İŞİD lideri haqda xoruz banı eşitməyən faktlar
Dünya
İŞİD-i jurnalistlərin başının kəsilməsi və qadınların bazarlarda qul
kimi satılmasından sonra tanıdı. İŞİD-də qətliam əmrini verən şəxs isə
uzun müddət “Görünməz Şeyx” ləqəbi ilə öz kimliyini gizli saxlamağa
müvəffəq oldu. Şəxsiyyətini kəşfiyyat orqanlarının belə müəyyənləşdirə
bilmədiyi şeyx nəhayət, 29 iyun 2014-cü il tarixdə ictimaiyyətin önünə
çıxaraq xəlifəliyini elan etdi.
2009-cu il. İraqın neft şəhəri olan Bəsrənin Um Kars sahil
qəsəbəsindəki “Camp Bucca” adlı ABŞ həbsxanası. Həbsxana bağlanılaraq
İraq hökumətinə təhvil verilməsi səbəbindən azadlığa çıxn iraqlı məhbus
“Camp Bucca” həbsxanasının komandiri polkovnik Kenneth Kinqə xitabən
“Sizinlə artıq Nyu-Yorkda görüşərik” deyir. İraqda Səddam rejimini
devirən şəxslərdən biri olan polkovnik Kenneth Kinq bu sözün hansı
mənanı daşıdığını anlamaq üçün 29 iyun 2014-cü il tarixədək gözləmək
məcburiyyətində idi.
İraqın ikinci böyük şəhərini ələ keçirən İŞİD-in şərəfinə Mosulun
Mərkəz Məscidində cümə xütbəsi verilirdi. Xütbə üçün kürsüyə çıxan qara
cübbəli adam “Mənə ağır bir məsuliyyət və uca bir vəzifə verildi”
sözlərilə xəlifəliyini elan edir. Kamera “Allah bizə düşmənlərimizlə
döyüşməyimizi və dini iqamə etmək üçün onun yolunda cihad etməyimizi əmr
edib” sözləri ilə xütbəsinə davam edən şəxsin üzünü yaxınlaşdıranda,
polkovnik Kenneth Kinq 5 il əvvəl anlaya bilmədiyi o cümləni xatırladı.
İraq və Suriyada böyük bir bölgəni nəzarət altına alan, həmin
ölkələrdə təxminən 30 min silahlı tərəfdarı olan İŞİD artıq İraqın neft
ehtiyatı ilə zəngin olan ikinci böyük şəhərini də ələ keçirmişdi. Mosulu
ələ keçirən İŞİD mərkəzi bankdakı pul ehtiyatını mənimsəyərək bir gündə
büdcəsinə 500 milyon dollar vəsait əlavə etdi. Bundan başqa, İŞİD İraq
Quru Qoşunları komandiri də daxil olmaqla bütün əsgərlərin qoyub qaçdığı
silah-sursata da yiyələnmişdi. Qərb mətbuatı 30 min silahlı tərəfdarı
olan və dünyadakı enerji ehtiyacına əhəmiyyətli dərəcədə dəstəyi təmin
edən şəhəri tək bir güllə atmadan ələ keçirən təşkilatın liderinin kim
olduğu ilə maraqlanırdı. İŞİD 2014-cü ilin iyun ayında Mosulu ələ
keçirəndə, Əbu Bəkir əl-Bağdadi dünya mediası tərəfindən demək olar ki,
tanınmırdı.
Dünya İŞİD-in liderinin barəsində çox şeyi bilməsə də, artıq qoyduğu
qadağalar və törətdiyi vəhşiliklərlə tanış olmağa başlamışdı. Qeyd edək
ki, Mosuldan öncə Suriyanın şimalındakı Rakka şəhəri İŞİD-in əlinə
keçmişdi. Ökənin ən tolerant şəhərlərindən biri olan Rakkanı paytaxt
elan edən İŞİD bütün qadınlara şalvar geyinməyi qadağan etdi. Şəhər
əhalisi zinada günahlandırılan qadınları daş-qalaq edərək öldürməyə
məcbur edildi. Oğurluqda günahlandırılanların əlləri kəsildi, İŞİD-ə
müxalif mövqedə dayananların isə boyunları vuruldu və ya çarmıxa
çəkildi. Girov götürülən Qərb jurnalistlərin başları kəsildi və bununla
bağlı görüntülər internet vasitəsilə bütün dünyada yayımlandı.
