Azərbaycan milyardlar itirəcək

10.01.2015 - 10:33

İqtisadçı ekspertlərin proqnozları hökumətin vədlərini alt-üst edir


Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatının 95 faizi neftdən asılı
vəziyyətdədir. Azərbaycan hakimiyyəti uzun illər ərzində qeyri-neft
sektorunun inkişafında maraqlı olmayıb və neftdən gələn milyardlar
hesabına manevr ediblər. Neftdən asılı olan ölkələr üçün neftin
qiymətdən düşməsi ağır zərbədir. Tendensiya onu göstərir ki, neftin
qiymətinin düşməsi davam edəcək. Deməli, Azərbaycan bu mərhələdə ağır
itkilərə məruz qalacaq. Amma hakim komanda mənsubları bunu inkar edir. Onlar
bildirir ki, neftin qiymətinin düşməsi ölkəyə heç bir mənfi təsir
göstərməyəcək. Yəni, ölkə iqtisadiyyatı və vətəndaşlar bu mərhələdən
gülə-gülə çıxacaq. 

Ilham Əliyev həmişəki kimi reallıqları təkzib etməkdə israrlıdır.
Iqtisadçı ekspertlər isə real vəziyyətin acınacaqlı olduğunu söyləyir.

Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin eksperti Rövşən
Ağayev sosial şəbəkədə 2015-ci ilin mümkün “büdcə ssenariləri”nə
toxunub. Iqtisadçı qeyd edir ki, “Büdcə sistemi haqqında” Qanuna görə,
əmək haqqı, pensiya, sosial müavinətlər və ödəniş, dövlətin daxili və
xarici borclarına xidmətlə bağlı xərclər müdafiə olunan xərclərdir və bu
xərclərə büdcə ili ərzində ixtisar tətbiq oluna bilməz: “2015-ci ildə
bu xərclərin ümumi məbləği təxminən 6.3 milyard manatdır: Öz növbəsində
əmək haqqı xərcləri 3.4 milyard manat, sosial müdafiə xərcləri 1.8
milyard manat, dövlət borclarının ödənilməsi ilə bağlı xərclər 1 milyard
manat. Deməli, neftin ehtimal olunan ən aşağı qiyməti şəraitində belə
hökumət 21.1 milyardlıq büdcə xərcinin 6.3 milyard manatını (30 faizi)
mütləq maliyyələşdirməlidir”.

R.Ağayev neftin qiymətinin hazırkı 50-55 dollar intervalında rəqs
eləcəyi təqdirdə hökumətin yerdə qalan və müdafiə olunmayan 14.8
milyardlıq büdcənin ixtisarına gedib-getməyəcəyi sualına cavab axtarmağa
çalışıb: “Iki ssenari var: Birincisi, 2015-ci il ərzində neftin qiyməti
hazırkı səviyyədə qalır və hökumət dövlət büdcəsi ilə bağlı xərclərini
də olduğu kimi saxlayır. Bu halda Neft Fondunun büdcəsi
proqnozlaşdırılan 10.2 milyard manat gəlirə qarşı ən yaxşı halda 6
milyard manat gəlirə malik olur. Hökumət isə büdcəyə Fonddan köçürülməli
olan 10.3 milyard manatı tam ödəmək üçün Fondun əvvəlki illərdə
formalaşan ehtiyatlarından da əlavə olaraq 4 milyard manat dövlət
büdcəsinə cəlb edir. Ikincisi, il ərzində neftin qiyməti indiki həddə
qalır və hökumət müdafiə olunmayan 14.8 milyardlıq hissə hesabına
xərclərdə ixtisar aparır, uyğun məbləğdə Neft Fondunun transfertlərinin
həcmi də azaldılır və Fondun ehtiyatlarına əl atmağa ehtiyac qalmır.
Kritik vəziyyətlərdə ixtisar üçün hökumətin manevr imkanları var. Bu da
onunla bağlıdır ki, dövlət büdcəsinin çox kiçik hissəsi – cəmi 25 faizi
“toxunulmaz fond” adlandırılan əmək və sosial müdafiə xərclərinin payına
düşür. Indi aydın görünür ki, son 10 ildə hökumət büdcəni 8 dəfə
artıranda daha çox toxuna biləcəyi xərclərə pay ayırıb ki, geri
çəkilməyə meydançası olsun”, – deyə iqtisadçı ekspert bildirir.

