin və Azərbaycan Respublikasının
qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin
tərkibində radikal dini və hərbi təlimlər keçmiş, müxtəlif növ odlu
silahdan istifadə qaydalarını öyrəniblər. 
Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində
həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər. 
Qeyd edək ki, Azərbaycanda Suriyada savaşlara qatılan ölkə
vətəndaşları ilə bağlı narahatlıq ötən ilin əvvəlində radikal islamçı
qruplaşmalar arasında savaş başlayandan sonra yaranıb. 2014-cü ilin
yanvarın 3-də Suriyada İŞİD və “ən-Nusra” qruplaşmaları arasında qanlı
savaşlar başlayıb və hər iki qruplaşmada azərbaycanlılar olduğundan
azərbaycanlıların ölüm xəbərləri artıb. Bundan sonra hökumət, rəsmi
qurumlar və Qafqaz müsəlmanları İdarəsi səviyyəsində Suriyaya savaşa
qarşı çağırışlar ediblər. Eyni zamanda Milli Məclis Cinayət Məcəlləsinə
xarici ölkələrdə qeyri-qanuni birləşmələrə qoşulanlara ağır cəza nəzərdə
tutan maddə əlavə edib.
Ehtimal olunur ki, Azərbaycandan Suriyaya, indi isə İraqa (daha
əvvəl Pakistan və Əfqanıstana, o cümlədən Çeçenistana) gedərək radikal
qruplara qoşulan radikal dindarların sayının çoxalması hakimiyyəti
narahat edir. Çünki 2003-cü il, eləcə də 2008 və 2012-ci illərdə baş
verən hadisələr göstərdi ki, bir qayda olaraq xarici ölkələrdə silahlı
qruplara qoşulanlar sonradan Azərbaycana qayıdır və bir çox hallarda
silahlı terror hücumlarda iştirak edirlər və problemə çevrilirlər. Son
illərdə Yaxın Şərqdə baş verən savaşlara qoşulan şəxslərin sayının çox
olması Avropa ölkələrini də narahat edir. Artıq bir sıra Avropa ölkəsi
Yaxın Şərqdə terror qruplarına qoşulan şəxsləri həbs edir və ya
vətəndaşlığını ləğv edir. 
Azərbaycan hökuməti qanunları sərtləşdirib, bundan başqa ölkəni
tərk edərək Suriyaya getmək istəyənlər bir çox hallarda sərhəddən geri
qaytarılır və ya Türkiyədə həbs edilərək geri göndərilir. Ancaq bütün
bunlara baxmayaraq vaxtaşırı mətbuatda ölkə vətəndaşlarının radikal
qruplara qoşulmaq üçün Suriyaya getməsi xəbərləri yayılır. Son olaraq
ötən il sentyabrın 23-də həyata keçirilən anti-İŞİD əməliyyatı zamanı 26
nəfər yaxalanmışdı. Bundan başqa bir qədər əvvəl Zərdabda Suriyada
döyüşlərə qatılmış ölkə vətəndaşı məhkəmə hökmü ilə cəzalandırılıb. 
Son olaraq Parisdə baş verən terror hücumunun Suriyada döyüşlərdə
iştirak etmiş iki qardaş tərəfindən törədilməsi bir daha Yaxın Şərqdən
qayıdanlar təhlükəsini aktuallaşdırır. Fərqli ideologiyanın daşıyıcısı
olan, ətrafdakı bütün dəyərləri heçə sayan və onları məhv etməyə hazır
olan bir düşüncənin daşıyıcıları istənilən ölkə üçün təhlükəlidir.
Azərbaycanda aparılan son həbslərin həm də sadə bir məntiqi var. Ökədə
çoxlu sayda, həbs olunanlardan daha çox həbsdə olmayan var. Bu isə
təhlükənin xeyli dərəcədə real olduğunu göstərir.  

Short URL: http://www.cumhuriyyet.net/?p=15098

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728