Beləliklə, dünya, Mosulu nəzarəti altına aldıqdan sonra cümə xütbəsi
ilə “İslam Dövləti” qurduğunu və xəlifə olduğunu elan edən şəxslə tanış
oldu. Özünü “Xəlifə İbrahim” elan edən şəxs Əbu Bəkir əl-Bağdadi idi.
Əsl adı İbrahim Avvad İbrahim Əli əl-Bədri Samarayi olan şəxsin bir
müddət öncəyədək mətbuatda yalnız bir fotosu vardı. Həmin şəkil də
polkovnik Kenneth Kinqin komandiri olduğu “Camp Bucca” həbsxanasında
çəkilmişdi.
Dünyanın həbsxanada çəkilmiş şəkillə, amerikalı polkovnik Kinqin isə
“Sizinlə artıq Nyu-Yorkda görüşərik” sözü ilə tanıdığı Bağdadi 1971-ci
ildə İraqda sünnilərin kompakt yaşadığı Samirə şəhərində dünyaya gəlib.
Onun şəxsiyyətinin formalaşdığı illər isə İraqın paytaxtı Bağdaddakı
Tobçi səmtində yaşadığı dövrlərə təsadüf edir. Ali təhsil üçün paytaxta
köçən İbrahim Əli əl-Bədri İslam Universitetində dini təhsili alıb.
İslam Universitetində doktoranturada təhsil alan və bir müddət
müəllim kimi çalışan Bağdadinin keçmişi barədə onun o dövrlər yaxın
dostu olmuş Əbu Əli İngiltərənin “The Telegraph” qəzetinə danışıb.
Dostunun sözlərinə görə, universitet tələbəsi olduğu vaxtlarda İbrahim
Əli əl-Bədri Bağdadda sünni və şiələrin birlikdə yaşadığı Tobçi səmtində
bir məscidə bitişik təkotaqlı evdə yaşayıb. Kirayədə qalan Bağdadinin
ev sahibi həmin məscidin imamı olub. 2004-ci ilə qədər – 10 ildən çox
Tobçidə yaşayan İbrahim Əli əl-Bədri ətrafdakı insanlar tərəfindən
utancaq, gözə batmayan bir din alimi kimi xarakterizə olunurmuş. İmamın
olmadığı zamanlarda camaata namaz qıldıran Bağdadinin ən çox önə çıxan
tərəfi isə Tobçi futbol komandasında göstərdiyi oyun olub.
Əbu Əli bir zamanlar dostu olan Bağdadinin yaxşı futbol oynadığını
qeyd edib: “O, bizim komandanın, məhləmizin Messisi idi. Lakin onun
böyük din adamı olduğuna və ətrafındakıları məhz dini biliklərinə görə
özünə cəlb etdiyinə inanmıram”.
Gələcəkdə Mosulda özünü “Xəlifə İbrahim” elan edəcək olan İbrahim Əli
əl-Bədrinin Tobçi səmtindəki macərasına bir mübahisə ilə son qoyulub.
Belə ki, məscid imamı camaat tərəfindən də sevilən Bağdadini özünün
mənsub olduğu İslam Partiyasına üzv etmək istəyib. O dövrdə sələfilərlə
əlaqəli olduğu iddia edilən Bağdadi “Allahın qanunlarına qarşı olduğu
üçün” bu dəvəti qəbul etməyib. Bundan sonra hirslənən məscid imamı
İbrahim Əli əl-Bədrini evindən qovub. Əbu Əli hesab edir ki, məhəllənin
“utancaq dindarı” əl-Bədrinin cihadçılarla tanış olmasına məhz bu hadisə
səbəb olub. Daha sonra Əbu Bəkir əl-Bağdadi adını alaraq İŞİD-ə
rəhbərlik etməyə başlayan İbrahim Əli-əl-Bədrinin ondan intiqam
alacağından qorxan məscid imamı ailəsi ilə birlikdə xaricə qaçıb və bir
daha geri dönməyib.
