Metroda da qiymət qalxır?
Ötən gün ölkədə benzin və dizelin qiymətinin artımı nəqliyyatda sərnişindaşımada qiymətlərin artacağı ehtimalını yaradıb. Xüsusilə, taksi və avtobusların sərnişindaşıma qiymətlərində
gözlənilən bahalaşmanın metroya da təsir edəcəyi ehtimal olunur. Taksi
və avtobuslarda bahalaşma olacağı təqdirdə metroya olan tələbat daha da
artacaq. Bu vəziyyət isə artıq indidən metroda gediş haqqında artım
olacağı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Anspress-ə açıqlamasında
məsələyə aydınlıq gətirib.
O bildirib ki, metronun qiyməti ilə bağlı Tarif Şurasına müraciət
olunmayıb və ümumiyyətlə bu məsələ “Bakı Metropoliteni”ndə müzakirə
edilmir.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul
edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin
pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının
pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15256