Müsəlmanların “əl işi”, yoxsa Qərbin yeni “11 sentyabr”ı?
Fransanın
“Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən hücum
nəticəsində 2-si polis olmaqla 12 nəfər öldü. Ekspertlər artıq
proqnozlarını da verməyə başlayıblar: terror aktı birbaşa olaraq
müsəlman dünyasını əhatəyə alan çox ciddi və təhlükəli proseslərin
başlanğıcı olacaq. Təsadüfi deyil ki, terror aktı xarici medialarda gedən analitik
şərhlərdə “Fransanın 11 sentyabrı” kimi dəyərləndirilir. 2001-ci il 11
sentyabr tarixində Nyu-Yorkdakı əkiz qüllələrin partladılmasından sonra
hansı proseslərin baş verdiyi, dünyanın necə dəyişildiyi barədə çox
danışmaq lazım deyil. Əfqanıstan, İraq, Suriya, Liviya, Yəmən, Misir,
Afrikanın bir çox ölkələrində minlərlə başların kəsilməsi, Türkiyənin
özündə belə bu gün də partladılan bombalar 11 sentyabrın
“məhsulları”dır.
11 sentyabr hadisələri və partlayışın kimlərin törətməsi ilə bağlı
fikirlər birmənalı deyil. Hadisələrin arxasında məhz Amerika xüsusi
xidmət orqanlarının dayanması barədə şübhələr elə ilk gündən baş
qaldırıb və ötən müddət ərzində bu hadisədən irəli düşənlərin ABŞ başda
olmaqla, Qərb dünyasının olması da buna əminliyi bir qədər də artırıb.
Təbii ki, ABŞ-dakı faciə, eləcə də Parisdəki terror aktının arxasında
dayanan qüvvələrlə bağlı konkret iddia irəli sürməkdən uzağıq. Amma
əminliklə iddia etmək olar ki, terror aktının nəticələrindən məhz Qərbin
geosiyasi maraqlarının həyata keçirilməsi üçün istifadə olunacaq.
Avropada islamafobiyanın səviyyəsi hər keçən gün artır. Terror aktı
isə islamofobiyanın “köhnə qitə”də daha da artmasına təkan verəcək. Ötən
ilin son günlərində İsveçdə bir-birinin ardınca bir neçə məscid
yandırıldı. Ötən həftə isə Almaniyada “islamlaşma” əleyhinə nümayişlərə
yüz minlərlə insan çıxdı. “Vətənpərvər Avropalılar Qərbin İslamlaşması
Əleyhinə” qrupu ötən ilin oktyabr ayından bəri Drezden şəhərində hər
həftə belə nümayişlər təşkil edir. Oxşar nümayişlər bundan daha əvvəl
Avropada islamafobiyanın mərkəzlərindən sayılan İsveçrədə keçirildi.
Parisdəki terror aktını törətməkdə şübhəli sayılanların da müsəlman
olması anti-islam şüarları ilə küçələrə çıxanların sayını milyonlara
yüksəldəcək. Təbii ki, bu, siyasətini daim anti-islam bəyanatları
üzərində quran avropalı siyasətçilərinin dilini daha uzun edəcək və
müsəlmanlara qarşı yeni hücum başlanılması üçün onlara əlavə güc
verəcək. Bir sözlə, “Charlie Hebdo” jurnalının redaksiyasına edilən
hücum “köhnə qitə”də müsəlmanlara qarşı elan edilməmiş müharibənin yeni
dalğasını yaradacaq.
Bu müharibədə edilən ilk hücumları da artıq görürük. Dünən Fransada
bir necə məscidə hücum edilib. Ökənin qərbində yerləşən Le-Man
şəhərində məscidin həyətinə dörd qumbara atılıb. Ökənin cənubundakı
Por-la-Nuvel şəhərində isə naməlum şəxslər məsciddəki namaz zalına atəş
açıblar. Xoşbəxtlikdən, atəş zamanı zalda heç kim olmayıb. Bundan əlavə,
ölkənin şərqindəki Vilfranş-sür-Son şəhərində də məscid yaxınlığındakı
kafe partladılıb. Bu hadisənin də müsəlmanlara qarşı hücumların bir
hissəsi olduğu istisna edilmir.
Terror aktının baş verdiyi gün Rusiyanın “YUKOS” neft
şirkətinin keçmiş sahibi, keçmiş oliqarx Mixail Xodorkovski kütləvi
informasiya vasitələrini Məhəmməd peyğəmbərin karikaturalarını dərc
etməyə çağırması da müsəlmanlara qarşı müharibədə yeni dalğanın bir
hissəsi idi. Utancverici haldır ki, Qərbin bir sıra KİV-lərində Məhəmməd
peyğəmbərin karikaturaları dünən yenidən çap olundu. Karikaturalar
“Business Insider”, “Huffington Post”, “CNN Money” kimi Amerika
nəşrlərində dərc edildi. “Daily Beast” saytında isə “Charlie Hebdo”nun
16 ən qalmaqallı karikaturası ilə slayd yerləşdirilib. Karikaturaları
“Deutsche Welle” başda olmaqla Almaniyanın bəzi qəzetləri yenidən çap
edib. Hər halda, xristian dünyasının müsəlmanlara qarşı səfərbərliyini
təşkil etmək üçün Parisdəki terror aktından daha yaxşısını tapmaq çətin
olardı.