“Telegraph” qəzetinə İŞİD lideri Bağdadi ilə bağlı məlumat verən
digər bir şəxs isə onun universitet illərindən yoldaşı olmuş Əhməd
əl-Dabaşdır. ABŞ-ın 2003-cü ildə İraqa girməsindən sonra işğalçı
qüvvələrə qarşı mübarizə aparan “İraq İslam Ordusu” təşkilatına liderlik
edən əl-Dabaş İslam Universitetindən tanıdığı Bağdadini bu sözlərlə
təsvir edir: “Onu Bağdadda İslam Universiteti illərindən tanıyıram. O
qədər də yaxın yoldaş deyildik. Amma eyni dərsləri alırdıq. Sakit və
səbirli birisi idi. Zamanının çoxunu təkbaşına keçirirdi. Bütün üsyançı
liderləri fərdi olaraq tanıyırdım”.
Bağdadinin cihadçılarla necə ünsiyyət qurduğu dəqiq bilinmir. Bu
mövzudakı ən inandırıcı ssenarini isə iraqlı terror mütəxəssisi Hişham
əl-Haşimi verir. O, hesab edir ki, Bağdadini cihadçılarla birləşdirən,
onları bir araya toplayan məhz ABŞ olub. 2005-2009-cu illərdə Um
Karsdakı “Camp Bucca” adlı ABŞ həbsxanasında dustaq həyatı yaşayan
Bağdadi 26 min digər məhbus kimi ağır işgəncələrə məruz qalıb. O, ABŞ
işğalına qarşı çıxdığı üçün həbs olunub. Ancaq 4 illik məhbusluğu
dövründə özünü heç də üsyançı kimi aparmayıb.
ABŞ-ı, Avropanı, İranı, kürdləri və hətta Əsədi eyni cəbhədə
“görüşdürən” İŞİD-lə bağlı maraqlı bir məqalə İranın ingilis dilində
yayımlanan “Press TV” internet saytında nəşr olunub. “Əbu Bəkir
əl-Bağdadi kimdir?” başlıqlı məqalənin müəllifi, İslam və ərəb dünyası
ilə əlaqədar araşdırmalarıyla tanınan Kevin Barret hesab edir ki, İŞİD,
həmçinin onun lideri Əbu Bəkir əl-Bağdadi ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (MKİ) və İsrail kəşfiyyat təşkilatı MOSSAD-ın ortaq
istehsalıdır. Barretin fikrincə, Mərkəzi Kəşfiyyat İdarəsi “Camp
Bucca”da 4 il boyunca İŞİD lideri Bağdadiyə xüsusi maraq göstərib. Böyük
ehtimalla, İŞİD lideri 4 il ərzində Mərkəzi Kəşfiyyat İdarəsinin “beyin
yuma” proqramının təsirində olub. MKİ-nin 1950-ci ildən etibarən “MK
Ultra” adlandırdığı “beyin yuma” proqramının üzərində işlədiyini və hər
ötən gün bu sistemi daha mükəmməl hala gətirdiyini iddia edən Barret
qeyd edir ki, ABŞ kəşfiyyatı 1968-ci ildə senator Robert F. Kennedini
“beyin yuma” üsulu ilə öldürüb. Bu iddia ilə çıxış edən Barretin
qənaətinə görə, MKİ İŞİD və onun lideri Bağdadi üzərində də özünün
“beyin yuma” proqramını sınaqdan keçirib. Berret hesab edir ki, özünü
“İslam xəlifəsi” elan edən Əbu Bəkir əl-Bağdadi 1978-ci ildə Constaunda
911 müridilə birlikdə intihar edən rahib Jim Jonesin İslam versiyasıdır.