Deməli, hökumət müdafiə olunmayan hissənin hesabına vəziyyətdən
çıxmağa cəhd edəcək. Bəs bu neftin mənfi təsiri deyil? Minlərlə insanın
ixtisara düşməsi, tikintilərin dayandırılması, tikinti materialları
bazarında  alış-verişin dayanması, sürücülərin işsiz qalması və s.
əhalinin zərbə alması deyilmi?

“Neftin qiymətinin ucuzlaşmasından ARDNF-in itkiləri yaxşı halda 6
milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola
bilər”. Bu fikirləri isə iqtisadçı-ekspert Qubad Ibadoğlu özünün
“Facebook” səhifəsində bildirib.

Iqtisadçı yazıb ki, bu il Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilat
ötən ilki səviyyəsində qalarsa, dünya bazarında UK Brent xam neftinin 1
barelinin qiyməti 2015-ci ildə pis ssenari üzrə orta hesabla 40 dollar
olarsa, Dövlət Neft Fondu (DNF) 3 milyard 714 milyon, orta ssenari üzrə
50 dollar olarsa, 4 milyard 704 milyon, yaxşı ssenari üzrə 60 dollar
olarsa, 5 milyard 942 milyon ABŞ dollarlıq mənfəət neftinə sahib ola
bilər: “Bu isə o deməkdir ki, ötən illə müqayisədə Dövlət Neft Fondunun
gəlirləri il ərzində 1 barelin qiyməti 40 dollar olarsa, 9 milyard 116
milyon, 50 dollar olarsa, 7 milyard 586 milyon, 60 dollar olarsa, 6
milyard 348 milyon ABŞ dolları azala bilər. Yəni DNF-nin neftin
qiymətinin ucuzlaşmasından itkiləri yaxşı halda 6 milyard 348 milyon,
pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola bilər. Nəzərə alsaq
ki, ARDNF-in bu il ərzində yalnız dövlət büdcəsi qarşısında öhdəliyi 10
milyard 388 milyon manat və ya 13 milyard 233 milyon ABŞ dollarıdır,
onda Fondun cari ildəki gəlirləri yalnız büdcəyə nəzərdə tutulan
transfertin pis halda 28 faizini, orta halda 35,5 faizini, yaxşı halda
isə 47,9 faizini ödəyə bilər. Yerdə qalan vəsaitlərin
maliyyələşdirilməsi üçün yeganə mənbə Fondun aktivləridir”.

Q.Ibadoğlunun fikrincə ARDNF aktivlərdən istifadə zamanı əlavə
cərimələrlə üzləşə bilər: “Aktivlərin müxtəlif banklarda və bazarlarda
yerləşdirildiyini nəzərə alsaq, o halda onun idarəedilməsi siyasətində
indidən dəyişikliklər aparılmalıdır. Əks tədqirdə lazım olan sərbəst
vəsaitin büdcəyə və digər strateji layihələrə yönəldilməsi vəsaitlərin
idarəedilməsinə dair mövcud müqavilələrin pozulmasına, bu səbəbdən də
əlavə cərimə və itkilərə səbəb ola bilər. Odur ki, təklif edirəm ki,
ARDNF 2015-ci il üçün aktivlərinin idarəedilməsi siyasətində
dəyişikliklər aparmalı, sabitləşdirmə funksiyasını təmin edə biləcək
vəsait mənbələri formalaşdırmalıdır ki, onun təyinatı üzərində istənilən
zaman sərbəst sərəncam vermək imkanı yaransın”.

Hər iki ekspertin ortaya çıxardığı faktlar göstərir ki, neftin qiymətdən düşməsi Azərbaycana pis “sürpriz”lər hazırlayır. Bəs, hökumətin aşırı optimizmi nədən xəbər verir? Bu sualın iki cavabı ola bilər. Ya hökumət xalqı aldadır, ya da etiraf edir ki, neft
gəlirlərinin heç vaxt xalqa aidiyyatı olmayıb. Və buna görə də neftin
qiymətdən düşməsi  sadə camaata təsir etməyəcək. Vəziyyət bu qədər sadədir. Gözlə görünən fəlakəti, xoşbəxtlik kimi təqdim etməyi bacaran hakimiyyətimiz var.

Short URL: http://www.cumhuriyyet.net/?p=15145

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930