Sənədsiz ev qalmayacaq
“Azərbaycan
Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış
daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq
edən sənədlərin Siyahısı”nı təsdiq edib. Bu fərman 10 minlərlə evin
sənədləşməsinə imkan yaradacaq”.
Bu barədə iqtisadçı alim Vüqar Bayramov “facebook” səhifəsində fikirlərini bölüşüb.
Mütəxəssis qeyd edir ki, sözügedən qanun qüvvəyə minədək inşa edilmiş
əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər
müəyyənləşdirilib. Bu isə o deməkdir ki, 2004-cü ilin 29 uyununadək
alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər
ilə dövlət qeydiyyatına alınmalıdır:
“Bu zaman sadəcə həmin əmlakın magistral boru kəmərlərinin, yüksək
gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu
obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının
işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq
sahələrində yerləşməməsi vacibdir. Fərman “belə təhlükəli zonalarda”
yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur.
Sənədə görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə
heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi
üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim
etməlidir. Belə ki, kolxozların və sovxozların idarə heyətlərinin
qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış
həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin təklif etdiyi
və ölkə Prezidentinin təsdiq edəcəyi yeni qaydalar əsasında
aparılacaq”.
İqtisadçı bildirir ki, sənəddə əhəmiyyətli məqamlardan biri də
əmlakın real ölçüləri ilə bağlıdır: “Əmlak Məsələləri Dövlət Komitəsi,
birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil
fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki
inventarlaşdırma işləri aparılan zaman mənzilin və ya otağın sahəsinin
faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də order və
kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda,
daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin
faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin. Bu zaman əlavə
tikililər nəzərə alınmayacaq. Bu o deməkdir ki, əgər sənəddə otağın
sahəsi 20 kv metr, amma reallıqda 25 kv metrdirsə o zaman reystirdə real
ölçülər qeydiyyatdan keçəcək”.
İqtisadçı alimin fikrincə, əgər sizin eviniz 2004-cü ilin iyunun
sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa o zaman sizdə olan və
fərmanda qeyd edilən sənədlər ilə onu rəsmilləşdirə və dövlət
qeydiyyatına daxil etdirə biləcəksiniz.
Short URL: http://www.cumhuriyyet.net/?p=15307