Bağdadinin kim olduğu və cihatçılarla necə əlaqə qurduğuyla bağlı
başqa bir məqalə isə “Bruce Riedel” imzasıyla “al-monitor.com” saytında
yayımlanıb. Riedelin iddiasına görə, İraq “Əl-Qaidə”sini quraraq İŞİD-in
təməlini atan iordaniyalı radikal islamçı Əbu Musab əl-Zerkavi ilə Əbu
Bəkir əl-Bağdadi qısa müddət ərzində yaxın dostluq əlaqələri qurublar:
“ABŞ-dakı 11 sentyabr hadisəsindən sonra Əfqanıstanı işğal etməsiylə
Zerkavi və Bağdadi qaçıb İraqa gediblər”.
Riedelin fikrincə, ABŞ-ın iki hücumu Əbu Bəkir əl-Bağdadinin İŞİD
daxilində sürətlə yüksəlməsinə səbəb olub. ABŞ-ın işğalı dövründə İraqda
törətdiyi qırğınlarla hətta “Əl-Qaidə” lideri Usamə Bin Ladenin belə
diqqətini özünə cəlb edən iordaniyalı Əbu Musab əl-Zerkavi 2006-ci ildə
hava hücumu zamanı öldürüldü. Bundan sonra İraq “Əl-Qaidə”sinin
liderliyinə Zerkavinin yerinə Əbu Ömər əl-Bağdadi gətirildi. Zerkavinin
öldürülməsindən sonra xeyli zəifləyən təşkilata 2010-ci ilə qədər Əbu
Ömər əl-Bağdadi rəhbərlik etdi. Lakin o da Zerkavi kimi ABŞ hava hücumu
zamanı öldürüldü. Yeni lider seçmək üçün İraqın şimalındakı Nineva
bölgəsində toplanan İraq “Əl-Qaidə” Şurası Əbu Bəkir əl-Bağdadini yeni
rəhbərləri elan etdi.
İraq “Əl-Qaidə”si lideri olan Əbu Bəkir əl-Bağdadi ABŞ əməliyyatında
öldürülən Usamə Bin Laden və onun yerinə seçilən Ayman əl-Zəvahiridən
fərqli taktika seçdi. Belə ki, Bağdadi, Bin Laden və əl-Zəvahiri kimi
görüntülü ismarıc yayınlamır, fotoşəkil çəkdirmirdi. Yığıncaqların
çoxunda da üzü bağlı şəkildə iştirak edirdi. Bu rəftarı Bağdadiyə
“Görünməz Şeyx” ləqəbini qazandırdı. Artıq o, düşmənləri tərəfindən belə
təriflənirdi. Məsələn, Amerikanın “Washington Post” qəzetinin köşə
yazarı David İgnatius Bağdadi barəsində “O, “Əl-Qaidə” lideri Usamə Bin
Ladenin həqiqi vəliəhdidir” deyib.
İŞİD-in “Əl-Qaidə”dən daha böyük bir təhlükəyə çevrilməsində
Suriyadakı vətəndaş müharibəsi böyük rol oynadı. Zerkavinin
öldürülməsindən sonra İraqda bir qədər zəifləməyə başlayan təşkilat
2011-ci ildə Suriyada qarşıdurmaların başlamasıyla üzünü bu ölkəyə
çevirdi. 2011-ci ilin yazında 8 silahlı tərəfdarı xüsusi bir missiya
çərçivəsində İraqdan Suriyaya keçdi. Qrupa Əbu Məhəmməd əl-Culani
liderlik edirdi. Bağdadi Culaniyə Suriya “Əl-Qaidə”sini qurmaq barədə
əmr vermişdi. Suriyada “Əl-Qaidə” ilə əlaqəli olan “Əl-Nusra” Cəbhəsini
yaradan radikal islamçı Əbu Məhəmməd əl-Culani təşkilatın İraqdakı
üsullarının heç birini Suriyada həyata keçirmədi. Qəddarlıqdan uzaq
duran tərəfdarlar özlərini insani yardım fəaliyyətlərinə həsr etdilər.
Azad Suriya Ordusu kimi müxalif qruplar Əsəd rejiminə qarşı döyüşdüyü
vaxt “Əl-Nusra” üzvləri qarşıdurmalardan uzaq dayanır və ölkədəki
zəngin qaynaqları ələ keçirmək üçün əlverişli məqamı gözləyirdilər.
