Xaricdə təhsil alan tələbələr kəşfiyyata işləyir?

10.01.2015 - 00:19


 

Xaricdə
təhsil alan gənclərin ölkəyə qayıtması bir problem, onların istədikləri əmək
haqqı ilə iş tapmaları digər problemdir. Bu problemlərin üzərinə son illər biri
də əlavə olunub. Xaricdə təhsil alan gənclərimizin həmin ölkələrin
kəşfiyyatının agenti olmasına dair şübhələr, hazırda bir çox iş yerlərini
onlarla ehtiyatlı rəftar etməyə vadar edir. Hətta nə qədər savadlı, intellektli
olsalar da, çox vaxt bu gənclərə iş verməkdən çəkinirlər. Amma o da məlumdur
ki, son illər istər dövlət xətti, istərsə də ailəsinin maddi imkanı sayəsində
xarici ölkələrdə yüzlərlə gəncimiz təhsil alıb. Dövlət xətti ilə təhsil alanlar
qarşısında qoyulan tələb belədir ki, onlar mütləq 5 il vətənlərində
işləməlidirlər. Amma özəl xətlə xaricdə oxuyanlar üçün belə bir tələb
olmadığından onlar iş axtaranda ya təhsillərinə layiq iş yeri tapmırlar, yaxud
qeyd etdiyimiz kimi onlardan şübhələnirlər.

Xaricdə
təhsil üzrə ekspert Mürsəl Əliyev deyir ki, xaricdə oxuyan gənclərə hansısa ölkənin kəşfiyyat
orqanlarının xəfiyyəsi kimi yanaşmağın bir sıra səbəbləri var: “Bizim ölkə
yeni müstəqil olub və demək olar ki, bu məsələ yeni bir anlayışdır.Bu səbəbdən
də istənilən başqa sistemdən ehtiyat edilir. Əlbətdə, xaricdə təhsil alanlar arasında
agent kimi çalışanlar var. Bu, istisna deyil. Bəzən insanlar özləri bilmədən də
oxuduğu ölkənin xüsusi xidmət orqanlarının əlində alətə çevrilirlər. Amma bunu
xaricdə təhsil alan bütün gənclərə aid etmək olmaz.”
O da var ki, gənclər təhsil aldığı ölkəyə xac xarakeri də orada
mənimsədiyindən, Azərbaycana gələndə bu, müəyyən qədər qəribə görünür: “Bir
neçə il öncə BP-nin təşkili ilə xaricdə təhsil alan azərbaycanlı gənclərlə
görüş zamanı müxtəlif ölkələrdə təhsil alan gənclər bir-bir səhnəyə çıxıb çıxışlar
etdilər. Elə o zaman fərqi əyani şəkildə hiss elədim. Türkiyədən gələn tələbə
pafoslu, alovlu çıxış edirdi. Amerikadan olan tələbə səhnədə gəzir və
zarafatlaşırdı. İngiltərədən olan isə sakit tərzdə özünü ifadə etməyə
çalışırdı.”
Bəzən bu kimi hallar da belə gənclər haqqında müəyən yanlış qənaətə gəlməyə
imkan verir. Amma əslində bu o demək deyil ki, həmin gənclər hansısa ölkənin
kəşfiyyat sisteminin adamlarıdır. Bunu yoxlamaq dövlət üçün elə də çətin deyil.
Bir məsələ var ki, burada necə deyərlər, yaş da qurunun oduna yana bilər.

Hazırda
dövlət xətti ilə xaricdə 3000-dən çox azərbaycanlı tələbə təhsil alır. Onlar
Azərbaycan hökumətinin müəyyən etdiyi prioritet ixtisaslara göndərilərkən, çox
ciddi seçim prosesindən keçirlər. Təhsil nazirliyi tərəfindən seçilənlərin
sənədləri Prezident Adminstrasiyasına təqdim edilir və təsdiq olunandan sonra
həmin tələbələr dünyanın seçilmiş universitetlərinə təhsil almaq üçün
göndərilirlər. “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev
Analitik.az-a bildirdi ki, ona görə də xaricdə oxuyanların bu və ya digər
cərəyanlara, Azərbaycanın əleyhinə olan qruplara qoşulması problem yarada
bilməz. “Ola bilər ki, bir neçə nəfər müstəsna hal kimi bu kimi
məsələlərə qoşulsunlar. Əgər belə hallar baş verərsə, onlar haqqında da təcili
tədbirlər görülür.”

Son
dövrlərdə bu məsələlərin çox ciddiləşdiyini qeyd edən E. Əliyev bir sıra mühüm
məqamlara da toxundu: “Bir mühüm məsələni qeyd edim ki, humanitar ixtisaslar
üzrə prioritetlər hazırda ləğv olunub. Artıq humanitar ixtisaslar üzrə
tələbələr xaricə göndərilmir. Humanitar ixtisaslar üzrə göndərilən tələbələrdə
bu meyl daha çox özünü biruzə verirdi. Hesab edirlər ki, təbiət elmləri ilə
bağlı ixtisaslarda təhsil alan tələbələrdə bu hal baş vermir. Bir tərəfdən də
Azərbaycanın ali məktəblərində kifayət qədər humanitar sahələr üzrə
mütəxəssislər hazırlamaq üçün şərait var. Odur ki, dövlət tərəfindən göndərilən
tələbələrdən bir o qədər şübhələnməməlidirlər. Öz maddi imkanı sayəsində
oxumağa gedənləri də yoxlamaq çətin deyil.”
Bu səbəblərdən onların vətəndə isti qarşılanmaması, eyni zamanda az əmək haqqı
olan işlərdə işlədilməsi, sonda Azərbaycandan getmələri ilə nəticələnir.
Ekspert əslində bu gənclərin daha yüksək əmək haqqı olan işlərlə təmin
olunmasının vacibliyindən danışdı: “Aparıcı ali məktəbləri- Harvard,
Oksford, Sorbona kimi ali təhsil müəssisələrinin bitirib, bizim mütəxəssislər
qədər əmək haqqı ilə işləmək mümkün deyil. Düşünürəm ki, xaricdə təhsil alıb
gələn tələbələr işlə təmin olunarkən onlara yerli mütəxəssislərə nisbətən 5-6
dəfə çox əmək haqqı verməlidirlər.”

2011-2012-ci
tədris ilində Böyük Britaniyanın Şeffild Universitetində siyasi elmlər
fakültəsinin “Qloballaşma və İnkişaf” ixtisası üzrə magistr təhsili
alan Samir Hüseynov isə deyir ki, əmək haqqı bir yana, çox vaxt təcrübə
tələbinə görə onların işin tapması çətinləşir: “Təhsilimi bitirəndən sonra
iş təklifi aldım. Mənim üçün təcrübə önəmli olsa da, hərbi xidmətə getməyim
məni geri saldı. Hərbi xidməti bitirdikdən sonra BMT-nin Azərbaycan bölməsində
3 aylıq təcrübə proqramı keçdim. Orada qalıb işləməyimə isə orada maliyyə
probleminin olması səbəb oldu. Sonra isə İDEA ictimai birliyində PR assistent
kimi işlədim. Hazırda isə SOS Uşaq Kəndləri Assosiasiyasının Sumqayıt üzrə
proqram koordinatoru vəzifəsində çalışıram. Bir məsələni də qeyd edim ki, indi
hamısı istəyir ki, təcrübəli insanları işə götürsün. Çox nadir hallarda
təcrübəsi olmayan adamlar özünə iş tapa bilirlər.”

Short URL: http://www.cumhuriyyet.net/?p=15131

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728