Hafka ilə nazir oğlunun “Lans” davası qızışır
“Lans”ın nəzarət səhm paketinin hazırkı
sahibinin kim olduğunun açıq qalır; Klubun prezidenti məsələni aydınlaşdırmaq üçün
Bakıya gəlir
Səhmlərinin üçdə ikisi azərbaycanlı
oliqarx, “Baghlan Group” şirkətinin prezidenti Hafiz Məmmədova məxsus
olan Fransanın “Lans” futbol klubu ətrafındakı qalmaqal yeni mərhələyə
daxil olub. Fransa KİV-ləri “Lans”ın nəzarət səhm paketinin hazırkı
sahibinin kim olduğunun açıq qaldığını yazır. “Lans” prezidenti Jerve
Martel isə jurnalistlərə bildirib ki, məsələni aydınlaşdırmaq üçün
Bakıya gəlir.
Xəbər verdiyimiz kimi, ötən ay
azərbaycanlı oliqarx Anar Məmmədov “Lans”ın futbolçu transferi hüququ
əldə etməsi üçün lazım olan məbləği – 2,5 milyon avronu Hafiz Məmmədovun
əvəzindən “Point to Point” offşor şirkəti üzərindən klubun bank
hesabına köçürüb. Jerve Martel bəyan edib ki,
bağlanmış müqavilənin şərtinə əsasən əgər Hafiz Məmmədov borc kimi
verilən həmin məbləği dekabrın 31-nə qədər qaytarmasa, “Lans”ın
səhmlərinin üçdə ikisi Anar Məmmədovun mülkiyyətinə keçəcək. Başqa sözlə
desək, Hafiz Məmmədovun 20 milyon avroya aldığı səhm paketini nəqliyyat
nazirinin oğlu cəmi 2,5 milyon avroya sahiblənmiş olacaq.
Lakin
əsl qalmaqal bu xəbərlərin yayılmasından sonra başladı. H.Məmmədov
virtualaz.org saytı vasitəsilə qalmaqallı bəyanatla çıxış edərək
bildirdi ki, o, sözügedən müqaviləyə imza atmayıb və “Lans” klubunun
səhmlərinin başqa investora keçməsinə dair heç bir hüquqi razılaşma
yoxdur. Fransa
KİV-ləri isə xəbər verdi ki, 2,5 milyon avronun ödənilməsinə dair
müqavilədə H.Məmmədovun imzası saxtadır və Fransanın Peşəkar Klublara
Nəzarət Komissiyası (DSNJ) bu məsələni araşdırır.
Beləliklə,
əgər müqavilə həmin şərtlə imzalanmışdısa və orada H.Məmmədovun imzası
yer alırdısa, o zaman yanvarın 1-dən etibarən “Lans”ın nəzarət səhm
paketinin hüquqi sahibi Anar Məmmədov olmalı idi. Bu
baxımdan Fransa mediası yanvarın 1-i olan kimi aşağıdakı suala cavab
axtarmağa çalışdılar: “Lans”ın sahibi kimdir: Anar, yoxsa Hafiz
Məmmədov? Və həmin suala heç kim aydın cavab verməyib.
“La
Voix du Nord” qəzetinin yazdığına görə, heç Jerve Martel özü də bu
sualın cavabını bilmir. Martel yanvarın 8-də jurnalistlərə bildirib ki,
məsələni aydınlaşdırmaq üçün bu həftənin sonunda Bakıya yollanacaq.
Səfərin məqsədi “Lans”ın səhmdarının Anar, yoxsa Hafiz Məmmədov olduğunu
aydınlaşdırmaqdır.
J.Mertelin sözlərinə görə, iki Məmmədovdan biri klubun maliyyə gələcəyini həll edəcək. Qəzet
xatırladır ki, dekabrda Azərbaycan hökumətinin “Lans”ın problemini
nəqliyyat nazirinin oğlunun vasitəsilə həll etdiyi haqda xəbərlər
yayılmışdı. Lakin H.Məmmədov qəzəbli bəyanat yayaraq “mən belə müqavilə
imzalamamışam” dedi. “Lans” isə bu gözlənilməz dönüşlə bağlı susmağa
üstünlük verdi.
“Lans”ın büdcəsinə Anar
Məmmədov tərəfindən 2,5 milyon avronun ödənilməsinə dair bağlanmış
müqavilədə imza atan tərəflərdən biri olan Jerve Martel bu vaxta qədər
nə H.Məmmədovun imzasının saxta olduğu haqda iddialara, nə də klubun
sahibinin Hafiz, yoxsa Anar Məmmədov olduğuna aydınlıq gətirməyib.
“Mən
hər şeyi aydınlaşdırmaq ümidi ilə Bakıya gedirəm. Bu, klubun gələcəyi
üçün çox mühümdür. Bizim sahibimiz kimdir? Bu, Hafiz də ola bilər, Anar
da, bir başqası da. Mən hələ heç nə bilmirəm, heç nə bitmiş hesab
edilmir…Mənim əlimdə bütün məlumatlar var, ancaq sizə heç nə deyə
bilmərəm” – deyə J.Martel jurnalistlərə bildirib.
J.Martel
deyib ki, DSNJ iki məsələyə cavab verilməsini gözləyir: klubun
mülkiyyətçisinin kim olduğuna real olaraq aydınlıq gətirilsin, həmçinin
kluba mövsümü başa çatdırmaq üçün lazım olan 10, yaxud 14 milyon avro
ödənilsin. “Biz Bakıdan DSNJ-nin bu suallarına dəqiq cavab gətirmək üçün səy göstərəcəyik” – J.Martel bildirib. “L’Equipe”
jurnalı isə yazıb ki, DSNJ “Lans”a 14 milyon avronun ödənilməsi üçün
son müddət kimi yanvarın 31-dək vaxt verib. Əgər bu vəsait həmin vaxta
qədər ödənilməsə, “Lans” çıxılmaz vəziyyətdə qalacaq və yüksək liqadan
çıxarılacaq.
Jurnal klubun sahibinin Hafiz,
yoxsa Anar Məmmədov olduğunu heç Jerve Martelin də bilmədiyini də
xatırladır. Bu baxımdan klubun düşdüyü mürəkkəb vəziyyətin daha da
qəlizləşdiyini qeyd edir. (virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=15121