Bu gün Bakı
Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetində
aşkarlanmış maliyyə pozuntuları ilə bağlı açılan cinayət işi üzrə
məhkəmə prosesi yekunlaşıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Səbuhi Cəfərov 4 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib. Digər şəxslər barəsində isə 3 il müddətinə
şərti cəza seçilib.
Qeyd edək ki, dövlət ittihamçısı Səbuhi Cəfərovun 8 , digər
təqsirləndirilən şəxslərin isə 3 il müddətinə şərti olaraq azadlıqdan
məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Azərbaycan Hesablama Palatasının 2012-ci il sentyabrın
19-da yaydığı məlumatda bildirilir ki, Palatanın son kollegiya iclasında
dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən В«TəhsilВ» bölməsi üzrə
Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin
proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri
müzakirə olunub.
Həmin il sentyabrın 24-də Azərbaycan Respublikası Baş Prokurorluğu
da bununla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan
Dillər Universitetinin 2007-2012-ci illəri əhatə edən dövrün dövlət
büdcəsindən ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin
istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama
Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya
qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən
təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq
saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə
maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin
bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək
haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan
şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul
vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf
etmə yolu ilə talanıb.
Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında
müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri
tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət
vəsaiti mənimsənilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor Elsevər Həmidzadə və
universitetin daha 4 əməkdaşı, həmçinin Səbuhi Cəfərov təqsirləndirilən
şəxs qismində istintaqa cəlb edilib. İbtidai istintaq və məhkəmə zamanı
təqsirləndirilən şəxslərdən yalnız Səbuhi Cəfərov barəsində həbs qərarı
çıxarılıb.
Cinayət işi başlayandan sonra isə E. Həmidzadə vəzifəsindən azad olunub.
Səbuhi Cəfərov universitetdə işləməyib. O, universitetə kompüter və digər texniki vasitələrin satışını həyata keçirib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf
etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü
(vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.(apa.az)