Minaya düşən gizirin ailəsi Müdafiə Nazirliyindən narazıdır
Bugünlərdə Müdafiə Nazirliyi mətbuat xidməti cəbhənin Ağdam rayonu
istiqamətində mina partlaması nəticəsində gizir Şamo Məmmədovun
yaralanması haqda məlumat yaymışdı. Xəbərdə deyilirdi ki, Şəkidə anadan
olmuş 1979-cu il təvəllüdlü gizir Məmmədova ilkin tibbi yardım
göstərilib və o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə
edilib: “Həkimlərin nəzarəti altında olan gizirin vəziyyəti stabildir,
həyatı üçün təhlükə yoxdur”.
Yaralı hərbçinin ailə üzvləri Müdafiə Nazirliyinin yaydığı bu
məlumatdan narazıdır. Gizirin yaxınları “Azadlıq”a açıqlamada nazirliyin
saytında yayılmış sözügedən məlumatı “ictimai rəyi azdırmaq cəhdi” kimi
dəyərləndirib. Ailə üzvləri bildirib ki, Şamo Məmmədov yanvarın 6-da
səhər təxminən 11 radələrində yaralanıb. Müdafiə Nazirliyi bildirir ki,
ona ilkin tibbi yardım göstərildikdən sonra Baş Klinik Hospitala
köçürüldüyü haqda xəbər yaysa da, yaralının yaxınları bunu təkzib edib.
Onların sözlərinə görə, yaralı Sarıcalı hospitalına aparılıb, özü də
hadisədən dərhal sonra ilkin tibbi yardım göstərilən kimi yox, bir gün
sonra. Onun bir ayağı amputasiya olunub, amma nazirliyin açıqlamasına bu
haqda heç nə deyilmir.
“Həkimdən Şamonun vəziyyətini soruşuruq, yaxşı olmadığını
bildirirlər. Əgər yaxşı deyilsə, bəs niyə neçə gündür Sarıcalı
hospitalında saxlanıldığını soruşsaq da, heç bir cavab ala bilmədik.
Şamonun özündən söruşmağa macal tapdıq. O bildirdi ki, Sarıcalıda heç
bir şərait yoxdur, hətta hospitalda iki gün yemək də verilməyib. Şamonun
mədəsində ağrılar başlayıb”, – deyə yaralının yaxınları bildirib.
Gizirin ailə üzvlərini narazı salan məsələlərlə əlaqədar Müdafiə
Nazirliyinin də mövqeyini öyrəndik. Nazirliyin mətbuat xidmətinin
rəhbəri Vaqif Dərgahlı “Azadlıq”a açıqlamasında deyib ki, Şamo
Məmmədovun durumu stabildir, həyati təhlükə yoxdur: “Yaralı gizirin sol
bud nayihəsinin üçdə bir hissəsi amputasiya olunduqdan sonra Silahlı
Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib. Hazırda onun
vəziyyəti stabildir. Heç bir həyati təhlükəsi yoxdur”.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=15180