Qeyd edək ki, Qərbdə koalisiya təyyarələrinin İraq və Suriyaya
yağdırdığı bombaların İŞİD və yaxud “Əl-Qaidə” deyil, məhz İslam
dünyasının üzərinə atılan bombaların olduğuna inananlar kifayət
qədərdir. Amma Parisdəki terror aktı bu fikirdə olanları da yenidən
düşünməyə məcbur etdi. Hadisədən sonra yayılan informasiyalardan birinə
diqqət yetirək. “Charlie Hebdo”nun karikaturaçılarından biri Korinne
Reyin sözlərinə görə, redaksiyaya hücum edən silahlılar ona redaksiyanın
qapısını açdıraraq “Biz “Əl-Qaidə”yik” deyiblər. İŞİD-in isə verdiyi
bəyanatda “hücumu “İslam Dövləti”nə simpatiya bəsləyənlər edə bilər”
deyilir.
Terror aktında İŞİD və “Əl-Qaidə”nin adının hallanması Fransa və ABŞ
başda olmaqla bir sıra dövlətləri təxirə salınmış strateji məqsədlərinə
yaxınlaşdırır. Fransa prezidenti Fransua Ollandın bir neçə gün bundan
əvvəl “Suriyaya 2013-cü ildə kimyəvi silah istifadə edilərkən müdaxilə
etmədiyimiz üçün peşmanam. Müdaxiləmiz reallaşmadı və indi də qarşımızda
İŞİD terroru var. İŞİD-in isə Əsəd rejimi ilə əlaqəsi olduğundan
şübhələnirik” demişdi. Qərb 2013-cü ildə neft və qaz satışından
milyardlar qazanan Rusiya qarşısında geri çəkilərək Əsədi vurmaq
fikrindən vaz keçməli olmuşdu. İndi isə Rusiya iflas həddindədir,
Putinin son vaxtlar səsi çıxmır və mümkün qədər az görünməyə çalışır.
Çox güman ki, ABŞ-ın “Əl-Qaidə” lideri Üsamə Bin Ladenin arxasınca
gedərək Əfqanıstanı işğal etməsi kimi, Ollandın da “hücumu “İslam
Dövləti”nə simpatiya bəsləyənlər edə bilər” deyərək İŞİD-in arxasınca
İraq və Suriyaya getməsi hazırkı situasiyada problem olmamalıdır.
Fransa jurnalının əməkdaşlarına qarşı törədildiyi iddia olunan terror
aktının əslində əvvəlcədən hazırlanmış tamaşa olduğuna dair iddialar
səslənir. Məsələn, “Free Gaza” hərəkatının sözçüsü Qreta Berlin
Parisdəki terror aktının İsrailin kəşfiyyat təşkilatı “Mossad”
tərəfindən həyata keçirildiyini iddia edib. Onun sözlərinə görə, terror
aktı “Mossad” təşkilatının bir müddət əvvəl Fələstinlə Fransa arasında
imzalanmış sazişinə cavabıdır: “Axı İsrail Fransaya xəbərdarlıq edirdi
ki, Fələstinin müstəqilliyinə səs verəcəkləri halda bunun ciddi
nəticələri olacaq. Hətta dördyaşlı uşağa da aydındır ki, bu dəhşətli
hücuma görə kim məsuliyyət daşıyır”. Analoji bəyanat Rusiyadan da
verilib. Geosiyasi Problemlər Akademiyasının prezidenti, istefada olan
general-polkovnik Leonid İvaşov “IslamNews” saytında dərc edilən
şərhində terror aktına görə ABŞ və İsraili ittiham edib. “Biz görürük
ki, bu gün Avropa müxtəlif səbəblərdən İsrailə qarşı dayanır. ABŞ və
onun müttəfiqi İsrailin Yaxın Şərqdə hərəkətləri Avropaya qaçqınların
axınını yönəldir. Buna görə də avropalılar ABŞ və İsraildən narazıdır.
Fələstinin müstəqil dövlət kimi tanınması isə ABŞ və İsrailə zərbədir”, –
general bildirib.
Təbii ki, Fransa və digər Qərb ölkələri bu iddiaları qəbul etməkdən
uzaqdır və terror aktının sırf müsəlmanların “əl işi” olduğunu
bildirirlər. Amma Ollanda başsağlığı mesajları göndərən Qərb liderləri
terror aktı baş verən gün ən yaxşı cavab elə Qərb ölkəsindən gəldi.
İspaniyanın ən məşhur aktyorlarından olan Villi Toledonun Parisdə
törədilən terror aktı ilə bağlı açıqlaması ölkəni silkələdi. Toledo
sosial şəbəkədə paylaşdığı mesajlarında terror aktının arxasında
milyonlarla adamı öldürən Qərbin dayandığını bildirib. “Siz heç bir
səs-küy çıxarmadan milyonlarla adamı öldürürsünüz, onların bu hadisələr
qarşısında səssiz qalacağınımı düşündünüz?” – o deyib. Pentaqon və
NATO-nun hücumlarının ölkələri belə yox edəcək səviyyəyə çatdığına
diqqət çəkən aktyor Parisdəki terror aktını lənətlədiyini, amma hər
kəsin yaxşı-yaxşı düşünməli olduğunu ifadə edib. Qərb həqiqətən
düşünməlidir: Niyə onların paytaxtlarında, böyük şəhərlərində törədilən
terror aktlarının arxasından müsəlmanlar çıxır? Cavab çox sadədir: Ta
səlib yürüşlərindən başlayaraq islam dünyasına edilən hücumlar, dinc
insanların başlarına “səhvən” tökülən bombaların nəticəsində yığılan
nifrət hissinin zaman-zaman boşalmasına ehtiyac var. Amma Parisdəki
terror aktı ilə bağlı hələ heç nə dəqiq deyil: Hücum doğrudanmı sırf
müsəlmanların “əl işi”dir, yoxsa Qərbin yeni “11 sentyabr” taktikası? (publika.az)
Ömər Dağlı
Short URL: http://www.cumhuriyyet.net/?p=15112