2013-cü ilin aprel ayında isə Əbu Bəkir əl-Bağdadi Suriyadakı “Əl-Nusra”
Cəbhəsinin idarəsini ələ keçirmək üçün “Əl-Qaidə” lideri Ayman
əl-Zəvahirini hövsələdən çıxaran bir açıqlama verib. Özünü İraq və
Suriyadakı “Əl-Qaidə”nin lideri elan edən Əbu Bəkir əl-Bağdadi İraq Şam
İslam Dövlətini (İŞİD) qurduğunu bəyan edib. Onun liderliyini rədd edən
“Əl-Nusra” Cəbhəsinin rəhbəri Əbu Məhəmməd əl-Culani əl-Zəvahirinin
dəstəyini aldı. Elə həmin vaxtdan İŞİD-lə “Əl-Qaidə”nin yolları ayrıldı,
“Əl-Nusra” Cəbhəsi isə iki hissəyə parçalandı.
Suriyada Əsəd qüvvələri ilə döyüşdən uzaq duran İŞİD-ə təkcə Avropa
ölkələrindən 3 min əcnəbi döyüşçü qatılıb. Qısa müddətdə Suriyada 8 min
silahlı döyüşçü toplayan İŞİD İraqdakı 15 min tərəfdarı ilə birlikdə
orta ölçülü bir orduya çevrildi. Suriyada “qara bazar”da satdığı neftdən
gündə 1 milyon dollar gəlir əldə edən İŞİD Körfəz ölkələrindən gələn
maddi yardımlarla silah gücünü xeyli artırmağa müvəffəq oldu. Ötən ilin
fevral ayında İraqda sünnilərin sıx yaşadığı Fəlluca şəhərini ələ
keçirən İŞİD iyun ayında bir güllə atmadan Mosula sahib oldu. Daha sonra
Kərkük və ətrafındakı qəsəbələrə, kəndlərə hücum edən İŞİD yezidiləri
qətlə yetirdi. Yezidi kişiləri öldürən, qadınlarını isə bazarda qul kimi
satan İŞİD-ə qarşı başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri cəbhə
almaq məcburiyyətində qaldı. İraqda hələ də Mosul şəhərini əlində
saxlayan İŞİD sürətli şəkildə taktika dəyişdirərək Suriyanın Kobani
şəhərində kürdlərə hücum etdi. Bu hücumdan sonra təxminən, 200 min kürd
qaçqın Türkiyəyə sığınmaq məcburiyyətində qaldı.
Bu arada, İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin Suriyada müxalif
gücləri birləşdirərək onları Əsəd rejiminə qarşı tək güc halına
gətirməyi hədəflədiyi iddia edilir. Bağdadinin bu planı çərçivəsində
“Əl-Qaidə” ilə əlaqəli olan “Əl-Nusra” Cəbhəsi ortaq hərəkət etmək üçün
İŞİD-lə gizli danışıqlara gedib. İddiaya görə, İŞİD lideri Suriyada Əsəd
rejimini devirdikdən sonra digər planını reallaşdırmağa çalışacaq. Hələ
ki, bu barədə bir o qədər də məlumat verilməsə də, görünən odur ki,
İŞİD-in İraq və Suriyadakı fəallığından təsirlənən ərəb ölkələrindəki
digər radikal islamçılar sürətlə “Əl-Qaidə”dən uzaqlaşaraq Bağdadiyə
biət edirlər. Məsələn, “Ərəb Baharı”nın təsirilə rejim dəyişikliyi
yaşayan Misir, Tunis və Liviya kimi ölkələrdə silahlı radikal islamçı
qrupların bir hissəsi artıq İŞİD liderinə sədaqət andı içiblər. Bundan
başqa, müsəlman əhalinin sıx yaşadığı Sudan, Nigeriya və Eritreya kimi
Afrika ölkələrində bu gün “Əl-Qaidə” zəifləyir, İŞİD isə daha da
güclənir. Bütün bunlar bir daha onu təsdiqləyir ki, İŞİD artıq bütün
dünya dövlətləri üçün real təhlükə mənbəyinə çevrilib. Odur ki, onun tez
bir zamanda zərərsizləşdirilməsi gərəkdir. (publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15185